Zaqatala: İnsanların əməlləri dağlar kimi vüqarlıdır

Bölgə müxbiri kimi fəaliyyət göstərməyin xüsusilə qeyd ediməli cəhətlərindən biri də odur ki, adam hər rayonda özünə qəlbən, ruhən bağlı olan bir neçə dost tapır. Xidmət göstərdiyim rayonların hamısında belə insanlar çoxdur. Hər adamın bir xarakterik cizgisinə görə onunla daim həmsöhbət olmaq istəyirsən.
Zaqatalalı foto-müxbir Əhməd İsayevlə dostluğumuzun tarixçəsini və onun bir insan kimi keyfiyyətlərini ötən yazılardan birində qeyd etmişdim. Xatırladım ki, bu adama hansı mövzuda şəkil çəkməyini xahiş etsəm, deyir ki, çoxdan hazırdır. Yəni, mənim rayondan hazırlayacağım yazı üçün hansı şəkli istəyəcəyimi əvvəlcədən hiss edir. Zaqatalada bir insan kimi müsbət keyfiyyətlərini sevdiyim və hətta, heyran olduğum adam isə İlkin Rzayevdir. Bunu rayonda hamı yaxşı bilir.
Əvvəlcədən qeyd edim ki, İlkin müəllim həmin keyfiyyətlərinə artıq məni də ortaq edib. Daha doğrusu, mən ona baxa-baxa eynən "onun gününə düşmüşəm".
Nədir bu dostumun qeyri-adi keyfiyyəti? Altı-yeddi ildir ki, ildə bir neçə dəfə İlkin müəllimi ona aid olmayan bir tikintinin yanında yarım saat, bir saat dayanıb işin gedişinə tamaşa etdiyini görmüşəm. Bənna daşları bir-birinə hörüb, toxuduqca onun gözündə qeyri-adi bir sevinc görünür. Yaxud hansısa məktəb binasının dam örtüyü çəkilir, sonuncu şifer vurulanda dostumuz dərindən nəfəs alır. Adama elə gəlir ki, həmsöhbətin yorğunluğu çıxdı. Bilmirəm bu keyfiyyətin adını necə yazım. Özgənin sevincinə şərik olan insanın daxili təmizliyimi? Yoxsa, Vətən torpağında, doğma yurdda tikilən istənilən binanın insan ürəyində yaratdığı məmnunluqmu? Bilmirəm...
Sən demə, Zaqatalada bu geniş ürəkli insanın gözünü sevindirə bilməyən tikintilər də olacaqmış. Ötən həftə onunla birlikdə zəlzələ vaxtı dağılmış bir məktəb üçün inşa edilən binanın yanından keçirdik. Ürəyimdə fikirləşirdim ki, həmsöhbətim yenə də tikintinin yanında dayanacaq, daşın üstünə daş qoyulmasının sevincini yaşayacaq. Yox, belə olmadı. Dostum tikintini görmürmüş kimi oradan ötdü. Səbəbini soruşmasam da, özü danışdı:
- Mən Zaqatalanın inkişafına, yeni-yeni tikintilərin göz oxşamasına sevinmişəm. İstər dövlət və ya şirkətlər tərəfindən, istər də fərdi adamlar tərəfindən tikilən bütün bina və qurğular məni sevindirib. Bu gün Zaqatala başdan başa tikinti meydanına çevrilib. Zəlzələnin vurduğu ziyan aradan qaldırılır. İndi tikilən binaları görəndə tək sevinc hissi keçirmirəm, gözlərim yaşarır.
Sözünə qüvvət verirəm. Bildirirəm ki, həqiqətən bu tikintilərə görə sevinməliyik, Çünki dövlətimiz güclüdür, vətəndaşlarımız təbii fəlakətin nəticələri ilə mübarizədə təkbaşına buraxılmır. Dövlət başçısı, nazirlər, rayon rəhbəri həmişə zərər çəkmiş insanların yanındadırlar...
Elə bil İlkin bunu gözləyirmiş. Bir xeyli uzaqlara baxdı. "Elə bilirsiniz asandır ?- dedi.
Mən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin zəlzələdən zərər çəkmiş insanlarla çox görüşlərinin şahidi olmuşam. Sanki o, həmin günahsız insanların hamısının taleyini yaşayır. Bu adamların xəstəsi, qocası, uşağı, əlili var. Bir tərəfdən də artıq payızın addım səsləri eşidilir.
Doğrusu, İlkin Rzayevin insani hisslərinin, bir dost kimi nə üçün bu qədər sevindiyinin fərqinə varmamışdım. İndi bir çox məqamlar mənə aydın olurdu. Şair demiş, ürəkdən-ürəyə yollar görünürdü. Mən yazıya son aylar Mübariz Əhmədzadənin çiyninə düşən missiyanın ağırlığı barədə fikirlərlə başlamaq istəyirdim. Bu işi İlkin gördü...
Tanıdığım, on illər boyu şahidi olduğum bir həqiqət var. Mübariz Əhmədzadə heç zaman, heç bir işdən usanmır. Bu, insanın mübarizlik canındadır - desək yanılmarıq. Bilirsiniz bu gün Zaqatalada nə qədər görülməli iş var? Bilirsiniz Mübariz Əhmədzadənin qayğıları nə qədərdir? 1887 qəzalı ev və 17 məktəb binası bilavasitə onun gözü qabağında sökülüb. Tikinitisinə başlanılan 720 evin və 11 məktəbin sevinci bu qədər itkinin yaratdığı təəssüfün, ağrı-acının yanında nədir ki? Üstəlik, təbii fəlakətdən sonrakı dörd ayda Zaqatalanın ənənəvi inkişaf tendensiyasını da səngiməyə qoymaq olmazdı. Rayon rəhbərliyinin gündəlik qayğısını görən zaqatalalılar bu məqsədə nail ola biliblər. İlin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,9 faiz çox məhsul istehsal olunub. Eyni zamanda, 105 yeni iş yeri yaradılıb. Bu qədər gərgin bərpa işləri ilə yanaşı rayonda illik istehsal gücü 500 ton olan quş əti məmulatları istehsal edən müəssisələrdə tikinti işləri başa çatdırılıb, kiçik su elektrik stansiyasının tikintisi üçün torpaqayırma işləri görülüb, 10 min tonluq taxıl anbarının tikintisi sənədləşdirilib, 1000 tonluq soyuducu anbar kompleksinin tikintisində isə son tamamlama işləri görülür. Bundan başqa, yeni çörək zavodunun və saatda 250 kubmetr beton istehsal edə biləcək müvafiq zavodun tikintisi üçün hazırlıq işləri aparılıb.
Qeyd olunan bu məqamlar haqqında Mübariz müəllimin özü ilə söhbət eləməyə sözün həqiqi mənasında böyük ehtiyac var idi. Amma, həmsöhbətimiz işin çoxluğundan, problemlərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərin miqyasından danışmaq istəməsə də deməyə sözü çox idi:
- Təbii fəlakətdən dərhal sonra cənab Prezident İlham Əliyevin tapşırığı ilə zəlzələ bölgəsində Fövqəladə Hallar Nazirliyinin qərargahı yaradılaraq fəaliyyətə başladı. Zərər çəkmiş vətəndaşlara hər cür yardımların göstərilməsi, sakinlərin həyatının xilas edilməsi üçün operativ tədbirlər həyata keçirilməsi, insanların qəzalı evlərdən çıxarılması üçün lazım olan bütün təxirəsalınmaz tədbirlər görüldü. Dövlət başçımızın daha çox dağıntılar olan Gözbarax kəndində əhali ilə görüşməsi rayon sakinlərinin problemlərin tezliklə aradan qaldırılacağına ümidini artırmışdı. Nazirlər Kabinetinin ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında cənab Prezident bizim ümid və inamımızı bir daha artıraraq söylədi ki, "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, yeni evlər, məktəblər, sosial infrastruktur əvvəlkindən qat-qat keyfiyyətli və rahat olacaqdır". Biz cənab Prezidentin rəhbərliyi ilə həm adıçəkilən problemlərin aradan qaldırılması, həm də rayonun sosial-iqtisadi inkişafının qayğısına qalması istiqamətində bütün tədbirləri uğurla reallaşdırırıq".
Mübariz müəllim narahat adamdır. Uzun illər rəhbər vəzifələrdə işləyib. Harada çalışıbsa işindən razı qalıblar. Rəhbərlik etdiyi kollektiv həmişə ona ümid, güman yeri kimi baxıb. Sirrini açıb, dərdini söyləyib. Bu gün Zaqatalada da belədir. Onun qapısını ümidlə döyürlər. Problemlərini söyləyirlər, ondan kömək gözləyirlər.
- İnanın, çətindir, çox çətindir, - deyir, - bu insanların faciəsi hamımızın faciəsidir. Hər gün onlarla görüşürəm. Ürək sözlərinə qulaq asıram. Gizlətmirəm, hərdən dinclik tapmaq üçün qonşu Qax rayonuna, ata-baba ocağına gedirəm. Burada indi mənim doğulub boya-başa çatdığım ata yurdu ilə yanaşı başqa bir müqəddəs ünvan da var. Bu da atam Cuma Əhmədzadənin adını daşıyan küçədir. Tək-tənha bu küçə ilə gəzirəm. Gördüyüm işlər barədə ona hesabat verirəm. Bir sözlə, mənə və bütün qaxlılara doğma, əziz olan bir insanla baş-başa qalıram. Sanki onun səsini eşidirəm, nəfəsinin hənirtisini duyuram.
Mübariz müəllim danışdıqca bu gün Qaxda hamının bir ağsaqqal kimi tanıdığı Camal Muxtarovun dediyi sözləri xatırlayıram: "Oğul, Əhmədzadələrin pis olmağa haqları yoxdur. Çünki onlar Cuma Əhmədzadənin halal çörəyini yeyiblər!" Sərrast deyilmiş sözlərdir, deyilmi?
Zaqatalada olarkən öyrəndik ki, rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə kifayət qədər texnika alınıb, maşın - mexanizmlər parkı müasirləşdirilib. Əhaliyə elektrik enerjisi və təbii qaz verilməsini yaxşılaşdırmaq məqsədilə yeni layihələr həyata keçirilib, təmir-bərpa işləri görülüb. Rayon əhalisinin içməli su ilə təminatını yaxşılaşdırımaq üçün Yeni Suvagil kəndində artezian quyusu su anbarına qoşularaq uzunluğu 452 metr olan su xətti çəkilib, Zəyəm kəndində magistral su xəttinin 500 metrlik hissəsi yeni borularla əvəz olunub. "Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi" layihəsinin 2-ci mərhələsinin icrası olaraq xarici su təchizatı obyektlərinin, şəhərdaxili su və kanalizasiya xətlərinin və anbarlararası magistsral su kəmərlərinin tikintisi işləri davam etdirilir. Muxax kəndində 80 şagird yerlik orta məktəb binasında, Danaçı kəndində inşa edilmiş idman zalında və Zaqatala şəhərində Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilən 50 yerlik uşaq bağçasında son tamamlama işləri aparılır. Yevlax - Balakən dəmir yolunun 151-ci mənzilində Göyəm dayanacağının, Statistika və Baytarlıq idarələri üçün tikilən inzibati binaların, Fikrət Əmirov küçəsində daxili imkanlar hesabına tikilən "Xeyir-şər" evinin, Qımır və Maqov kəndlərində tibb məntəqələrinin tikintisi başa çatdırılıb və bu obyektlər sakinlərin ixtiyarına verilib.
... Zaqatalaya növbəti səfərimin sonunda təzadlı hisslər yaşadım. Çünki yuxarıda qeyd etdiyim kimi həmişə bu rayondakı tikintilərə dostum İlkin müəllimlə birlikdə baxır, bərabər sevinirdik. İndi isə... zəlzələnin dağıtdığı orta məktəb binasının tikintisini tək seyr etdim. Bənnaların düzdüyu hər daş sırasının boy qaldırması gözümdə döyüş meydanında ayağa qalxan yaralı əsgərin hayqıraraq yenidən mübarizəyə girişməsi təəssüratını yaratdı... Zaqatala yenidən qurulur, yenidən dirçəlir və Prezident İlham Əliyevin dediyi kimi, əvvəlkindən daha möhkəm, daha qüdrətli bir diyara çevrilir. Adam burada yaşayan sakinlərin dəyanətini alqışlamaqdan başqa söz tapmır. Yox, daha bir söz var. Bu adamlar dəyanətli olmağı başlarının üstündə olan vüqarlı dağlardan öyrəniblər...

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında