Gədəbəy: dağlar qoynunda heyrətamiz gözəllik

Əslində Gədəbəy başdan-başa, özü də ağzı açılmamış bir xəzinədir. Nəyi yoxdur? Əzəmətli dağları, sıx meşələri, büllur bulaqları, qızıl, gümüş, platin, mis yataqları, zəhmətkeş, sadə, saf adamları... Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovla elə söhbətimiz də bu mövzudan başladı. Cəmi dörd aydır ki, Gədəbəy rayonuna rəhbərlik edir. Amma hiss olunur ki, artıq bütün qəlbi ilə rayona bağlanıb. Onun problemləri, həlli yolları barədə düşünür.
İş isə çoxdur, həddindən artıq çox. Yolların, körpülərin tikintisi, bərpası, yeni elektrik xətlərinin çəkilişi, sosial obyektlərin inşası, emal müəssisələrinin yaradılması və sair. Bütün bunlara həm müəyyən vaxt, bir də ki, vəsait lazımdır. Amma gözləmək də olmaz. Daxili imkanlar işə salınmalı, problemlər tədricən həll edilməlidir. Sevindirici haldır ki, artıq bir sıra işlər yoluna qoyulmaqdadır. Uzun illər boyu həll olunmayan problemlər həll edilir. Məsələn, rayon mərkəzində daim sıxlıq, antisanitariya yaradan bazarın köçürülməsi işinə başlanmışdır. Bunun üçün şəhər mərkəzindən bir qədər aralıda xüsusi ərazi ayrılmışdır. Şəhərin girəcəyində inşaat materialları satan, az qala yolun ortasına çıxan mağazalar, digər köşklər, lüzumsuz tikililər sökülmüş və onların sahibləri üçün başqa bir sahədə obyektlər inşa olunmuşdur. Diqqətçəkən məqam ondan ibarətdir ki, iş adamları, kiçik sahibkarlar, ayrı-ayrı sakinlər rayon rəhbərliyinin görəcəyi işləri müsbət qarşılamışlar. Bu, onu göstərir ki, istənilən bir işi başlamazdan əvvəl ağsaqqallarla, yerli sakinlərlə, obyekt sahibləri ilə normal söhbət etməli, izahat-təbliğat işi aparmalı, başlıcası isə onların da maraqları nəzərə alınmalı, konkret köməklik göstərilməlidir. Bu baxımdan rayon icra hakimiyyəti başçısının mövqeyi, digər məmurların davranışı, münasibəti mühüm əhəmiyyət kəsb edir.
Rayon icra hakimiyyəti başçısının yenicə təyin olunmuş müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayev maraqlı bir fakta toxundu. Dedi ki, şəhərin mərkəzində, yaxın qəsəbələrdə elə yollar var ki, necə deyərlər, iki adam yanaşı keçəndə bir-birinə dəyir, nəinki nəqliyyat vasitəsi ola. Biz ev sahiblərini bir-bir başa saldıq ki, öz hasarını bir-iki metr geri çəkməyə imkanı var və bundan elə ciddi ziyan dəyməz. Əvəzində məktəbə gedib-gələn uşaqlar yolun ortasına çıxmazlar. İndi yolların bir çoxunun kənarında səkilər düzəltmişik və piyadaların təhlükəsizliyi təmin olunub. Bu iş davam edir və əhalinin böyük razılığına səbəb olur.
Rayonda ən böyük problemlərdən biri elektrik verilişi xətlərinin yararsız vəziyyətə düşməsi ilə bağlıdır. 1958-ci ildə istifadəyə verilmiş 35 kilovoltluq Zəyəm-Gədəbəy xətti və 35/10 kilovoltluq yarımstansiya artıq müvafiq xidmət üçün lazımi yükü qəbul edə bilmir. Çünki ötən illərlə müqayisədə abonentlərin sayı dəfələrlə artıb, bu infrastruktur öz istismar müddətini başa vurub. Rayonun demək olar ki, bütün ərazisində elektrik dayaqları və naqilləri yarasız vəziyyət düşüb. Məhz bunun nəticəsidir ki, enerji itkisi normadan çox olur və xüsusilə qış aylarında enerji verilişində uzunmüddətli fasilələr yaranır. Bəzi kəndlərdə isə enerji verilişi polad naqillər vasitəsilə həyata keçirilir ki, ondan da artıq demək olar ki, heç yerdə istifadə olunmur.
Qeyd etdiyimiz elektrik verilişi xəttinin uzunluğu 91 kilometrdən artıqdır. Texniki qaydalara görə 35 kilovoltluq hava xəttindən maksimum 40 kilometr məsafəyə enerji vermək olar.
Slavyanka, Novosaratovka, Gədəbəy yarımstansiyaları da 55 ilə yaxındır istismardadır.
Yuxarıda qeyd etdiyimiz məsələləri nəzərə alaraq, rayona 110 kilovoltluq yeni hava elektrik verilişi xəttinin (HEVX) çəkilməsi çox vacibdir. Təbii ki, bununla bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb. Digər tərəfdən, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda (2004-2008-ci illər) da bu məqsədlə tədbir nəzərdə tutulub. Lakin bu günədək vacib məsələ öz həllini tapmayıb. Digər vacib problem Ermənistanla 123 kilometr məsafədə həmsərhəd olan kəndləri özündə birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəllilər avtomobil yolunun yararsız vəziyyətə düşməsi ilə əlaqədardır. Uzunluğu 56 kilometr olan yoldan 87 kəndin 57 min nəfər əhalisi istifadə edir. Başqa sözlə, rayon əhalisinin təxminən 60 faizi. Nəzərə alsaq ki, yoldan qonşu Tovuz rayonunun da 10 min nəfərə yaxın əhalisi istifadə edir, o zaman söhbətin necə böyük strateji obyektdən getdiyi bəlli olur. Məlumat üçün qeyd edək ki, bu yolun 26 kilometri asfalt olub və 80-ci illərin əvvəllərində çəkilib. Lakin tədricən o da sıradan çıxmağa başlayıb. Yolun digər 30 kilometri isə çınqıl örtüklüdür.
Rayon mərkəzinin özündə daxili yolların asfaltlaşdırılmasına böyük ehtiyac var. Bir çox yerlərdə, yuxarıda qeyd etdiyimiz kimi, ümumiyyətlə səki yoxdur. Slavyanka kəndində bu işə çox yaxşı başlanılıb. Səkilər düzəldilib.
Gədəbəyin girişindəki körpü də qəzalı vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, rayonu birləşdirən yeganə körpüdür. Eyni aqibəti Soyuqbulaqdakı körpü də yaşayır.
Bu yaxınlarda Fındıqlı çayı üzərində açılan körpü əhalinin böyük razılığına səbəb olub. Ümumiyyətlə, Gədəbəyi körpüsüz təsəvvür etmək olmur. İndiyədək dövlətimiz tərəfindən həmin sahəyə xeyli vəsait ayrılıb və neçə-neçə körpülər əhalinin istifadəsinə verilib. Lakin yararsız vəziyyətə düşən körpülər də az deyil.
Rayon icra hakimiyyəti əlaqədar nazirliklərin və şirkətlərin köməyi ilə problemlərin həlli üçün müvafiq tədbirlər hazırlayıb və bu işi ciddi nəzarət altına alıb. Xüsusilə sosial sahə diqqət mərkəzindədir. Yeni dərs ilinə kimi Qoşabulaqda 180 yerlik, Novosaratovkada 200 yerlik, Slavyankada 360 şagird yerlik yeni məktəb binaları istifadəyə veriləcəkdir. Artıq son tamamlama işləri görülür. Samanlıqda və Arıxdamda da 180 və 480 yerlik yeni məktəb binalarının inşası artıq plana salınıb və iş gedir.
Hazırda Gədəbəyin 24 ümumtəhsil məktəbi uyğunlaşdırılmış binalarda yerləşir. Amma bir neçə il qabaq bu rəqəm daha yüksək idi. Tədricən kəndlərdə yeni, hər cür şəraiti olan məktəb binaları tikilib istifadəyə verilib. Amma qeyd etdiyimiz kimi, elə məktəblər var ki, 80 ildən çoxdur ki, uyğunlaşdırılmış binalarda yerləşir. Məsələn, Qoşabulaqdakı bina 1930-cu ildə inşa olunub. Artıq burada bərpa-gücləndirmə işləri aparmaq da mümkün deyil. Zəhmətkənd kəndindəki tam orta məktəb 1932-ci ildən, Çobankənd kəndindəki tam orta məktəb 1935-ci ildən, İsalı, Böyük Qaramurad, Alnabad, İnəkboğan kəndlərindəki məktəblər isə 1931-ci ildən uyğunlaşdırılmış binalarda yerləşirlər.
Uşaq bağçası-körpələr evlərinin də tikintisinə böyük ehtiyac var. Elə uşaq bağçası vardır ki, 60 ildən çoxdur uyğunlaşdırılmış binada yerləşir. Məsələn, Misginli kəndindəki bağça 1951-ci ildən xəstəxana binasında məskən salıb. Çanaqçı, Çalburun və digər kəndlərdə də uşaq bağçası, körpələr evlərinin tikintisi vacibdir. Təbii ki, bütün bu problemlər tədricən həll olunur və bundan sonra da olunacaq. Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovla bu mövzuda söhbət edərkən dedi: - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elə ay yoxdur ki, Bakıda, digər şəhər və rayonlarda məktəb və uşaq bağçalarının açılışında iştirak etməsin, onların vəziyyəti ilə maraqlanmasın. Görün, son illər ölkədə nə qədər belə obyektlər istifadəyə verilib. Gədəbəyin özündə məktəblərə ayaq basmaq mümkün deyildi. İndi nə qədər nümunəvi məktəblərimiz var. Biz də inanırıq ki, yaxın vaxtlarda Gədəbəydə bir dənə də olsun qəzalı məktəb, uşaq bağçası, körpü, yol qalmayacaq. Cənab Prezidentimizin son 5-6 ildə iki dəfə Gədəbəydə olması elə bu diqqət və qayğının təzahürü deyilmi?! Doğrudan da rayon rəhbərinin dediyi kimi Gədəbəyin inkişafı üçün son illər çox iş görülüb. Ölkə Prezidentinin birbaşa təşəbbüsü və göstərişi ilə Şəmkir-Gədəbəy yolunun yüksək səviyyədə çəkilişi, kəndlərin, o cümlədən sərhəd kəndlərinin qazlaşdırılması, bir sıra istehsal təyinatlı obyektlərin, o cümlədən qızıl emalı zavodunun işə salınması, neçə-neçə sosial tipli obyektlərin təməlinin qoyulması deyilənlərə əyani misaldır.
Rayonda bir sıra obyektlər artıq açılışa hazırdır. Bunlarda ən çox diqqət çəkəni ölkə başçısının təməlqoyma mərasimində iştirak etdiyi Aşıq musiqi məktəbinin gözəl binasıdır. Bu bina təkcə Gədəbəyin deyil, bütövlükdə qərb bölgəsinin ozan-aşıq sənətinin öyrənilməsində, təbliğində böyük rol oynayacaqdır. Dövlət Statistika idarəsinin, məhkəmə binasının, kartof emalı fabrikinin və digər obyektlərin də açılışı rayonun həyatında mühüm hadisədir.
Gədəbəyin hər bir kəndində şərait yaradılacaq. 2009-2013-cü illər üçün nəzərdə tutulan Dövlət Proqramına əsasən Gədəbəy-Novosaratovka, Novosaratovka-Şınıx magistral qaz kəməri çəkilib başa çatmalıdır. Artıq sərhəd kəndlərindən Göyəlli, Hüseynqulular, Gərməşöylü və Rəhimli kəndlərinə qaz kəmərinin çəkilişinə başlanılmışdır.
Şəhərdə kanalizasiya sisteminin qurulması məsələsi də gündəmdədir. Hazırda ən müasir tələblərə cavab verən su xəttinin çəkilməsi, çirkab sularının axıdılması və təmizlənməsi istiqamətində hazırlıq işləri aparılır. ...Gədəbəyin problemləri həll olunur. Rayonun təbii imkanları çoxdur. Burada turizmin inkişafı üçün çox böyük şərait var. Sadəcə rayon rəhbərliyi əlaqədar təşkilatların köməyi ilə Gədəbəydə infrastrukturu yaxşılaşdırmaq, müasir səviyyəyə çatdırmaq niyyətindədir. Gözəl hamar yollar, mehmanxanalar, müasir ticarət, ictimai iaşə obyektləri yaradıldıqdan sonra bu yerlərə gələn turistlərin sayı-hesabı olmayacaq. Hər halda rayon rəhbərliyinin, gədəbəylilərin xoş niyyəti, arzusudur bu. Arzunuz çin olsun!

{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında