Qubadlılar tezliklə Vətənə dönəcəklərinə əmindirlər

Qubadlının işğalından 19 il ötür
Bu yaxınlarda Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dövlət Neft Şirkətinin dəstəyi və daxili imkanlar hesabına əsaslı təmir edilərək mərasim evi kimi istifadəyə verilən "Şəfa" sanatoriyasının yeməkxana binasının açılış mərasimində verilən iftar zamanı çıxış edən qubadlıların Tanrıdan diləyi ancaq Vətənə qayıtmaq, o torpaqlarda yeni həyata başlamaq oldu.
Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov mərasimdə çıxış edərək bildirdi ki, bu gün dövlətimiz onun rəhbəri cənab İlham Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində Qubadlının məcburi köçkünlərinin sosial vəziyyəti gündən-günə yaxşılaşır. Bu insanlar 19 ildir ki, öz doğma el-obalarından uzaq düşmüşlər. Onlar respublikamızın müxtəlif guşələrində, əsasən isə Sumqayıt şəhərində məskunlaşmışlar. Doğrudur, bu insanların yaşayış səviyyəsi ildən-ilə yaxşılaşsa da, Vətən həsrəti onların ağrılı yeridir.
Qubadlının yazı da, qışı da gözəldir. İki dağ çayı- Bərguşad və Həkəri kəmər kimi rayonun belinə dolaşır. Zəngin təbii sərvətləri var idi bu rayonun. Qubadlılar buranı cənnətə çevirmişdilər. Ağsaqqallar deyirlər ki, əgər rayon erməni quldurları tərəfindən işğal olunmasaydı, indi Qubadlı tanınmaz dərəcədə dəyişmişdi. Onsuz da 80-ci illərin əvvəllərində rayonda çox güclü inkişaf başlamışdı.Yeni yollar çəkilmiş, kəndlər abadlaşdırılmış, çaylar üzərində müasir üslubda körpülər tikilmiş, rayon mərkəzində hündürmərtəbəli evlər ucaldılmış və s. Elə kənd yox idi ki, orada mətəb, kitabxana, klub inşa edilməsin.
Bu gün erməni işğalı altında olan Qubadlı torpağı əsl ekoloji təcavüzə məruz qalıb. Evlər yandırılıb, meşələr qırılıb odun və inşaat materialları kimi istifadə olunur. Qubadlı ərazisində iki böyük tikinti materialı bazarı təşkil edilibdir ki, oradan İran vətəndaşlarına ev, meşə materialları və digər təbii sərvətlər satılır.
Əsirlikdən qayıdanların bildirdiyinə görə, ermənilıər bu torpağın təkcə əhalisinin var-dövlətini deyil, bütün təbii sərvətlərini də yığıb aparırlar. Qubadlı rayonunun videoçəkilişi zamanı Hal və Məmər kəndlərindən rayon mərkəzinə gedən asfalt yolun sağ və solunda, həmçinin görüntülərdə müşahidə olunan həyətyanı sahələrdə doğranmış çoxillik ağacların kötükləri görünür, həmin ərazidə ötən illərdə törədilmiş yanğının qalıqları aydın seçilir. Kəndlərdə yaşayışdan və iridiametrli çoxillik ağaclardan əsər-əlamət yoxdur. Bütün ərazini kəsilmiş ağacların 2-3 illik pöhrələri, böyürtkən kolları basmışdır.
Qarabağ müharibəsində Qubadlının ümumilikdə 232 sakini şəhid, 146-sı əlil olub. Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub. Bunlar hamısı məhv edilib.
Təkcə rayonun işğala məruz qaldığı 1993-cü ilin avqust ayında 94 nəfər şəhid olmuşdur. Bunlardan 19-u hərbçidir. Avqust ayında şəhid olanların 27 nəfəri qadın, 4 nəfəri uşaq, 18 nəfəri 70 yaşdan yuxarı ahıl vətəndaşlardır.
Bütün bunlara baxmayaraq, qubadlılar çətinliklərə tab gətirdilər, dövlətimizin gündəlik qayğısı nəticəsində özlərinə yeni həyat qurub yaşaya bildilər. Qubadlı əhalisi bu gün də respublikamızın ictimai-siyasi, mədəni həyatında, təhsil, səhiyyə, idman sahələrində, tikinti-quruculuq işlərində layiqincə iştirak edir, dövlətə, dövlətçiliyə sədaqət nümunəsi göstərir.
Hazırda rayonun əhalisi 34 min 700 nəfərdir. Onlar respublikanın 42 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar.
Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə göstərdiyi hərtərəfli diqqət və qayğı, icra edilən proqramların uğurlu nəticələri qubadlıların da həyatında öz əyani ifadəsini tapır. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il və 21 fevral 2011-ci il tarixli sərəncamları ilə Dövlət Proqramına edilmiş əlavələrin icrası istiqamətində xeyli işlər görülmüşdür.
İndiyədək Mingəçevir şəhərində 11, Sabirabad rayonunda 4, Biləsuvar rayonunda 16 ailə, Füzuli rayonunda 1 ailə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində 13 ailə, Sabunçu rayonunun Ramana qəsəbəsində 2 ailə yeni salınmış şəhərciklərdə mənzillə təmin olunmuşdur. 3 şəhid ailəsinə yeni mənzil inşa olunmuşdur. Ümumilikdə 103 ailə yeni mənzillə təmin edilmişdir.
Bakı və Sumqayıt şəhərlərində 1090 ailənin (6500 nəfər) məskunlaşdığı 40 obyekt əsaslı təmir edilmişdir.
Məcburi köçkünlük dövründə rayonun strukturlarının fəaliyyəti bərpa edilmiş, 32 ümumtəhsil məktəbinin hamısı üçün yeni tikilmiş və əsaslı təmir edilərək yenidən qurulmuş, faktiki olaraq 6 mindən artıq şagirdin təhsil alması üçün müasir tələblərə cavab verən baza yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin qayğısı nəticəsində Qubadlıda dünyəvi təhsilin bünövrəsini qoyan Qara İlyasov adına 1 saylı Qubadlı şəhər məktəbinin 125 illiyi respublika səviyyəsində qeyd edilmiş, məktəb üçün Sumqayıt şəhərində müasir tələblərə cavab verən bina inşa olunmuşdur.
Rayonun gəncləri dünyanın idman arenalarında Azərbaycanı ləyaqətlə təmsil edirlər. Seymur Hüseynov, Elburus Məmmədov, Niyaməddin Paşayev, Məhəmməd Məhəmmədov, Heydər Məmmədəliyev idmanın müxtəlif növləri üzrə dünya çempionu olmuşlar. Rayonun idman məktəbinin yetirmələrindən olan onlarla idmançı dəfələrlə beynəlxalq turnirlərdə fəxri mükafatlar əldə etmişlər. Elə 2012-ci ildə Türkiyə Respublikasında keçirilmiş tayboks yarışında Nahid Əsədov və Orxan Vəliyev I yeri tutaraq Avropa çempionu olmuş, Rauf Nəcəfov II yeri, Murad Əliyev III yeri tutaraq gümüş və bürünc mükafatlar qazanmışlar. Ukraynada karate-do üzrə dünya birinciliyində Fərid Ağayev I yeri tutaraq Dünya Kubokuna sahib olmuşdur. Polşada keçirilən yeniyetmələr üzrə Yunan-roma güləşi üzrə Avropa çempionatında İslam Abbasov I yerə çıxmışdır.
Rayonda məcburi köçkünlərə tibbi xidmətin yaxşılaşdırılması üçün də tədbirlər görülmüşdür. Sumqayıt şəhərində Qubadlı Mərkəzi Rayon Xəstəxanasının poliklinikası üçün yeni bina inşa edilmiş, rayonun Tatar və Qarakişilər kənd feldşer-mama məntəqələrinin fəaliyyəti bərpa olunmuşdur.
Görülən işlərin miqyası qeyd etdiklərimizdən daha genişdir. Qubadlının məcburi köçkünləri hər an dövlətimizin qayğısını hiss edirlər. Onlar Azərbaycan Prezidentinin apardığı siyasətə inanır və bu siyasət nəticəsində torpaqların işğaldan azad ediləcəyinə əmindirlər.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında