Masallı Azərbaycanın folklor paytaxtıdır

Milli-mədəni örnəklərimiz bizi dünyaya tanıdır. Qədimliyimizi, zənginliyimizi göstərir. Mədəniyyətimizin tarixi növləri dünyanın qeyri-maddi irs siyahısında yer tutur. Xalq sənətlərimiz möhkəm folklor təməli üzərində pərvəriş tapıb. El yaradıcılığı bulağından su içə-içə gələn sənət incilərimiz beləcə ölməzlik qazanıb. Mədəniyyətə dövlət qayğısı bu sənət gülüstanına əbədi rövnəq verməkdədir. 
Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramına uyğun olaraq bu il Masallı "Azərbaycanın folklor paytaxtı" elan edilib. Rayonda ardıcıl olaraq sərgilər, elmi konfranslar, "dəyirmi masa"lar, konsertlər, müsabiqələr və s. tədbirlər reallaşdırılır. Sentyabrın 7-10-da isə Masallı Beynəlxalq Folklor Festivalına sahiblik edəcək. Bir sıra ölkələrin folklor qrupları burada bir araya gələrək öz xalqlarına məxsus yaradıcılıq nümunələrini təqdim edəcək, Azərbaycana xas zəngin folklor xəzinəsi ilə tanış olacaqlar. Artıq xeyli vaxtdır ki, rayon festival ovqatı ilə nəfəs alır.
Masallının ərazisi başdan-başa folklor qaynağıdır. Elə rayonun adı da, bəlkə Anadolu türkcəsində "nağıl" anlamına gələn "masal" sözü ilə eyni kökdəndir. Burada "Dəştvənd", "Gülüstan", "Cənnət bağı", "Nağıl dünyası" kimi adları daşıyan tarixi yerlər, turizm məkanları var. Uluların yaddaşında günümüzə qədər gəlib çatan ağız ədəbiyyatı nümunələri - nağıl, dastan, bayatı, nəğmə, tapmaca, yanıltmac, atalar sözü və zərb-məsəllər qızıl kimi paslanmayan, tükənməz folklor inciləri deyilmi? Bu nümunələr yerli camaat üçün Viləş çayı, Ərkivan bulaqları, İstisu irmaqları qədər əziz və dəyərlidir.
Pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun dediyinə görə, Masallının folklor paytaxtı seçilməsi heç də təsadüfi olmayan mühüm ictimai hadisədir. Əvvəla, Masallıda Azərbaycan xalq yaradıcılığının bütün növləri və onların özəl variantları mövcuddur. İkincisi, folklor örnəklərindən lazımi qaydada faydalanmaqla yetişən nəslin hərtərəfli inkişafını təmin etmək olar ki, bu baxımdan da Masallı ən layiqli istinadgahlardandır. Masallıda elə atalar sözləri var ki, digər bölgələrdə rast gəlinmir. Məsələn, "Çox çalışan qazanacaq, alması da qızaracaq".
Masallı bayatıları vaxtilə yerli xanəndələrin, müğənnilərin, aşıqların dilinin əzbəri olub. Səmidxanlı Əzizullanın, seybətinli Mirislamın, qızılağaclı Bağı Ələkbərovun ifa etdikləri bayatılar el-el yayılıb. F.Sadıqovun fikrincə, İmadəddin Nəsiminin Azərbaycanı tərk edəndən sonra yaşadığı və edam olunduğu İraqi-Əcəmin Hələb şəhəri Dəştvənd tacirlərinin gedib-gəldikləri şəhərlərdən olub. Bu ticarət əlaqəsini sübut edən bir fakt da maraqlıdır: tacirlərin Hələbdən gətirdikləri bəzəkli kuzələrə, su qablarına "hələbi" deyərdilər. "Hələbi" sözü bir ifadə olaraq bu gün də Masallıda işlənməkdədir.
Bir neçə ay öncə Masallıda keçirilmiş "Azərbaycan folkloru mədəni sərvətimizdir" mövzusunda elmi-praktik konfransda icra başçısının müavini - şöbə müdiri Nəsir Muxtarlı bildirmişdi ki, yazda rayonda ümumrespublika muğam festivalı təşkil olunmuş, "Halay" folklor ansamblına həsr olunmuş film çəkilmiş, Masallı folkloru barədə kitab nəşri sifariş edilmişdir. Bundan başqa, "Onlar Masallıdandır" adlı saytın yaradılması üzərində iş gedir. Folklor ili çərçivəsində nəzərdə tutulan tədbirlərin ən genişi isə sentyabr üçün planlaşdırılan beynəlxalq folklor festivalı olacaq. Tədbirdə "Masallı folklorunun pedaqoji əsaslarına dair", "Regional folklor kontekstində Masallı", "İstiqlal fədaisi Ələsgər Ələkbərovun tədqiqatlarında cənub folkloru", "Masallı folklorunda fərdilik" adlı məruzələr dinlənilmişdir. Masallı ən qədim yaşayış məskənlərindən biri kimi səciyyələndirilmiş, milli-mənəvi dəyərlərimizin burada daha yaxşı qorunduğu vurğulanmışdır.
Milli Məclisin deputatı Elmira Axundovanın dediklərindən:
-Masallı qədim və zəngin bir məkandır. Burada xalqımızın milli adət-ənənələrinin qorunub saxlanmasına böyük diqqət var. Mədəniyyətimizin dünyada tanınmasında ilk mərhələ olaraq YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi qlobal layihələrin misilsiz rolu var. Bu tanınmanın ikinci mərhələsini region folkloru, ayrı-ayrı ansambl və kollektivlərin dünya miqyasında uğurları təşkil edir. Bu inkişaf dövlətimizin mədəniyyət siyasətinin tərkib hissəsidir. Festivalı böyük bir jurnalistlər dəstəsi ilə işıqlandıracağıq.
Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı:
-Masallı ictimaiyyətini təbrik edirəm. Folklor millətin böyük mədəniyyətinin daşıyıcısıdır. İnanıram ki, Masallı Azərbaycanın layiqli folklor paytaxtı olacaq.
Xalq artisti İlham Əsgərov:
- Bakıdan bura sanki uça-uça gəlmişəm. Axı mən bu folklor ansambllarının təsiri ilə sənətə gəlmişəm. Xalq yaradıcılığından qaynaqlandığına görə sənətim sevilib.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı folklor paytaxtının kuboku və loqosunu təşkilat komitəsinin sədrinə təqdim elədi. Tədbirin sonunda folklor nümunələrindən ibarət maraqlı konsert proqramı təqdim olundu. Qısametrajlı filmin göstərildiyi ekranda qızlar halaya səsləyirdilər. Elə səhnədə də "Halay"ın rəqsləri, mahnıları bir-birini əvəz edirdi:
"A yordu, yordu, yordu, Görək kim kimi yordu..."
"Halay" Azərbaycanı dünyada tanıdan kollektivlərdəndir. Yarım əsr öncə mahmudavarlı Ümbülbanu Cəbiyeva onun ilk fidanı və yaradıcısı olub. İlbəil ansambl böyüyüb, məşhurlaşıb. "Qızıl buta", "Qızıl balta" beynəlxalq mükafatlarını alıb. "Halay"ın populyar "Masallı toyu" kompozisiyası hər zaman gözlər sevinci olub. Kəndin ağbirçəklərindən Tehran Əbilova, Zemfira Şahverdiyeva vaxtilə ansamblın üzvləri kimi folkloru təbliğ etmələrindən qürur duyurlar.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Lətifə Mövsümovanın "Halay"ın üstündə danılmaz zəhməti var. Ən çətin anlarda o, "Halay"ı yaşatmaq üçün əlindən gələni edib, qızları dünyanın bir çox ölkələrinə festivallara aparıb. Təkcə Türkiyənin 15 şəhərində çıxışları olub. Moskva televiziyası bir vaxt bu kollektiv haqqında "Buta" adlı film çəkmiş və dünyaya yayımlamışdır.
Ötən ilin avqustunda "Halay" Macarıstanda təşkil olunmuş beynəlxalq festivalda uğurla çıxış edərək mədəniyyətimizi, milli adət və ənənələrimizi nümayiş etdirib. Kollektivin "Yallı"sı, "Sarı gəlin"i, "Naz eləmə"si, "Bakı"sı macar sənətsevərlərini heyran qoyub. Xarici folklor qrupları bizim milli rəqsləri həvəslə öyrəniblər. Masallı haqqında hazırlanan sənədli film nümayiş etdirilib.
Lətifə Mövsümovanın dediklərindən:
-İndiyədək dünyanın 28 ölkəsində uğurla çıxış etmişik. Hazırda isə özümüz festivala ev sahibliyi edirik. Bu fəxri adın loqosunun təqdimatı yaddaqalan olub. Sonra ölkəmizin bütün rayonlarını əhatə edən ümumrespublika festivalı keçirilib. Folklorşünas alimlər Masallıda zəngin mənəvi dəyərlərimizi araşdırmaq məqsədilə ekspedisiyalar təşkil ediblər. Bir daha bilmişik ki, əmək, yaşam, gündəlik həyat tərzi, ovqat nəğmələrimiz necə də saysız-hesabsız imiş. Rayonumuzda bütün bunları ipə-sapa düzüb yaymaq üçün 118 bədii kollektivimiz çalışır. Onların üç minədək üzvü var. Kollektivlərimiz beynəlxalq festivala qədər İstisu, Sərçuvar, Xıl, Qodman, Şərəfə, Xırmandalıda mərhələ konsertləri veriblər.
Onu da deyim ki, festivala hazırlıq işləri bədii kollektivlərin sənətkarlıq cəhətdən təkmilləşməsi, onların gündəlik məşqləri ilə bitmir. Bu, daha geniş sahəni - şəhərin abadlıq və təmizliyindən tutmuş, qonaqların yerləşdirilməsi, istirahəti və ekskursiyalarına kimi vacib tədbirləri əhatə edir. Rayonumuzun rəhbərliyi bütün təşkilati işləri diqqətdə saxlayır. Gözlədiyimiz qonaqlar Türkiyə, Latviya, Macarıstan, Belorus, Ukrayna, Gürcüstan, Krım, Təbriz, Orta Asiya respublikalarındandır. İştirakçıların böyük paradı Heydər Əliyev prospektindəın başlanacaq. Nizami parkında onları el sənətkarlarının unikal əl işləri ilə qarşılayacağıq. Çeşidli suvenirlər hazırlamışıq: "Masallı-2012" etiketli papaqlar, köynəklər, qələmlər, paketlər, həmçinin tətbiqi sənət ustalarının əl işləri - sandıqçalar, miniatür zənbillər, keramik qab-qacaq və sair. İlk gün açılış konserti və diskoteka olacaq. Səhəri xatirə şəkilləri çəkiləcək, Boradigah, Şərəfə, digər qəsəbə və kəndlərdə çıxışlar təşkil ediləcək. Qonaqları rayonun əsrarəngiz guşələrinə gəzintilərə aparacağıq.
"Halay"ın yaşlılardan ibarət eyni adlı rəqs qrupunun, rayon mədəniyyət evinin "Masallı", incəsənət məktəbinin "Sara", Şərəfə mədəniyyət evinin "Həcər" kollektivlərinin maraqlı repertuarları təqdim olunacaq. Çalışacağıq ki, festivalı xalqımızın, millətimizin adına layiq səviyyədə təşkil edək.
Artıq folklor paytaxtının rəsmi loqosu Masallının küçə və meydanlarını bəzəyir. Şəhər möhtəşəm bayram, böyük sevinc və fərəh əhvalındadır.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında