Minlərlə azərbaycanlı bu terror nəticəsində həyatını itirib
Erməni terrorizminin 100 ildən çox tarixi var. Bu millətin mayası sanki terrordan, qətliamdan, qəddarlıqdan və amansızlıqdan tutulub. Erməni terrorizmi artıq beynəlxalq terrorizmin tərkib hissəsinə çevrilib. Belə ki, "Böyük Ermənistan" dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni terror təşkilatları - 1885-ci ildə yaradılmış "Armenakan", iki il sonra - 1887-ci ildə fəaliyyətə başlayan "Hnçak" və "Daşnaksütyun" partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini qarşılarına əsas vəzifə kimi qoymuşdular. Onlar öz çirkin niyyətlərinə çatmaq üçün hətta tarixdə analoqu olmayan qəddarlıqlara da əl atıblar. Dünyanın müxtəlif regionlarında qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarının əsas məqsədləri qonşu dövlətlər hesabına öz ərazilərini genişləndirmək, Ermənistanın qədim dövlət olduğunu "sübut etmək" olub.
"Armenakan" partiyası mütəmadi olaraq Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədərək İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıq edib. "Hnçak" partiyası Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rus" və "İran" ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaq olub.
Erməni terror təşkilatları zaman - zaman Azərbaycana qarşı dəhşətli terror aktları törətmiş, ərazilərimizi işğal edərək öz əraziləri kimi təqdim etmişlər. Ötən əsrin əvvəllərində ermənilər xarici dövlətlərin himayədarlığından yararlanmış və bu yolla Ermənistan adlı dövlət qurmuşlar.
Keçmiş sovetlər birliyinin milli ayrı - seçkilik siyasətindən istifadə edən ermənilər daha da azğınlaşırdılar. Həmişə ermənilərin tərəfinin saxlanıldığını görən bu qəddar millətin nümayəndələri 80-ci illərin sonlarından başlayaraq azərbaycanlılara qarşı açıq terror hərəkatına keçdilər. Ermənistan dövlətinin və erməni diasporunun maliyyə yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatları Azərbaycana qarşı terror müharibəsinə başlamışlar. SSRİ- nin süqutundan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək təcavüzkar siyasətinin əsas tərkib hissələrindən biri kimi qəbul etmişdir. Bundan sonra bir - birinin ardınca sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, hava nəqliyyatında, Bakı Metropolitenində, sərnişin daşıyan dəniz bərəsində, mülkü və dövlət obyektlərində, eləcə də mülki şəxslərə və hərbçilərə, qarşı dəhşətli terror aktları törədilmişdir. Törətdikləri ağır cinayətlərin cəzasız qaldığını və beynəlxalq təşkilatların seyrçi mövqe tutduğunu görən ermənilər daha da vəhşiləşmiş və bu terror aktları ardıcıl xarakter almışdır.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli kənarda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan - qoca, uşaq, qadın həlak olmuşdur. Bütün bu terror aktlarının başında əsasən "Daşnaksütyun" terror təşkilatı dayanırdı.
Erməni terror təşkilatlarının Azərbaycanda törətdikləri vandal aktlarına nəzər saldıqda bu millətin insanlıqdan nə qədər uzaq olduğu, amansız və qəddarlığı özünü açıq şəkildə göstərir. Tarixi faktlara nəzər salsaq, təkcə 1989-1994-cü illərdə, yəni Qarabağ münaqişəsinin başlamasından və aktivləşməsindən sonra erməni terror təşkilatları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilib, nəticədə 1568 nəfər ölüb, 1808 nəfər yaralanıb. Həmin terror aktlarının 32-si Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən xeyli kənarda yerləşən yaşayış məntəqələrində törədilib. Bu terror aktları Qarabağda gedən hərbi əməliyyatlara daxil edilə bilməz. Çünki Azərbaycanda mülki əhaliyə qarşı terror aktlarının əksəriyyəti bilavasitə Ermənistanın dövlət orqanları və Qarabağdakı separatçı qurum tərəfindən təşkil olunaraq üçüncü ölkə vətəndaşları tərəfindən həyata keçirilib.
Ümumiyyətlə, 1989-cu ildən başlayaraq erməni terror təşkilatlarının Azərbaycanda törətdikləri vandalizmi gözlərimiz önündə canlandırdıqda bu hadisələrin insan tərəfindən təşkil olunduğunu ağıla gətirmək mümkün olmur. Yəni, milliyətindən asılı olmayaraq insan da bu qədər, qəddar və amansız olarmı? Gəlin faktlara müraciət edək.
16 sentyabr 1989-cu il. "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır;
18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci kilometrliyində "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan tələfatı olmuşdur;
11 iyul 1990-cı il. "Tərtər - Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır;
10 avqust 1990-cı il. "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. Həmin gün "Şəmkir-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır;
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır;
9 yanvar 1991-ci il. "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı törədilmiş terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar;
30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır;
19 iyun 1991-ci il. "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrliyində 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır;
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır;
2 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır;
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında "KAVZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır;
8 sentyabr 1991-ci il. "Ağdam - Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir. Həmin gün "Ağdam-Qaradağlı" marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır;
26 sentyabr 1991-ci il. "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır;
19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır;
20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur;
26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində "ZİL-130" və "Moskviç" maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır;
8 yanvar 1992-ci il. Türkmənistandan "Krasnovodsk-Bakı" marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır;
28 yanvar 1992-ci il. "Ağdam-Şuşa" marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur. 1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri isə yaralamışlar;
22 mart 1992-ci il. "UAZ 469" markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır. 28 mart 1992-ci il. "Kamaz-5410" markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır;
18 aprel 1992-ci il. "Qazax-Cəfərli" yolunun 10-cu kilometrliyində "Vaz" markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır;
20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında "UAZ-469" markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır;
28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır;
2 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, casusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir;
22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır;
30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində "ZİL" markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan "QAZ-66" markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır;
1 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır;
18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar;
19 mart 1994-cü il. Bakı Metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, "Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar. "20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir;
13 aprel 1994-cü il. Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlğında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır;
3 iyul 1994-cü il. Bakı metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə "Ömər-75" təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodaorant qutularında gizlədilmişdir. A.Aslanov "Yerevan-Mineralnıye Vodı-Bakı" marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May" və "Gənclik" stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur. İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, çox vaxt isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.
Göründüyü kimi, ermənilər zaman - zaman azərbaycanlılara qarşı amansız terror aktları törətmiş, beynəlxalq təşkilatlar isə həmişə bu vandalizmi görməməzliyə vurmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq nüfuzlu beynəlxalq təşkilatların tribunalarından erməni terror təşkilatlarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barəsində dünya ictimayyətinə məlumat vermişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyə başlaması ilə əlaqədar Nyu Yorkda keçirilmiş iclasda çıxışı zamanı Prezident İlham Əliyev bu məsələni yenidən gündəmə gətirərək demişdir: "Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti surətdə pisləyir. Azərbaycan kənardan təşkil olunan terror fəaliyyətinin birbaşa hədəfinə çevrilib. Ermənistan Respublikası Azərbaycanın mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror aktı törədib. Bunun nəticəsində 2 mindən artıq azərbaycanlı həyatını itirib. Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törədib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan etnik təmizləməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə edib. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613 günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar öz həyatı ilə vidalaşıb. Yüzdən artıq qadın, altmış üç uşaq qətlə yetirilmişdir. Ermənistan həmçinin münaqişə zonasından uzaq məsafədə də ictimai nəqliyyatda və mühüm infrastruktur yerlərində, 1994-cü ildə Bakı metrosunda bomba partlayışı və digər əməllər kimi terror aktlarını törədərək, mülki əhaliyə qarşı mübarizə apardı".
Gec də olsa, beynəlxalq təşkilatlar və dünya birliyi erməni terrorizminin qarşısını almaqda qətiyyətli addımlar atmalıdır. Çünki tarixi hadisələr də sübut edir ki, heç bir ölkə terrordan sığortalanmayıb.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.