Bu inkişaf və yüksəlişdə meliorasiya və su təsərrüfatı işçilərinin də böyük əməyi var
{nl}
Rayonumuzun coğrafi vəziyyətinə, torpaq və iqlim şəraitinə bələd olanlar yaxşı bilirlər: Zərdabın çətin, ağır torpağı var. Yayı çox isti, qışı soyuq, küləkli keçən şoran torpaqlarda bol məhsul yetişdirmək, sözün əsl mənasında, ikiqat, üçqat zəhmət, səy və bacarıq tələb edir. Buna, necə deyərlər, sözümüz yoxdur, bu həqiqətdir.
Ancaq məsələnin başqa tərəfləri də var. Yeri gəlmişkən, mən burada hələlik iki misal çəkməklə fikrimi bildirmək istəyirəm. Ötən əsrin 70-80-ci illərində Zərdab respublikamızın ən qabaqcıl kənd təsərrüfatı rayonlarından biri hesab olunurdu. Yadımdadır, 1982-ci ildə burada 30 min ton pambıq, 262 ton barama istehsal olunmuşdu. Başqa bir misal: 2010-cu ildə rayon tarixində ən çox taxıl - 52 min tondan çox məhsul götürülmüşdür. Bayaqkı fikrimin üstünə qayıdıram. Bəli, Zərdabın torpaq və iqlim şəraiti ağırdır. Ancaq vaxtında həyata keçirilən yüksək aqrotexnki tədbirlər, gərgin səy və zəhmət nəticə etibarilə bol məhsul götürməyə imkan verir.
Mən burada başqa, daha mühüm bir məsələ üzərində dayanmaq istəyirəm. Bu da keyfiyyətlə aparılan meliorasiya tədbirləri, torpaqların münbitləşdirilməsi, kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi və s. işlərdir. O da aydındır ki, səmərəli meliorasiya tədbirləri görülmədən yüksək məhsuldarlıqdan danışmağa dəyməz. Axı, indi əvvəllər olduğu kimi, iri əkin sahələri yoxdur. Aqrar islahatlar nəticəsində torpaqlar kənd avadanlıqları, fermerlər, sahibkarlar arasında bölünmüşdür. Deməli, kənd adamı eyni sahədə həm taxıl, həm pambıq, həm də bostan-tərəvəz yetişdirir. Özü də bütün sahələrdən bol məhsul götürmək istəyir. Başqa sözlə desək, söhbət hər hektarın məhsuldarlığından gedir. Bu isə aydın həqiqətdir ki, ardıcıl və səmərəli meliorasiya tədbirləri həyata keçirilmiş, bol su ilə təmin edilmiş torpaqda mümkündür. Yuxarıda da dediyimiz kimi, Zərdabda məsələnin bu tərəfi həlledici əhəmiyyətə malikdir.
Ümumiyyətlə, bu barədə danışarkən bir mühüm həqiqəti mütləq yada salmalıyıq. Unutmaq olmaz ki, həyatımızın bütün sahələrində olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də əsaslı inkişaf və yüksəlişin əsası ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. Əslində, hazırkı məhsul bolluğu məhz həmin illərdə həyata keçrilmiş əsaslı tədbirlərlə bilavasitə bağlıdır. Belə ki, yüz min hektarlarla torpaq sahələri əkin dövriyyəsinə çəlb edilmiş, yeni kanallar çəkilmiş, subartezian quyuları qazılmışdır. Bundan əlavə, torpaqların sağlamlaşdırılması məhsuldarlığın yüksəldilməsi, ümumi məhsul istehsalının artırılması ilə nəticələndi. Həmin illərdə aparılmış geniş meliorasiya tədbirləri Zərdab rayonunu da gülüstana çevirmiş, kənd təsərrüfatının ayrı-ayrı sahələrində əsaslı və dinamik inkişafa səbəb olmuşdur.
Olduqca sevindiricidir ki, əsası ümummilli ider Heydər Əliyev tərəfindən qoyulmuş həmin ənənələr bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Meliorasiya və su təsərrüfatı sahəsində aparılan ardıcıl islahatlar, imzalanmış fərman və sərəncamlar, həyata keçirilən kompleks tədbirlər bu dediklərimizə əyani sübutdur.
Payız ilk növbədə kənd, torpaq adamı üçün, sözün əsl mənasında, bir imtahandır. Ona görə ki, il boyu çəkilmiş gərgin zəhmətə bir növ yekun vurulur, haqq-hesab çəkilir, gəlir-çıxar müəyyənləşdirilir, daha doğrusu, kimin necə işlədiyi məlum olur. Bu ilin payızı isə yurdumuza daha çox bolluq, bərəkət gətirmişdir. Bunu rayonumuzun timsalında da aydın görmək olar. Belə ki, ümumi məhsul istehsalı əvvəlki illərlə müqayisədə xeyli artmış, məhsuldarlıq yüksəldilmişdir. İndi Zərdabda elə fermerlər var ki, əvvəlki illərlə müqayisədə taxıl istehsalını 2-3 dəfə artırmışdır.
Burada, əlbəttə, meliorasiya və su təsərrüfatı işçilərinin ağır, gərgin və şərəfli əməyini ayrıca qeyd etmək lazımdır. Axı, bol məhsul, necə deyərlər, öz-özünə hasilə gəlmir. Suvarma suyu, vaxtında və keyfiyyətlə həyata keçirilən meliorasiya tədbirləri xüsusilə vacibdir.
Bu gün Zərdab Rayon Suvarma Sistemləri İdarəsi 36804 hektar əkin sahəsinə xidmət edir. Əlbəttə, bu, hər şeydən əvvəl, böyük məsuliyyət, işin dəqiq və ardıcıl təşkili, ciddi icra intizamı tələb edir. Onu da əlavə edim ki, son vaxtlar idarəmizdə bu istiqamətdə bir sıra tədbirlər işlənib həyata keçirilmiş, bütün sahələrdə iş yenidən qurulmuş, hər bir işçidən tapşırılmış iş üçün möhkəm intizam və qayda-qanun tələb edilmişdir.
Kəndi, əkib-becərilən torpaq sahələrini susuz təsəvvür etmək mümkün deyil. Ona görə də çalışırıq ki, idarəmizin balansında olan 71 nasos stansiyasının, 165 aqreqatın gücündən maksimum səmərəli şəkildə istifadə edək. Nəzərə almaq lazımdır ki, bu mərhələlərin hər hansı birində nasazlıq və ya fasilə yaranarsa, o zaman işin ümumi ahəngi və sürəti pozulur. Söhbət konkret nəticələrdən gedirsə, onu deməliyik ki, təkcə cari ilin ötən ayları ərzində 15480 hektar taxıl, 165522 hektar yonca, 778 hektar pambıq, 715 hektar bostan-tərəvəz sahələri bol suvarma suyu ilə təmin olunmuşdur.
Kənd adamları, fermer və sahibkarlarla aparılan ardıcıl və məqsədyönlü iş, onların xahiş və müraciətlərinə həssas və qayğıkeş münasibət, gündəlik kömək və nəzarət onunla nəticələnib ki, nasazlıq, bürokratik münasibət, yersiz giley-güzar halları, demək olar ki, aradan qaldırılımışdır.
Yaxşı bilirik ki, işin nümunəvi təşkili təmir-bərpa tədbirlərinin vaxtında və keyfiyyətlə aparılmasından çox asılıdır. Elə ona görə də ilin əvvəlindən indiyə kimi 15 nasos, 7 elektrik mühərriki, 41 hidrotexniki qurğu və s. əsaslı və cari təmir edilmişdir. Bundan başqa, Seyidlər, Qoşaoba, Gödəkqobu, Məlikli, Alıcanlı kənldlərindəki nasos stansiyaları, Qannıca, Müzəffər, Ağabağlı, Şıxbağlı, Hüseynxanlı kəndlərindəki hidrotexniki qurğular əsaslı təmir olunaraq saz vəziyyətə gətirilmişdir.
Yuxarıda ötən əsrin 70-80-ci illərində respublikamızın bütün bölgələrində, o cümlədən Zərdab rayonunda aparılan genişmiqyaslı meliorasiya tədbirlərindən danışaq. Məncə, burada belə bir faktı bir daha xatırlamanq yerinə düşərdi. Belə ki, məhz həmin illərdə bizim rayonda meliorasiya tədbirləri aparılmış, münbitləşdirilmiş, nəticədə əkin dövriyyəsinə daxil edilmiş sahələr 54 min hektara çatmışdır. Torpaqların şor sulardan, kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi tədbirləri bu gün də eyni sürət və keyfiyyətlə davam etdirilir.
Təkcə bir faktı göstərək ki, cari ilin ötən ayları ərzində 829 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənmişdir. Həyata keçirilən ardıcıl və sistemli meliorasiya tədbirləri nəticəsində təkcə Şahhüseynli kəndinin ərazisində min hektardan çox torpaq sahəsi yararlı hala salınmış, əkin dövriyyəsinə daxil edilmişdir. Eyni tədbirlər rayonun Körpükənd, Gödəkoba, Məmmədqasımlı və başqa kəndlərinin ərazisində də aparılmışdır.
Biz meliorasiya və sü təsərrüfatı sahəsində çalışanlara əbəs yerə torpağın təbibi demirik. Doğrudan da, şoran, necə deyərlər, xəstə torpağı sağaltmaq, münbit, məhsuldar hala gətirmək şərəfli olduğu qədər də məsuliyyətli bir işdir. Ona görə də dolu sübüllü taxıl zəmilərinə, bərəkətli, barlı-bəhrəli pambıq tarlalarına, meyvə-tərəvəz, bağ-bostan sahələrinə baxanda fərəh hissi keçiririk, çəkdiyimiz zəhmətin nəticələrini görəndə sevinirik.
Bəli, bu gün Azərbaycanımızın, o cümlədən rayonumuzun kəndləri gözlərimiz qarşısında dəyişir, abadlaşır, gözəlləşir. Kənd adamının gün-güzəranı daha da yaxşılaşır, ildən-ilə gəlirləri artır, qazancı çoxalır. Ən əsası isə odur ki, təknəsindən çörəyi, anbarından taxılı əskik olmur. Kəndli özünə, ailəsinə çatacaq qədər tərəvəz, meyvə, ət, yağ, yumurta tədarük edə bilir.
Əlbəttə, ölkə Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafı sahəsində qaşıya qoyduğu vəzifələri, imzaladığı fərman və sərəncamları ayrıca qeyd etmək lazımdır. Kənd adamları, fermerlər, sahibkarlar, o cümlədən biz meliorasiya və sutəsərrufatı işçiləri bu diqqət və qayğı üçün ölkə başçısına öz hədsiz minnətdarlığımızı bildirir və bundan sonra daha böyük səy və əzmlə çalışacağımızı bildiririk.
{nl}
Soltan SADIQOV, Zərdab Rayon Suvarma Sistemləri İdarəsinin rəisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.