Ölkəmizin cənub bölgəsinin gözəllikləri burada ilboyu sərgilənir. Açıq təbiət ekspozisiyası bütün fəsillərdə heyranedici olur. Dağlar, düzlər hər fəslin "dəb"inə uyğun süslənir. Min bir rəng çaları, çeşidli peyzajlar cənubun özünəxas görkəm cizgilərini təşkil edir. Əlbəttə, fəsillər özəl qayğıları, adamları sınağa çəkən məqamları ilə də yadda qalır. Kim gözəllikləri yetərincə görmək, duymaq istəyir, ilk növbədə mövsümi hazırlıq işlərini həyata keçirir ki, təbiətin şıltaqlıqlarına qəfil yaxalanmasın. Lənkəranda geniş vüsət almış abadlıq-quruculuq işləri ilə bərabər, yağışlı-yağmurlu günlərin çox olduğu payız-qış mövsümünə də ciddi hazırlıq görülür.
Bun günlərdə rayonda keçirilən növbəti şura iclası həmin məsələyə həsr olunmuşdu. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dedi ki, birlikdə yaşayacağımız ilk payız-qış mövsümünə indidən ciddi hazırlıq görməyimiz zamanın diqtəsidir. Gərək hər kəs ona tapşırılan, etibar olunan sahədə bu məsələyə prioritet vəzifə kimi baxsın. Əks təqdirdə çətinliklərlə üzləşmə qaçılmaz olacaq.
Sonra şəhər təsərrüfatı üzrə müavin - şöbə müdiri Möhübbət Babayevin hazırladığı arayış təqdim edildi. Elektrik şəbəkəsi, su-kanal, qaz istismarı, mənzil-istismar və kommunal, yol istismar, Yuxarı Xanbulançay qovşağı, telekomunikasiya, istilik sistemləri, təhsil, səhiyyə, mədəniyyət və turizm, meşə mühafizəsi və bərpası, neft terminalı, avtonəqliyyat müəssisə və idarələrinin, ərazi icra strukturlarının gördüyü işlər, qarşıda duran vəzifələr ətraflı sərf-nəzər edildi.
Məlumat verildi ki, elektrik şəbəkəsinin xidməti ərazisində bütün hava xətlərinə və yarımstansiyalara baxış keçirilmiş, çatışmazlıqları aradan qaldırmaq üçün tədbirlər görülmüşdür. Cari təmir və yenidənqurma işləri ilə əlaqədar 7 ton transformator yağı işlədilmiş, xətlərə toxunan ağaclar budanmış, hava və ötürücü xətlərdə müxtəlif növlü 598 ədəd izolyator, 933 elektrik dirəyi, 90 ədəd kranşteyn dəyişdirilmiş, 21453 metr yararsız naqil yeniləri ilə əvəzlənmişdir. Bir çox transformator əsaslı təmir olunmuş və ya dəyişdirilmişdir. Dövlət Proqramına əsasən, şəhərdə aparılan yenidənqurma işləri ilə əlaqədar hava xətlərinin xeyli hissəsi təzələnmişdir. Şilavar kəndinin təzə yaşayış massivində yeni xətlər çəkilərək güclü transformator yarımstansiyası quraşdırılmışdır.
Payız-qış mövsümündə yarana biləcək qəzaların tez aradan qaldırılması üçün şəbəkənin anbarında ehtiyata iki böyük transformator, digər avadanlıq və material var. Bununla yanaşı, elektrik təsərrüfatı payız-qış mövsümünə tam hazır deyil. Çünki bu sahədə, xüsusilə də ucqar dağ kəndlərində istismar müddəti ötmüş avadanlıqlar tez-tez qəzaya uğrayır, ayırıcılar işləmədiyi üçün xırda bir lokal qəzanı aradan qaldırmaqdan ötrü əsas xətlər açılır və nəticədə uzun müddət mindən artıq abonent işıqsız qalır. Açılmalar zamanı vətəndaşlara irəlicədən xəbərdarlıq edilmir ki, bu da haqlı narazılığa səbəb olur.
Mövsümə hazırlıqla əlaqədar Su-kanal idarəsi tərəfindən Xanbulan-Lənkəran ana su xəttinin Bürcəli, Xanbulan, Kosalar kəndləri və Gərmətük qəsəbəsi ərazisində qəza vəziyyətində olan boruları, şəhərin müxtəlif küçələrindəki yaşayış binalarına xidmət göstərən su və kanalizasiya xətləri, baxış quyuları, sıradan çıxmış elektrik nasosları, avadanlıqlar təmir olunmuşdur. Uzun illər tıxacların açılması mümkün olmayan beş küçədə və Olimpiya İdman kompleksində kanalizasiya xətləri "Azərsu" ASC tərəfindən göndərilən xüsusi təyinatlı texnikanın köməyi ilə təmizlənmiş və asfalt örtüyü altında qalmış kanalizasiya baxış quyuları yer səthindən yuxarıya qaldırılmışdır. İdarənin balansında olan texnika əsaslı təmir olunaraq payız-qış mövsümünə işlək vəziyyətə gətirilmişdir. Amma çatışmazlıqlar tam aradan qaldırılmayıb. Şəhərin su-kanalizasiya sistemi ötən əsrin ortalarında qurulduğundan bu günkü tələbata cavab vermir. İçməli suyun keyfiyyəti aşağıdır. Ölkə rəhbərliyinin göstərişi ilə rayonun su və kanalizasiya sisteminin yenidən qurulması Dövlət Proqramına daxil edilib. "Hidrolotus" şirkəti tərəfindən həyata keçirilən bu işdə lənglik var. İclasda bildirildi ki, Lənkəran Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi tərəfindən şəhərin təmizliyi və yaşıllaşdırılması sahəsində müəyyən işlər görülsə də, bəzi hallarda məişət tullantılarının vaxtında daşınmaması, suötürücü kanalların təmizlənməməsi, yaşıllıqların lazımi qaydada suvarılmaması, küçə işıqlandırıcılarında nasazlıqların vaxtında aradan qaldırılmaması, ağacların qurumuş hissələrinin budanmaması, park və meydanlarda səliqə-sahman işlərinin lazımınca aparılmaması hallarına da rast gəlinir. Şəhər zibilxanasında vəziyyət yaxşı deyil. Müəssisənin yeni rəhbərliyi qeyd olunan nöqsanların aradan qaldırılması üçün təcili tədbirlər görməlidir.
Qaz İstismar Sahəsi tərəfindən daxili imkanlar hesabına Gərmətük qəsəbəsində və Girdəni kəndində qaz xətləri təmir-bərpa edilmiş, paylayıcı stansiyalarda yenidənqurma işləri aparılmışdır. Qaz kəmərlərində 369, evdaxili xətlərdə 527 sızma halı aradan qaldırılmış, 538 abonentin nasaz qaz sayğacı dəyişdirilmiş, 1728 ədəd yeni sayğac quraşdırılmış, 730 ədəd sayğac həyətdən küçəyə çıxarılmış və 2417 sayğac surğuclanmışdır. Dövlət Proqramına əsasən, tikinti təşkilatları Lənkəran şəhəri və kəndlər üzrə ümumilikdə 141529 poqonometr qaz xətti çəkmiş, 2670 ədəd məişət qaz sayğacı və tənzimləyiciləri quraşdırmışdır. Hazırda Lənkəran şəhərinin 75 faizi, Liman şəhəri və daha 8 kənd qazla təmin edilir. 18 kənddə təmir-bərpa işləri aparılır. Mövsümə hazırlıqla bağlı idarənin balansında olan mexanizmlər işlək vəziyyətə gətirilib. İndi əsas vəzifə ilin sonunadək qaz çəkilişi ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin vaxtında icra olunmasından ibarətdir. Yol təsərrüfatı üzrə də müəyyən iş görülmüşdür. Lənkəran 42 saylı Yol İstismar İdarəsi tərəfindən cari təmirlər aparılmış, yollarda yaranmış çalalara asfalt-beton örtüyü çəkilmiş, yol çiyinləri hamarlanmış, suötürücü borular təmizlənmiş, Tükəvilə-Diryan-Gəgiran və Vilvan-Osaküçə-Türkəncil yollarında dəmir-beton konstruksiyalı körpülər inşa edilmiş, genişləndirmə və hamarlama işləri aparılmışdır.
Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən Melioservis İdarəsinin texnikalarından da istifadə etməklə 17 kənddə və iki qəsəbədəki kanalların 24500 kubmetri lildən təmizlənmiş, dambalar bərkidilmiş və təmir işləri aparılmışdır. Veravul çayının Vilvan kəndi ərazisindən keçən hissəsində ötən il sel sularının daşması nəticəsində çayın məcrasına toxunan xətəri aradan qaldırmaq məqsədilə suyun istiqaməti dəyişdirilərək sakinlərin həyətlərindən uzaqlaşdırılmış və yeni dambalar qurulmuşdur. Hazırda Veravul çayının məcrasında qazma, dambanın bərkidilməsi, eləcə də 4 kənddə izafi suları kənarlaşdıran kollektorların təmiri davam etdirilir.
Lənkəran Telekommunikasiya qovşağı tərəfindən elektrik qida qurğuları və generatorlarda, elektron ATS-lərdə təmir işləri həyata keçirilmişdir. Beynəlxalq şəhərlərarası və stansiyalararası alternativ rabitənin normal işləməsi daim nəzarətdə saxlanılır. Şaxta quyularına qazın və suyun daxil olmasının qarşısını almaq məqsədilə kanalların germetik bağlanması təmin edilmişdir. Qovşaqda mövsümlə əlaqədar xüsusi qəza briqadaları yaradılmışdır.
Təhsil şöbəsinin tabeçiliyində 89 məktəb və 53 uşaq bağçası, o cümlədən şəhərdə 12 məktəb və 15 uşaq bağçası var. Hazırda 4 məktəb üçün yeni binalar tikilir, 7 məktəb binasının qazanxanası qaz xəttinə birləşdirilib, 7 məktəbin qazanxanası soba yanacağı, 75 məktəb isə odun yanacağı ilə qızdırılır. Tədbirlər planına əsasən məktəblərdə daxili imkanlar hesabına təmir aparılır. Lakin qış mövsümündə yanacaq təchizatında çətinliklər yaranır. Bu kimi halların baş verməməsindən ötrü şöbənin rəhbərliyi vaxtında lazımi tədbirlər görməlidir.
Mərkəzi Rayon Xəstəxanasının hər iki korpusunda ölkə Prezidentinin göstərişinə əsasən əsaslı təmir işləri aparılır. Xəstəxananın şəbəkəsində olan şöbələrin odun və neft sobaları təzələnmiş, sınmış qapı-pəncərələr yenilənmişdir. Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının dam örtüyü cari təmir edilmiş, stansiyanın maşınları saz vəziyyətə gətirilmişdir. Rayonlararası Narkoloji xəstəxanada, kənd sahə xəstəxanalarında, onkoloji xəstəxanada, kənd həkim məntəqələrində cari təmir işləri görülmüşdür.
Mövsümə hazırlıqla əlaqədar mədəniyyət ocaqlarında bir sıra işlər görülmüşdür. Mərkəzi kitabxana və uşaq musiqi məktəblərində cari təmir aparılmış, obyektlərə qaz və elektrik qızdırıcıları verilmişdir.
İstilik sistemləri istismar sahəsi tərəfindən qarışıq tipli uşaq evinə xidmət edən qazanxananın istilik xətləri, qaz boruları və digər avadanlıqları təmir edilərək qış mövsümü üçün işlək vəziyyətə gətirilmişdir. Onu da qeyd etmək lazımdır ki, Dövlət Proqramına əsasən 3 yeni qazanxananın tikintisi nəzərdə tutulsa da, indiyədək icra edilməmişdir. Bu sahənin elə bir fəaliyyəti hiss olunmur. Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 863 kub metr oduncaq tədarükü proqnozlaşdırılmışdır. Bunun müəyyən qismi məktəb və bağçalara verilib, hazırda işlər davam edir.
Neft terminalı bazasında qış mövsümünə hazırlıqla əlaqədar yanacağın qəbulu, saxlanılması və buraxılması üçün çənlər, qurğular, nasos və avadanlıqlar, texnoloji xətlər saz vəziyyətə gətirilmiş, yanacaq vaqonlarının buraya daxil olması və boşaldılması üçün dəmir yolunun 850 metrlik hissəsi, estakadalar tam təmir olunmuşdur. İcra hakimiyyətinin xəttilə dövlət vəsaiti hesabına şəhərdaxili küçələrə və kəndarası yollara xeyli asfalt örtüyü döşənmiş, bəzi yolların sıradan çıxmış hissələri cari təmir edilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən rayonun yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə 40 kilometrlik Lənkəran-Vilvan-Osaküçə-Türkəncil yolunun və uzunluğu 12 kilometr olan Şürük-Vel-Qamışovka yolunun tikintisi üçün vəsaitin ayrılması barədə sərəncamlar imzalanmışdır. Hazırda birinci yolda tikinti davam etdirilir, digər yolun təmiri ilə bağlı hazırlıq işləri görülür.
Lənkəranlılar dövlət başçısının rayona gündəlik diqqət və qayğısından hədsiz razıdırlar. Tədbirdə bu, xüsusi vurğulandı və göstərilən etimada əməli işlərlə cavab vermək əzmi ifadə olundu.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.