Gəncədə Azərbaycan gənclərinin I liderlik forumu öz işinə başlamışdır

Sentyabrın 8-də Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Gəncə Şəhər İcra Hakimiyyətinin, "Gənclərin Dostluq Şəbəkəsi" və "İrəli" ictimai birliklərinin birgə təşkilatçılığı ilə "2012-ci il Azərbaycanın gənclər paytaxtı" elan edilmiş Gəncə şəhərində Azərbaycan Respublikası gənclərinin I liderlik forumu öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, "RAMADA Plaza" otelində keçirilən forumu giriş sözü ilə açan şəhər gənclər və idman baş idarəsinin rəisi Mikayıl Zeynalov respublikamızın bütün şəhər və rayonlarını təmsil edən 200 nəfərədək forum iştirakçısını salamlamış və belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırmışdır.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham Əlizadə çıxış edərək son illər Prezident İlham Əliyevin respublikamızda gənclər siyasəti ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışmış, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə bu istiqamətdə görülən işləri forum iştirakçılarının nəzərinə çatdırmışdır.
Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev və başqaları çıxış edərək fəal Azərbaycan gənclərini bir araya toplayaraq onları düşündürən, eyni zamanda, ölkənin gündəmində olan məsələlərlə bağlı fikir mübadiləsi aparılması, gənc liderlər arasında işgüzar münasibətlərin artırılması, gənclərin gələcəyə doğru aydın baxışlarının formalaşdırılması, eləcə də dövlət və dövlətçiliyimizin inkişafı naminə gənc liderlərin müsbət enerjisindən bəhrələnmək məqsədilə keçirilən bu forumun əhəmiyyətini vurğulamışlar. Forumda aparılacaq açıq müzakirələrin gənclərin gələcək fəaliyyəti üçün müsbət rol oynayacağı diqqətə çatdırılmışdır.
Ölkəmizdə fəaliyyət göstərən 20-dən artıq gənclər təşkilatının nümayəndələrinin iştirak etdikləri toplantıda qeyd edilmişdir ki, Azərbaycan gənclərinin I liderlik forumunun keçirilməsində əsas məqsədlərdən biri də gənc liderlərin konstruktiv dialoq platformasını yaratmaqla yanaşı, həmyaşıd fəalların bir araya gəlməsi ilə və onların ölkəmizdə gənclər siyasəti ilə məşğul olan önəmli şəxslərlə gündəmdə olan mövzular ətrafında müzakirələr aparmasıdır. Ənənəvi olacaq bu forum ən azı ildə bir dəfə keçirilməklə, hər bir Azərbaycan gənci üçün öz fikir və ideyalarını ortaya qoyaraq müzakirə aparmaq və axtardığı suallara cavab tapmaq üçün geniş imkanlar açacaqdır.
Üç gün davam edəcək forumda bir çox mövzular ətrafında müzakirələr aparılacaqdır.
Forumun birinci günündə "Gənclər üçün yeni imkanlar" mövzusu müzakirə edilmiş, iştirakçılar tərəfindən verilən suallar ətrafında diskussiyalar aparılmışdır. Növbəti günlərdə isə ""Azərbaycanın inkişaf prioritetləri: insan kapitalına yatırımlar", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, hazırkı vəziyyət", "Gənclər siyasəti, siyasətçi gənclər və ya gənclər siyasətdə", "Gənc liderlər və həyat prioritetləri", "Liderlik: vərdiş, istedad, yoxsa genetik xüsusiyyətlər?", "Dövlət quruculuğu və hüquqi dövlət" və s. mövzular ətrafında müzakirələr aparılacaqdır.
Forum çərçivəsində Gəncənin tarixi və görməli yerlərinə ekskursiyaların təşkili də nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında