Azərbaycanın neft strategiyası çərçivəsində mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaratmışdır. Belə ki, zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə olunması nəticəsində Azərbaycan regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Artıq bir neçə ildir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edir.
Eyni zamanda, neft və qaz ixracından əldə edilən gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları xeyli artmış, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmişdir. "Əsrin müqaviləsi"nin imzalanması ilə əsası qoyulmuş Azərbaycanın yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkan yaratmışdır. Bu da öz növbəsində ölkəmizin neftdən asılılığının azalmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olmuşdur.
Artıq "Əsrin müqaviləsi"nin imzalandığı gündən 18 ilə yaxın vaxt keçir. Qazanılmış nailiyyətlər də göstərir ki, yeni neft strategiyasının gerçəkləşməsi, həqiqətən, Azərbaycan Respublikasının, ölkə iqtisadiyyatının, xüsusilə neft sənayesinin güclənməsinə, öz inkişafının mahiyyətcə yeni mərhələsinə qədəm qoymasına, müasirləşməsinə güclü təkan vermişdir. Ölkə üzrə neft və qaz hasilatı sahəsində tarixdə görünməmiş yüksəliş qeydə alınmışdır. Geoloji və geofiziki tədqiqatlarda, ehtiyatların dəqiqləşdirilməsində yeni üsulların, mükəmməl qazma metodlarının tətbiqi nəticəsində Azərbaycanın çıxarıla bilən neft ehtiyatları 4 milyard tona, qaz ehtiyatları isə 6 trilyon kubmetrə qədər artırılmışdır. Ölkə üzrə neft hasilatı ilbəil artaraq 50 milyon tonluq həddi keçmiş, qaz hasilatı 30 milyard kubmetrə yaxınlaşmışdır.
Ötən müddətdə Azərbaycanın neft-qaz sektoruna xarici şirkətlər tərəfindən 50 milyard ABŞ dollarına yaxın həcmdə sərmayə qoyulmuşdur. Respublikanın enerji müstəqilliyi tam təmin olunmuş, Azərbaycan təbii qaz idxal edən ölkədən regionda və bütün dünyada mühüm qaz ixracatçısı kimi tanınan ölkəyə çevrilmişdir. Hazırda Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana Azərbaycanın təbii qazı ixrac olunur.
Avropanın enerji təhlükəsizliyinin təmin olunması bu gün bütün dünyanın diqqət mərkəzindədir. Son dövrdə Xəzərin Azərbaycan sektorunda yeni qaz-kondensat yataqlarının kəşf olunması, "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə başlanılması üzrə hazırlıqların yekunlaşmaqda olması bu ümidlərin doğrulacağına dəlalət edir. 2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının 30 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, regionun və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi baxımından Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaqdır.
2011-ci ildə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Bakıya səfəri çərçivəsində "Cənub Enerji Dəhlizi" haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın enerji potensialına, qısa müddətdə ixrac marşrutlarının diversifikasiyasına nail olmuş bir ölkə kimi onunla tərəfdaşlığa verilən önəmin yeni təzahürüdür.
Dünya miqyasında ixrac marşrutlarının son dövrlərdə xüsusilə mühüm əhəmiyyət kəsb edən şaxələndirmə prinsipi Azərbaycanın milli maraqlarına və ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının məzmun və mündəricəsinə uyğundur. "Əsrin müqaviləsi"nin imzalanmasından keçən dövr ərzində Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri bərpa edilmiş, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikilib istismara verilmiş, şaxələndirilmiş etibarlı ixrac neft-qaz kəmərləri sistemi yaradılmışdır. Bu gün Azərbaycan nefti və qazı 7 magistral boru kəməri vasitəsilə müxtəlif istiqamətlərdə nəql olunur.
"Şahdəniz-2" layihəsi çərçivəsində, habelə son illərdə açılmış "Ümid", "Abşeron" yataqlarından, digər perspektiv strukturlardan hasil olunacaq Azərbaycan qazının Türkiyə ərazisi ilə Avropa sərhədlərinə nəql olunmasını nəzərdə tutan yeni Trans-Anadolu Təbii Qaz Boru Xəttinə (TANAP) dair ötən ilin sonlarında imzalanmış memorandum ixrac-nəql sisteminin diversifikasiyası nöqteyi-nəzərindən xüsusi qeyd edilməlidir. Bu layihə ilə həm də iki qardaş ölkənin - Azərbaycanla Türkiyənin enerji sektorundakı uzunmüddətli əməkdaşlıq sahəsində yeni bir eranın başlanğıcı qoyulacaqdır. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər TANAP layihəsini yeni dövrün "Bakı-Tbilisi-Ceyhan"ı kimi qiymətləndirirlər.
TANAP layihəsinin reallaşdırılması ilə əlaqədar yaxın illərdə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağında daha iki platforma quraşdırılacaq. "Şahdəniz"in hasilatı da üçqat artacaq. Əgər layihənin hazırda fəaliyyətdə olan birinci mərhələsi çərçivəsində mövcud platformadan ən yüksək hasilat dövründə ildə təxminən 9 milyard kubmetr qaz götürüləcəksə, ikinci mərhələdə bunun üstünə daha 16 milyard kubmetr gələcək. Beləliklə, 2006-cı ildən istismara verilən və potensialı geniş olan "Şahdəniz" hazırda dünyada ən böyük qaz-kondensat yataqlarından biridir.
İkinci mərhələnin ilkin qazının hələ 2017-ci ildə alınacağı gözlənilir. Həmin vaxta qədər isə dənizdə və quruda irihəcmli işlər həyata keçiriləcək. Belə ki, iki yeni platforma quruda inşa edilərək aparılıb dənizdə quraşdırılacaq. Bu qurğular bir-birinə körpü vasitəsilə birləşdiriləcək. Dənizin 550 metr dərinliyində ümumi uzunluğu 550 kilometr olan sualtı boru kəmərləri şəbəkəsi yaradılacaq. Səngəçal terminalının "Şahdəniz" hissəsi genişləndiriləcək. Eləcə də Azərbaycanın və Gürcüstanın ərazisi ilə "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gücü artırılacaq. Yatağa gətiriləcək iki yarımdalma qazma qurğusu ilə 26 sualtı quyunun qazılması planlaşdırılıb.
Hazırda "Şahdəniz"in birinci mərhələsinin qazı CQBK vasitəsilə Səngəçaldan Gürcüstan-Türkiyə sərhədinədək nəql olunur. Oradan isə CQBK-ya qoşulan 280 kilometrlik əlavə xətt qazı Türkiyənin ərazisində Ərzurumadək aparır. Bütövlükdə bu xətt Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.
"Şahdəniz" qazı Azərbaycanın mavi yanacaq ixracı imkanlarını xeyli genişləndirəcək. Hazırda "Şahdəniz" konsorsiumu Xəzər dənizindən Avropaya qaz ixracı ilə bağlı təklifləri dəyərləndirir. Həmin təkliflər 2011-ci ilin oktyabr ayının 1-dək "Nabucco", Trans-Adriatik Boru Kəməri və "IGI Poseidon" tərəfindən təqdim olunmuşdu. Bundan əlavə, "Şahdəniz" layihəsi qrupu regional olaraq mövcud və ya gələcək interkonnektor infrastruktur sistemi vasitəsilə Cənub-Şərqi Avropadakı bazarlara qaz ixrac edə biləcək dördüncü potensial ixrac variantını da qiymətləndirir.
Xatırlatmaq yerinə düşər ki, keçən il oktyabrın 25-də Türkiyənin Azərbaycandan qaz almasına və Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzitinə imkan verən bir sıra mühüm qaz ixracı sazişləri imzalandı. Bu sazişlərin imzalanması "Şahdəniz"ə Avropaya boru kəməri seçimi prosesini davam etdirməyə və potensial alıcılarla qaz satışı sazişlərini təsdiq etməyə imkan verir. Bundan əlavə, ötən il dekabrın 26-da Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Enerji və Təbii Ehtiyatlar Nazirliyi arasında "TransAnadolu Təbii Qaz Boru Xətti (TANAP) Memorandumu" da imzalandı. Həmin memoranduma əsasən TANAP layihəsi Azərbaycan qazının Gürcüstandan keçməklə Türkiyə ərazisindən Avropaya nəqlini nəzərdə tutur.
Yeri gəlmişkən, bu il iyunun 26-da TANAP layihəsi ilə bağlı sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Bu layihə sırf Türkiyə və Azərbaycan layihəsidir. Çünki bu gün imzalanan sənədlər də bunu təsdiq edir. Bu layihəni biz özümüz öz gücümüzlə, öz pulumuzla və öz texniki imkanlarımızla icra edəcəyik. TANAP layihəsinin icrası nəticəsində biz ilk növbədə, Türkiyəyə daha da böyük həcmdə təbii qazın nəql edilməsinə nail olacağıq. Eyni zamanda, Türkiyə ərazisindən tranzit imkanları da açılacaqdır. Bu layihə gələcəkdə Avropanın enerji təhlükəsizliyinə də böyük dəstək verəcəkdir. Bu məsələ ilə bağlı aramızda fikir ayrılığı yoxdur. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəndən sonra Türkiyə Azərbaycandan qaz almağa başlamışdır. TANAP layihəsi Türkiyəyə böyük həcmdə Azərbaycan qazını nəql etmək üçün imkan yaradacaqdır.
Bizim qaz ehtiyatlarımız çox böyükdür. Təkcə "Şahdəniz" layihəsi 1,2 trilyon kubmetr qaz ehtiyatına malikdir. Ancaq Azərbaycanın digər yataqlarında təsdiq edilmiş ehtiyatlar 2,6 trilyon kubmetrdir. Yəni, bu gün başladığımız layihə əminəm ki, bundan sonra onilliklər, bəlkə də 100 il, bəlkə də ondan da artıq müddətdə maraqlarımızı təmin edəcəkdir. Həm enerji təhlükəsizliyi məsələləri təmin ediləcəkdir, eyni zamanda, Azərbaycan üçün yeni bazarların açılması məsələləri də həllini tapacaqdır".
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə bildirmişdir ki, Azərbaycan ilə Türkiyə güclü qardaşlıq və qohumluq telləri ilə bir-birinə bağlı iki dövlətdir. Prezident Heydər Əliyevin unudulmaz sözləri ilə desək, bizlər Türkiyə və Azərbaycan olaraq özümüzü "bir millət, iki dövlət" görürük və belə tərəqqi edirik... TANAP layihəsi Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzit daşınmasına imkan verəcək çox önəmli və tarixi əhəmiyyətli bir layihədir... Bu layihə ölkələrimiz arasındakı strateji əməkdaşlığı dərinləşdirməklə kifayətlənməyəcək, eyni zamanda, Azərbaycan ilə Avropa arasında Türkiyə ərazisindən təbii bir bağlantı yaradacaqdır...
Layihənin həyata keçməsi ilə ölkələrimiz həm Avropa İttifaqının mənbələrin şaxələndirilməsi hədəfinə əlavə dəyərə malik bir töhfə vermiş, həm də Avropanın enerji təhlükəsizliyində üzərinə mühüm öhdəlik götürmüş olacaqdır. Başqa sözlə, Qərb-Şərq enerji dəhlizini formalaşdıran bütün bu layihələr bölgədə təhlükəsizliyin və sülhün gücləndirilməsi və iqtisadi inkişafın təmin edilməsi istiqamətində strateji səylərdir. Bu layihələr bölgə ölkələrinin bir-biriləri ilə olan siyasi və iqtisadi əlaqələri ilə yanaşı, Qərb dünyası ilə münasibətlərini də gücləndirməkdədir. Bu xüsusiyyəti ilə həmin layihələr sırf ticari yatırım olmaqdan daha üstün bir məna daşımaqdadır...
Uzun illər neft kəşfiyyatı sahəsində elmi axtarışlar aparmış geoloq alim, neft müqaviləsinin hazırlanmasında yaxından iştirak etmiş bir mütəxəssis kimi, bütün bunlar məni ürəkdən sevindirir. Azərbaycan bu gün haqlı olaraq inkişaf etmiş neft ölkəsi kimi tanınır.
Azərbaycanın çox qiymətli təbii sərvəti olan neft bu gün əsl mənada ölkəmizin iqtisadi qüdrətinin təminatçısına çevrilmişdir. Neftdən gələn gəlirlər əməkhaqları və təqaüdlərin, əhalinin aztəminatlı təbəqələrinə müxtəlif sosial müavinətlərin ödənilməsində, eləcə də ölkədə genişhəcmli sosial-iqtisadi proqram və layihələrin həyata keçirilməsində başlıca maliyyə qaynağıdır.
Ulu öndər Heydər Əliyev daim tövsiyə edirdi: "Neft təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur. Bu zəngin təbii sərvətdən son dərəcə səmərəli şəkildə, qənaətlə, hər bir ölkə vətəndaşının mənafeyi naminə istifadə olunmalıdır". Bu fikri öz fəaliyyətində rəhbər tutan Azərbaycan Prezidenti İlham Əliyev məhz Neft Fondunun fəaliyyətini daim nəzarətdə saxlayır, onun gələcək nəsillər üçün saxlanılması məqsədilə lazımi tədbirlər həyata keçirir.
Xarici tərəfdaşlarla birgə layihələr çərçivəsində Azərbaycan dövlətinə ödənilən bonuslar, vergi rüsumları, digər maliyyə ayırmaları bu fondda toplanır və effektiv idarə olunur. Azərbaycan Dövlət Neft Fondu dünyanın bu qəbildən olan təşkilatları arasında şəffaflıq baxımından öncül yerlərdən birini tutur. Neft gəlirlərinin insan kapitalına transformasiyası, sanballı ictimai sərmayə mənbəyinə çevrilməsi daim diqqət mərkəzində saxlanılır. Biz elmi axtarışlarımızı bundan sonra da milli neft sənayemizin inkişafına, onun ölkəmizə töhfəsinin artmasına yönəldəcəyik.
{nl}
Kərim KƏRİMOV, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.