Şriftin ölçüsü:
07.09.2012 11:51 | Oxunma sayı: 1169
"Azərsu" Açıq Səhmdar Cəmiyyətində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadəyə görə dəymiş ziyanın hesabatının aparılmasına dair yeni təlimat qəbul olunmuşdur. Xatırladaq ki, yeni təlimat sudan səmərəli istifadə edilməsi və su itkisinin qarşısının alınması, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadə edən istehlakçıların aşkarlanması, dəymiş ziyanın hesablanması və ödənilməsi qaydalarını tənzimləyir. Bu və digər məsələlər barədə dünən "Azərsu" ASC-də keçirilmiş mətbuat konfransında ətraflı məlumat verildi.
"Azərsu" ASC-nin kommersiya departamentinin rəisi Saday Alıyev bildirdi ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadəyə görə dəymiş ziyanın hesablanmasına dair təlimat "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa, qüvvədə olan digər qanunvericilik aktlarına, eləcə də "Azərsu" ASC-nin daxili normativ sənədlərinə əsasən hazırlanmışdır. Qeyd olundu ki, içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə halları dedikdə, su təchizatı və tullantı sularının axıdılmasına dair müqavilə olmadan bu xidmətlərdən istifadə etmə, sayğacdan kənar əlavə su xəttinin çəkilməsi, əhali qrupuna aid istehlakçılara verilən suyun kommersiya obyektlərində istifadəsi, sayğaca, həmçinin sayğacın plombuna müdaxiləsi nəzərdə tutulur. Yeni təlimatın detalları ilə bağlı mətbuat işçilərinə məlumat verən S. Alıyev bildirdi ki, xidmətlərdən qanunsuz istifadə aşkar edildikdə "Azərsu" ASC-nin əməkdaşları tərəfindən qanunsuz istifadəçinin nümayəndələrinin iştirakı ilə akt tərtib edilir və dərhal onun su təchizatı dayandırılır. Yazılmış akta uyğun olaraq istehlakçının fəaliyyət növünün hansı iş rejiminə uyğun olması, ona göstərilən xidmət növü nəzərə alınmaqla səhmdar cəmiyyətə dəymiş ziyan hesablanır, müvafiq ödəniş sənədi və müqavilə qanunsuz istehlakçıya təqdim edilir. Bildirişdə beş iş günü müddətində dəymiş ziyanın ödənilməsi tələb edilir. Dəymiş ziyanı tam ödəməyənə qədər qanunsuz istifadəçinin su təchizatı bərpa olunmayacaq.
Qeyd olundu ki, "Azərsu" ASC-yə dəymiş ziyanın məbləği təlimata əlavə olunmuş cədvəl əsasında hesablanır. Məsələn, büdcə və büdcəyə bərabər müəssisələrin su xəttinin diametri 20 millimetr olarsa, dəymiş ziyanın hesablanması zamanı saatlıq su sərfi 1,14 kubmetr götürülür. Aylıq dəymiş ziyan gündəlik 8 saat olmaqla 22 gün üçün hesablanır. Kommersiya obyektləri üçün isə eyni qayda qalmaqla ayın 30 günü nəzərə alınmaqla hesablanır. Beləliklə, büdcə və büdcəyə bərabər müəssisələrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadə etdiyinə görə ay ərzində 200 kubmetr, kommersiya obyektlərinə isə ay ərzində 273 kubmetr sərfiyyat götürülməklə onun dəyəri qədər dəymiş ziyan hesablanacaq. Başqa sözlə, əgər hər hansı bir kommersiya obyekti 20 millimetr diametrli xətlə içməli su, eləcə də kanalizasiya xidmətlərindən qanunsuz istifadə edərsə, onun sahibi bir il üçün 3124 manat dəymiş ziyan ödəməli olacaq. Yeri gəlmişkən, qeyri-əhali qrupu üçün dəymiş ziyan maksimum üç illik hesablana bilər. Sayğaca və yaxud sayğacın plombuna müdaxilə aşkar edilərsə, o zaman sayğaca sonuncu baxışdan sonra ötən müddət üçün dəymiş ziyan hesablanır.
Əhali qrupuna aid istehlakçının xidmətlərdən qanunsuz istifadəsi aşkar edildikdə isə, ilk növbədə, həmin mənzildə yaşayanların sayı və qanunsuz istifadənin hansı vaxtdan mövcud olduğu aydınlaşdırılır. Əgər həmin mənzildə yaşayanların dəqiq sayını aydınlaşdırmaq mümkün olmazsa, evdə qeydiyyatda olanların sayı Azərbaycan Respublikası üzrə orta statistik ev təsərrüfatı üzvlərinin sayına uyğun olaraq 4 nəfər götürülür və 1 nəfər üçün normaya uyğun olaraq aylıq sərfiyyat 5 kubmetr hesablanır. Əgər qanunsuz istifadənin hansı vaxtdan mövcud olduğunu dəqiqləşdirmək mümkün olmazsa və yaxud həmin müddət 2011-ci il fevral ayının 1-dən əvvələ aid olarsa, qanunsuz istifadə elə həmin tarixdən ötən müddət üçün sənədləşdiriləcək. Yeri gəlmişkən, su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin həcminin müəyyən edilməsi və dəymiş ziyanın hesablanmasına dair cədvəl www.azersu.az saytında yerləşdirilmişdir.
İçməli sudan qeyri-qanuni istifadə halları ilə aparılan mübarizə tədbirləri barədə məlumat verən S.Alıyev dedi ki, cari ilin səkkiz ayında 1500-dən artıq belə fakt aşkarlanmış, bu zaman "Azərsu" ASC-yə bir milyon manatdan artıq ziyanın dəyməsi müəyyən olunmuşdur. Bununla bağlı sudan qeyri-qanuni istifadə edən həmin istehlakçıların iştirakı ilə müvafiq aktlar tərtib olunmuş, nəticədə dəymiş ümumi ziyanın təqribən 40 faizinin ödənişi təmin edilmişdir. S. Alıyev onu da qeyd etdi ki, hazırda ölkə üzrə içməli sudan və kanalizasiya xidmətlərindən istifadə edən ümumi abunəçilərin sayı 1 milyon 1362 nəfərdir ki, bunun da 61 faizi sayğacla təmin olunmuşdur. Bununla belə, sudan qeyri-qanuni istifadə hallarının qarşısının alınması üçün ölkədə "Smart-kart" tipli su sayğaclarının quraşdırılmasına başlanmışdır. İndiyədək qeyri-əhali qrupuna aid istehlakçılar üçün 3969 ədəd belə sayğac quraşdırılmışdır. Artıq əhali istehlakçıları üçün də bu tip sayğacların quraşdırılmasına start verilmişdir.
"Azərsu" ASC-nin hüquq departamentinin rəisi Mehman İbrahimov yeni təlimatın yaradılmasında əsas məqsədin içməli sudan və kanalizasiya xidmətlərindən qanunsuz istifadə halları ilə mübarizə aparılması üçün vahid mexanizmin yaradılmasından ibarət olduğunu önə çəkdi. Qeyd olundu ki, təlimatda nəzərdə tutulmuş şərtlərin yerinə yetirilməsi istehlakçılara verilən suyun dəqiq uçotunun aparılmasına, eləcə də içməli sudan və xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın müəyyənləşdirilib ödənməsinə imkan yaradacaq.
Mətbuat konfransının sonunda kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı suallarına ətraflı cavab verildi.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.