Müsavat Partiyasının qurultay keçirməməsinin səbəbi məlum oldu

İsa Qəmbər İctimai Palatanın qondarma qurum olduğunu bir daha təsdiqlədi
Neçə vaxtdır ki, Müsavat Partiyası qurultay keçirə bilmir. Bu uğursuzluğun səbəbini hakimiyyətdə axtaran müsavatçılar bununla da beynəlxalq aləmdə guya Azərbaycanda demokratiyanın boğulması və siyasi partiyaların sərbəst fəaliyyət göstərməsinə süni əngəllər yaradılması barədə rəy formalaşdırmağa çalışırdılar.
Partiyanın rəhbəri İsa Qəmbər guya Azərbaycanda onlara qurultay keçirmək üçün normal şərait yaradılmadığını və münasib yer ayrılmadığını bəhanə edərək gah Türkiyəyə, gah da Gürcüstana müraciət edirdi. Hər iki ölkədə ona deyiblər ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları öz tədbirlərini keçirmək üçün ən münasib yer kimi Azərbaycanı seçirlər, siz isə qonşu ölkələrə üz tutmusunuz. Elə müraciət etdikləri həmfikirləri də İsa Qəmbərin qurultay keçirmək üçün yer axtarmasının arxasında nəyinsə gizləndiyindən duyuq düşmüşdülər.
"Su çanağı suda sınar" - deyiblər. Nəhayət, İsa Qəmbərin "qurultay keçirmək" adı ilə Türkiyəyə və Gürcüstana getməsinin əsl səbəbi məlum oldu. Sən demə, o, Türkiyəyə banklara qoyduğu pullarının faizlərini almağa, Gürcüstana isə erməni dostu ilə əməkdaşlığı daha bir müddət uzatmaq barədə saziş imzalamağa gedirmiş. Əslində müxalifət nümayəndələri də təsdiqləyirdilər ki, Müsavat Partiyasının qurultayının keçirilməməsinə bir qrup müsavatçı, daha dəqiq desək, İsa Qəmbərin partiyadakı tərəfdarları mane olur. Çünki yaxşı bilirlər ki, İ.Qəmbər başqanlıqdan çıxarılsa, o, qısa bir vaxtda yaddaşlardan silinəcək və növbəti prezident seçkilərində namizəd ola bilməyəcək. İ.Qəmbər isə nəyin bahasına olursa - olsun, 2013-cü ildə keçiriləcək prezident seçkilərində vahid namizəd olmaq istəyir. Ona görə də müxtəlif bəhanələrlə qurultayın vaxtını uzadırdı. Onun partiyadakı diktatorluğu müstəqil politoloqların da diqqətindən yayınmayıb. Müstəqil politoloq Cümşüd Nuriyevin fikirləri bu baxımdan maraqlı olduğundan diqqətinizə çatdırırıq. O deyib: "Müsavat başqanı özünü olduğundan böyük göstərməyə çalışır. Onun Gürcüstana səfərində başlıca məqsəd Azərbaycanın artan nüfuzuna, imicinə xələl gətirmək idi. Bu günə qədər də adı çəkilən partiyanın qurultayının keçirilməməsinin əsas səbəbi, bu istiqamətdə görülən işləri davam etdirmək olub. Müxalifət nümayəndələri özlərini cəmiyyətə elə təqdim etmək istəyirlər ki, guya, bu siyasi qurum Azərbaycanda ən böyük partiyadır. Guya ki, onların imkanları Yeni Azərbaycan Partiyasından (YAP) daha çoxdur. Əslində görüntü xatirinə atılan bu siyasi addımlar Müsavat Partiyasının sonunu daha da sürətləndirir. Bununla belə həmin qurultayın keçirilməsi ilə İ.Qəmbərin partiya sədrliyindən getməsi məsələsi gündəmə gələ bilər".
Politoloq hesab edir ki, bütün bunların fonunda müsavatçılara qurultaylarının keçirilməsi üçün "Bakı Krsital Zal" və Bakı Əl Oyunları Sarayı təqdim olunsa da, bu, onlar üçün kifayət olmayacaq. Belə ki, onlar bəhanə üçün artıq yeni metodlar axtarışında olacaqlar. Bakı Əl Oyunları Sarayı meydan düşüncəsinə uyğun gəldiyi üçün onlar buranı seçiblər. Belə olan təqdirdə sual ortaya çıxır. Bəs, nə vaxtdan partiyanın qurultayının keçirilməsi üçün belə böyük yerlər arzu edilir? Əlbəttə ki, bunların hər birinin arxasında xaricdən yönələn tapşırıqlar dayanır. Əslində Müsavat Partiyası bir diktaturadır və bunun da başında İsa Qəmbər dayanır, başqa heç bir şey. Belə faktlar istənilən qədərdir.
İctimai Palata adlı qondarma qurumun da yaranması Müsavat Partiyasının qurultayının təxirə salınması üçün İsa Qəmbərin əlində sanki bir mexanizm idi. O, müsavatçıların başını bu qondarma qurumun iclasları ilə qatır və başqanlıq kreslosunu qorumaq üçün növbəti oyunlar barəsində fikirləşirdi. Növbəti prezident seçkilərindən söz düşəndə isə İsa Qəmbər bu məsələnin hələ müzakirə mövzusu olmadığını deyərək bu yolda özünə yeganə rəqib olan AXCP sədri Əli Kərimlini sıradan çıxarmaq barədə düşünürdü. Artıq bu məsələnin yetişdiyini güman edən İsa Qəmbər 2013 -cü ildə prezidentliyə namizədliyini verəcəyini bəyan edib. Müsavat başqanına görə, artıq AXCP sədrinin prezidentliyə namizədlik yolu bağlanıb. Çünki eks - prezident Əbülfəz Elçibəyin zəhərləndirilərək dünyasını dəyişməsi barədə Baş Prokurorluqda cinayət işi qaldırılmışdır və bu işin konkret olaraq Əli Kərimli tərəfindən həyata keçirildiyi iddia edilir. Artıq İsa Qəmbər də öz adamlarını bu işə qoşaraq eks - prezidentin AXCP sədri tərəfindən zəhərləndirilməsi barədə şübhələndiklərini bildirmələri barədə tapşırıqlar verib. Onun əsas məqsədi Əli Kərimlini sıradan çıxarmaq və özünü müxalifətin vahid namizədi elan etmək idi.
Siyasi şərhçilər də müxalifətin vahid namizəd məsələsini həll edə biləcəyinə inanmır. Onlar İctimai Palatanın iki "əsas lideri" olan Əli Kərimli ilə İsa Qəmbərin 2013-cü il prezident seçkilərində bir-birinə güzəştə getməyəcəklərini təkzibolunmaz fakt sayırdılar. Budur, artıq hər şey arxada qaldı. İsa Qəmbər növbəti prezident seçkilərində namizəd olacağını bəyan etdi. Bununla da İctimai Palatanın qondarma qurum olduğunu bir daha təsdiqlədi. Çünki bu vaxta qədər iddia edirdilər ki, növbəti prezident seçkilərində müxalifətin vahid namizədinin kim olacağı barədə söhbət düşəndə həm İsa Qəmbər, həm də Əli Kərimli deyirdilər ki, bu məsələ hələ İctimai Palatada müzakirə olunmayıb. Bununla əlaqədar guya son qərarı da bu qondarma qurum verəcəkmiş. Quruma üzv olanlar da bu fikirdə idilər. Məsələn, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli müxalifətin vahid namizədindən danışmağın çox tez olduğunu bildirirdi. Hətta o, müxalifətin vahid namizəd məsələsində vahid fikrə gələ bilməyəcəyi və bu məsələnin İctimai Palatanın axırına çıxacağı barədə deyilənləri də səhv yanaşma sayırdı. Belə fikrə düşənlərə bir mesaj da göndərmişdi: "Mən o kəslərin diqqətinə çatdırıram ki, narahat olmasınlar, Süleyman Dəmirəl demiş, "demokrasidə çarə tükənməz". Bunun da bir mexanizmi var".
İbrahim İbrahimli düşünürdü ki, ilkin seçki ilə bu məsələni həll etmək çox asan olacaq. O, bunu müxalifət üçün də yeni bir hadisə hesab etmirdi. Buna 2000-2005-ci illərdə keçirilən parlament seçkilərində müxalifətin mübahisəli dairələrdə namizədlərin praymerizlə - ilkin seçki ilə necə müəyyən edildiyini xatırladır: "Bu dəfə də vahid namizədi müəyyənləşdirmək zamanı gəldiyi an təbii ki, praymeriz, yəni ilkin seçki keçirilməklə bu müəyyənləşəcək".
Belə yerdə deyiblər ki, "Sən saydığını say, gör İsa Qəmbər nə sayır". İctimai Palata ilkin seçki keçirməyə və bu yolla vahid namizədi müəyyənləşdirməyə hazırlaşdığı bir vaxtda o, artıq özünü müxalifətin vahid namizədi elan etdi və Əli Kərimliyə sarsıdıcı zərbə vurdu.
Ümumiyyətlə, Müsavat Partiyasının başqanı İsa Qəmbərin 2013- cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağı barədə "Azadlıq" radiosuna verdiyi müsahibəsi siyasi düşərgədə birmənalı qarşılanmayıb. Onun bəyanatını AXCP sədri Əli Kərimliyə böyük zərbə vurması kimi qəbul edənlər də var. Əslində müxalifət nümayəndələrindən heç kim inanmırdı ki, İsa Qəmbər prezident seçkilərində Əli Kərimlinin vahid namizəd olmağına razılıq versin! Axı, O, Əbülfəz Elçibəyin də müxalifətin vahid namizədi olmasına razılıq verməmişdi. Siyasilər də deyirlər ki, Azərbaycan siyasətində İsa Qəmbər qədər Əli Kərimlini qəbul etməyən ikinci bir adam yoxdur. Və yaxud da İsa Qəmbər qədər Əli Kərimliyə qatı nifrət edən ikinci bir şəxs yoxdur.
Təbii ki, AXCP sədri də İ.Qəmbərin müxalifətin vahid namizədi olmasına asanlıqla razılıq verməyəcək. Çünki o da növbəti prezident seçkilərində prezidentliyə namizəd olmağa hazırlaşırdı. Bu baxımdan İctimai Palatanın dağılması elə indidən özünü büruzə verir. Onsuz da nə İsa Qəmbər, nə də Əli Kərimli 2013-cü ilin güclü namizədi hesab olunmurlar. Onların hakimiyyətə gəlmək yolunda ermənilərlə əməkdaşlığa girmələri xalqın hiddətinə səbəb olub.
İ.Qəmbərin özünü müxalifətin vahid namizədi elan etməsi AXCP-də ciddi narazılıqla qarşılanıb. Partiya sədrinin müavini Fuad Qəhrəmanlı da bu məsələyə münasibət bildirərkən deyib ki, Xalq Cəbhəsi Partiyası kimi onlar İctimai Palatanın verdiyi qərara hörmət edir və İsa Qəmbərin də buna əməl etməsinin tərəfdarıdırlar. O, İ.Qəmbərin 2013-cü ildə keçiriləcək prezident seçkilərində özünü namizəd elan etməsini İctimai Palataya hörmətsizlik kimi dəyərləndirib. AXCP sədri Əli Kərimlinin də bu mövqedə olduğunu bildirib. F. Qəhrəmanlı bildirib ki, müsavat başqanı namizədliyini açıq elan edibsə, artıq İctimai Palataya hörmətsizlik etməsinə o özü aydınlıq gətirməlidir.
Artıq radikal müxalifət düşərgəsində yeni qarşıdurma başlandı. Müsavat Partiyasının başqanı növbəti prezident seçkilərində özünü müxalifətin prezidentliyə vahid namizədi elan etməklə, həm də rəhbərlik etdiyi partiyanın qurultayının keçirilməməsinin səbəbinə aydınlıq gətirdi. Bu açıqlama eyni zamanda İctimai Palatanın qondarma qurum olduğunu bir daha təsdiqlədi.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında