Erməni terror təşkilatları və onların iç üzü

Müasir dünyamızda bəşəriyyətin qarşılaşdığı ən çətin problemlərdən biri beynəlxalq terrorizmə qarşı mübarizədir. Hazırda dünyada çoxsaylı terror təşkilatları və terrorizm cərəyanları fəaliyyət göstərir. Bu təşkilatların arasında erməni terrorizmi öz amansızlığı və qəddarlığı ilə daha çox seçilir. XIX əsrin sonlarından etibarən yaranmış erməni terror təşkilatları və partiyaları yüz minlərlə müsəlman türkün həyatına son qoymuş, nəinki bölgədə, dünyada sülhün və sabitliyin pozulmasında başlıca rol oynamışlar. 
Ermənilərin əsas məqsədi Azərbaycan ərazisində, habelə İran və Türkiyə torpaqlarının bir hissəsində etnik təmizləmə həyata keçirmək və bu bölgədə "böyük Ermənistan" dövləti yaratmaqdır. Bölgədə heç bir etnik üstünlüyü olmayan bu xalq hələ də məkrli,haqsız iddiaları uğrunda dünyada terrorçu imicini daşımaqdan çəkinmir, Yaxın Şərq regionunda sülhün davamlılığına təhlükə törədir. Ermənistan dövləti və xaricdəki erməni və lobbi təşkilatları beynəlxalq hüququn, ümumbəşəri dəyərlərin prinsiplərinə məhəl qoymayaraq bu terrorçuları rəsmi səviyyədə dəstəkləyir və onlara hər cür maddi və mənəvi yardım göstərir. SSRİ dağıldıqdan sonra "müstəqillik" qazanmış Ermənistan rəsmi səviyyədə terroru himayə edərək,terrorçuluğu öz təcavüzkar siyasətinin tərkib hissəsinə çevirmişdir.
Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", "Asala", "Erməni birliyi", "Erməni Azadlıq Cəbhəsi" və digər bədnam erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış,müvafiq maliyyə dəstəyi göstərmişdir. Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar bu gün belə erməni siyasətçilərin dilindən düşmür və bu istiqamətdə onlar bütün güclərini səfərbər edirlər.
Erməni terrorunun əsas qurbanları Azərbaycanın və Türkiyənin dinc əhalisi, dövlət məmurları, diplomatlar, iş adamları olmuşlar. Dünyada qəddarlığı ilə tanınan erməni terroru heç kimə güzəştə getmir,öz mənfur amalları uğrunda insanların toplu halında gəzdiyi və yaşadığı yerlərdə belə partlayışlar həyata keçirir və dinc vətəndaşlara divan tutur. Erməni terror təşkilatlarının olduqca geniş maliyyə və silah şəbəkəsinə və gizli siyasi dəstəyə malik olmasını onların törətdiyi vəhşi aktlardan görmək mümkündür. Amma bunun üçün ilk növbədə erməni terror təşkilatlarının yaranması və ideya istiqamətlərinə nəzər salmaq lazımdır:
"Armenakan" partiyası: 1885-ci ildə yaradılıb.Türkiyənin Van,Muş, Bitlis, Trabzon, bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.
"Hnçak" partiyası: Bəzi mənbələrdə 1884, bəzilərində isə 1887-ci ildə Cenevrədə Nazarbekov qardaşları tərəfindən qurulduğu bildirilir. Bu partiya "Troyak" (Bayraq), "Daşnak" (Birlik) adlı iki şöbədən ibarət olur. "Hnçak" adlı mətbuat orqanı olmuşdur. Kommunist olmayan bir Ermənistan qurmağı və Türkiyənin ərazi bütövlüyünün pozulmasını hədəf götürür. Partiyanın proqramının 4-cü bəndində göstərilir ki, "qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat,terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir."
Partiyanın üzvləri Osmanlı ərazisində və Qafqazda aktiv fəaliyyət göstərirdilər. 1903-cü ilin oktyabrın 14-də "Hnçak" üzvləri Qafqaz canişini knyaz Qolitsinə hücum edir, o, ağır yaralansa da sağ qalır, bir qədər sonra isə vəzifəsindən istefa verir. 1904 cü ildə onlar Bakıdakı erməni fəhlələrini tətilə sövq etmək üçün kommunistlərlə birgə fəaliyyət göstərirdilər. Osmanlı imperiyasında partiyanın üzvləri Sasun və Zeytun üsyanlarında fəal iştirak edirdilər. 1915-ci ildə, türk əhalisinə qarşı terror həyata keçirən, həmçinin Osmanlı dövlətinin düşmənləri ilə əlbir olub ona qarşı vuruşmaqda olan "Hnçak" partiyasının 20 nəfər öndə gələn üzvü İstanbulda asılaraq edam edilir. Birinci Dünya müharibəsindən və SSRİ-nin qurulmasından sonra, partiya yalnız ermənilərin sıx yaşadığı ölkələrdə fəaliyyət göstərir. Partiyanın üzvləri 1970-80-ci illərdə Livandakı vətəndaş müharibəsində fəal iştirak edirdilər. Qarabağ müharibəsi zamanı "Hnçak" partiyası "Metsn Murad" adlı silahlı dəstə yaradır. Bu dəstə Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak edir. Bu gün partiyanın Ermənistanda, Livanda, Suriyada, Misirdə, Küveytdə, ABŞ-da, Fransada, Kiprdə, Argentinada, Uruqvayda və İngiltərədə şöbələri fəaliyyət göstərir. 1993-cü ildə "Hnçak" partiyası yenidən toplanmış və PKK ilə işbirliyinə girməyi və Naxçıvana hücumlar təşkil etməyi planlaşdırmışdı.
"Daşnaksütyun" Erməni İnqilabçı Fraksiyası: Ermənilərin ən mütəşəkkil partiyalarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni İnqilabçılarının İttifaqı" adlanırdı.
Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı imperiyasının şərqində erməni dövləti qurmaq idi.
1891-ci ildə nəşr olunan və Daşnaksütyunun mətbu orqanı olan "Droşak" qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar:
"Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir. Avropa bizim üçün deyil, qoy ermənilər bilsinlər ki, erməni torpağı qanla suvarılmasa onlar heç bir şey əldə edə bilməzlər. Digər tərəfdən, partiya proletariatın köməyi ilə Ermənistanın azad olunacağına inanmır, çünki Türkiyə şəraitində bu, mümkün deyil. Torpaq məsələsi ən vacib məsələlərdən biridir, torpaq o torpaqda işləyənə məxsus olmalıdır".
1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra daşnaklar "Türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri,xainləri, öldür, intiqam al!" əmrini vermişdir.
"Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış "Erməni soyqırımının intiqamçıları" qrupu və məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888.
"Erməni gizli azadlıq ordusu" (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları həyata keçirib.
"Erməni birliyi": - 1988-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində Vazgen Sisliyan tərəfindən yaradılmışdır. Asala ilə birgə planlar həyata keçirir, onlar üçün saxta pasport və silah təminatını həyata keçirir. Qarabağ müharibəsində Ermənistana könüllülərin maddi və hərbi ləvazimatının daşınmasında xüsusi rol oynamışdır.
"Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu"(ASALA): 1975-ci ildən fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik Xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində " Böyük Ermənistan" dövlətini qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. "Əbu Nidal", " Qara sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A. Akopyan elə həmin ilin avqustun 1-də "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: " Bizim düşmənlərimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir".
ASALA 1980-ci ilin aprelində birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini Livanda rəsmiləşdirmişdir. 1980-ci ilin noyabrın 25-də Parisdə turist agentliyinin sahibləri milliyyətcə yəhudi olan Dyakovlar ailəsi 7.65 kalibrli tapança ilə güllələnmişdir. Eyni silah Parisdə 1980-ci il sentyabrın 26-da Türkiyə səfirliyinin mətbuat attaşesinin həyatına sui-qəsddə istifadə olunmuşdu. Aksiyaya görə məsuliyyəti ASALA öz üzrərinə götürüb. Dyakovlar ailəsinin qətli şahidlər tərəfindən " Şərq istiqaməti" kimi təsvir edildiyinə baxmayaraq, bu, ASALA-nın Fələstin təşkilatları ilə əməkdaşlığını sübut edən bariz misaldır.
ASALA operativ hazırlıq, habelə infrastruktur quruculuğu və təlimlərlə məşğul olub. Bu terrorçu qurumun üzvləri Suriyada, Livanda və Cənubi Yəmən Respublikasında terrorçu hazırlamaq üçün düşərgələrdə təlim keçib, silah və saxta sənədlər alıblar.
ASALA həmçinin öz fəaliyyətini maliyyələşdirməkdən ötrü qaçalmalçılıq və narkotik maddələr daşınması sahəsində Fələstin təşkilatları ilə əməkdaşlıq edib. 1982-ci ildə İsveçrə polisi ermənilər və fələstinlilərin daxil olduğu narkotik alverçilərin şəbəkəsini aşkarlayıb.
Beyrut şəhərində 28.8.1993-cü ildə açıqlanan bəyanatında ASALA "Pantürkist neft borusu"(Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir. 1981-ci ildə bir çox terror hadisələri törədən ASALA, bir tərəfdən İsveçrəni , digər tərəfdən isə Fransanı hədələməyə başlamışdır. Fransadakı bir sıra qruplar, Kanadadakı "Azad Hay", İngiltərədəki "Kaytzer" qrupları ASALA-ya qoşulduqlarını elan etmişlər. Bu illərdə təşkilatda artıq parçalanmalar başlanmışdı.
ASALA-nın Yunanıstanın Eqina adasında gizli təlim düşərgələrinin olduğu bildirilir. Burda PKK terrorçularına da təlim keçirildiyi və bu təlimlərə yunan generalı Matafiasın rəhbərlik etdiyi məlumdur. Bundan əlavə, ASALA-nın Cənubi Kipr ordusunun nəzarəti altındakı Eyanapa bölgəsində bir düşərgəsi olduğu və həmin düşərgəyə Harout Aqbaçyanın rəhbərlik etdiyi bildirilir. 1983-cü ildən sonra ASALA-da daha bir vacib fiqur Monte Melkonyan dövrü başladı.Bu terrorçu da öz növbəsində Türkiyədə 1988-ci ildən başlayaraq Azərbaycanda bir sıra terror hadisələri törətmişdir. 1988-ci ildə Akop Akopyan Türkiyə xüsusi xidmət orqanlarının işçiləri tərəfindən, əksər versiyalara gösrə isə məşhur türk vətənpərvəri Abdulla Çatlı tərəfindən öldürülmüşdür. A.Akopyanın digər rəqib erməni terror qruplaşmaları tərəfindən öldürüldüyü də istisna edilmir.
Terrorçu təşkilatın fəaliyyəti mətbuatdan da yan keçməmişdir. "Hayastan" onların rəsmi qəzeti hesab olunur. Bundan başqa "Hay-Baykar", " Armenial", Londonda nəşr etdirdikləri "Kaytzer" jurnalı da ASALA-nın mətbu orqanlarından hesab edilir.
"Erməni azadlıq cəbhəsi": 1979-cu ildə yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.
"Erməni soyqırımı ədalət komandosları": 1972-ci ildə Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı yaradılıb. Məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklərə və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.
"Demokratik cəbhə": ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.
"Arostol": 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.
"Erməni gənclik hücum təşkilatı": Mərkəzi Beyrutda yerləşir. Yayım orqanı "Zortanq" (Oyanış) qəzetidir. Əsasən Əlcəzair, İtaliya və Almaniyada təşkilatlanmışdır. Erməni qriqorian kilsəsi tərəfindən istiqamətləndirilir.
"Qartal təşkilatı": 1981-ci ildə Fransada erməni gəncləri tərəfindən qurulmuşdur. Həbsdə olan ASALA-çıların buraxılması uğrunda mübarizə aparır.
"Orli qrupu": 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.
"Geqaron": 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.
"Erməni azadlıq hərəkatı"(AOD): 1991-ci ildə Fransada yaradılmışdır. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.
"Erməni Xalq Hərəkatı" Türkiyəyə qarşı Yunanıstanda yaşayan ermənilər tərəfindən təşkil olunmuşdur. Mərkəzi Afina şəhərindədir.
Qurtuluş qaplanları (Qarabağ Qurtuluş Qaplanları) 1991-ci ildə Qarabağda azərbaycanlıların yaşadıqları kəndlərə qarşı hücumlar təşkil etmiş, etnik təmizləmə əməliyyatlarında fəallıq göstərmişlər.
(ardı var)

{nl}

Anar TURAN, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında