Özünü prezidentliyə əsas namizəd hesab edən İsa Qəmbər Əli Kərimliyə yerini göstərir
{nl}
Bəzi siyasi şərhçilərin radikal müxalifət düşərgəsinin "mənəm-mənəmlik" adlı tibb elminə məlum olmayan xəstəliyə düçar olması barədə dedikləri növbəti dəfə özünü doğrultdu. Belə ki, İctimai Palata adlı qondarma qurumun iki "əsas lideri" olan Əli Kərimli ilə İsa Qəmbərin 2013-cü il prezident seçkilərində bir-birinə güzəştə getməyəcəkləri artıq tam təsdiqini tapdı. Müsavat Partiyasının başqanı İsa Qəmbərin "Obyektiv.tv"yə müsahibəsi də belə deməyə əsas verir.
Bu məsələyə bir daha qayıdacağıq. Amma əvvəlcə onu deyək ki, 2013-cü il prezident seçkilərində namizədlik məsələsi hazırda qondarma qurumun "ən yaralı yeri" hesab olunur. Son günlərədək növbəti seçkilərdə müxalifətin vahid namizədinin kim olacağı barədə söhbət düşəndə həm İsa Qəmbər, həm də Əli Kərimli deyirdilər ki, bu məsələ hələ İctimai Palatada müzakirə olunmayıb. Bununla əlaqədar, guya, son qərarı da bu qondarma qurum verəcəkdi.
Quruma üzv olanlar da bu fikirdə idilər. Məsələn, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli müxalifətin vahid namizədindən danışmağın çox tez olduğunu bildirirdi. Hətta o, müxalifətin vahid namizəd məsələsində vahid fikrə gələ bilməyəcəyi və bu məsələnin İctimai Palatanın axırına çıxacağı barədə deyilənləri də səhv yanaşma sayırdı. Belə fikrə düşənlərə bir mesaj da göndərmişdi: "Mən o kəslərin diqqətinə çatdırıram ki, narahat olmasınlar, Süleyman Dəmirəl demiş, "demokrasidə çarə tükənməz". Bunun da bir mexanizmi var".
Həqiqətən də tanınmış siyasətçi Süleyman Dəmirəlin sözündə böyük həqiqət vardır, demokratiyada çarələr tükənməz. Lakin bu müdrik sözün real həyatda əksini tapması üçün gərək, demokratik prinsiplərə əməl edən siyasətçi olasan və ya demokratiyanın mövcud olduğu partiyada, qurumda fəaliyyət göstərəsən. Artıq hamı bilir ki, nə Müsavat Partiyasında, nə Azərbaycan Xalq Cəbhəsi Partiyasında, nə də İctimai Palata adlı qurumda demokratiyadan əsər-əlamət yoxdur. Əgər bu düşərgədə demokratiya olsaydı, Müsavatda uzun illər partiyanın qurucusu kimi fəaliyyət göstərmiş və ikinci şəxsi olmuş Sülhəddin Əkbər İsa Qəmbəri tərk etməzdi. Uzun illər Müsavatda siyasi fəaliyyətə qoşulan ziyalılar da bu gün İsa Qəmbərdən üz döndərməzdilər.
Vaxtilə AXCP-də fəaliyyət göstərən və partiyanın qurucusu olan, Azərbaycanda ictimai-siyasi proseslərdə kifayət qədər yaxından iştirak edən şəxslərdən bu gün bir nəfər də olsun Əli Kərimlini dəstəkləmir. Onları sadalaya da bilərik: Qulamhüseyn Əlibəyli, Qorxmaz İbrahimli, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Əli Mustafayev, Əli Məsimli və başqaları.
Digər tərəfdən, xeyli vaxtdır ki, Müsavat Partiyası vaxtı ötüb keçmiş qurultayını keçirə bilmir. Partiyanın rəhbəri İsa Qəmbər, guya, Azərbaycanda onlara qurultay keçirmək üçün normal şərait yaradılmadığını və münasib yer ayrılmadığını bəhanə edərək gah Türkiyəyə, gah da Gürcüstana müraciət edirdi. Hər iki ölkədə ona deyiblər ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları öz tədbirlərini keçirmək üçün ən münasib yer kimi Azərbaycanı seçirlər, siz isə qonşu ölkələrə üz tutmusunuz. Sonradan məlum olub ki, İsa Qəmbərin "qurultay keçirmək" adı ilə Türkiyəyə və Gürcüstana getməsinin əsl səbəbi tamam başqa imiş. Sən demə, o, Türkiyəyə banklara qoyduğu pullarının faizlərini almağa, Gürcüstana isə erməni dostu ilə əməkdaşlığı daha bir müddət uzatmaq barədə saziş imzalamağa gedirmiş. Müxalifət nümayəndələri də təsdiqləyirdilər ki, Müsavat Partiyasının qurultayının keçirilməməsinə bir qrup müsavatçı, daha dəqiq desək, İsa Qəmbərin partiyadakı tərəfdarları mane olurlar. Çünki yaxşı bilirlər ki, İ.Qəmbər başqanlıqdan çıxarılsa, o, qısa bir vaxtda yaddaşlardan silinəcək və növbəti prezident seçkilərində namizəd ola bilməyəcək. İ.Qəmbər isə nəyin bahasına olursa - olsun, 2013-cü ildə keçiriləcək prezident seçkilərində vahid namizəd olmaq istəyir. Ona görə də müxtəlif bəhanələrlə qurultayın vaxtını uzadırdı.
Və nəhayət, ötən günlərdə Müsavat Partiyasının başqanı İsa Qəmbər 2013- cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağı barədə "Azadlıq" radiosuna açıqlama verdi. Təbii ki, Müsavat Partiyasının daxilində, İctimai Palatada və İsa Qəmbərin özünə bir nömrəli rəqib hesab etidiyi Əli Kərimlinin rəhbəri olduğu Xalq Cəbhəsi Partiyasında buna münasibət birmənalı olmadı. Etirazlar açıq və ya gizli şəkildə yüksəldi. İsa Qəmbər İctimai Palatanın "demokratik prinsipləri"nə xəyanətdə ittiham olundu. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı da bu məsələyə münasibət bildirərkən dedi ki, Xalq Cəbhəsi Partiyası kimi onlar İctimai Palatanın verdiyi qərara hörmət edir və İsa Qəmbərin də buna əməl etməsinin tərəfdarıdırlar. O, İ.Qəmbərin 2013-cü ildə keçiriləcək prezident seçkilərində özünü namizəd elan etməsini İctimai Palataya hörmətsizlik kimi dəyərləndirərək AXCP sədri Əli Kərimlinin də bu mövqedə olduğunu bildirib. F.Qəhrəmanlı onu da deyib ki, müsavat başqanı namizədliyini açıq elan edibsə, artıq İctimai Palataya hörmətsizlik etməsinə o, özü aydınlıq gətirməlidir.
İsa Qəmbər düşərgədaşlarının ittihamlarını cavabsız qoymadı, Əli Kərimlinin və ona etiraz edən digər "tərəfdaşları"nın payını dərhal verdi. "Azadlıq" radiosuna verdiyi növbəti və daha sərt açıqlamasında dedi: "Mən bu günlərdə "Azadlıq" radiosunda bircə cümlə ilə fikrimi bildirdim ki, bəli, mən seçkilərdə iştirak etmək fikrindəyəm və inanıram ki, seçkidə qalib gələcəm. Aləm bir-birinə dəydi. Bu günə qədər bir çox partiyalar, bir çox siyasətçilər seçkilərdə iştirak edəcəklərini bildiriblər. Bəziləri hətta bildiriblər ki, vahid namizəd olacaqlar. Heç kim buna etiraz etməyib, hamı normal qarşılayıb. Amma nədənsə, mən seçkilərdə iştirak etmək fikrində olduğumu bildirəndə, elə bil qurbağa gölünə daş atıldı. Nə olub axı?! Yəni bütün siyasi partiyaların seçkilərdə öz namizədi ilə iştirak etmək imkanı var, amma Müsavatın yox?! Azərbaycanda son 20-25 il ərzində keçirilən seçkilərdə xalqın səsinin əksəriyyətini almış adam olub. Biri 1992-ci ildə Əbülfəz Elçibəy, 2003-cü ildə bəndəniz İsa Qəmbər!"
Bəli, Əli Kərimliyə çox tutarlı bir cavabdır. Bu, o deməkdir ki, başqan radikal müxalifət düşərgəsində özünə alternativ olacaq siyasi fiqur görmür. Başqan o qədər özündən razıdır ki, əgər Əbülfəz Elçibəy bu gün sağ olsaydı, inanırıq ki, onun da adını çəkməzdi. İctimaiyyətə ancaq özünü "seçkilərdə xalqın səsinin əksəriyyətini almış adam" kimi sırayardı. Çünki İsa Qəmbər o şəxsdir ki, 1998-ci ildə hakimiyyət ehtirası gözlərini elə bağlamışdı ki, ömrünün son illərində Elçibəyin etdiyi xahişi belə yerinə yetirmədi. 1998-ci ildə Elçibəy İsa Qəmbərdən xahiş edib ki, bu seçki mənim prezident olmağım üçün sonuncu şansım, imkanımdır, ona görə də sən geri çəkil, mən prezidentliyə namizədliyimi verim. O zaman İsa Qəmbər Əbülfəz Elçibəyə güzəştə getmədi və onun qarşısında prezidentliyə namizədliyini irəli sürdü. Digər tərəfdən isə İsa Qəmbər Elçibəyin hakimiyyətində ikinci şəxs idi. Amma Elçibəyin ətrafında olanlardan partiya yaradan ilk şəxs də elə İsa Qəmbər oldu. O, Xalq Cəbhəsinin partiyaya çevrilməsinin qarşısını alaraq özünün Müsavat Partiyasını yaratdı və Elçibəy hakimiyyətinin daxilində yeni bir hakimiyyət rıçaqı yaratdı. Sonrakı dövrdə də onun və digər silahdaşlarının Elçibəyə qarşı atdığı addımlar Elçibəyin könlünün sınmasında, sonrakı taleyinin müəyyən olunmasında mühüm rol oynayıb. Amma təəssüf ki, mənfi formada. Bütün bunları məhz İsa Qəmbər edib.
Bu gün həmin İsa Qəmbər eyni addımı indi də Əli Kərimliyə qarşı atır, ona yerini göstərməyə çalışır. Hər halda İ. Qəmbər düşünür ki, eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi barədə ortaya atılan iddialarda Əli Kərimlinin adının hallanması və Baş Prokurorluğun bu barədə araşdırmalara başlaması nəticə etibariylə AXCP sədrinin siyasi karyerasına son qoyacaq. Bəlkə də Müsavat başqanı Əbülfəz Elçibəyi həqiqətən də Ə. Kərimlinin zəhərlədiyinə əmindir. İstənilən halda, İ. Qəmbər onu özünə rəqib hesab etmir, daha doğrusu, etmək istəmir. Ona görə də ayağını bir başmağa diriyərək "Burada mənəm, Bağdadda da kor xəlifə" -deyir. Yeri gəlmişkən, görünür, başqan çıxışında o qədər qəzəblənib ki, deyimlərin yerini də səhv salıb. Açıqlamasında İctimai Palatada qopan səs-küyü ifadə etmək istədiyi halda "mən seçkilərdə iştirak etmək fikrində olduğumu bildirəndə, elə bil qurbağa gölünə daş atıldı"- deməsi də bunun göstəricisidir. Başqanın "bəndəniz İsa Qəmbər" sözləri də maraqla qarşılanıb. Belə ki, Türkiyədə bəndəniz ləqəbdə heyranedici səsə malik çox gözəl bir sənətçi var.
Əslində, Azərbaycandakı daxili siyasi vəziyyəti dərindən bilən, radikal düşərgədəki qarşılıqlı münasibətlərdən xəbərdar olan tanınmış siyasətçilərin əksəriyyəti əvvəldən İsa Qəmbərlə Əli Kərimlinin bir-birinə qarşı böyük kin bəslədiklərini bildirirdilər. Məsələn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev İctimai Palatanın gələn il keçiriləcək prezident seçkiləri üçün vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müxalif düşərgədə yaranmış gərginliyə münasibət bildirərkən demişdir: "Mən İsa Qəmbər və Əli Kərimli qədər bir-birinə patoloji nifrət edən şəxslər tanımıram. Ona görə də onların bir-birinə güzəştə getmələri çətin məsələdir". Q. Həsənquliyev onu da qeyd etmişdir ki, məndə olan məlumata görə, həmin düşərgənin təmsilçiləri Cəmil Həsənlinin, ya da müstəqil ekspert Ərəstun Oruclunun namizədliyi üzərində dayanmaq istəyirlər. İctimai Palatada bu tipli müzakirələr gedir. Hər halda bu iki şəxs həmin düşərgədə təmsil olunan insanların arasında ən çox tanınanlardır. Məncə, bu şəxslərin namizədliyi o düşərgənin seçkilərdə daha yaxşı təmsilçiliyini şərtləndirə bilər. Ancaq həmin şəxslərdən birinin namizədliyinin irəli sürülməsinin də hazırda İctimai Palata adı ilə çıxış edən düşərgəyə ciddi uğur qazandıra bilməyəcəyinə əminəm. Partiya sədri belə hesab edir ki, bütövlükdə müxalifət qüvvələri sonradan sarsıdıcı xəyal qırıqlığına düçar olmamaq üçün seçkilərdə qələbə qazanmağı hədəf seçməməli, cəmiyyətin inkişafına töhfə vermək üçün onun irəli aparılmasının yolları barədə düşünməlidirlər.
İsa Qəmbər ilə Əli Kərimli barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun dediyi fikirlər də maraqlıdır. O, Ə. Kərimovla İ.Qəmbərin bir yerdə olması, daimi müttəfiqliyinin mümkün olmadığını vurğulayır: "Mən həmişə demişəm ki, Əli Kərimovla İsa Qəmbərin bir yerdə olması, daimi müttəfiqliyi mümkün deyil. KİV-ə müsahibələrimdə də demişdim ki, bunların arasında birlik olmayacaq. Çünki bunlar üzdə bir-birinə guya mehriban olduqlarını göstərirlər, amma daxildə hər iki partiya arasında çox ciddi problemlər var". Onun sözlərinə görə, parlament seçkilərində vahid siyahı hazırlamaqda çətinlik çəkən iki partiyanın prezident seçkilərində vahid namizədlə çıxış etməsi mümkünsüzdür: "Onlar parlament seçkiləri zamanı ümumi siyahını müəyyənləşdirərkən aralarında nə qədər gərginlik var idi və bunu hamı görürdü, bilirdi. Bu səbəbdən də onlar heç vaxt biri digərinin namizədliyinə razı olmayacaq. Hətta vaxtilə prezident seçkilərində Əli Kərimov İsa Qəmbəri yox, Etibar Məmmədovu dəstəklədi. 2000-ci ildə, proporsional seçki sistemi mövcud olan dövrdə vahid siyahı tərtib etmək gündəmə gələndə də bir-birlərinə qarşı pozuculuq fəaliyyəti göstərdilər, müttəfiqlik alınmadı.
İndi də beş-on adamın yığışdığı İctimai Palata dedikləri qurumun vahid namizədi olmayacaq. Guya bu qurum kiminsə, hansısa ziyalı adlandırılan şəxsin, yaxud İsa Qəmbərin namizədliyini dəstəkləyəcək, bu da qətiyyən olmayacaq".
Beləliklə, Azərbaycan ictimaiyyəti seçki ilinə yaxınlaşdıqca kimin-kim olduğu növbəti dəfə üzə çıxır. Müsavat tərəfdarları cəbhəçiləri, cəbhəçilər isə müsavatçıları gözdən salmağa çalışırlar. Mərhum eks-prezident Əbülfəz Elçibəyin zəhərləndirilməsi barədə ortaya çıxan məsələlər məhz Müsavata kömək edir. Bunun qarşısını almağa çalışan cəbhəçilər isə Müsavatdan növbəti zərbəni aldılar. İsa Qəmbər "mən müxalifətin vahid namizədiyəm" ideyası ilə ortaya çıxaraq, bu düşərgənin yenidən parçalanmasına zəmin yaratdı.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.