Gəncə haqqında yazmaq hər bir qələm əhli üçün xoşdur. Ona görə yox ki, Gəncə Azərbaycanın çox qədim, füsunkar guşəsidir, ilk paytaxtıdır, ulu Nizaminin doğulub boya-başa çatdığı bir diyardır, ölməz Cavadxanın vətənidir. Yox, bunlar öz yerində və onların hər biri neçə-neçə qəzet yazısının, elmi əsərlərin, tədqiqatların mövzusudur. Ona görə xoşdur ki, Gəncə dünənki Gəncə deyil. Qədim şəhər, sözün əsl mənasında, sanki çiçək açıb.
Digər tərəfdən, qısa vaxt ərzində bu qədər iş görmək, şəhərin simasını nəzərəçarpacaq dərəcədə dəyişdirmək gərgin zəhmətdən, şəhər rəhbərliyinin yüksək təşkilatçılıq və səfərbərlik bacarığından xəbər verir. Təbii ki, bütün bunlar barədə geniş oxucu kütləsinə məlumat verməmək, ən azı, insafsızlıqdır. Doğrudur, şəhər rəhbərliyinin, ilk növbədə icra hakimiyyətinin başçısı Elmar Vəliyevin heç buna ehtiyacı da yoxdur. Öz işi ilə məşğuldur. Şəhərdə görülən işlərə ən böyük qiyməti ölkə başçısı verib: "Bilirsiniz ki, mən Gəncədə dəfələrlə olmuşam. Gəncəni tanımaq mümkün deyildir. Qısa müddət ərzində Elmar çox yaxşı işlər görüb". Amma ürəyində qədim torpağa az-çox məhəbbət olan hər bir kəs istər-istəməz şəhər haqqında, burada görülən nəhəng quruculuq işləri haqqında danışmaq, yazmaq, təəssüratlarını kiminləsə bölüşmək istəyir. Bu yazını qələmə almazdan əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyasınıa daxil olmuş məktublarla tanış oldum. Gəncədən yüzlərlə məktub var. Ziyalısı da, fəhləsi də, tələbəsi də şəhərdə görülən böyük işlərdən yazır, ölkə başçısı İlham Əliyevə göstərdiyi diqqət və qayğıya, köməyə görə minnətdarlığını bildirir.
Yuxarıda söylədiyim fikrə qayıdaraq qeyd etmək istəyirəm ki, əgər adi adamlar, şəhər sakinləri, qonaqlar bu gün Gəncədə aparılan işlərə belə yüksək qiymət verirlərsə, sevinclərini, heyrətlərini gizlədə bilmirlərsə, jurnalistlər, ayrı-ayrı mətbuat orqanlarının nümayəndələri niyə susmalıdırlar. Həmişə milçəkdən fil düzəldən üzdəniraq müxalifət qəzetləri nə əcəb bu işlərdən yazmaq istəmirlər? Yadımdadır, Cavadxan küçəsində təmir, yenidənqurma işləri yenicə başlayanda bir çoxu yazmışdı: "Cavadxan küçəsi dağıdılır", "Cavadxanın sakinləri beziblər", "Küçənin başına oyun açıblar"... İndi gedin, baxın həmin küçəyə, görün, az da olsa yazdıqlarınızdan xəcalət, təəssüf hissi keçirəcəksinizmi. İnanmıram. Hər ehtimala qarşı küçədən bir-iki şəkili bu yazıda nəzərinizə çatdırırıq.
"Xalq qəzeti"ndə Gəncədə baş verən müsbət dəyişikliklər, abadlıq-quruculuq işləri haqqında müntəzəm yazılar verilir. Tam cəsarətlə qeyd edirik ki, hələ heç bir şəhər və rayon haqqında son yarım ildə bu qədər səhifə yazılar verilməyib. Bu da təbiidir. Çünki Gəncə Gəncədir. Ulu öndər Heydər Əliyev, görün, Gəncə haqqında necə gözəl deyib: "Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk".
Bu gün Gəncə haqqında yazmamaq mümkün deyil. Şəhərin yaxın gələcəkdə necə olacağını göz önünə gətirəndə adam qürur hissi keçirir. Elə indinin özündə də Nizami yurdunun büsatı ilə fəxr etməyə dəyər.
Abad şəhər binasından bəllidir
Gəncədə yaşayış, inzibati binalar, ictimai iaşə obyektləri, səhiyyə, təhsil, mədəni-maarif müəssisələri, başqa sözlə bütün tikililərin xarici görünüşü dəyişdirilir, yeni görkəmə salınır. Əslində, dəyişən təkcə qeyd etdiyimiz "xarici görünüşü" deyil. Binaların dam örtükləri, mansardı, mühəndis-kommunikasiya xətləri, həyət-bacası, daxili interyeri, liftləri də yenidən qurulur, müasir şəklə salınır, lazımi şərait yaradılır. Biz bu işlər haqqında əvvəlki yazılarımızda bəhs etmişdik. Lakin görülən işlərin həcmi o qədər böyükdür ki, həmin məsələlərin işıqlandırılması bir neçə qəzet səhifəsinə də sığmaz. Amma hər halda bu ilin ötən ayları ərzində həyata keçirilən işlərə nəzər salaq. Məsələn, belə bir rəqəm diqqət çəkir ki, tikinti müəssisələrinin öz gücləri ilə yerinə yetirdikləri inşaat işlərinin həcmi 2011-ci ilin səviyyəsini 2 dəfədən də çox üstələmişdir. Görülmüş işlərin az qala 89,8 faizi tikinti, yenidənqurma və genişləndirmə işləridir.
Bu ilin yanvar ayının 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfəri, görülən işlərə yüksək qiymət verməsi gəncəliləri hədsiz sevindirmiş və ruhlandırmışdır. Ölkə başçısının bu səfərindən üç gün sonra Gəncənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı 5 milyon manat vəsait ayrılması haqqında imzalanan sərəncam şəhərə göstərilən qayğının yeni təzahürü kimi qiymətləndirilmişdir.
Şəhərdə binaların yeni görkəmə salınması üçün çox işlər görülür, milyon manatlarla vəsait xərclənir. Amma əvəzində elə gözəl, milli memarlıq üslubunda binalar ortaya çıxarılır ki, baxmaqla doymursan. Tam səmimi deyirəm, Gəncənin mərkəzində yenidən qurulmuş binalar öz əzəmətinə milli-memarlıq quruluşuna və gözəlliyinə görə heç də Bakının Neftçilər prospektindəki və ya "Torqovı" adlanan küçədəki binalardan qətiyyən geri qalmır və bir çox hallarda onların çoxunu üstələyir. Bu iş bir an belə dayanmır. Bir çoxları belə düşünürlər ki, yalnız şəhərin baş meydanına yaxın ərazidə olan yaşayış və digər binalar abadlaşdırılacaq. Amma belə olmadı. Ən müxtəlif küçə və prospektlərdəki binaların fasadları, dam örtükləri dəyişdirilməyə başladı, nümunəvi həyət-bacalar yaradıldı. Bu ilin ötən birinci yarısına kimi 5 min 500 kvadratmetrdən çox dam örtükləri təmir olunmuş, məhəllə və həyətlərdə səliqə-sahman işləri aparılmışdır. Atatürk prospektinin M.A.Abbaszadə küçəsinin kəsişməsindən başlayaraq onun Nizami prospekti ilə kəsişməsinə kimi olan ərazidə 8 çoxmərtəbəli binanın fasadlarının klassik memarlıq üslubunda, dam örtüklərinin metal keramiklə üzlənərək mansard formasında yenidən qurulmasına başlanılmış və işlərin sürəti hər gün artmaqdadır.
Son vaxtlar Nizami prospektində aparılan işlərin həcmi artıb. Əvvəla küçə xeyli genişləndirilib. Nizami məqbərəsindən başlayaraq Gəncə təyyarə vağzalına gedən yoladək uzanan bir prospektdə abadlıq-quruculuq işlərini belə qısa vaxt ərzində başa çatdırmaq, zənnimcə, əsl qəhrəmanlıqdır. Biz keçən il qəzetimizdə "Gəncə, Nizami prospekti" adlı bütöv bir səhifə yazını həmin mövzuya həsr etmişik. Ona görə xırda detallara bir daha qayıtmaq istəmirik və yalnız onu qeyd edirik ki, bu prospektdəki bütün binalar göz oxşayandır, valehedicidir. Hazırda şəhərin çıxış hissəsində iş gedir, sökülmüş primitiv və digər binaların yerində təzələri inşa olunur və artıq tamamlanmaq üzrədir. Bu günlərdə həmin prospektdən keçərkən gözlərimə inanmadım. Qeyd etdiyimiz eybəcər tikililərdən əsər-əlamət qalmamışdı, yol genişləndirilmişdi, indi əsl prospekti xatırladırdı. Gəncə Regional Elmi Mərkəzin direktoru, AMEA-nın müxbir üzvü, yaxın dostum Fuad Əliyev maraqlı bir epizod söylədi. Dedi ki, bu yaxınlarda həmin prospektdə, 6 nömrəli məktəbin yanında evləri sökülmüş, yerində şəhər icra hakimiyyətinin tikdirdiyi təzə evlərin qarşısından keçərkən sakinlərin Elmar Vəliyevi dövrəyə aldıqlarını, minnətdarlıqlarını necə ifadə etdiklərini kaş öz gözlərinizlə görəydiniz. Adamlar çox razıdırlar. Ölkə başçısından, şəhər rəhbərliyinin sözü ilə işinin vəhdətdə olmasından, diqqətdən, qayğıdan...
Bir də ki, yollardan
Bəli, abad şəhər həm də yolundan, döngəsindən bəllidir. Gəncədə yolların genişləndirilməsi, səkilərin düzəldiməsi, divarların milli-memarlıq üslubunda hörülməsi, gül-çiçək kollarının əkilməsi, yeni işıq dirəklərinin basdırılması, rəngarəng çil-çıraqların asılması, işıqlandırma sisteminin nizama salınması işləri elə bir həddə çatdırılıb ki, tezliklə bir çox Avropa şəhərləri ilə müqayisə olunacağı heç kəsdə şübhə yaratmır.
Yollarda eybəcər qaz borularından, hörümçək toruna bənzəyən elektrik naqillərindən əsər-əlamət qalmayıb. Onların yerində gül-çiçək kolları, müasir işıq dirəkləri basdırılıb. Bu gün on minlərlə çiçək "Xan bağı" və N.Nərimanov parklarını, Heydər Əliyev və Şah İsmayıl Xətai, Atatürk və Nizami prospektlərini, onlarla digər küçəni və evləri bəzəyir. Şəhər ərazisində 120 min ədəddən çox ağac, 60 minə yaxın dekorativ gül və çiçək əkilmiş, 9 ədəd yeni subartezian quyusu təmir olunaraq yaşıllıqların suvarılması üçün istifadəyə verilmişdir. Qazon-çəmənlik sahələri genişləndirilmiş, ilin əvəlindən 7,2 hektar yeni qazon salınmışdır. Heydər Əliyev parkında, Nizami məqbərəsində və onun ətrafında əkilmiş ağacların suvarılmasında ənənəvi suvarma ilə yanaşı, ən mütərəqqi üsuldan-damcılı suvarmadan istifadə edilir. Maraqlıdır ki, Nizami məqbərəsinin ətrafı şəhərin giriş və çıxış yollarının kənarları ayrı-ayrı müəssisə və təşkilatlar arasında bölüşdürülmüş və onlara qulluq da həmin təşkilatların kollektivləri tərəfindən həyata keçirilir. Sanki hamı bir-biri ilə yarışır: kimin sahəsi daha yaşıl, daha abad, daha gözəldir...
Bax beləcə qədim Gəncənin hər qarış torpağı abadlaşdırılır, nizama salınır.
Avtovağzal şəhərin içərisindən bir qədər kənara - Gəncənin giriş hissəsində 5 hektara yaxın bir əraziyə köçürülüb. Burada üçmərtəbəli, sahəsi 3 min kvadratmetr olacaq yeni avtovağzal tikiləcək, hər cür şərait yaradılacaq, dördmərtəbəli mehmanxana və ticarət mərkəzi də inşa olunacaq.
Ölkə başçısı İlham Əliyevin "Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 5 iyun 2012-ci il tarixli sərəncamı ilə Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı və Cavad xan qəsəbələrini birləşdirən, ümumi uzunluğu 21 kilometr olan avtomobil yollarının tikintisi məqsədi ilə ilkin olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdır. Artıq yeni yaradılmış qəsəbələrin mərkəzləri müəyyənləşdirilmiş, bütün infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində işlər aparılır. Eyni zamanda, bu qəsəbələrdə üç 640 şagird yerlik məktəbin, beş 140 yerlik və iki 280 yerlik məktəbəqədər tədris müəssisələrinin tikintisi nəzərdə tutulmuşdur.
Respublikanın ən səfalı guşələrindən biri olan və uzun illər abadlaşdırlmasına fikir verilməyən Hacıkənd qəsəbəsində hazırda geniş miqyasda tikinti, abadlıq-quruculuq işləri davam edir. Qəsəbədə kommunal infrastruktur - qaz, işıq, su və rabitə xətləri yenidən qurulur. Burada 3 kilometrdən çox yol genişləndirilir, piyadalar üçün səkilər yenidən qurulur, yol kənarında torpaq sürüşməsinin qarşısının alınması məqsədi ilə 4 kilometr uzunluğunda istinad divarları hörülür, sel suları təhlükə yarada biləcək yerlərdə iri diametrdə yeni borular quraşdırılır.
Hacıkəndin 5 küçəsində abadlıq işləri ilə yanaşı, 3 kilometr uzunluğunda qəsəbədaxili işıqlandırma sistemi quraşdırılır, 40 ədəd bina əsaslı təmir olunur, binaların fasadları, dam örtükləri yeniləşdirilir.
Şəhərin yollarında və digər yerlərdə küçələr genişləndirilməklə yanaşı səkiləri düzəldilir, tikililərin milli ornamentləri bərpa olunur, mozaika və qranit bardür daşları vurulur, tamet döşənir və sair.
Yeni tikililər şəhəri daha da gözəlləşdirəcək
Gəncədə yeni obyektlərin inşası bu qədim şəhəri daha da genişləndirəcək. Sevindirici haldır ki, bir tikili digərinə bənzəmir. Bənzəyən yalnız hamısınıda milli ornamentlərə üstünlüyün verilməsindədir. Heydər Əliyev Mərkəzi, Gəncə Dövlət Filarmoniyası, Nizami muzeyi, Gənclər Mərkəzi və neçə-neçə digər inzibati binalar, hətta mətbuat evi özünün rəngarəngliyinə, üslubuna, milli çalarlarına görə seçiləcək.
Gəncə heç vaxt bu qədər geniş tikinti meydanını xatırlatmayıb. Hara baxırsan iş gedir. Şəhərə müxtəlif istiqamətlərdən giriş yolları yenidən qurulur, kanalizasiya, su xətləri təzələnir. İllər boyu istiliyi olmayan binalara istilik xətləri çəkilir, qazanxanalar tikilir. Yeni istehsal təyinatlı müəssisələr işə düşüb və yaxın vaxtlarda təzələri də öz qapılarını açacaq.
Elə gün yoxdur ki, şəhərdə xoş bir xəbər eşitməyəsən. Hər bir obyektin açılışı və ya bünövrəsinin qoyuluşu böyük sevinc, coşğu ilə qarşılanır.
Gəncəlilərin sevincli günlərində daha bir xoş xəbər - həmyerliləri Toğrul Əsgərovun sərbəst güləş üzrə Olimpiya çempionu adını qazanması xəbəri sanki bütün şəhəri ayağa qaldırdı. On minlərlə şəhər sakini baş meydana - Heydər Əliyev meydanına toplaşdı. İndi neçə vaxtdır meydana istirahətə gələn gəncəlilər burada quraşdırılmış iri monitorda Toğrulun qələbə anını dönə-dönə izləyir və bir daha qürur hissi keçirirlər.
Ulu Nizaminin 870 illik yubileyinə bütün şəhər hazırlaşır
Bir dəfə yazılarımın hansındasa qeyd etmişdim ki, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev elə müşavirə, iclas, ya adi kiçik söhbət yoxdur ki, dahi Nizami Gəncəvinin adını çəkməsin, şəhərdə şairin adının əbədiləşdirilməsi və təbliği ilə bağlı görülən işlərdən söz salmasın. İndiyədək Nizaminin 870 illik yubileyi ilə əlaqədar tək Nizami prospektində görülən işlər kifayətdir ki, deyək şəhər bu bayrama necə hazırlaşıb. Prospektin Nizami məqbərəsindən tutmuş sonuna kimi doğma şairin adı ilə bağlıdır. Hər bir guşə, istinad divarı, bulağı, "Xəmsə" kompleksi və sair Nizamidən xəbər verir, onun əziz xatirəsinə dərin məhəbbətdən xəbər verir.
Bir ara Nizami Gəncəvinin doğulduğu məkanla bağlı gülünc ifadələr işlədənlər indi dahi şairin məhz qədim Gəncədə doğulduğu, şəksiz-şübhəsiz Azərbaycan şairi olduğu barədə fikirlər söyləyirlər. Onlar dedi, ya demədi. İndi bunun heç mətləbə dəxli də yoxdur. Ümummilli liderimiz, Nizami Gəncəvinin adının əbədiləşdirilməsi, təbliği ilə bağlı 70-80-ci illərdə müxtəlif qərarlar imzalayan Heydər Əliyev 12 il əvvəl şairin məqbərəsini ziyarət edərkən dediyi sözlər kifayətdir ki, sapı özümüzdən olan baltalar geri çəkilsinlər: "Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir. Ancaq gəncəlilər xüsusi iftixar hissi keçirirlər. Birincisi ona görə ki, Nizami gəncəlidir. Gəncənin adını dünyada məşhur edibdir, bu torpaqda yaşayıbdır, bu torpaqda yazıbdır. Onun yazdığı əsərlər bütün dünyada məşhurdur. Təsəvvür edin, 850 il bundan öncə bu qədər böyük elm var, böyük fəlsəfə var, dahi fikirlər var. Buna görə onun əsərləri də yaşayır, özü də yaşayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də demişdir: "Heç kəsdə şübhə yoxdur ki, Nizami Gəncəvi dahi Azərbaycan şairidir. Bunu bütün dünya bilir".
Elə şairin doğulduğu şəhəri Nizami Gəncəvi Mərkəzinin təşkil olunması, yeni müasir üslubda Nizami muzeyinin tikilməsi də ölkə başçısının dahi şairin xatirəsinə, gəncəlilərə, bütün Azərbaycan xalqına misilsiz hədiyyəsidir.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin bu günlərdə dahi şairin 870 illik yubileyinə hazırlıqla bağlı yığıncaqda söylədiyi fikirlər də hamının ürəyindən xəbər verib. Gəncəlilər bir daha əmin olublar ki, bundan sonra heç bir qüvvə, heç bir kəs onları özləri üçün müqəddəs hesab etdikləri həmyerliləri - Nizami Gəncəvinin adını onun doğulub boya-başa çatdığı məkanın adını hallandıra bilməz.
Şəhərdə isə Nizami Gəncəvinin 870 illiyi ilə bağlı çox iş görülüb. Onları yalnız sadəcə sadalamaqla kifayətlənirik. Məqbərə və onun ətrafı, məqbərəyə giriş yolları tamamilə yenidən qurulub. Sərgilər, kompozisiyalar görüşlər, konfranslar müntəzəm keçirilir. Şairin dünyanın müxtəlif ölkələrində olan əsərləri toplanır, əlyazmaları şəhərə gətirilir.
Nizami Poeziya teatrı yenidən qurularaq öz qapılarını açmışdır. Şəhərdə elmi-tədqiqat Nizami İnstitutu və 6 şöbədən ibarət Nizami Mərkəzi yaradılıb, "Gəncə şəhərinin tarixi" kitabı çap olunub. Ayrı-ayrı elm, tədris müəssisəsində bir çox tədbirlər keçirilib. "Beşbulaq"da Nizami əsərlərinin qəhrəmanları abidə üzərinə həkk olunub, Nizami bağı təşkil edilir, hara baxırsan Nizaminin müdrik sözlərinə rast gəlirsən. Bəli, Gəncə doğma şairin yubileyinə hazırdır. Sentyabrın son günləri Gəncə yenə toylu-büsatlı olacaq.
{nl}
Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.