Elman TÜRKOĞLU: Elçibəyi aradan götürmək Əli Kərimlinin planı idi

Təbii sərvətlərlə kifayət qədər zəngin olan Azərbaycan elə bir geostrateji məkanda yerləşir ki, bu ölkə ilə bütün aparıcı dövlətlər iqtisadi, siyasi əlaqələrini möhkəmləndirməyə, bununla da Cənubi Qafqaz regionunda milli maraqlarını qorumağa çalışır. Bəzi dövlətlər isə öz məqsədlərinə çatmaq üçün sivil diplomatik münasibətlər sistemi yerinə artıq müasir dünyada qəbul edilməyən çirkin vasitələrə əl atırlar. Ölkəmizdəki müəyyən dağıdıcı siyasi quruplaşmalara maliyyə dəstəyi verir və ya həmin qüvvələrin daxilinə özlərinin yetişdirdiyi agentləri yerləşdirir, əvvəldən hazırlanmış planları bu yolla həyata keçirirlər.
Qardaş Türkiyənin "Qurdlar vadisi" serialı bu kimi həqiqətləri ortaya qoyduğu üçün 10 ildir ki, geniş tamaşaçı kütləsi tərəfindən böyük maraqla izlənilir. Əvvəllər AXCP sədri Əli Kərimli ilə eyni "cəbhə"də olan insanların - öncə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, daha sonra isə eks-prezident Əbülfəz Elçibəyin təmannasız dostu, müxalifət düşərgəsində "bayraqdar" kimi tanınan Elman Türkoğlunun açıqlamaları bir daha bizə bu serialı və həmin serialda göstərilən müəmma dolu dəhşətli hadisələri, məqamları xatırladır.
Məsələyə aydınlıq gətirmək üçün bir daha xatırladaq ki, bir müddət əvvəl Hafiz Hacıyev Baş Prokurorluğa müraciət edərək eks-prezident Əbülfəz Elçibəyin xəstəlikdən deyil, tərəfdaşları tərəfindən zəhərləndiyi üçün vəfat etməsi faktının araşdırılması tələbini irəli sürmüşdü. Hətta o, çəkinmədən ad da çəkmiş və demişdi ki, bu cinayəti AXCP sədri Əli Kərimli törədib. Bundan sonra yer-yerindən oynadı. Əli Kərimli və onun azsaylı tərəfdarları, o cümlədən AXCP-nin ruporu olan "Azadlıq" qəzeti, həmişəki kimi, bu məsələdə də hakimiyyəti günahlandırdı və iqtidarın ünvanına ardı-arası kəsilməyən ittihamlar səsləndirməyə başladı. Halbuki, bu iddianı iqtidar nümayəndəsi və ya Yeni Azərbaycan Partiyasının hər hansı bir üzvü deyil, 1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyətdə olarkən eks-prezidentin özü tərəfindən Dövlət Balıq Konserninə rəhbər təyin edilmiş şəxs olan Hafiz Hacıyev irəli sürürdü. Əli Kərimli tərəfdarları vəziyyətdən çıxmaq üçün H. Hacıyevi xəyanətkar, qeyri-ciddi adam kimi ictimaiyyətə təqdim edir, onun dediklərini "ağ yalan" adlandırırdılar. Bəlkə də, bəzi bixəbərlər dağıdıcıların arqumentlərinə inanardılar. Ancaq radikal düşərgənin "dönməz bayraqdarı" hesab olunan, Elçibəyə sədaqəti ilə seçilən Elman Türkoğlunun ortaya atdığı tükürpədici iddialar həm AXCP sədrinin tərəfdarlarını fakt qarşısında qoydu, həm də Türkoğlunun ifadəsi ilə desək, "çaqqallar düşərgəsi"nin tezislərini çürütdü.
Həqiqətən də Elman Türkoğlunun açıqlamalarından sonra xoruzun quyruğu görünməyə başladı. SəsTV-nin "Gündəm" verilişinə qonaq olan E. Türkoğlu Hafiz Hacıyevin iddialarını bir daha təsdiq edərək deyib ki, Elçibəyin zəhərlənməsi faktdır və onun zəhərlənməsinə fərman verən indi AXCP adlanan, əslində "Yurd" təşkilatının sədri olan Əli Kərimlidir. Elçibəyi aradan götürmək Əli Kərimlinin planı idi. O, iddia edir ki, burada məqsəd Ə. Kərimlinin partiya sədri seçilməsiydi. Belə ki, onun bir qrup tərəfdarı Elçibəyin Kələkidən Bakıya gətirilməsinə razı deyildi. Onlar bildirirdilər ki, Elçibəy Bakıya gələrsə burda qiyam olacaq. E. Türkoğlunun dediyinə görə, bu söyləntilərin başında Ə. Kərimov və onun bacanağı Əlməmməd Nuriyev, həmçinin Qənimət Zahidov, Fuad Mustafayev və Həsən Kərimov dururdu. Onun sözlərinə görə, həmin dövrdə Xalq Cəbhəsinin daxilində olan "Yurd" təşkilatı ilə klassiklər arasında qarşıdurma son həddə çatmışdı. Eks-prezidentin tərəfdaşları tərəfindən zəhərlənməsi hadisəsini isə E. Türkoğlu belə xatırlayır: "1999-cu ilin may ayının sonu iyun ayının əvvəli olardı, AXC-nin daxilində səs saldılar ki, Əbülfəz Elçibəy evə gedəndə arxadan ona bıçaq atıblar və o, yaralanıb. Daha sonra səs yayıldı ki, Elçibəy zəhərlənib. Bir qrup insan dedi ki, Əbülfəz Elçibəy qrip xəstəliyinə tutulub. Əbülfəz Elçibəy öz evində - Karl Marksda kirayə yaşayarkən mən tez-tez ona baş çəkirdim. Bu söz-söhbət çıxandan sonra İnformasiya Agentliyindən Tofiq Türk mənə yaxınlaşdı və Əbülfəz Elçibəyin bıçaqlandığı xəbərinin doğru olub-olmadığını soruşdu. Mən isə bu barədə heç nə bilmədiyimi söylədim. Daha sonra o, zəhərlənib və ya zəhərlənməməyini məndən soruşdu. Söylədi ki, onun zəhərlənməsində Əli Kərimovun əli ola bilər? Mən ordan Əbülfəz Elçibəygilə getdim. Elçibəy bizi çox gözəl qarşıladı. Mənim gözlərim yaşardı və o, bildirdi ki, ona heç nə olmayacaq. Biz birlikdə Təbrizə bayraq sancacağıq. Mənə bildirdi ki, bir az xəstələnmişəm və söylədi ki, ad günündə zəhərləndim. Evə gəldim. Zəhərlənməyə qarşı tədbirlər görməyimə baxmayaraq artıq gec idi... Adətən insanda xəstəlik zamanı arıqlama gedir. Lakin, zəhərlənmə nəticəsində Əbülfəz Elçibəy şişməyə başlamışdı. Mən Elçibəyə dedim ki, Əli Kərimova görə səni zəhərləyiblər. Elçibəy güldü".
E. Türkoğlu Elçibəyin yaxın ətrafında da onun Ə. Kərimli tərəfindən zəhərləndirilməsi barədə dəqiq məlumat olduğunu bildirib. Məsələn, Elçibəy yaxın tərəfdaşları Adil və Musa adlı şəxslərə də Əli Kərimlinin ad günündə onu zəhərlədiklərini deyib. E. Türkoğlu iddia edir ki, onlar bütün bunları birlik xatirinə açıqlamırlar. 2 il bundan qabaq Pənah Hüseynov da deyib ki, Elçibəyin zəhərlənməsi istisna deyil. Eks-prezidentin zəhərləndirildiyini ilk gündən heç kəsdən gizlətmədiyini, əksinə bunu kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında da dediyini bildirən E. Türkoğlu həmin günləri belə xatırlayır: "2000-ci ildə Elçibəy Türkiyənin Gülhanə xəstəxanasında vəfat edərkən yüz minlərcə insan aeroporta əllərində bayraqlarla axışdılar. Mən də əlimdə Elçibəyin özüm çəkdiyim portreti ilə aeroportda idim və dayanmadan ağlayırdım. Cənazənin gəlməyinə 1 saat qalmış jurnalistlər mənə yaxınlaşdı və Əbülfəz Elçibəyin ölümü barəsində fikrimi öyrənmək istədilər. Mən elə həmin gün orada bu suala cavab verərkən dedim ki, Əbülfəz Elçibəyi 1999-cu ildə aprel ayının 28-də Əli Kərimovun öz evində keçirtdiyi ad günündə zəhərlədilər. Hafiz Hacıyev prokurorluq qarşısında məsələ qaldırıb ki, guya Elçibəyi öz ad günündə şadlıq evində zəhərləyiblər. Lakin mən bununla razı deyiləm. O vaxtı şadlıq evində ad günü keçirtsəydi onun yeməyi xüsusi ilə yoxlanıb verilirdi, bu, alınmazdı. Bu toyda olanda da belə idi. Lakin Elçibəy elə zəhərləndi ki, heç kim şübhələnməsin".
Belə hesab edir ki, eks-prezidentin zəhərləndirilməsi faktını Əli Kərimlinin, Fuad Mustafayevin, Əlməmməd Nuriyevin və Qənimət Zahidovun tezliklə Elçibəylə ayrılığın olacağı barədə tez-tez dedikləri sözlər də təsdiq edir. Halbuki, onlar bu sözləri dedikləri vaxt eks-prezident çox sağlam idi. Lakin həmin şəxslərin, sanki ekstrasens kimi, tezliklə Əli Kərimlini AXC-nin sədri olacağını bildirmələri şübhəli məqamlardan xəbər verir. E. Türkoğlunun fikrincə, bu "əminliyin" arxasında İranın Əli Kərimliyə və AXC-dəki qrupa verdiyi dəstək dayanır. Belə ki, o, eks-prezidentin zəhərləndirilərək dünyasını dəyişməsinin, həm də İranın marağında olduğunu bildirərək deyir ki, həmin dövrdə Güney Azərbaycanda da milli azadlıq hərəkatı baş verdi. Artıq orada milyonlarla azərbaycanlı Təbrizdən Bayraq qalasına, Ərdəbilə, Mərəndə, Sulduza yürüşlər edirdilər. Həmin hərakatın mənəvi rəhbəri Əbülfəz Elçibəy idi. İran hakimiyyəti bundan dərin narahatlıq keçirirdi. E. Türkoğlu iddia edir ki, Əbülfəz Elçibəyi zəhərləmək üçün Qənimət Zahidov İrandan zəhər gətirmişdi. İranın məqsədi eks-prezidenti aradan götürmək və Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatını dayandırmaq idi. O, arqumentini belə əsaslandırır ki, Elçibəyin vəfatı ilə də İranda milli azadlıq hərəkatına son qoyuldu. Onda olan məlumata görə, Əlməmməd Nuriyev, Qənimət Zahidov, Fuad Mustafayev İran səfirliyi ilə Elçibəyin öldürülməsi haqqında görüşmüşdülər. İran Elçibəyin öldürülməsi haqqında fətva vermişdi. İndi də Əli Kərimlini İran maliyyələşdirir. Xatırladaq ki, AXCP sədrinin İran tərəfindən maliyyələşdirilməsi barədə iddia birinici dəfə deyil ki, gündəmə gətirilir. "Eurovision-2012" ərəfəsində Əli Kərimlinin əsassız yerə Azərbaycanın daxili işlərinə qarışmağa çalışan İrandakı bəzi dini liderləri tənqid atəşinə tutanlara sərt cavab verməsi də diqqətlərdən yayınmayıb.
AXCP sədri Əli Kərimlinin bir sıra digər əməllərini də ifşa edən E. Türkoğlu maraqlı faktlar açıqlayıb. O, "Yurd" təşkilatının keçmiş sədrinin müəmmalı aqibətindən danışaraq deyib ki, AXCP hələ partiya olmamışdan öncə həmin təşkilatda fəaliyyət göstərib. Bu təşkilat 1963-cü ildə Əbülfəz Elçibəy tərəfindən yaradılıb. Ölümünə qədər isə təşkilata Əlisəfa bəy başçılıq edib. E.Türkoğlunun sözlərinə görə, həm "Azadlıq" qəzetinin redaksiyasından, həm də Xalq Cəbhəsindən sıxışdırırdılar ki, Əlisəfa istefa versin və Əli Kərimli təşkilatın sədri seçilsin. O vaxt çalışırdılar ki, Əli Kərimov Bakıya gətirilsin. Lakin Əlisəfa istefa vermək istəmirdi. Axırda Əlisəfa bəy evinə gedəndə Sumqayıt yolunun üstündə elə bir vəziyyət yaratdılar ki, maşının sol tərəfindən 2 arxa təkəri boşaldı. Onlar düşüblər ki, maşının təkərini düzəltsinlər. Başqa bir maşın 3 nəfərdən ikisini vurub öldürüb. Elman Türkoğlunun sözlərinə görə, Əlisəfa bəy o gün rəhmətə gedəndən sonra Əli Kərimov "Yurd"un sədri seçildi və "Yurd" AXCP-nin tərkibində öz gizli missiyasını həyata keçirməyə başladı. Əlisəfa bəyi vuran maşın isə tapılmadı. Lakin məlumata görə, onu vuran maşının sürücüsü xaricdə yaşayır. Onu da xatırladır ki, hələ Əbülfəz Elçibəy Kələkidə olanda "Yurd" təşkilatı ilə AXCP-nin tərkibində olan "klassiklər" arasında savaş gedirdi. Əli Kərimovun Bakıya gəlməsi və AXCP-nin sədri olması məsələsi ortaya çıxdı və 1994-cü ildə o, Bakıya gəldi. Bundan sonra AXC-nin tərkibində "Yurd" "məsələsi" get-gedə inkişaf etməyə başladı. Çalışdılar ki, təşkilatı partiyaya çevirsinlər. "Yurd"çular müəmmalı şəkildə sarmaşıq kimi AXC-nin tərkibində şaxələnməyə başladılar və kök atdılar.
"Kommersiya" qəzetinin baş redaktorunun da Əli Kərimli tərəfindən öldürüldüyünü deyən Elman Türkoğlu Kərimlini qatı cinayətkar kimi qələmə verib. E.Türkoğlunun sözlərinə görə, Əli Kərimli 39 milyon dollara Amerikanın bir nümayəndəsinə öldürtdürüb. Daha sonra Con Elvisi boğub öldürtürüb. Sonda isə Elçibəyə qarşı sui-qəsd təşkil etdilər. Təbii ki, bütün bunları, ancaq xüsusi hazırlığa malik agentlər edə bilər. E.Türkoğlu iddia edir ki, Əli Kərimli vaxtilə "Manuş, Anuka" ləqəbi ilə DTK-nın agenti olub. Birinci adı "Manuş", ikinci adı "Anuka" olub. AXC-nin tərkibinə agent kimi göndərilib və bu gün də KQB-yə xidmət edir. O, Rusiya kəşfiyatının yetirməsidir. İndi də İran "ETTELAT"ına xidmət edir.
Maraqlıdır ki, əsaslı faktlar ortaya qoyan Elman Türkoğlu da Əli Kərimlinin qəzəbindən yaxa qurtara bilməyib. Bugünlərdə E. Türkoğlu ona hücum edildiyi barədə mətbuata açıqlama verib. Bildirib ki, ona hücum edənlər AXCP üzvləridir: "Onlar həmişə məni hədələyirlər, deyirlər ki, susmalısan, belə şeylər danışmamalısan. ...Dedim ki, bu, mənim borcumdur. Sizin bəyiniz öz ad günündə mənim dədəmi zəhərləyib". "Facebook" sosial şəbəkəsində mütəmadi olaraq öldürülməklə hədələndiyini deyən E.Türkoğlu məsələnin başında "Xilas" adlı qrupun dayandığını deyib: "Əli Kərimov özünə oxşar pis adamları başına yığıb. Mənə qarşı hücum edənlərin başında AXCP-nin gənclər komitəsində sədr müavini olan Asif Yusifli və Fuad Qəhrəmanlı durur". Məsələyə münasibətini açıqlayan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikrincə, bu, eks-prezident Əbülfəz Elçibəyin zəhərləndirilməsində Əli Kərimlinin iştirakının olması ilə bağlı E.Türkoğlunun istintaq orqanlarına məlumat verməsi ilə bağlıdır. H.Hacıyev bildirib ki, artıq bunların geriyə yolu qalmayıb. Bu gün Elman Türkoğlunun verdiyi açıqlamalar istintaq üçün daha önəmli xarakter daşıyır. Əli Kərimlinin həyat yoldaşının ad günündə necə iştirak etməsi, İrandan zəhərin necə gətirilməsi faktları tam ortadadır. Ona görə də AXCP-nin bir qrup üzvü çox böyük narahatlıq hissi keçirirlər.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında