TANAP layihəsinin reallaşması dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək

Son dövrdə Xəzərin Azərbaycan sektorunda yeni qaz-kondensat yataqlarının kəşf olunması, "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə başlanılması üzrə hazırlıqların yekunlaşmaqda olması da bu ümidlərin doğrulacağını göstərir. 2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının 30 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, regionun və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi baxımından Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaqdır. 2011-ci ildə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Bakıya səfəri çərçivəsində "Cənub Enerji Dəhlizi" haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın enerji potensialına, qısa müddətdə ixrac marşrutlarının diversifikasiyasına nail olmuş bir ölkə kimi onunla tərəfdaşlığa verilən önəmin təzahürüdür.
Dünya miqyasında ixrac marşrutlarının son dövrlərdə xüsusilə mühüm əhəmiyyət kəsb edən şaxələndirmə prinsipi Azərbaycanın milli maraqlarına və ulu öndər Heydər Əliyevin yeni neft strategiyasına uyğundur. "Əsrin müqaviləsi"nin imzalanmasından keçən dövr ərzində Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri bərpa edilmiş, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikilib istismara verilmiş, şaxələndirilmiş etibarlı ixrac neft-qaz kəmərləri sistemi yaradılmışdır. Bu gün Azərbaycan nefti və qazı 7 magistral boru kəməri vasitəsilə müxtəlif istiqamətlərdə nəql olunur. "Şahdəniz-2" layihəsi çərçivəsində, habelə son illərdə açılmış "Ümid", "Abşeron" yataqlarından, digər perspektiv strukturlardan hasil olunacaq Azərbaycan qazının Türkiyə ərazisi ilə Avropa sərhədlərinə nəql olunmasını nəzərdə tutan yeni Trans-Anadolu Təbii Qaz Boru Xəttinə (TANAP) dair ötən ilin sonlarında imzalanmış Memorandum ixrac-nəql sisteminin diversifikasiyası nöqteyi-nəzərindən xüsusi qeyd edilməlidir. Bu layihə ilə həm də iki qardaş ölkənin - Azərbaycanla Türkiyənin enerji sektorundakı uzunmüddətli əməkdaşlıq sahəsində yeni bir eranın başlanğıcı qoyulacaqdır. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər TANAP layihəsini yeni dövrün "Bakı-Tbilisi-Ceyhan"ı kimi qiymətləndirirlər.
Yeri gəlmişkən, xatırladaq ki, "Şahdəniz" layihəsinin birinci mərhələsi çərçivəsində yataqdan hasil olunan qaz Azərbaycana və Bakı-Tbilisi-Ərzurum kəməri ilə Gürcüstana və Türkiyəyə çatdırılır. "Şahdəniz"in növbəti mərhələsi ölkəmizin qaz təchizatını daha da yaxşılaşdıracaq və "mavi yanacağın" ixracının şaxələndirilməsinə imkan verəcəkdir. Qeyd edək ki, ikinci mərhələnin ilkin qazının 2017-ci ildə əldə olunacağı nəzərdə tutulmuşdur.
Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə "Şahdəniz"in hasilatı üçqat artacaqdır. Belə ki, əgər layihənin hazırda fəaliyyətdə olan birinci mərhələsi çərçivəsində mövcud platformadan ən yüksək hasilat dövründə ildə təxminən 9 milyard kubmetr qaz götürüləcəksə, ikinci mərhələdə bunun üstünə daha 16 milyard kubmetr gələcəkdir. Beləliklə, 2006-cı ildən istismara verilən "Şahdəniz" hazırda dünyada ən böyük qaz-kondensat yataqlarından biridir.
İkinci mərhələnin ilkin qazının 2017-ci ildə alınacağı gözlənilir. Həmin vaxta qədər isə dənizdə və quruda irihəcmli işlər həyata keçiriləcəkdir. Belə ki, iki yeni platforma quruda inşa edilərək aparılıb dənizdə quraşdırılacaqdır. Bu qurğular bir-birinə körpü vasitəsilə birləşdiriləcəkdir. Dənizin 550 metr dərinliyində ümumi uzunluğu 550 kilometr olan sualtı boru kəmərləri şəbəkəsi yaradılacaqdır. Səngəçal terminalının "Şahdəniz" hissəsi genişləndiriləcəkdir. Eləcə də Azərbaycanın və Gürcüstanın ərazisi ilə "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gücü artırılacaqdır. Yatağa gətiriləcək iki yarımdalma qazma qurğusu ilə 26 sualtı quyunun qazılması da planlaşdırılmışdır.
Hazırda "Şahdəniz"in birinci mərhələsinin qazı CQBK vasitəsilə Səngəçaldan Gürcüstan-Türkiyə sərhədinədək nəql olunur. Oradan isə CQBK-ya qoşulan 280 kilometrlik əlavə xətt qazı Türkiyənin ərazisində Ərzurumadək aparır. Xatırladaq ki, bu xətt Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.
"Şahdəniz" qazı Azərbaycanın mavi yanacaq ixracı imkanlarını xeyli genişləndirəcəkdir. Hazırda "Şahdəniz" konsorsiumu Xəzər dənizindən Avropaya qaz ixracı ilə bağlı təklifləri dəyərləndirir. Həmin təkliflər 2011-ci ilin oktyabr ayının 1-dək "Nabucco", Trans-Adriatik Boru Kəməri və "IGI Poseidon" tərəfindən təqdim olunmuşdu. Bundan əlavə, "Şahdəniz" layihəsi qrupu regional olaraq mövcud və ya gələcək interkonnektor infrastruktur sistemi vasitəsilə Cənub-Şərqi Avropadakı bazarlara qaz ixrac edə biləcək dördüncü potensial ixrac variantını da qiymətləndirir.
Keçən il oktyabrın 25-də "Şahdəniz-2" layihəsinin yekun investisiya qərarı qəbul edildi. Həmin gün iki ölkə arasında Türkiyənin Azərbaycandan qaz almasına və Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzitinə imkan verən bir sıra mühüm qaz ixracı sazişləri imzalandı. Bu sazişlərin imzalanması "Şahdəniz"ə Avropaya boru kəməri seçimi prosesini davam etdirməyə və potensial alıcılarla qaz satışı sazişlərini təsdiq etməyə imkan verir.
Bundan əlavə, ötən il dekabrın 26-da Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Enerji və Təbii Ehtiyatlar Nazirliyi arasında "TransAnadolu Təbii Qaz Boru Xətti (TANAP) Memorandumu" da imzalandı. Həmin memoranduma əsasən TANAP layihəsi Azərbaycan qazının Gürcüstandan keçməklə Türkiyə ərazisindən Avropaya nəqlini nəzərdə tutur.
Yeri gəlmişkən, bu il iyulun 11-də Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, TANAP Azərbaycan və Türkiyənin birgə layihəsidir: "Mən tam əminəm ki, bu layihənin uğurlu nəticəsi olacaqdır. Çünki bu günə qədər Azərbaycan tərəfindən irəli sürülmüş layihələrin heç biri iflasa uğramayıb. Hər biri gözəl nəticələrlə sonuclanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Bakı-Novorossiysk kəmərləri və digər kəmərlər Azərbaycan tərəfindən icra edilib və uğurla icra edilib".
Türkiyə TANAP layihəsində Azərbaycanın əsas tərəfdaşıdır. Türkiyənin Gürcüstandan başlayan sərhədindən Avropada bitən sərhədinə qədər olan məsafədə Xəzər hövzəsindən çıxan Azərbaycan qazının Avropa bazarlarına birbaşa nəqli nəzərdə tutulur. Belə bir beynəlxalq iqtisadi layihənin qardaş Türkiyə ilə birgə həyata keçirilməsi Azərbaycanın çox böyük gücə və potensiala sahib olduğunu nümayiş etdirir. Bu, istər siyasi, istərsə də iqtisadi nöqteyi-nəzərdən beynəlxalq səviyyədə Azərbaycanın mövqelərinin möhkəmlənməsində çox uğurlu addımdır. Bu razılaşma Azərbaycanla Türkiyə arasında "bir millət, iki dövlət" prinsipinin daha da genişlənməsi, dərinləşməsi üçün çox böyük əsaslar yaradır.
TANAP layihəsi iki ölkənin bu sahədə tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, həmçinin Xəzərin Azərbaycan sektorundan çıxan zəngin qaz ehtiyatlarının (hazırda 2,6 trilyon kubmetr qaz ehtiyatı aşkarlanmışdır) Türkiyə vasitəsilə Avropa bazarlarına çıxarılması, birinci əldən realizə olunması və əldə olunmuş gəlirin Azərbaycanın, eyni zamanda müvafiq olaraq Türkiyənin inkişafına yönəldilməsinə, dünyada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edəcəkdir. Xatırladaq ki, 7 milyard dollarlıq bu layihə 5 il ərzində tamamlanacaq və ilkin olaraq keçiriciliyi 16 milyard kubmetr olan boru kəmərinin gücünün sonradan 50 milyard kubmetrə çıxarılması nəzərdə tutulur. 80 faizi Azərbaycana, 20 faizi Türkiyəyə məxsus olacaq Trans-Anadolu qaz kəməri ilə nəql ediləcək qazın 6 milyard kubmetri Türkiyənin daxili ehtiyacları, 10 milyard kubmetri isə Avropaya satış üçün nəzərdə tutulur.
Sözügedən layihə 4 mərhələdə həyata keçiriləcəkdir. Onun ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaqdır. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcəkdir.
TANAP layihəsinin reallaşması nəticəsində ARDNŞ-in Türkiyəyə yatırdığı investisiyaların həcmi 17 milyard dollara çatacaqdır. Layihənin reallaşması nəticəsində Türkiyə sənayesinə ən çox investisiya yatıran şirkət ARDNŞ, ən böyük ölkə isə Azərbaycan olacaqdır.
Hazırda TANAP-ın reallaşması ilə bağlı layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır, növbəti addım olaraq onun maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsi və maliyyə institutları ilə danışıqların aparılması planlaşdırılır.
Beləliklə, ekspertlərin vurğuladığı kimi, Azərbaycan və Türkiyə arasında imzalanan Trans-Anadolu Qaz Kəməri (TANAP) layihənin reallaşması dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcəkdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında