Planetdə ekoloji tarazlığı qoruyub saxlamalıyıq

Ətraf mühit şəraitinin pisləşməsi onun bütün komponentlərinə - su resursları, Yerin torpaq qatı, dünya okeanı, bitki və heyvanat aləmi, həmçinin, atmosfer və iqlimə öz mənfi təsirini göstərmişdir. Bütün bunları yaradan obyektiv və subyektiv səbəblər mövcuddur. Onlardan ən başlıcası qlobal istiləşmənin təsiridir. Son 150 ildə dünyada temperaturun bir dərəcə artması faktı onu göstərir ki, bu proses davam edir və alimlərin hesablamalarına görə istiləşmə 2050-ci ildə 2-2,5, 2100-cü ildə isə 6 dərəcəyə qədər yüksələ bilər. Bu da məlumdur ki, qlobal istiləşmə təbii fəlakətlərə, daşqınlara, içməli su ehtiyatlarının qıtlığına səbəb olur.
Bu proseslər nəticəsində dünyada səhralaşma və quraqlıq da getdikcə artmaqdadır.
BMT-nin Baş katibi hələ 2003-cü il iyunun 16-da bu məsələ ilə bağlı müraciətində deyirdi ki, səhralaşma və quraqlıq həmişə artmaqda olan qlobal təhlükə kəsb edir. Torpaq və otlaqlardan həddən artıq istifadə, meşələrin qırılması və qeyri düzgün suvarma təcrübəsi kimi insan fəaliyyəti növləri, habelə iqlim dəyişiklikləri vaxtilə məhsuldar torpaqları qeyri-məhsuldar və səmərəsiz torpaqlara çevirməkdə davam edir. Adambaşına düşən şumluq torpaqlar getdikcə bütün dünyada azalmağa başlayır. Bu da öz növbəsində xüsusilə yoxsul kənd rayonlarında ərzaq təhlükəsizliyi üçün qorxu kəsb etməklə bərabər, humanitar və iqtisadi böhranlara da səbəb olur.
İndi dünyanın bütün hissələri bu mənfi təsirə məruz qalmışdır. Rəsmi məlumata görə hər il Hindistanda quraqlıq dövrü və meşələrin qırılması 2,5 milyon hektar torpağın səhraya çevilməsi ilə nəticələnir. Asiyada baş verən qum tufanları iqtisadiyyat və ətraf mühit üçün artmaqda olan təhlükəyə çevrilir. Meksikanın səhralaşmaya həssas 70 faiz torpaq sahəsi hər il 700.000-dən 900.000 nəfərə qədər meksikalını daha yaxşı həyat tərzi ardınca mühacir işçi kimi öz evlərini tərk edərək ABŞ-a getməyə məcbur edir. Lakin səhralaşma problemi heç bir yerdə ətraf mühitdən əziyyət çəkərək qaçqın düşmüş və növbəti 20 il ərzində sayının 25 milyona çatması ehtimal olunan əhalinin məskunlaşdığı Afrikanın Sahara-altı regionundakı kimi kəskin deyil.
Su çatışmazlığı, su ehtiyatlarının mühafizəsi və idarə olunması da ciddi narahatlıq doğurur. Doqquz il əvvəl Birləşmiş Millətlər Təşkilatının Səhralaşma ilə Mübarizə Konvensiyasının qəbul edilməsindən başlayaraq bu günə qədər məhdud ehtiyatlara baxmayaraq, bu və ya digər məsələləri həll etmək üçün bir çox layihələrin icrası həyata keçirilir. 2002-ci il Yohannesburqda keçirilən davamlı inkişafa dair ümumdünya sammitində beynəlxalq ictimaiyyət konvensiya üzrə öz üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiqləyərək, daha böyük maliyyə vəsaiti hesabına bu öhdəliklərin həyata keçirilməsinə təkan verilməsi ehtiyacını etiraf etmişdir.
Səhralaşma yoxsulluğun həm səbəbi, həm də nəticəsidir, çünki adətən yoxsul insanlar onların tələblərinə cavab verə bilməyəcək istifadəyə yararsız torpaqları becərirlər. Ona görə də səhralaşma ilə mübarizə yoxsulluğun aradan qaldırılması və uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş daha geniş səylərimizin ayrılmaz hissəsi olmalıdır.
Məlumat üçün bildirək ki, Ümumdünya səhralaşma və quraqlığa qarşı mübarizə günü BMT-nin Baş Assambleyası tərəfindən 1994-cü ildə (49/114 saylı qətnamə) elan edilmişdir. Elə həmin ildə də BMT tərəfindən səhralaşmaya qarşı mübarizə barədə Konvensiya qəbul edilmişdir.
XXI əsrin başlanğıcında dünyada bir gün ərzində səhralaşma və şoranlaşma nəticəsində 44 min hektar torpaq sahəsi öz münbitliyini və təsərrüfat əhəmiyyətini itirir, 28 min hektar, son məlumatlara görə isə 50 min hektar (yeni salınan meşə sahələrindən 10 dəfə çox) dünyanın ən qiymətli təbii sistemlərindən biri sayılan və planetimizin "ağ ciyərləri" adlandırılan tropik meşə sahəsi məhv olur, 40 mindən artıq uşaq ölür. Respublikamızda torpaqların 44 faizi külək və su erroziyasına məruz qalıb və kənd təsərrüfatı üçün yararsız hala düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mütəxəssisləri bu fikirdədirlər ki, quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır.
Nazirliyin məlumatına əsasən, hazırda ölkəmizdə erroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalıb. Təxminən 300 kv.km ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb. Bu il Araz və Kür çaylarının dasması nəticəsində nə qədər torpaqlarımız sel suları altında qalmış və istifadəsiz vəziyyətə düşmüşdür.
Nazirlik mütəxəssislərinin rəyi belədir ki, torpaqların yararsızlaşmasının əsas amillərindən biri də onların kimyəvi çirklənməyə məruz qalmasıdır. Bundan başqa, 264 min hektar meşə sahəsi erməni işğalı altındadır və həmin ərazilərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv edilir. Bu da Azərbaycan ərazisində meşələrin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə səbəb olur.
Səhralaşma probleminin qlobal xarakter alacağını çoxdan başa düşən ekoloqlar bəşəriyyətin gələcək bəlalardan xilas edilməsi üçün təcili tədbirlərin həyata keçirilməsi tələbi ilə çıxış etmək məcburiyyətində qalıblar. Buna görə Azərbaycan ölkənin ekoloji durumunun yaxşılaşdırılmasını, təbii ehtiyatlardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq "Səhralaşmaya qarşı mübarizə" beynəlxalq konvensiyasına qoşulub.
Problemlə mübarizə işlərinə gəlincə, ölkəmizdə səhralaşmanın qarşısının alınması məqsədilə müvafiq dövlət proqramları işlənib hazırlanıb. "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı", "Meşələrin artırılması və bərpa olunmasına dair" və "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" milli proqramları təsdiq olunub. Bu proqramlara əsasən, ümumilikdə, hər il ölkə ərazisində 10 min hektardan artıq meşə-bərpa işləri aparılır.
Yay və qış otlaqlarının mövcud vəziyyətinin araşdırılması, şiddətli erroziyaya və şoranlaşmaya məruz qalmış ərazilərin dəqiqləşdirilməsi və xəritələşdirilməsi, eləcə də torpaq kadastrı və qeydiyyat sisteminin yaradılması üzrə işlər də davam etdirilir. Ölkəmizin təbii örtüyünün olduğu kimi toxunulmaz vəziyyətdə saxlanması və səhralaşmaya qarşı mübarizənin gücləndirilməsi üçün antropogen təsirlərin azaldılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsinə də xüsusi diqqət yetirilir. Belə ki, ölkə başçısının müvafiq fərmanları ilə 2003-2009-cu illərdə ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 4,5 faizdən, yəni 478 min hektardan 778 min 464,7 hektara çatdırılıb. Bu da ölkə ərazisinin təqribən 9 faizini təşkil edir.
BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin və Qlobal Ekoloji Fondun texniki yardımı əsasında 2006-cı ildən başlayaraq "Torpaqdan birgə və davamlı istifadə üçün potensialın yaradılması" layihəsi də həyata keçirilir. Bu isə öz növbəsində Azərbaycanda səhralaşma problemlərinin həlli üzrə işlərin canlanmasına təkan verib. Layihə çərçivəsində Kürdəmir və Göygöl rayonlarında qış və yay otlaqlarının vəziyyəti öyrənilib və konkret olaraq Göygöl rayonunda 200 hektar qış otlağı bərpa olunub.
ETSN mütəxəssisləri torpaqların səhralaşmasının qarşısını almaq məqsədilə dövlət proqramlarına və xarici donorlarla əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirdiklərini söyləyirlər. Bu tədbirlər isə öz nəticəsini verməkdədir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında