Qara qumlara tərkibində 40-50%-ə qədər titanmaqnetit, maqnetit və 20-30%-ə qədər avgit kimi qara rəngli mineralların çoxluq təşkil etdiyi qumlar aiddir. Belə qumlarda maqnetit mineralı çoxluq təşkil etdiyindən onları maqnetitli qara və ya sadəcə olaraq maqnetitli qumlar da adlandırmaq olar.
Maqnetitli qara qumlara dünyanın bir çox regionlarında, o cümlədən Portuqaliyada, Norveçdə (Lofopyan adası), Yaponiyada (Ariake körfəzi), Rusiyada (Kamçatka yarımadası), Gürcüstanda Qara dəniz sahillərində (Batumi ətrafında), Xəzər dənizinin İrana, Azərbaycan Respublikasına aid sahillərində və s. yerlərdə rast gəlinir. Bizim ölkəmizdən başqa, yuxarıda adı çəkilən ölkələrdə maqnetitli qumlardan bu və ya digər məqsədlər: qızıl, almaz, platin, maqnetit (dəmir) istehsalı və ya təbii geoloji obyekt kimi, balneoloji turizm məqsədi üçün istifadə olunur.
Maqnetitli qara qumlara Xəzər dənizi sahillərində, o cümlədən onun Azərbaycan Respublikasına aid hissəsinin cənub-qərb sahillərində, eni 50-200 metr olmaqla Lənkəran rayonu ərazisindəki Liman şəhərindən Astara rayonunun İran İslam Respublikası ilə sərhədinə qədər olan bir ərazidə rast gəlinir. Qumların burada əmələ gəlməsində əsas rol Talış qırışıqlıq zonasının şimal-şərq yamacını əhatə edən Alaşir-Buravar antiklinoriumunun mərkəzi hissəsində intişar tapmış qabbrolara, bazaltlara, andezitlərə, onların tuflarına və tufbrekçiyalarına məxsusdur . Belə ki, bu ərazilərdə yayılmış bu süxurlar Lənkərançay, onun qollarının və s. çayların fəaliyyəti nəticəsində aşınmış və differensasiyaya məruz qalmaqla şimal-şərq istiqamətində Xəzər dənizinə tərəf daşınmışdır. Digər tərəfdən, bunlar dəniz kənarı səpintilər olmaqla su kütləsinin horizontal istiqamətdə hərəkəti nəticəsində qumların (mineralların) ağır fraksiyalarının yuyulması, çeşidlənməsi və çökdürülməsi hesabına əmələ gəlmişdir.
Dəniz dalğalarının əks hərəkəti nəticəsində mineralların yüngül və xırda hissəcikləri sahildən uzaqlaşır. Ağır və nisbətən iri hissəciklər isə sahildə çökdürülür ki, bunun da hesabına yuxarıda sadalanan mineralların dəniz kənarı səpinti yataqları əmələ gəlir. Belə hallarda mineralların (qumların) ağır fraksiyasının bir hissəsi dənizin şelf, müəyyən hissəsi isə çayların delta hissəsində və ya dənizə batdığı yerdə cəmləşir.
İlkin məlumatlara görə, Xəzər dənizinin cənub-qərb hissəsində maqnetitli qumların qalınlığı 2-5 metr arasında dəyişir və onların yayıldığı ərazidə maqnetitin konsentrasiyası dəyişkən olmaqla 40%-dən çoxdur.
İnsanlar maqnetitli qumlarla ilk tanışlıqdan ondan istifadə etməyi öyrənmişlər. Əgər əvvəllər maqnetitli qumlardan təkcə dəmir üçün bir xammal kimi istifadə olunurdusa, bu gün elmin, texnikanın inkişafı ilə əlaqədar maqnetitli qumlardan daha geniş sahələrdə istifadə edirlər. Bu gün metallurgiyada maqnetitli qumlardan dəmir, çuqun, polad istehsalında, tibbdə onları təşkil edən maqnetit mineralının maqnitlik xüsusiyyətinə görə qapalı (laborotoriyalarda) və açıq şəraitdə (çimərliklərdə) "maqnitometriya" sahəsində, bəzən isə bir sıra əlavə qarışıqlardan da istifadə etmək şərti ilə inşaat materialı kimi də geniş istifadə olunur.
Maqnitin müalicəvi əhəmiyyəti haqqında son illərin ən maraqlı məlumatı Miçiqan Ştatının Templ Universitetinin alimi R. Taoya məxsusdur. Bu alim və onun tələbəsi K. Xuanqanın fikrincə, elə bir vaxt gələcək ki, infarkt keçirmiş və ürək-damar xəstəlikləri olan insanların arterial damarlarında qan qatılaşmasının qarşısının alınması üçün verilən aspirini maqnit əvəz edəcək. Onlar bunu eritrositlərdə dəmirin iştirakı və maqnit sahəsinin bu dəmirə təsiri ilə izah edərək, qanın qatılaşmasının (laxtalaşmanın) qarşısını 20-30% azaltmağa nail olmuşlar.
Təbii şəraitdə (çimərliklərdə və s.) yayılmış maqnetit minerallarının maqnit və ferromaqnit xassələri, onların yayıldığı ərazidə yaranan maqnit sahəsi hamıya məlumdur və bu səbəbdən də belə xəstəlikləri olan insanlara maqnetitli qumların müsbət təsiri təkzib edilməzdir.
Maqnetitli qumların yuxarıda göstərilən istifadə dairəsini, onların nadir xüsusiyyətlərini nəzərə almaqla Xəzər dənizinin cənub-qərb hissəsində intişar tapmış müasir dövr yaşlı incə və orta dənəli maqnetitli qumların yayıldığı əraziləri təbii geoloji obyeklərin mineraloji növünə aid etməklə, onlardan balneoloji turizm obyekti kimi istifadə etmək olar. Bundan başqa, maqnetitli qumlardan bir sıra metalların istehsalında xammal mənbəyi və kimyəvi dərman preparatlarını əvəz edə bilən təbii müalicəvi vasitə kimi istifadə edilə bilər. Nəhayət, geoloji baxımdan maqnetitli qara qumların aşındığı mənbə, bilavasitə əsasi və ultraəsasi süxurlar olduğundan onlarda nəcib metallar və qiymətli daşların olması da mümkündür.
{nl}
Fəxrəddin ABDULLAYEV, geoloq
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.