Azərbaycan müxalifətinin cəmiyyətdə nə sosial bazası var, nə də nüfuzu

Eks-prezident Əbülfəz Elçibəyin zəhərləndirilməsi məsələsinin ortaya çıxması bu düşərgəni tamamilə ifşa etdi
Azərbaycan müxalifətində mövcud iqtidardakı siyasətçilərlə müqayisə ediləcək kimsənin olmadığı çoxdan hamıya məlumdur. Bunu düşərgənin özündə də yaxşı bilirlər.
Son 16-17 ildə müxalifətin vahid namizədi məsələsini həll edə bilməyən bir qrup insanın özünü müxalifət adlandırması artıq gülünc görünür. Ölkə əhalisinin müxalifətə az da olsa rəğbəti yoxdur. Uzun illər ərzində müxalifətdə olanlar vətəndaşları inandıra bilməlidirlər ki, ölkəni iqtidardakılardan yaxşı idarə edəcəklər. Azərbaycan xalqı bu adamların ölkəni idarə etməsini görüb və o insanların hamısını çox yaxşı tanıyıb. Elə bugünkü müxalifət düşərgəsinin bütün problemlərinin təməlində də məhz həmin məsələ - xalqın onları çox yaxından tanıması dayanır.
Xalq nə üçün bu adamlara inanmaqdan və onlara etimad göstərməkdən vaz keçir? Bu sualın qalın- qalın kitablara sığmayacaq qədər cavabı vardır. Təkcə ölkəmizdə yaşayan 9 milyonluq vətəndaşlarımız deyil, eləcə də dünyanın bütün qütblərində yaşayan soydaşlarımız yaxşı bilir ki, bu adamlar müstəqilliyin ilk illərində hakimiyyətdə olarkən ölkəni faktiki olaraq vətəndaş müharibəsi həddinə gətirmiş, dövlət müstəqilliyimizin növbəti dəfə əldən getməsi təhlükəsini yaratmış, respublikanı bürüyən xaos və anarxiyanın səbəbkarı olmuşlar. Məhz indi döşünə döyüb hakimiyyətə gəlmək xülyası ilə yaşayanların savadsızlığı üzündən ölkə iqtisadiyyatı heç zaman görünməyən bir böhranla üzləşmişdi. Məhz bu gün beynəlxalq aləmə üz tutub - biz də varıq-deyənlərin diletantlığı üzündən qardaş Türkiyə cümhuriyyəti istisna olmaqla dünyanın bütün ölkələri Azərbaycanın düşməni elan edilmişdi. Beynəlxalq təşkilatların tribunasından Azərbaycan dilində danışmağı qəhrəmanlıq kimi qəbul edən bu insanlar beynəlxalq aləmə inteqrasiyanın mahiyyətini başa düşmədiklərinə görə sərhədləri bağlayıb ölkəni idarə etmək kimi absurd bir tezislə çıxış edirdilər. İndi-biz də varıq-deyə müraciət etdikləri dünya qurumları onları qəbul edərmi? Əsla yox! Necə ki, qəbul etmirlər. Məhz bu adamların hikkəsi üzündən Gəncədə baş qaldırmış etirazçılara qarşı müharibə elan olunmuş, onların üstünə qoşun göndərilmişdi. Yəni, gənc müstəqil dövlətimiz vətəndaş müharibəsinin bircə addımlığında idi. İndi xalq yenidən bu adamlara etimad göstərərmi? Qətiyyən yox! Ona görə də ümid etdikləri şansları çoxdan küləyə veriblər. Aralarında bircə nəfər də olsun heç olmazsa məhəlli siyasətdə nəyəsə yarayacaq sima yoxdur.
Bugünkü Azərbaycan müxalifətinin ən ağır, bəlkə də öldürücü problemi xalqın bu insanlara olan rəğbətinin ildən-ilə deyil, gündən -günə əriməsi, itməsidir. İndi bir neçə məqamı yada salıb sonra sual verəcəyik ki, xalqın bu adamlara rəğbəti olmalıdır, ya yox. Məsələn, başlayaq onların bir-birinə olan səmimiyyətindən. Xalq azadlıq hərəkatının dalğasında insanların etimadını qazanıb hakimiyyətə gəldilər. Ancaq qazandıqları etimadı və inamı itirmək üçün onlara illər yox, aylar kifayət etdi. Çox qısa müddətdə bir-birinə xəyanət və dönüklük etdiklrinə,səmimiyyət adlı insani keyfiyyətdən tamamilə xəbərsiz olduqlarına görə xalq onlara inamsızlıq nümayiş etdirməyə başladı. Nə idi bu xəyanət və dönüklük?
Hamısı belə əməllərdən " möhtəşəm bir qalereya " yaratdığına görə adam bilmir hansının "yaradıcılığından" başlasın. Amma başlamalıyıq. İlk belə addımı İsa Qəmbər atmışdı. O, parlament sədri olarkən , prezident Əbülfəz Elçibəydən xəbərsiz dövlət başçısının səlahiyyətlərinin bir hissəsinin parlament sədrinə verilməsi haqqında qərar qəbul edilməsinə nail olmuşdu.Yəni, faktiki olaraq prezidentə tələ qurmuş, ölkə ərazisində istədiyi kimi fəaliyyət göstərmək üçün dövlət başçısının səlahiyyətlərinin bir hissəsini oğurlamışdı. Oğurluq və bu kimi başqa əməlləri isə o qədər də çox gizlətmək olmur. İsa Qəmbər Əbülfəz Elçibəyə qarşı növbəti dönüklüyünü bu əməlindən çox sonralar, Elçibəyin Kələkidən qayıtmasından sonra reallaşdırmışdı. Elçibəy növbəti prezident seçkisindən hələ xeyli əvvəl televiziya jurnalistinin suallarını cavablandırarkən demişdı ki, mən prezident olanda qədrimi bilmədiniz, növbəti dəfə olanda bilərsiniz. Bəyin bu ifadəsi İsa Qəmbəri necə əndişələndimişdisə, dərhal qaçıb öz namizədliyini irəli sürmüşdü. Halbuki, həmin ərəfədə müxalifət düşərgəsi vahid namizəd məsələsini həll etmək üçün baş sındırırdı. Maraqlıdır ki, İsa Qəmbər həmin addımı bu yaxınlarda növbəti bir rəqibinə - Əli Kərimliyə münasibətdə də reallaşdırdı.
Yeri gəlmişkən, Müsavat başqanının Əli Kərimlinin namizədliyini əngəlləmək üçün ötən ay atdığı addım heç də birmənalı qarşılanmayıb.
Müxalifət düşərgəsində dolaşan fikirlərə görə,burada başqa məqamlar da var. İsa Qəmbər eks-prezident Əbülfəz Elçibəyin qəsdən zəhərləndirilməsi məsələsinin hüquq-mühafizə orqanları tərəfindən tamam-kamal yoxlanılmasını ona görə gözləməyib ki, Əli Kərimlinin bu məsələdə günahkar olmasına tam əmindir.
Bir sözlə,müxalif düşərgə ümid etdiyi bütün şanslarını çoxdan itirib. Eks-prezident Əbülfəz Elçibəyə qarşı edilmiş xəyanətin gündəliyə gəlməsi isə onları tamamilə rüsvay elədi.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında