Günahsız müqəssirin əfv günü, yaxud gecikmiş ədalətin təntənəsi
Ramil Səfərovun ailəsinin yaşadığı həyəti rahatca tapdıq. Rastımıza çıxan ilk taksi sürücüsü həmin ünvanı tanımağınıdan qürurlanaraq dərhal yolu nişan verdi. Dəmir darvazaya üçrəngli bayrağımız çəkilmişdi. Hasarın arxasında uca bir dirəkdə Ramilin yolunda zindanlardan keçdiyi ay-ulduzdu bayraq dalğalanırdı. Ramilsevərlər onun ailəsinin sığındığı həyəti tələm-tələsik, bax beləcə şərəfləndirmişdilər.
Darvazanın qabağında xeyli adam yığışmışdı. Gənclərin şövqündən təsirlənməmək mümkün deyildi. Qapı açıldı, 8 ildən bəri foto-video təsvirlərini hər yerdə gördüyümüz başı bəlalar çəkmiş soydaşımızın hamıya doğma olmuş obrazı qarşımızda canlandı. Uca boyu, işıqlı gözləri, qətiyyətli baxışı, zəkalı çöhrəsi ilə təsvirlərdəkindən də sevimli, cazibəli görünürdü. Rastına çıxanlarla bir-bir qucaqlaşıb üzrxahlıqla yandakı maşına əyləşdi, 2 gənc zabitin müşayiəti ilə getdi...
Bakıya gəldiyi elə ilk saatlardaca telefonla danışıb müsahibə verməyə razılığını almışdıq. Vədələşdiyimiz vaxtda da görüşünə gəlmişdik. Onun getdiyini görəndə ani olaraq sevincimiz təəssüflə əvəzlənsə də Müdafiə Nazirliyinə çağrıldığını biləndə rahatlaşdıq: illərdən bəri arzu-diləyimiz elə bu idi - evinə qayıtsın, yarımçıq qalmış xidmətini davam etdirsin...
İçəri keçib atası Sahib müəllimə ünvanlanan gözaydınlığı axınına qoşulduq. İllərdən bəri oğul dərdinin ağırlığına tablamış atanın indi birdən-birə hüdudsuz sevinc yükü altına düməsini duymamaq mükün deyildi. Həm tanıdığı, həm də üzünü ilk dəfə gördüyü adamların çoxluğu illərlə çəkdiyi həsrətə məlhəm olmuşdu. Müdrik xalq nə qədər haqlıymış: kədər də, sevinc də paylandıqca yüngüllük gətirir. Sahib müəllimin ailəsi 8 il yarımdır ki, ağrı-acısını xalqla bölüşürdü, indi, sanki, əvəzi sevinc payı ilə qaytarılır - daim gözaydınlığı üçün açılamasını dilədiyimiz qapı, nəhayət ki, hamının üzünə açılmışdı.
Qohumların - yerlilərin gözaydınlığı bir qədər seçilsə də, bu həyətdə kimin doğma, kimin yad olduğunu ayırmaq çətin idi. Doğrudan da, bir xəbər insanları neçə də doğmalaşdıra, sevindirə bilərmiş? Bu xəbərin 2 gündən bəri xalqımıza payladığı sonsuz sevinci hamıya Prezident İlham Əliyev bəxş etmişdir. Sahib müəllimə gözaydınlığından sonra hamının alqışının ünvanı da illərdən bəri bütün xalqın gözlədiyi günə qapı açan dövlət başçısı idi.
Elə bu ara Ramil Səfərovun doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun rəhbərliyi həyətə daxil oldu, qabaqda da boynu qırmızı lentli qurbanlıq qoç var idi. Yeni gələnlər Ramilin yoxluğundan o qədər də təəssüflənmədilər. Belə bir qeyrətli oğulu böyüdən, düşmənlə çəkişmədə dəyanət göstərən atanın özü ilə də təmas dəyərli bir fürsət idi. Biz Sahib müəllimlə ünsiyyət payımızı oxucularımız üçün maraqlı olan sualların cavablandırılmasına həsr etdik:
- Sahib müəllim, Ramilin azğın düşmən zabitinə layiq olduğu cavabı verməsi Qarabağda ölümün ağzından çıxmış, ağır köçkünlük həyatı yaşayan ailənizə yeni bir dərd-kədər gətirdi. Bunu xatırlamaq belə olduqca ağırdır...
- Nə qədər ağır, kədərli olsa da böyük bir təsəlliyə söykəndik. Əvvəllər yaxınlara - doğmalara güvənirdiksə, bir günün içərisində bütün xalqı, ölkə rəhbərliyini arxamızda gördük. Ramil pis bir iş görsəydi adam içinə çıxa bilməzdik. Onun başına gələn qeyrət, namus, kişilik Vətənin adına qəbul olunduğundan başımızı dik tuta bildik.
Ramil Cəbrayılda ermənilərin axıtdığı qanlar, törətdikləri faciələr içində dünyanı dərk etmişdi. Ermənilərin öldürdüyü neçə-neçə qohum-qonşunun acı taleyi onun da uşaq qəlbini parçalamışdı. Şübhəsiz o, ermənilərə nifrət ruhunda böyümüşdü. Buna görə də, hərbçi oldu, intiqamını döyüş meydanında almağı qərarlaşdırdı. Əgər o, əlinə düşən, rastına çıxan düşməni öldürmək qəsdində olmuşdusa, Türkiyədə oxuyanda nə qədər erməni görmşdü. Sual olunur: o niyə belə bir addımı Budapeştdə ermənilərlə bir kursda olanda ilk günlər yox, 2 aydan sonra atmışdı? Məsələ burasındadır ki, Ramil azğınlaşmış, xalqımızda deyildiyi kimi, qanını ağzına almış Qurgenin və yoldaşlarının son dərəcə alçaldıcı təhqirlərinə bacardığı qədər dözüb. Erməni zabitinin heç bir əxlaq normasına məhəl qoymayıb Azərbaycan bayrağını təhqir etməsi isə dözülməz olub. Ramil o zabiti məhz erməni olduğuna görə deyil, milli ləyaqətimizi, dövlət rəmzimizi təhqir etməyə cəsarət etdiyinə görə susdurmuşdu. Yəni bu yolverilməz hərəkətin qarşısını başqa cür almaq mümkün olmamışdı. Bu hərəkəti başqa millətdən olan bir adam da etsəydi aqibəti elə olacaqdı.
Hüquqda cinayətə təhrik, bais olma anlayışı var. Təhrikçi də cinayət daşıyır. O vaxt çoxları məsələdən xəbərdar olsa da ermənini dayandırmayıb. Ramil təklənib. Əslində, Qurgen vaxtında cəzalandırılmalı imiş. Lakin məhkəmə bunları nəzərə almadı, Ramilə ən ağır cəza kəsdi. Bu, ədalətsizlik idi. Baş verənlər ailəmizə hədsiz dərd gətirdi. Ramilin anası bunlara tablamadı... Sağ olsun xalqımız, Prezidentimiz, bizi tək qoymadılar, təsəlli və ümid payımız qədərincə oldu.
- Ramilin azad olacağına inanırdınızmı?
- Ailəmizə göstərilən diqqət, Ramilin azad olunması məsələsinin Prezident İlham Əliyevin birbaşa nəzarəti altında olması həmişə bizə böyük ümid verirdi. Aparılan məqsədyönlü, ardıcıl iş bizə məlum idi. Lakin ermənilər çox maneə yaradırdılar, macarları Ramili Azərbaycana qaytarmaqdan inadla çəkindirirdilər. Sonda Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi qalib gəldi. İlham Əliyev Azərbaycan bayrağını dünyada ən uca dirəyin üstünə qaldırıb rekordlar kitabına yazdıranda bir daha inandım ki, xalqını, dövlətini, bayrağını bu qədər istəyən bir rəhbər bu bayrağın müdafiəsi yolunda dara düşən bir oğulu zindanda çürüməyə qoymaz...
- Ramilin 8 illik məhbəs həyatının sonu görünməyən əzabları azadlığa qovuşduğu gün yox oldu. İndi bir ata kimi o, sizin üçün kimdir?
- İnanın ki, mən Ramilin atası olmasaydım da onu qeyrətli bir oğul hesab edərdim. Ramil xalqının şərəfini qoruduğu üçün mənə daha əzizdir. Azərbaycanda elə ailələr oldu ki, Qarabağ müharibəsində 2-3 övlad itirdi. Ramilin dostları Fərid Əhmədov, Əhməd Abdullayev qəhrəmanlıqla şəhid oldular. Ramilin şəklini ürəyinin üstündə gəzdirən Mübariz İbrahimov torpağımızı qəsb etmiş düşmənə xalqımızın kimliyini göstərdi. Ramil isə məhbəsdə Mübarizin şəkllini başı üstündə asmışdı. Bu uşaqlar tək mənim, başqasının deyil, bütün xalqın övladlarıdır. Mənə qalsa, Ramil ermənidən intiqam almayıb, zəruri anda lazım olan qeyrəti göstərib. Onun erməni ilə haqq-hesabı isə hələ döyüş meydanında zamanını gözləyir.
Ramili qəhrəman kimi sevənlər çoxdur. Əslində o, qəhrəmanlara yol açdı, onlara bir çağırış səsləndirdi. Əsl qəhrəman isə Mübarizin və Fəridin cəsədlərini qəddar düşməndən geri alan, Ramili zindandan xilas edən Prezident İlham Əliyevdir. O, öz əməli ilə sübut etdi ki, atasının - xalqımızın atası Heydər Əliyevin oğludur. Bu gün təkcə ailəmiz yox, bütün xalq ona minnətdarlığını bildirir.
İlham Əliyev parlaq zəkası, enerjisi, xoş məramı ilə həyatda çox şeyə nail olub. Xalqımızın lideri kimi mən ona xalqın ən ağrılı məsələsi olan Qarabağ problemini qələbə ilə sona çatdırmağı, bu çoxillik savaşın qalibi olmağı arzu edirəm. İnanıram ki, bu arzum da çin olacaq. Gün gələcək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndində Qələbə paradını qəbul edəcək!
{nl}
Tahir AYDINOĞLU, İlqar RÜSTƏMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.