Milli Qurtuluş günü təntənə ilə qeyd olundu

Bakının Xətai rayonunda hələ iyunun birinci öngünlüyündən başlayaraq 15 iyun Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirlərə iyunun 17-də icra hakimiyyətinin rayonun Heydər Əliyev adına parkında düzənlədiyi böyük bayram konserti ilə yekun vuruldu. Yüksək zövqlə bəzədilmiş və minlərlə şəhər sakininin toplaşdığı Ukrayna meydanında qurulmuş səhnədə öncə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və Azərbaycanın müstəqilliyi naminə gördüyü misilsiz xidmətlərdən söz açıldı.
Bayram konsertinin aparıcıları qeyd etdilər ki, ulu öndər Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycan dövlətinə və Azərbaycan xalqına xidmətə həsr etmiş, bununla da bütün dünya azərbaycanlılarının qəlbində özünə əbədi və möhtəşəm bir abidə ucaltmışdır. Böyük dahi 15 iyun 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə daxili çəkişmələrdən və erməni işğalından dövlətçiliyini itirmək təhlükəsilə üzləşmiş gənc müstəqil Azərbaycanı xilas etmiş, ölkədə vətəndaş müharibəsinin qarşısını almış və respublikada dövlətçiliyin əsasını qoyaraq onu inkişaf etdirmişdir.
1993-cü ildə faciələr və müsibətlərlə üz-üzə qalan Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra beynəlxalq aləmdə tanınmağa başlanmış, onun ətrafında yaradılan informasiya blokadası yarılmış, ölkəmizin haqq səsi dünya birliyi tərəfindən eşidilməyə başlanmışdır.
Aparıcılar ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçiliyinin inkişafı yolunda həyata keçirdiyi daxili və xarici siyasətin, neft strategiyasının, ölkədə apardığı siyasi-iqtisadi islahatların gətirdiyi uğurlardan danışaraq qeyd etdilər ki, bütün bunlar bu gün vətəndaşı olduğumuz azad, firavan və təhlükəsiz Azərbaycanın varlığına, yaşamasına və inkişaf etməsinə qərar vermişdir.
Sonra ulu öndərin həyat və fəaliyyətindən, bilavasitə Xətai rayonunun sosial-iqtisadi inkişafı, abadlığı üçün gördüyü konkret işlərdən bəhs edən qısametrajlı sənədli filmə baxdılar. Alqışlarla qarşılanan filmdən sonra onu da qeyd etdilər ki , bu gün Xətai rayonu həqiqətən ulu öndərin arzuladığı gözəl və yaraşıqlı bir məkana çevrilmişdir. Rayonda son bir neçə ildə aparılan tikinti, quruculuq və abadlıq işləri sakinlərin rahatlığına, sosial həyat şəraitinin müasir standartlar səviyyəsində təmin olunmasına imkan vermişdir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin ardıcıl və qətiyyətli, sosial-iqtisadi islahatları nəticəsində Azərbaycanın hər yerində olduğu kimi Xətai rayonunda da əldə olunan bu uğurlar bir daha Heydər Əliyev siyasətinin davam etməsindən, onun arzularının həyata keçməsindən xəbər verir.
Sonra Azərbaycanın tanınmış incəsənət ustalarının çıxışları başladı. Bir-birindən şən və şaqraq mahnılar meydana toplaşanları da hərəkətə gətirmiş və coşdurmuşdu. Müğənnilərə qoşulub oxuyanlar da, meydana düşüb rəqs edənlər də Qurtuluşun sevincini bölüşürdülər. Gecə yarıya qədər davam edən bayram konserti böyük bir coşqu ilə izlənən atəşfəşanlıqla başa çatdı.
Bayram konsertini Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Səməd Seyidov, Arif Rəhimzadə, Ziyad Səmədzadə, Hadi Rəcəbov, Eldar İbrahimov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi və digər rəsmi şəxslər də böyük maraqla izlədilər.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında