Bu günlərdə Şəmkirə hansı istiqamətdən daxil olsan əzəmətli bir bayrağın dalğalandığının şahidi olacaqsan. Azərbaycan bayrağı bir neçə kilometrdən belə seçilir. Bu, rayonda yenicə inşa olunmuş bayraq meydanında quraşdırılmış üçrəngli bayrağımızdır.
Bayraq əzəmətlə dalğalanır. Adam baxdıqca baxmaq istəyir. Qürur, fərəh hissi bir-birinə qarışır. Bu gün Şəmkirdə gedən böyük abadlıq, quruculuq, yenidənqurma işlərinin fonunda bayrağın əzəməti daha da yüksəlir, sanki bütün səmanı ağuşuna alır...
Rayon yeni dərs ilinə hazırdır
Rayon təhsil şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Məcid Şıxlinski təkcə təhsil sistemində deyil, ictimaiyyət arasında sayılıb-seçilən ziyalılardandır. Çünki sözü ilə işinin daim vəhdət təşkil etməsinə çalışmışdır və buna demək olar ki, nail ola bilmişdir. Təvazökarlığı, prinsipiallığı, təşkilatçılıq qabiliyyəti onu daim başqalarından fərqləndirmişdir.
...Bayaqdan yol yoldaşıyıq. Məktəbləri gəzir, onların yeni dərs ilinə hazırlığı ilə maraqlanırıq. Üzü Gədəbəyə doğru gedən Yasamal dolaylarını qalxıb daşlı-çınqıllı, lakin bir o qədər də narahat olmayan kənd yoluna daxil oluruq. Kəndin kənarında əzəmətli bir binanı uzaqdan göstərən Məcid müəllim onun məktəb binası olduğunu, sentyabrın 15-də istifadəyə veriləcəyini bildirir. Şeidlər kənd məktəbidir. Dekabr ayından inşasına başlanmış məktəb bizi heyran etdi. Burada şagirdlər üçün ən yüksək şərait yaradılıb. 180 şagirdlik ikimərtəbəli bina göz oxşayır. Məktəb binasını inşa edən "Ağstafasutikinti" ASC idarə heyətinin sədri Vaqif Məmmədov öz işindən zövq alan, həm də peşəkar adam təsiri bağışlayır. Ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, gözəl və işıqlı, hər bir avadanlıqla təmin olunmuş idman zalına, kitabxanaya, sanitariya qovşaqlarına baş çəkirik. Keyfiyyətinə, gözəlliyinə, səliqə-sahmanına söz yoxdur. Məcid müəllim söyləyir ki, bu kənddə uşaqlara elə bir şəraitdə dərs keçirdilər ki, adam onların yanına gəlməyə də xəcalət çəkirdi.
Eyni vəziyyəti Abbaslı kəndində də gördük. Buradakı məktəb də ikimərtəbəli, ancaq 480 yerlikdir. Abbaslı məktəbini "Fərid" MMC tikib. Bu kollektiv indiyədək məktəb binalarının tikintisi sahəsində böyük təcrübə qazanıb. Cəmiyyətin rəhbəri Əhməd Nəbiyev hər işindən zövq alan bir insandır. Məsuliyyətinə, gördüyü işin keyfiyyətinə söz ola bilməz. Məktəb binası ilə yaxından tanış olarkən buna bir daha əmin olduq. Şəhid Ə.Ələkbərovun adını daşıyan bu məktəbin ən azı 90 yaşı var. Lap bu yaxınlara kimi uyğunlaşdırılmış bir binada yerləşirdi. Amma indi... Hər şərait var. İsti suyu, qazı, işığı, istilik sistemi, 24 sinif otağı, fənn kabinetləri, yeməkxanası, idman zalı, bir sözlə, şagird və müəllimlər üçün ideal bir şərait.
Düyərli kənd məktəbində də olduq. Bina artıq hazırdır. Həyət-bacada iş gedirdi. Burada da məktəb 480 yerlikdir. Keçən ilin noyabrında başlanan iş yüksək keyfiyyətlə başa çatıb. İş icraçısı Ələddin Həsənov dedi ki, hazırda son tamamlama işlərinə 60 nəfər cəlb olunub. Nəyin bahasına olursa-olsun məktəbi dərs ilinin başlanması gününə kimi təhvil verməliyik. Qeyd edək ki, yeni dərs ilinə kimi təhvil veriləcək və ya hazırda inşasına başlanmış, plana salınmış məktəb binaları Şəmkirdə az deyil. Artıq Sabirkənd kəndində 960 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanmışdır. Zəyəm qəsəbəsində 2 nömrəli orta məktəb üçün 480 yerlik, Qasım İsmayılov kəndində 360 şagird yerlik, Seyfəli kəndində 360 şagird yerlik, Qaralar kəndində 180 şagird yerlik, Ceyrançöl kənd orta məktəbi üçün 80 şagird yerlik yeni məktəb binalarının tikintisinə və Günəşli kənd tam orta məktəbin əsaslı təmirinə başlanılmışdır.
Heydər Əliyev Fondunun vəsaiti hesabına Dəllər qəsəbəsində tikilmiş Bakı-Oksford məktəbinin filialı fəaliyyət göstərir. Dünya standartlarına cavab verən məktəbdə keçən tədris ilində 135 şagird, bu il isə 200 nəfərdən çox şagird təhsil alacaqdır. Məcid müəllim söhbət zamanı bildirdi ki, məktəblərin yarıdan çoxu son illər tikilib və ya əsaslı təmir olunub. Tezliklə bir dənə də olsun şəraiti olmayan məktəb qalmayacaq.
Şəhər yenidən qurulur
Son vaxtlar kimin yolu rayon mərkəzinə - yəni Şəmkir şəhərinə düşürsə, əsl tikinti, abadlıq, yenidənqurma işlərinin nə olduğunu bir daha öz gözləri ilə görür. Rayon icra hakimiyyətinin başçısı Nazim Veysovu bu günlər çox nadir hallarda kabinetdə görmək olar. Həmişə yaxşı işlərdən zövq alan, inşaatçıları və quraşdırıcıları özünəməxsus şəkildə ruhlandıran, rayon əhalisinin çox böyük hörmətini qazanan başçı gün ərzində bir neçə dəfə tikinti obyektlərinə baş çəkir, işin gedişi ilə maraqlanır, lazımi köməklik göstərir. Obyektlərin isə sayı yox, hesabı yox. Kanalizasiya və su sistemi tamamilə yenidən qurulur. "Akkord" şirkəti tərəfindən aparılan bu iş çox sürətlə gedir. Hara baxırsan qazılmış çalalar, plastik borular görürsən. Amma müvəqqəti çətinlikdir. Şəhər əhalisi çox sevinir ki, tezliklə uzun illərin problemindən, özü də çox vacib bir problemindən xilas ola biləcəklər. Bir tərəfdən də küçələrdən keçən qaz xətlərinin yerin altına salınması işləri başlayıb.
Şəhərin Heydər Əliyev prospektinin hər iki tərəfindəki bütün binalar yenidən qurulur. Özü də yüksək zövqlə, milli-memarlıq ənənələrini qorumaqla. Prospektdə gözəl bir Gənclər Evi tikilir. Elə bayraq meydanı da prospektin girəcəyində salınıb. Yuxarıda adını çəkdiyimiz nümunəvi Bakı - Oksford məktəbi üçün uşaq bağçası və yataqxana binası da inşa olunur. Abidələr parkının tikintisinə başlanması isə hamının ürəyindən xəbər verib. Heydər Əliyev Mərkəzinin eyni binası, beşmərtəbəli mehmanxana, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası, yüzdən çox yaşı olan alman kilsəsinin təmiri, yaşayış evlərinin fasadlarının və dam örtüklərinin yenidən qurulması...Daha nələr, nələr. İndi özünüz fikirləşin. Bu qədər işin eyni vaxtda başlanması, sürətlə və keyfiyyətlə aparılması görün nə deməkdir. Şəmkirdə heç bir zaman eyni vaxtda bu qədər iş görülməyib. Şəmkirdən yazı hazırlamaq və nəhəng dəryaçadan söz salmamaq mümkün deyil. Nazim müəllim deyir ki, Şəmkirçay dəryaçası sanki nəhəng bir abidədir, ona hamımız səcdə etməliyik. Deyir ki, bu dəryaçanın işindən, ümumi su tutumu 175 milyon kubmetr, bəndinin hündürlüyü 190 metr olacaq nəhəng obyekti tikən insanların zəhmətindən hər gün yazılsa da azdır. Ona görə məsləhət gördü ki, növbəti səfərimizdə dəryaçaya gedək, təəssüratımızı oxucularla bölüşək. Təbii ki, belə də edəcəyik. Zarafat deyil, burada tikinti işləri başa çatdıqdan sonra Şəmkir, Samux, Göy-Göl və Goranboy rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq. Dəryaçanın tikintisi zamanı qurulacaq 6 ədəd hidrotrubin vasitəsilə 49 meqovat elektrik enerjisi istehsal olunacaqdır. Yollara da xüsusi fikir verilir. Ölkə Prezidentinin 27 fevral 2012-ci il tarixli Sərəncamı ilə Bakı - Qazax magistral avtomobil yolundan Kür qəsəbəsinə gedən yolun tikintisinə 3 milyon manat vəsait ayrılmışdır. Hazırda "Gəncə Körpü Tikinti - 2" ASC burada çox keyfiyyətli bir iş görür və bu işlər başa çatmaq üzrədir. Qaracəmirli - Təzəkənd kəndi arasındakı 8 kilometrlik yolun da əsaslı təmiri başa çatmaq üzrədir.
Fərdi yaşayış evlərinin tikintisi ilbəil-aybaay çoxalır. Təkcə bu ilin birinci yarısında 184 fərdi ev tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 8 faiz çoxdur. Rayon əhalisinin 95 faizi təbii qazdan istifadə edir. Hazırda Bayramlı, Muxtariyyat, Qılıncbəyli və Qaralar kəndlərinə təbii qazın verilməsi ilə bağlı hazırlıq işləri görülür.
"Bol məhsul götürmək istəyirsən, buyur, problem yoxdur"
Rayonda iş adamlarına, fərdi təsərrüfatla, əkinlə-biçinlə məşğul olanlara daim, necə deyərlər, "yaşıl işıq" var. Hara baxırsan üzüm, meyvə bağlarıdır, taxıl zəmiləridir. İstixanaların isə sayı-hesabı yoxdur. Adamlar bu işlərdən bol qazanc götürürlər. Məhsulların çoxu Rusiyaya, digər MDB ölkələrinə daşınır. Bütün bunlar onunla bağlıdır ki, rayon rəhbərliyi bir-iki sot torpaq yeri olan şəmkirliyə də diqqət, qayğı göstərir, ona şərait yaradır. Hər cür maneçilik hallarının qarşısını alır, problemləri ilə maraqlanır. Rayon icra hakimiyyəti başçısının müavini Sabir Quliyev deyir ki, bir il digərinə bənzəmir. Hər il artım, yüksəliş var, bol məhsul var. Rayonda su problemi demək olar ki, həll edilmişdir. Əkinə yararlı 44 min 680 hektar torpaq sahəsinin 38 min 447 hektarı suvarma suyu ilə təmin edilmişdir. Bu çox vacib bir işdir. S.Quliyev söhbət zamanı qeyd etdi ki, rayondakı 3 suvarma idarəsinin Şəmkir Suvarma sistemləri, Şəmkir Maşın Kanal və Subartezian quyularının istismarı idarələri kollektivlərinin məqsədyönlü və gərgin işi bu sahədə istənilən nəticəni əldə etməyə imkan verib.
Məhsuldarlıq ilbəil artır. Xüsusilə taxıl zəmilərindən bol məhsul götürülür. Bu il hər hektardan məhsuldarlıq 39 sentneri keçmişdir. Taxıl biçininin qısa müddət ərzində itkisiz başa çatdırılmasında "Aqrolizinq"in Şəmkir filialı kollektivinin əməyi çoxdur. Digər məhsullar - üzüm, kartof, meyvə, tərəvəz və sair əvvəlki illərə nisbətən xeyli artıb.
Şəmkirdən hər həftə Bakı şəhərinə 80-90 ton məhsul aparılır. Təkcə bu ilin birinci yarısında respublikanın paytaxtına 1700 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilib. Bu artıq ənənə şəklini alıb. Şəmkir həm özünü təmin edir, həm də digər şəhərlərə əl tutur, öz məhsulunu ucuz qiymətə əhaliyə satır.
Şəmkirdə ən çox diqqət çəkən məqam adamların əhval-ruhiyyəsinin yüksək olmasıdır. Vaxtilə, xüsusilə 90-cı illərin əvvəllərində bu yerləri tərk edib gedənlər indi yenidən Şəmkirə qayıdırlar. Təsadüfi deyildir ki, indi Şəmkirin əhalisi 200 min nəfəri keçmişdir. Təkcə keçən illə müqayisədə artım 2300 nəfər olmuşdur. Zənnimcə, ürəkaçan göstəricilərdir. Rayonda adamlara, onların problemlərinə diqqət var ki, bu da əhval-ruhiyyəyə təsir edən başlıca amillərdən biridir. Təkcə bu ilin birinci yarısında rayon icra hakimiyyətinin başçısı yerlərdə 26 səyyar qəbul keçirib. Bu qəbullarda irəli sürülən 72 təklifdən 49-u həyata keçirilib, 18-i icra olunur, 5-i tövsiyə xarakterlidir. Yəni heç nə cavabsız qalmır. Bax, daim adamlar arasında olmaq, onların dərd-sərini özününküləşdirmək, kömək əlini uzatmaq rayon rəhbərliyinin əhali arasında, yuxarıda qeyd etdiyimiz kimi, hörmətinin artmasına təsir göstərmişdir.
Bəli, bu gün Şəmkirin küçə və prospektləri bir qədər tozlu, narahat təsiri bağışlaya bilər. Amma bunlar müvəqqəti anlardır və tezliklə arxada qalacaq. Qalan isə hamar, güllü - çiçəkli, daimi suyu, kanalizasiya xətti olan evlər, binalar, park və xiyabanlar olacaq. İndi toza-torpağa su atan sakinlər bu günün lap yaxında olduğunu hiss edirlər.
{nl}
Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.