Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar qanunsuz və keyfiyyətsiz məktəbli forması istehsalına qarşı mübarizə gücləndirilmişdir.
Bununla bağlı paytaxtda aparılan araşdırmalar nəticəsində daha bir qanunsuz istehsal sahəsi aşkarlanmışdır. Komitədən verilən məlumata görə, ötən illərdə olduğu kimi, yeni tədris ili ərəfəsində də bəzi işbazlar hərəkətə keçmişlər. Müvafiq dövlət qurumu tərəfindən qeydiyyatdan keçməyən, mənşəyi bəlli olmayan məktəbli formaları topdansatış məntəqələrində satışa çıxarılmışdır. Əhalinin çoxsaylı müraciətinə əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, Baksol 1 ünvanında fəaliyyət göstərən Səkinə Babayevanın rəhbərlik etdiyi "Bakı Tekstil Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) dövlət nəzarəti həyata keçirilmişdir. Araşdırma zamanı müəyyənləşdirilmişdir ki, həmin müəssisədə sertifikatlaşdırılmamış məhsullar istehsal edilir, ölçü vasitələrinin işlədilməsi qaydaları ciddi şəkildə pozulur, ölçmə vasitələri müqayisəli dövlət yoxlanılmasından keçirilmir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatında o da bildirilir ki, heç bir normativ sənəd olmadığı halda, "Bakı Tekstil Fabriki" MMC tərəfindən qeyri-qanuni şəkildə məktəbli forması istehsal və realizə edilir. Həmçinin sözügedən müəssisənin məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin edilməsi üçün laboratoriyası, yaxud akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqaviləsi də yoxdur.
Aşkar olunmuş nöqsanlara görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, 4000 manatdan 5000 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda "Bakı Tekstil Fabriki" MMC-yə məktəbli formasının istehsalı, satılması və realizə olunmasını qadağan edən tələbnamə verilmişdir.
Komitədən bildirilmişdir ki, müəsissənin hazırladığı aşağı keyfiyyətli məktəbli formaları əsasən, Sumqayıt şəhərində və Abşeron rayonunda satılır.
Komitədən həmçinin bildirilmişdir ki, istehlakçı hüquqlarının qorunması, əhalinin keyfiyyətli məhsul, mal və xidmətlərlə təminatı, istehlak bazarının təhlükəli və normativ sənədlərin tələblərinə uyğun olmayan məhsullardan qorunması məsələləri Azərbaycan Respublikasında dövlət siyasətinin əsas tərkib hissələrindən biridir. Ölkə rəhbəri İlham Əliyevin xüsusi göstəriş və tapşırıqlarına uyğun olaraq bu sahədə köklü islahatlar aparılır, vətəndaşlarımızın sağlamlığının qorunması, keyfiyyətli, beynəlxalq standartlara uyğun məhsullarla təminatı istiqamətində işlər görülür.
Yeri gəlmişkən, mütəxəssislərin bildirdiyinə görə, keyfiyyətsiz, uşaqların bədənlərində allergik səpkilər yaradan, başqa ölkələrdən gətirilən və ya zirzəmi şəraitində tikilən məktəbli paltarları əksər hallarda Bakı Tikiş Evinin(BTE) nişanı ilə satılır. Bu isə iqtisadi cinayətdir. Belə halların qarşısı qanunla alınmalı, ciddi mübarizə aparılmalıdır. Ümumiyyətlə, bu cür geyimlər uşaqların sağlamlığı üçün təhlükəlidir. O da vurğulanır ki, saxta malların rəngi 15-20 gündən sonra qızarır, vaxt keçdikcə isə bozarır.
BTE isə bu məsələ ilə bağlı müvafiq tədbirlər teallaşdırsa da, hələlik müsbət nəticə müşahidə olunmur. Müəssisənin istehsal etdiyi mallar seçilsin deyə, geyimlərin astarında adı çəkilən tikiş evinin uyğun loqosu vurulur. Eyni zamanda sözügedən müəssisənin parçaları daha keyfiyyətlidir, məşhur "Bossa" firmasında istehsal edilir, iplik isə İngiltərədən gətirilir. Lakin bütün bunlara baxmayaraq, keyfiyyətsiz, uşaqların bədənlərində allergik səpkilər yaradan, başqa ölkələrdən gətirilən və ya zirzəmi şəraitində tikilən məktəbli paltarlarının satışının qarşısını almaq hələlik mümkün deyil.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirmişdir ki, yaxın günlərdə BŞTİ tərəfindən məktəbli paltarları ilə bağlı böyük toplantı keçiriləcəkdir. Burada dərs ili ərəfəsində təhsil müəssisələrinin rəhbərlərinə məktəbli geyimləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələr veriləcəkdir.
Z. Əliqızı həmçinin xatırlatmışdır ki, bu il paytaxt məktəblərinə 30 minə yaxın I sinif şagirdinin gedəcəyi gözlənilir. Ona görə də valideynlər övladlarına məktəbli geyimləri alarkən diqqətli olmalı, saxta malları tanımalıdırlar.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.