"ASAN-Xidmət" mərkəzlərinin yaradılması ölkədə aparılan islahatların tərkib hissələrindən biridir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il sentyabrın 5-də imzaladığı fərmanlar əsasında Əsasnaməsi təsdiq edilmiş və formalaşdırılmasına başlanılmış yeni dövlət agentliyi gündən-günə müasirləşən və dünyanın inkişaf etmiş ölkələri sırasına çıxan respublikamızın həyatındakı mühüm təkmilləşdirmələrdən biridir. Dünya politoloqlarının və ekspertlərin islahatçı dövlət başçısı və daim yenilik, tərəqqi tərəfdarı olan Prezident kimi qiymətləndirdiyi İlham Əliyevin bütün addımları kimi bu təşəbbüsü də bilavasitə Azərbaycan insanının , ölkə vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir.
2003-cü ilin oktyabrından etibarən respublikamızda elə bir il, elə bir rüb olmur ki, cəmiyyətin daha da demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının daha mükəmməl şəkildə qorunmasının təmin edilməsi istiqamətində hansısa mühüm bir addım atılmamış olsun. Hələ 2003-cü ilin yayında "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən cənab İlham Əliyev həmin tezisi istənilən addımda reallığa çevirir. Elə indi haqqında söz açdığımız "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi"nin yaradılması da məhz həmin amala xidmət edir. Bu qurum adından da göründüyü kimi həm vətəndaşlara göstərilən xidmətin təkmilləşdirilməsini, müasirləşdirilməsini təmin edəcək, həm də müasir dövlət idarəçiliyi sistemindəki sosial innovasiyaların Azərbaycana gətirilməsinə, respublikamızda tətbiq olunmasına şərait yaradacaq. Ekspertlərin fikrincə, bu ideya vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir təcrübə əsasında göstərilməsi istiqamətində uğurlu bir addımdır. Bu istiqamətdə olan əvvəlki addımların hamısı kimi yeni Dövlət Agentliyinin yaradılması da ölkə əhalisi tərəfindən yüsək qiymətləndirilir və dəstəklənir.
Yeni agentliyin mətbuat vasitəsiylə ölkə ictimaiyyətinə təqdim olunan Əsasnaməsindən məlum olur ki, bu qurumun insanlara göstərdiyi xidmət onun yerli nümayəndəlikləri formasında yaradılan "ASAN-Xidmət" mərkəzləri tərəfindən reallaşdırılacaq. Təbii ki, bu mərkəzlərin hansı şəkildə fəaliyyət göstərəcəyi hamı üçün maraqlıdır. Çünki ölkəmiz sürətlə inkişaf edir və hamı yeni yaranan istənilən qurumun fəaliyyətindən bəhrələnməyə çalışır.
"ASAN-Xidmət" mərkəzlərinin fəaliyyət istiqamətlərini öyrənmək, onların xidmətindən yararlanmaq istəyənlər isə daha çox olacaq. Məhz bu məntiqi əsas götürərək hörmətli oxuculara bəzi məlumatları çatdırmağı məqsədəuyğun sayırıq. Özü də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun dedikləri əsasında. Dövlət rəsmisının mətbuata verdiyi açıqlamada bildirilir ki, "ASAN-Xidmət" mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edəcəkdir. Bu, vətəndaşların vaxt itkisini azaldacaqdır. Belə ki, vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi sənəd üçün hansı şöbəyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənir və həmin şöbənin pəncərəsində elektron növbə əsasında gözləyir. Daha sonra - növbəsi çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edib, əldə etmək istədiyi sənədi müəyyən edilmiş müddətlərdə götürə bilər.
Qeyd edək ki, mərkəzlərdə vətəndaşların məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə elektron lövhələr və işarələr yerləşdiriləcək və xidmətlər qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçiriləcəkdir. Mərkəzlər həmçinin təqvimin bütün günlərində, yəni istirahət gününə ayrılmadan vətəndaşlar üçün fasiləsiz açıq olacaqdır. Müasir dünyanın bütün sivil dövlət qurumlarında olduğu kimi bu mərkəzlərdə də insanların gözləmə müddətində vaxtın darıxdırıcı olmaması üçün müvafiq şərait yaradılacaq. Eyni zamanda burada uşaq əyləncə mərkəzi, internet-kafe, bank, poçt şöbələri və başqa xidmətlər olacaqdır. Bu zaman xüsusilə gözlənilməli bir məqam da var ki, mərkəzlərin fəaliyyəti zamanı həmin məsələ mütləq diqqət mərkəzində olacaq. Bu, həmin xidmət obyektində şəffaflığın təmin edilməsi məsələsidir. Fuad Ələsgərovun müsahibəsində qeyd olunur ki, adıçəkilən mərkəzlərdə şəffaflığın təmin edilməsi üçün və əməkdaşların fəaliyyəti üzrə qiymətləndirmənin aparılması məqsədi ilə bütün zəruri tədbirlər görüləcəkdir.
Yeri gəlmişkən, "ASAN-Xidmət" mərkəzlərində dövlət orqanları tərəfindən əhaliyə göstəriləcək xidmət sahələri də kifayət qədər geniş əhatəyə malikdir. Bəzi konkret sahələri yada salaq. Məsələn, adıçəkilən Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezident fərmanının 5 -ci bəndində mərkəzlərin göstərəcəyi xidmətlər sıralanarkən belə bir bənd verilir: 5.1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı: Buraya isə doğumun qeydə alınması, ölümün qeydə alınması, nikahın qeydə alınması, nikahın pozulmasının qeydə alınması, övladlığa götürmənin qeydə alınması, adın , ata adının, soyadın dəyişdirilməsinin qeydə alınması və başqa fəaliyyət növləri daxildir.Mərkəzlərdə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, eləcə də, məhkumluq, daşınmaz əmlak, kommersiya hüququ, arxiv arayışları, gömrük bəyannamələri, torpaq kadastrı, əmək pensiyaları və başqa sahələr üzrə sənədlərin tərtibi, hazırlanması və ya informasiya xidmətinin göstərilməsi kimi xidmətlər reallaşdırılacaq.
Bildirilir ki, bütün bu xidmətlər vətəndaşın müraciətindən asılı olaraq hələlik iki formada - özünəxidmət, yəni birbaşa mərkəzdə və çağırış xidməti formasında göstəriləcək. Bu isə mərkəzə gəlmək imkanı olmayan insanların da həmin xidmətdən yararlanmaq hüququnun qorunmasını təmin edəcək. Gələcəkdə isə bu mərkəzlərin səyyar xidmətləri də təşkil olunacaq. O zaman artıq "ASAN- Xidmət" mərkəzləri ölkə əhalisinin hamısı üçün əlçatan olacaq.
Xatırladaq ki, bu qəbildən olan layihələr Qafqaz, Orta Asiya və ümumiyyətlə, Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda reallaşdırılır. Dünya miqyasında isə Böyük Britaniya, Almaniya, Kanada, Avstraliya və Rusiyada artıq xeyli vaxtdır ki, tətbiq olunur. İnanırıq ki, Azərbaycan indi həmin ölkələrin təcrübəsindən bəhrələnsə də, çox qısa müddətdən sonra bir çox ölkələr bu sahədə Azərbaycan nümunəsini öyrənməyə başlayacaq. Necə ki, indi iqtisadi inkişafın Azərbaycan modeli bir çox ölkələr tərəfindən diqqətlə öyrənilir.
{nl}
İttifaq MİRZƏBƏYLİ , "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.