Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına göz yuman ölkələr və beynəlxalq təşkilatlar Ramil Səfərovun azadlığa çıxmasından niyə narahat olurlar?!

Bu hadisə ikili standart yeridən ölkələri və güc mərkəzlərini də növbəti dəfə ifşa etdi
Hədsiz dərəcədə təəssüf yaradan və bir çox hallarda anlaşılmayan tendensiyadır. Nə üçün özünü demokratiyanın qarantı, insan hüquq və azadlıqlarının ən ali təminatçısı hesab edən dövlətlər onlara sərf edən bütün məqamlarda demokratiyanı "unudur", insan hüquqlarını bir kənara atırlar? Niyə söhbət bilavasitə Azərbaycanın problemlərindən gedəndə qeyd etdiyimiz ölkələr məsələnin üstündən sükutla keçir, Ermənistanın cinayət tərkibli bütün əməllərini isə ört-basdır etməyə çalışırlar?
Nə üçün bir erməninin burnu qanayanda təlaş yaranır, Xocalı adlı qədim Azərbaycan şəhərini xəritədən silib yüzlərlə azəri türkünü qanına qəltan etmiş qatil, quldur, insan qanı içən Serj Sarkisyan dövlət başçısı seçiləndə hamı susur? Necə oldu ki,Ermənistan dövləti dünyanın bir çox nöqtələrində irqindən və dinindən asılı olmayaraq onlarla insanı qətlə yetirmiş, dünya çapında quduz cani kimi tanınan terrorçu Monte Melkonyanı gətirib ermənilərin milli qəhrəmanı elan edəndə demokratiyanın dil pəhləvanları İrəvanın qulağını burmadılar? İndi Azərbaycanın qeyrətli övladının, eləcə də, dünyanın ədalətli insanlar zümrəsinin Ramil Səfərovun azadlığa çıxmasından bu qədər əndişələnməyin səbəbi nədir?
Sual olunur: məgər sivil dünyada ağına- bozuna baxmadan insan öldürməyə vərdiş etmiş Melkonyan və Sarkisyana nisbətən Ramil Səfərov daha təhlükəlidirmi? Axı Melkonyan insanları sifarişlə, pula görə, Sarkisyan məqsədli şəkildə, torpağını tutmaq üçün öldürürdü. Ramil Səfərov isə rəzil ermənini bilavasitə özünün təhriki ilə, bayrağını və adını uca tutmaq məqsədi ilə cəzalandırmışdı. Yeri gəlmişkən, Ramil Səfərovun azadlığa çıxmasına tez-tələsik münasibət bildirməyə çalışanlara, bu məsələyə özlərinə sərf edən don geyindirmək istəyənlərə xatırlatmalı bir çox məqamlar var ki, onlardan bəzilərini yada salaq.
Ramil Səfərov Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda doğulub boya- başa çatmış Azərbaycan zabitidir.Yəni ermənilər öz vəhşilikləri və rəzalətləri ilə bütün azərbaycanlıların nifrətini qazansalar da, işğal altında olan rayonlardan gənclərimizin qəzəbindən daha çox ehtiyatlanmalıdırlar. Bu dəyərli Azərbaycan zabitinin nəsil-nəcabətinin yüz illərdən, bəlkə də, min illərdən bəri əldə etdiyi maddi, mədəni və mənəvi sərvətlərin hamısı oğruluqla və əyri yollarla bütün dünyada ad çıxarmış ermənilər tərəfindən məhv edilib, yandırılıb və ya mənimsənilib. Dünya ictimaiyyəti sayı on minlərlə olan Ramil kimi qeyrətli Azərbaycan gənclərinə minnətdar olmalıdır ki, bu adamlar düşməndən özbaşına qisas almır, dövlət başçımızın tutduğu sülh və danışıqlar yoluna hörmət və ehtiramla yanaşırlar.
Bu gün Azərbaycanın daxili işlərinə müdaxilə etməklə bir ovuc erməninin hüsn-rəğbətini qazanmaq istəyənlərə başqa bir məqamı da xatırlatmaq istərdik. Belə ki, bu gün Qafqazda sülh və sabitlik arzulayan istənilən ölkə və ya güc mərkəzi bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdar olmalıdır. Çünki Azərbaycan xalqının ermənilərə qarşı gündən-günə aşıb -daşan nifrətini məhz cənab İlham Əliyevin müdrikliyi nizamlayır. Ötən dövr ərzində dönə-dönə belə hallar olub ki, xalq erməni işğalına və öz ata- baba yurdunun vandallar tərəfindən təhqir edilməsinə etiraz olaraq işğalçıdan qisas almaq istəyib, müharibəyə başlamağı tələb edib. Bütün hallarda dövlətin tutduğu sülh yolu bu hiddəti bir qədər səngidib. Yəqin ki, bu gün Azərbaycana nəyisə öyrətmək istəyən, ö lkəmizin daxili işlərinə qarışmağa cəhd edənlər bu faktı bilməmiş deyillər. Ancaq məlum bir həıqiqətdən xəbərdar ola-ola yenə də ikili standartlardan əl çəkə bilmirlərsə, deməli, nə isə başqa niyyətləri də var.
Hərdən ekspertlərdən belə bir sual eşidirik: Bu gün Avropa və Amerika üçün hansı Qafqaz ölkəsi daha böyük önəm kəsb edir? Dünyanın ən müxtəlif qütblərini təmsil edən ekspertlərin hamısının cavabı eynidir - Azərbaycan. Növbəti sual ortaya çıxır: nə üçün? Çünki Azərbaycan həm geosiyasi baxımdan bütün dünya üçün əhəmiyyətli ölkədir, həm bu respublikanın təbii sərvətləri hamı üçün cəzbedicidir, həm də Azərbaycan dövləti vətəndaş cəmiyyətinin formalaşdırılmasını, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasını təmin edə bilmişdir. Yəni Avropa, Amerika və demokratiyanı əlində bayraq etmiş istənilən beynəlxalq təşkilatın azərbaycanla əməkdaşlıq etməsi onların özləri üçün sərfəli və üzağlığı gətirən amildir. Bunu hamı bilir və etiraf edir. Amma...
Kütləvi informasiya vasitələri xəbər verirlər ki, bəzi ABŞ rəsmiləri Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasına və burada onun əfvi barədə fərman imzalanmasına münasibət bildirərkən kifayət qədər ifrata varıblar. Hətta, ABŞ dövlət departamentinin təmsilçisi bir qədər də uzağa gedərək öz səlahiyyət çərçivəsindən xeyli kənara çıxmağa da macal tapıb: "Biz bu barədə Azərbaycandan və Macarıstandan izahat gözləyirik".
Biz həmin adamdan soruşuruq: Siz izahatın kimdən istəniləcəyini bilirsinizmi? Bilmirsinizsə, xatırladım, öyrənin. BMT üzvü olan ölkələrin birinin digərindən izahat istəmək hüququ adlı bir müddəa mövcud deyil. Əgər belə bir hüquq mövcud olsaydı, onda biz sizdən soruşardıq ki, nə üçün Azərbaycan torpaqlarının 20 faizini 20 il işğal altında saxlayan, 20 min azərbaycanlını ən birinci və ən təbii hüququ olan yaşamaq hüququndan məhrum etmiş qatil Ermənistan dövlətini müdafiə edirsiniz? Bu məqamda Birləşmiş Ştatların görkəmli siyasətçilərindən olan Zbiqnev Bjezinskinin vaxtilə Yaxın Şərq münaqişələri barədə danışarkən söylədiyi bir fikri yada salmaq zərurəti yaranır. O, deyirdi ki,ümumi ədalət prinsiplərinə əməl etməyən dövlətin başqa dövlət tərəfindən müdafiə edilməsi birincinin əməllərinə şərik olmaq deməkdir. Çox təəssüf ki, Dövlət Departamentinin təmsilçisi "Sizin dövlət nə üçün işğalçı, terrorçu, separatçı, qatil bir insanın rəhbərlik etdiyi Ermənistanı müdafiə edir?" sualına cavab vermək iqtidarında deyil.
Mətbuat xəbər verir ki,son 10-15 ildə Qafqazda qeydə alınmış ədalətli hadisələrdən olan Ramil Səfərovun azadlığa çıxmasını xoşagəlməz hal kimi qiymətləndirən ünvanlardan biri də Birləşmiş Millətlər Təşkilatıdır. Çox pis. Çünki məsələnin bu məqama gəlib çatmasının - münaqişənin həll edilməmiş qalması Azərbaycan və erməni zabitləri arasında oxşar insidentləri hələ çox törədə bilər. Çünki BMT Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədiylə Təhlükəsizlik Şurasında qəbul edilmiş məlum dörd qətnaməsinin icrasını tələb etsəydi, ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çıxıb gedərdilər və indi haqqında söz açdığımız insident də baş verməzdi. Üstəlik, BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunarkən bilavasitə bu konfliktin həll edilməsi üçün yaradılmış Minsk qrupunun həmsədri olan ölkələr bitərəf qalır. Bu isə Azərbaycana qarşı ikili standartın tətbiq edilməsiylə yanaşı, BMT-yə olan hörmətsizliyin nəticəsidir. Odur ki, BMT-nin şərə düşmüş zabitin azad edilməsinə bu şəkildə reaksiya verməsi çox absurd görünür.
Başqa bir məqama diqqət yetirək. Ötən il iyulun 22-də norveçli terrorçu Anders Berinq Breyvik Oslo şəhərində 77 nəfərin ölməsi və 97 nəfərin yaralanması ilə nəticələnən qanlı terror hadisəsi törətmişdi. Bu quldur məhkəmədə əməllərini tamamilə etiraf etsə də, özünü günahkar saymadığını söyləmişdi. Məhkəmə bu qaniçən caniyə cəmi 21 il azadlıqdan məhrumetmə cəzası verdi. Daha yaxşı şəraitlə təmin olunan Breyvik həbsxanadan çıxandan sonra da müsəlmanları qıracağını vəd edir. Kim cəmiyyət üçün daha təhlükəlidir? Berinq Breyvik, yoxsa Ramil Səfərov? Elə isə nə üçün bir erməniyə yerini göstərdiyinə görə Ramil Səfərova ömürlük həbs cəzası verilir,77 nəfəri öldürən qatilə isə 21 il ? Bəs Avropanın ədaləti, obyektivliyi harada qaldı? Görünür, bundan sonra biz həmin ədaləti və obyektivliyi özümüz bərqərar etməli olacağıq. Necə ki, cənab Ali Baş Komandanımız Ramil Səfərovu əfv etdi.
Bu gün Azərbaycan təkcə öz qeyrətli,Vətənə sipər oğlunu bağrına basdığına görə deyil, həm də haqqı ,ədaləti bərpa etdiyinə görə sevinir. Ermənistan isə daha bir türk-azəri övladını həbsxanada çürüdə bilmədiyinə görə öldürücü üzüntülər içərisindədir. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi xarici siyasət ermənilərin son 200 ildə qurduğu fitnə -fəsad torunu tamamilə qırıb dağıtmaqdadır.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında