Dünya İqtisadi Forumunun "Rəqabətlilik Hesabatı 2012-2013" nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 144 ölkə arasında 46-cı yerdə qərarlaşmışdır
Keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası artıq dünyanın inkişaf etməkdə olan ölkələri sırasında öz mövqeyini getdikcə möhkəmləndirir. Bu da təsadüfi deyil. Çünki tarixi müstəqilliyinin ötən 20 ili ərzində əsrə bərabər inkişaf yolu keçmiş ölkəmizdə köklü iqtisadi islahatlar aparılmış, bir sıra uğurlu enerji və nəqliyyat layihələri həyata keçirilmişdir. Düzgün və əsaslı stragiyaya söykənən siyasi və iqtisadi islahatlar isə öz növbəsində gənc, müstəqil Azərbaycan Respublikasının iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun ilbəil artmasına səbəb olmuşdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının məntiqi nəticəsi olan dünya səviyyəli enerji layihələri Azərbaycanı beynəlxalq əməkdaşlıq mərkəzinə və etibarlı tərəfdaşa çevirmişdir. Ölkəmizin gələcək sürətli inkişafına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına hesablanmış mühüm enerji və nəqliyyat layihələrinin bəhrəsi isə günbəgün artır. Elə cari ilin ötən yeddi ayının sosial-iqtisadi göstəriciləri də bunu deməyə əsas verir ki, Azərbaycanda iqtisadi artım davamlı xarakter almış, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində reallaşdırılan addımlar qeyri-neft sektorunun sürətli inkişafına səbəb olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin yeddi ayı ərzində ölkəmizdə ümumi daxili məhsul istehsalı 1,6 faiz artaraq 30,8 milyard manata çatmışdır. İqtisadiyyatın qeyri-neft sektorunda isə 10,5 faizlik artım müşahidə olunmuş, onun ÜDM-də xüsusi çəkisi 49,4 faiz təşkil etmişdir. Yeri gəlmişkən, ölkəmizin qeyri-neft iqtisadiyyatının belə sıçrayışlı inkişafı dünya üzrə son dərəcə yüksək göstərici hesab olunur.
Əsası "Əsrin müqviləsi"nin imzalanması ilə qoyulmuş yeni neft strategiyası Azərbaycanda əlverişli biznes mühiti formalaşdırmış, ölkəmizin investisiya cəlbediciliyini artırmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən illər ərzində Azərbaycanın neft-qaz sektoruna 50 milyard dollardan artıq investisiya qoyulmuşdur. Bütövlükdə isə həmin dövrdə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 120 milyard dollar təşkil etmişdir. Sevindirici haldır ki, artıq Azərbaycan Respublikası xaricdən investisiya cəlb edən ölkədən dünyanın bir sıra dövlətinə investisiya yatıran ölkəyə çevrilmişdir.
Neft-qaz gəlirlərinin ildən-ilə çoxalması, eləcə də iqtisadiyyatın prioritet sahələrinin inkişaf etdirilməsi üçün həyata keçirilən mühüm dövlət tədbirləri nəticəsində Azərbaycanın strateji valyuta ehtiyatları da getdikcə artır. Hazırda ölkəmizin valyuta ehtiyatlarının həcmi 45 milyard dollara yaxındır. Bu da ölkə iqtisadiyyatının şaxələndirilməsinə, onun neftdən asılılığının azaldılmasına şərait yaradır. Ölkəmizin maliyyə imkanlarının isə ilbəil yaxşılaşması bir sıra zəruri investisiya layihələrinin reallaşdırılmasına, eləcə də sosial infrastrukturun tamamilə yenidən qurulmasına imkan verir. Bu ilin yeddi ayı ərzində Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 126 milyon manat vəsait sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz çoxdur.
Azərbaycan Respublikası artıq dünyanın orta gəlirli ölkələrinin sırasına daxil olmuşdur. Ölkəmizin yüksək gəlirli və inkişaf etmiş dövlətlərin cərgəsinə qoşulacağı gün isə çox da uzaqda deyil. Artıq dünyanın ən mötəbər beynəlxalq təşkilatları da Azərbaycanın uğurlarını qeyd edir, ölkəmizdə reallaşdırılan köklü islahatları yüksək dəyərləndirirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, son zamanlar dünyanın üç aparıcı reytinq agentliyi - "Standart and Poor s", "Fitch" və "Moody s" təşkilatları Azərbaycanın kredit reytinqini artırmışlar. Heç şübhəsiz, bütün bunlar ölkəmizdə həyata keçirilən məqsədyönlü işlərin, aparılan islahatların məntiqi nəticəsidir.
Dostlarımızı sevindirən, düşmənlərimizi məyus edən daha bir əlamətdar xəbər isə Azərbaycanın dünya dövlətləri arasında rəqabət reytinqinin xeyli yaxşılaşması ilə bağlıdır. Xatırladaq ki, 2012-ci il sentyabrın 5-də Dünya İqtisadi Forumunun 2012-2013-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı" rəsmi olaraq dünya ictimaiyyətinə təqdim edilmişdir. Sevindirici haldır ki, "Dünya Rəqabətlilik Hesabatı 2012-2013" nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 46-cı yerdə qərarlaşmışdır. Xatırladaq ki, 2011-2012 hesabatında isə ölkəmiz 142 ölkə arasında 55-ci yeri tutmuşdu. Dünya iqtisadiyyatının qlobal maliyyə böhranından hələ də əziyyət çəkdiyi bir şəraitdə, yüksək rəqabət mühiti ilə səciyyələndiyi bir zamanda Azərbaycanın 9 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması, heç şübhəsiz, ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsidir.
Regionun ən sürətli və dinamik inkişaf edən ölkəsi olan Azərbaycan Respublikası bu il MDB ölkələri arasında yenə də ən yüksək nəticəyə nail olmuşdur. Bu da təsadüfi deyil. Çünki Azərbaycan inkişaf sürəti, möhkəm və güclü iqtisadiyyata malik olması ilə MDB ölkələri arasında xüsusilə seçilir. Bu da ölkəmizin postsovet məkanında ən rəqabətqabiliyyətli dövlət elan edilməsinə səbəb olmuşdur. Xatırladaq ki, reytinq cədvəlində Qazaxıstan 51-ci, Rusiya 67-ci, Gürcüstan 77-ci pillələrdə qərarlaşmışlar. Artıq yaşamaq üçün ən əlverişsiz bir ölkəyə çevrilmiş və iqtisadiyyatı gündən-günə dağılan Ermənistan isə bu siyahıda yalnız 82-ci yeri tuta bilmişdir. Yeri gəlmişkən, "Dünya Rəqabətlilik Hesabatı 2012-2013" nəşrinə görə dünyanın ən rəqabətqabiliyyətli ölkəsi İsveçrədir. İlk beşliyə daxil olan digər ölkələr isə Sinqapur, Finlandiya, İsveç və Niderlanddır.
Heç şübhəsiz, Azərbaycanın beynəlxalq nüfuzlu təşkilatlarının hesabatlarında öncül yerlərdə qərarlaşması ölkəmizin dünyada ən etibarlı müttəfiq kimi rolunu və əhəmiyyətini getdikcə artırır. Elə ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri də məhz beynəlxalq təşkilatlarla, nüfuzlu dövlətlərlə əməkdaşlığı daha da möhkəmləndirməkdən ibarətdir. Sevindirici haldır ki, Azərbaycanın getdikcə artmaqda olan beynəlxalq nüfuzu bu istəyi reallaşdırmağa imkan yaradır. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən ilin sonlarında Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə iştirak edərkən dünya ölkələrinin dəstəyinə ümid bəsləyirdi. Əslində isə nəticə gözlənilən idi. Çünki ötən illər ərzində Avropanın və bir sıra dünya ölkələrinin enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edən Azərbaycan, həm də regionda sülhün və təhlükəsizliyin fəal və etibarlı tərəfdaşı olduğunu dəfələrlə sübut etmişdi. Təsadüfi deyil ki, BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvünü seçərkən məhz ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasındakı fəal iştirakına xüsusi diqqət yetirir. Məhz bütün bu amillər Azərbaycanın 2011-ci il oktyabr ayının 24-də BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə səbəb olmuşdur. Azərbaycanın dünyanın 193 dövlətindən 155-nin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə, heç şübhəsiz, ölkəmizin 20 illik müstəqilliyi ərzində ən böyük diplomatik uğuru idi.
Göründüyü kimi, Azərbaycanın beynəlxalq mövqeləri getdikcə möhkəmlənir, istər dünya ölkələri ilə ikitərəfli formatda, istərsə də nüfuzlu təşkilatlarla işbirliyimiz ilbəil güclənir. Bu vacib məqama toxunan Prezident İlham Əliyev demişdir: "Artıq Azərbaycan diplomatiyasının fəaliyyət dairəsi genişlənir. Biz ənənəvi, regional tərəfdaşlıqdan yeni bölgələrə, yeni qitələrə çıxırıq-Afrika, Latın Amerikası ölkələri ilə daha sıx əməkdaşlıq qururuq. Bu da həm ölkəmizin yeni statusuna uyğundur, həm ölkəmizin siyasi imicinin təzahürüdür, eyni zamanda, bizim xarici siyasətlə bağlı fikirlərimizin əlamətidir. Biz diplomatiyamızı şaxələndirməliyik". Yeri gəlmişkən, bu ilin may ayında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu isə birmənalı olaraq onu deməyə əsas verir ki, Azərbaycan artıq dünyanın siyasi nüfuz dairəsinə daxil ola bilmişdir.
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.