Bakıda "Neft-qazçıxarmada yeni texnologiyalar" II Beynəlxalq elmi-təcrübi konfransı keçirilir

Sentyabrın 6-da Bakıda "Neft-qazçıxarmada yeni texnologiyalar" II Beynəlxalq elmi-təcrübi konfransı işə başlamışdır.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşkilatçılığı ilə "Neftqazelmitədqiqatlayihə" İnstitutunda keçirilən beynəlxalq konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Kanada, Almaniya, Avstriya, Qazaxıstan, Türkiyə, Rumıniya və digər ölkələrin aparıcı şirkətlərinin 200-dək nümayəndəsi iştirak edir.
"Müstəqil Azərbaycan Respublikasının neft strategiyası və ARDNŞ-in potensialı" mövzusunda məruzə edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Azərbaycanın neft sənayesinin tarixi haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ölkədə həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyini təmin etməklə bərabər, qonşu Gürcüstanın, Türkiyənin, həmçinin Avropa İttifaqı ölkələrinin də ehtiyaclarının ödənilməsində mühüm rol oynayır.
Diqqətə çatdırılmışdır ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ötən dövrdə neft sektoruna 50 milyard dollar investisiya qoyulmuşdur. Bu gün Azərbaycanda 32 saziş üzrə iş aparılır ki, həmin layihələrdə də dünyanın 19 ölkəsini təmsil edən 41 şirkət iştirak edir. Bu sazişlərin, habelə ARDNŞ-in müstəqil həyata keçirdiyi layihələrin uğurla icra olunması yeni texnologiyaların, müasir avadanlıqların, maşın və mexanizmlərin tətbiqinə, yeni iş metodlarının mənimsənilməsinə, neft sənayesinin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına böyük imkanlar açmışdır.
Hazırda dünyada təbii qaza tələbat artmaqdadır. Buna görə də qaz hasilatının yüksəldilməsi qarşımızda duran əsas vəzifələrdəndir, - deyən R.Abdullayev qeyd etmişdir ki, dünyada təbii qaza tələbat yüksəldikcə Azərbaycanın etibarlı qaz ixracatçısı kimi əhəmiyyəti daha da artır. Hazırda təbii qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə tədarük olunması üçün əlverişli variantlar axtarılır.
Sonra ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Xəzər dənizinin dərinsulu sahələrində aparılmış axtarış-kəşfiyyat işlərinin nəticələri" adlı məruzə ilə çıxış etmişdir. Xoşbəxt Yusifzadə bu istiqamətdə əldə olunan uğurları qeyd edərək, Xəzər dənizinin Azərbaycan sektorunda kəşf olunan yataqların neftçilərimizin adı ilə bağlı olduğunu söyləmişdir. Neft sənayesində əldə olunan uğurlarda müasir texnologiyaların tətbiqinin önəmini vurğulayan X.Yusifzadə bu sahədə beynəlxalq təcrübədən istifadənin vacibliyini diqqətə çatdırmışdır.
İki gün davam edəcək beynəlxalq konfransda "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı", "Neft, qaz və bitum yataqlarının işlənilməsi və istismarı", "Qaz anbarlarının işlənməsi və istismarı", "Dərin dəniz yataqlarının sualtı istismarı təcrübəsi və inkişaf perspektivliyi", "Neft və qaz quyularının qazılması və tamamlanması", "Korroziyadan mühafizə" və "İstehsal proseslərinin avtomatlaşdırılması" bölmələrində müzakirələr aparılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında