Şriftin ölçüsü:
10.09.2012 10:46 | Oxunma sayı: 536
Sentyabrın 7-də Naxçıvan şəhərində Yük Avtomobil Park Kompleksinin açılışı olmuş, Naxçıvan Muxtar Respublikasına alınıb gətirilmiş yeni kommunal təyinatlı avtomobillərə və yol-tikinti texnikalarına baxış keçirilmişdir.
Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kompleksin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsmişdir.
Ali Məclisin sədri açılış tədbirində çıxış edərək demişdir: Azərbaycanda həyata keçirilən uğurlu siyasət və sosial-iqtisadi islahatlar nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir. Bu islahatların tərkib hissəsi olan kommunal və yol təsərrüfatı sahəsinin inkişafı da daim diqqət mərkəzində saxlanılır, muxtar respublikamızda da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Yol təsərrüfatının inkişafının nəticəsidir ki, Böyük İpək Yolunun üzərində yerləşən muxtar respublikamızın tranzit əhəmiyyəti getdikcə daha da yüksəlir.
Naxçıvan-Sədərək və Naxçıvan-Culfa magistral avtomobil yollarının müasir səviyyədə yenidən qurularaq istifadəyə verilməsinin tranzit yüklərin daşınmasına hərtərəfli şərait yaratdığını bildirən Ali Məclisin sədri demişdir ki, bu gün muxtar respublika ərazisindən digər ölkələrə tranzit yüklər rahatlıqla daşınır. Ona görə də yüksək tranzit əhəmiyyəti olan Naxçıvan dairəvi avtomobil yolunun kənarında Yük Avtomobil Park Kompleksinin yaradılması zəruri idi. Yaradılan yeni kompleksdə tranzit yük maşınlarına texniki xidmətin göstərilməsi, yüklərin boşaldılaraq paylanması və sürücülərin istirahəti səmərəli təşkil olunacaqdır. Bu da muxtar respublikada avtomobil nəqliyyatında yük daşınması sahəsində xidmətin səviyyəsini xeyli yüksəldəcəkdir.
Muxtar respublikanın şəhər və kəndlərinin günbəgün abadlaşdırıldığını, səliqə-sahman yaradıldığını bildirən Ali Məclisin sədri demişdir ki, bu abadlığın, səliqə-sahmanın əsasını təmizlik təşkil edir. Təmizliyi qorumaq üçün isə müasir kommunal təyinatlı texnikalar lazımdır. Yeni alınıb gətirilmiş müasir kommunal təyinatlı texnikalar da muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Bu texnikalar işin keyfiyyətini yüksəldəcək, əl əməyini yüngülləşdirəcəkdir.
Ali Məclisin sədri bildirmişdir ki, yüksək texniki göstəricilərə malik olan yol-tikinti texnikalarının alınıb gətirilməsi də mühüm əhəmiyyət daşıyır. Qeyd olunmuşdur ki, yol təsərrüfatı və kommunal sahənin işçilərinə verilən texnikalar, həm də yeni iş yerlərinin açılması deməkdir. Bu sahədə çalışanların üzərinə düşən əsas vəzifə texnikalara yüksək xidmət göstərmək, onu qorumaq və səmərəli istifadə etməkdən ibarətdir.
Ali Məclisin sədri əmin olduğunu bildirmişdir ki, istifadəyə verilən yeni park kompleksində tranzit yük maşınlarına yüksək servis xidməti göstəriləcək, sürücülərin istirahəti nümunəvi təşkil olunacaq, yeni texnikalardan səmərəli istifadə ediləcəkdir.
Sonra Ali Məclisin sədri Yük Avtomobil Park Kompleksində yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, kompleks 3 min kvadratmetrdən artıq geniş bir ərazini əhatə edir. Burada eyni vaxtda 120-dən artıq yük avtomobilinə xidmət göstərmək üçün yüksək şərait yaradılmışdır. Kompleksdə inşa olunan iki korpuslu binanın ikinci mərtəbəsində motel tipli yataq otaqları yerləşir. Otaqlarda ayrıca duş kabinələri yaradılmış, daxili telefon xətti çəkilmiş, mebel dəstləri və televizor qoyulmuşdur. Binanın birinci mərtəbəsində ayrıca yeməkxana, mətbəx və qazanxana yaradılmış, iş otaqları istifadəyə verilmişdir. Burada yaradılan yüksək şərait sürücülərin və kompleksin xidmətindən istifadə edən qonaqların rahatlığının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirilmişdir ki, park kompleksinin Naxçıvan dairəvi avtomobil yolunun kənarında yerləşməsi xüsusilə əhəmiyyətlidir. Burada yaradılan şərait yük avtomobillərinin mərkəzi yollardan istifadə etmədən kompleksdə dayanmasına və hərəkətinə imkan verəcəkdir.
Kompleksin özünəməxsus üstün cəhətlərindən biri də burada müasir tələblərə cavab verən yeni anbar binasının tikilməsidir. Ümumi sahəsi 1138 kvadratmetr olan anbarda tranzit və karqo yüklərinin qəbulu, saxlanması və göndərilməsi həyata keçiriləcəkdir. Ərazidə avtomatik idarə olunan 80 tonluq yük tərəzisi və nəzarət videokamera sistemi quraşdırılmış, açıq avtomobil dayanacaqları yaradılmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Yük Avtomobil Park Kompleksinin ərazisində muxtar respublikaya gətirilmiş yeni kommunal təyinatlı avtomobillər və yol-tikinti texnikalarına baxmışdır.
Bildirilmişdir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, cari ildə 6 ədəd "JAC" markalı və 2 ədəd "Volvo" markalı məişət tullantılarını daşıyan maşın, 2 ədəd çirkab suları soran avtomobil və 280 ədəd konteyner - tullantı qutuları alınaraq muxtar respublikamıza gətirilmişdir.
Baxış zamanı bildirilmişdir ki, Daxili İşlər Nazirliyi üçün gətirilən 1 ədəd "Mercedes Benz" markalı boyavuran avtomobil ən müasir tələblər səviyyəsindədir. Eyni vaxtda avtomatik olaraq 3 zolaq üzrə boya vurmaq qabiliyyətinə malik olan avtomobil yollarının xətlənməsində və işarələnməsində istifadə olunacaqdır. Bu texnikanın üstün cəhətlərindən biri də soyuq hava şəraitində də səmərəli şəkildə işləməsidir.
Ali Məclisin sədri yol təsərrüfatı üçün gətirilən 3 ədəd "CAT" markalı avtoqreyder və 1 ədəd "Mercedes Benz" markalı 8 tonluq bitumsəpən maşına da baxmışdır.
Yeni kommunal təyinatlı texnikalardan Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayon və kəndlərində də istifadə olunacaqdır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.