Bu adamlar öz maraqları naminə istənilən vasitəyə əl atırlar
Müstəqil Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi dövlət kimi böyük inkişaf mərhələsi keçmişdir. Bu gün ölkəmiz Cənubi Qafqazın lider dövlətidir. İnkişaf etmiş Avropa dövlətlərində iqtisadi böhranın hökm sürdüyü, işsizliyin baş alıb getdiyi bir vaxtda Azərbaycan dinamik inkişaf edir. 2004-cü ilin fevralından bugünədək bir milyondan artıq, son altı ayda isə 46 mindən çox iş yeri açılıb, insanlarımızın rifah halı gündən-günə daha da yüksəlir.
Nüfuzlu beynəlxalq təşkilatlar respublikamızın iqtisadi reytinq göstəricilərini hər il yüksəldir, Cənubi Qafqazda Azərbaycan möcüzəsinin olduğunu bütün dünyaya car çəkirlər. Nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilən ölkəmiz BMT Təhlükəsizlik Şurası kimi mötəbər qurumun qeyri-daimi üzvü kimi uğurla fəaliyyət göstərir, respublikamızın qanunvericilik bazası müasir dünyanın qabaqcıl təcrübəsi əsas götürülməklə dövri olaraq yaradıcılıqla təkmilləşdirilir. Yəni Azərbaycanda hər sahədə alqışalayiq yenilik, inkişaf özünü bariz şəkildə göstərir. Dəyişməyən bir şey varsa, o da radikal müxalifət düşərgəsinə toplaşmış azsaylı qaragüruhdur. Onlar hələ də ötən əsrin 90-cı illərindəki təfəkkür səviyyəsində qalmaqla küçə psixologiyasından xilas ola bilmir, qanunazidd əməllərinə hər cəhdlə haqq donu geyindirməyə çalışır, hər şeyə şübhə ilə yanaşır, iqtidarın uğurlarına hədsiz qısqanclıqla yanaşaraq ardıcıl uğursuzluqlarında da hakimiyyəti günahlandırırlar. Bunun ən son nümunəsi eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı hüquqi prosesin başlanmasıdır.
Bir daha məlumat üçün deyək ki, Bakı Şəhər Prokurorluğunda eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə cinayət işinin istintaqı başlanmışdır. Məlumatda bildirilir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev eks - prezident Əbülfəz Elçibəyin AXCP sədri Əli Kərimli tərəfindən zəhərlənməsi ilə bağlı əlində faktların olduğunu bildirmiş və bununla bağlı Baş Prokurorluğa müraciət etmişdir. Dövlətimizin bu strukturu da qanunauyğun olaraq müraciətin əsaslı olub-olmamasına dair araşdırmalara başladı. Mərəkə də bundan sonra qopdu. Radikal müxalifət düşərgəsinin öndə gedənləri xoruz banı görməmiş iddialar səsləndirməyə, cəfəng versiyalar irəli sürməyə, əsassız şəkildə hakimiyyəti ittiham etməyə başladılar.
İddialardan biri və əsası budur ki, guya bu, hakimiyyətin 2013-cü il prezident seçkiləri ilə bağlı planının tərkib hissəsidir. Guya iqtidar AXCP sədri Əli Kərimlinin gələn il prezidentliyə namizədliyinə əngəl yaradılması üçün bu addımı atıb. Birincisi, bu addımı hakimiyyət deyil, vaxtilə indiki radikal müxalifət düşərgəsindəki qruplaşmaların aparıcı simalarından biri atıb. 1992-ci ildə AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə respublikanın ən aparıcı və "varlı" nazirliyi hesab olunan Dövlət Balıq Konserninə məhz Hafiz Haciyev rəhbər təyin olunmuşdu. Hafiz Hacıyev İsa Qəmbərin dostu idi, çox yaxın münasibətləri vardı. Mənəm-mənəmlik, liderlik iddiaları onları ayırıb. Hətta Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun qeyd etdiyi kimi, bir müddət bundan əvvəl Hafiz Hacıyev Azərbaycan hakimiyyəti ilə bağlı açıqlama verəndə bəzi müxalifət partiyalarının sədrləri onu dərhal tərəfdaş kimi qəbul etdilər, onunla əməkdaşlıq qurdular, amma indi onların əleyhinə müxtəlif açıqlamalar verəndə, danışanda o, qeyri-ciddi siyasətçi, qeyri-ciddi imic sahibi olmaqla yanaşı, həm də "hakimiyyətin adamı" adlandırılır. Ancaq unudurlar ki, 2003-cü və ondan əvvəlki illərdə Hafiz Hacıyev keçmiş iqtisadi inkişaf nazirləri Fərhad Əliyev və Heydər Babayevin korrupsiya əməlləri barədə qorxmadan, çəkinmədən və hətta həyatını riskə qoyduğu vaxtlarda məlumatlar yayanda müxalifətin ən əzizi, hadisələrə obyektiv münasibət bildirən şəxs kimi qiymətləndirdiyi partiya sədri idi. O vaxt onun şəkilləri müxalifətin himayəsində olan qəzetlərdən düşmürdü. Yəni, bugünkü müxalifət düşərgəsinin reallığı budur ki, bu gün "dost" olan siyasi liderlər, sabah öz qəzetlərində biri-birinin ünvanına ağla gəlməyən həqarətlər yağdırırlar. Məhz buna görə də indiyədək müxalifətin birliyi naminə yaradılan qurumlar davamlı fəaliyyət göstərməmiş, qısa zamanda siyasi səhnədən silinmişdir. İctimai Palata adlı qurumu da yəqin ki, eyni aqibət gözləyir.
Digər tərəfdən, qaragüruhun iddialarından biri də AXCP sədri Əli Kərimlinin gələn il prezidentliyə namizədliyinə əngəl yaradılması ilə bağlıdır ki, bunun da heç bir əsası yoxdur. Çünki yuxarıda qeyd etdiyimiz kimi, bu gün Azərbaycanda hər sahədə sürətli inkişaf nəzərə çarpır. Heç kəsə sirr deyil ki, sosial-iqtisadi vəziyyət ölkədəki siyasi proseslərin inkişafını müəyyənləşdirən əsas amillərdəndir. Respublikamızda həyata keçirilən xüsusi dövlət proqramları nəticəsində dünyada yoxsulluğun sürətlə artdığı bir vaxtda Azərbaycanda onun səviyyəsi 5 dəfədən çox aşağı düşmüşdür. 2003-cü ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar əhalinin, demək olar ki, tən yarısını, yəni 49 faizini təşkil edirdisə, bu rəqəm hazırda 5,6 faizə bərabər olmuşdur. Ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etmək və əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq məqsədi ilə iki mühüm sənəd -"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul olunmuşdur. Hər iki proqram regionların növbəti mərhələdə inkişafına təkan vermiş, ölkəmizin dünyanın təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin yaxşılaşdırılmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz töhfəsini vermişdir. Bu, bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti təkcə paytaxt Bakı şəhərinin deyil, həm də sərhəd bölgələri, ucqar dağ kəndlərinin inkişafına da əhəmiyyət verir, onların sosial-iqtisadi infrastrukturunun gücləndirilməsinə xüsusi diqqət yetirir. 1992-ci ildə Azərbaycanın dövlət büdcəsi 150 milyon civarındaydısa, 2012-ci ildə büdcəmiz artıq 20 milyardı ötmüşdür. Son 10 ilin iqtisadi göstəricilərinə nəzər salanda görürük ki, bu dövrdə real iqtisadi artım 4 dəfə olmuş, ixracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 16 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları isə 33 dəfə artmışdır. Son 7 il ərzində Azərbaycanda iqtisadi artım tempi 18 faiz olmuş, bu sahədə ölkəmiz dünyada lider dövlətə çevrilmişdir.
Bütün bunları görən Azərbaycan xalqı ölkəmizdə keçirilən demokratik seçkilərdə həmişə öz seçimini edib. İndiyədək baş tutan prezident, parlament, bələdiyyə seçkilərində həmişə Yeni Azərbaycan Partiyasının namizədləri böyük səs çoxluğu qazanıblar. Bu da göstərir ki, ictimaiyyət iqtidarın həyata keçirdiyi inkişaf və quruculuq siyasətini dəstəkləyir. Belə olan halda bir daha məlum olur ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevə 2013-cü ildə alternativ ola biləcək şəxs yoxdur. Əli Kərimliyə gəldikdə isə o, Milli Məclisə keçirilən seçkilərdə bir dairənin seçicilərinin səsini qazana bilmədiyi halda, prezident seçkilərində necə alternativ namizəd ola bilər? 20 ildir ki, hakimiyyətə gələ bilməyən və elektoratı tamamilə tükənən, ancaq necə deyərlər, qəzetlərdə var olan, real həyatda isə izi-tozu görünməyən bir partiyanın lideri hansı resursla siyasi meydana çıxa bilər? Reallıq budur ki, Əli Kərimlinin partiyası sürücüsü və cangüdənlərindən ibarətdir və hazırda onun partiyasında normal insana rast gəlmək mümkün deyil. Çünki ağılla, məntiqlə düşünən istənilən şəxs açıq-aşkar görür ki, bu partiyanın perspektivi yoxdur. Xalqa xəyanət yolu tutan, xaricdəki erməni lobbisinin maliyyələşdirdiyi beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə gün keçirən, dünya ermənilərinin sifarişlərini yerinə yetirən qaragüruh bu mövqedə qaldığı müddət ərzində daim ictimaiyyətinin qınaq obyektinə çevriləcək.
Özünü canıyanan elçibəyçi kimi ictimaiyyətə təqdim edən İsa Qəmbər isə vaxtilə Elçibəyin sonuncu xahişini belə yerinə yetirməyib. Elçibəy İsa Qəmbərdən xahiş etmişdi ki, 1998-ci ilin seçkisi mənim prezident olmağım üçün sonuncu şansım, imkanımdır, ona görə də sən geri çəkil, mən prezidentliyə namizədliyimi verim. O zaman İsa Qəmbər Əbülfəz Elçibəyə güzəştə getmədi və onun qarşısında prezidentliyə namizədliyini irəli sürdü. Sonra da deyir ki, Elçibəyin ölümünün tezləşməsinə səbəb ürəyinin sındırılması, hakimiyyətdən uzaqlaşdırılması, yaxud ona qarşı hansısa qeyri-insani rəftara yol verilməsidir. Əgər həqiqətən də belədirsə, onda birinci günahkar İsa Qəmbərdir. Digər tərəfdən, İsa Qəmbər Elçibəyin hakimiyyətində ikinci şəxs idi. Amma Elçibəyin ətrafında olanlardan partiya yaradan ilk şəxs də elə İsa Qəmbər oldu. O, Xalq Cəbhəsinin partiyaya çevrilməsinin qarşısını alaraq özünün Müsavat Partiyasını yaratdı və Elçibəy hakimiyyətinin daxilində yeni bir hakimiyyət rıçaqı yaratdı. Sonrakı dövrdə də onun və digər silahdaşlarının Elçibəyə qarşı atdığı addımlar Elçibəyin könlünün sınmasında, sonrakı taleyinin müəyyən olunmasında mühüm rol oynayıb. Amma təəssüf ki, mənfi formada. Bütün bunları məhz İsa Qəmbər və Elçibəyin digər silahdaşları ediblər. Ona görə də radikallar hakimiyyəti ittiham etməklə öz çirkin əməllərini ört-basdır edə bilməyəcəklər.
Hüquqi dövlətin əsas tələblərindən biri də hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, onların müraciətlərinin son məqamınadək araşdırılmasıdır. Biz də hüquqi dövlətdə yaşayırıq. Bu dövlətdə hər bir vətəndaşın müraciəti, xüsusən də keçmişdə prezident olmuş bir şəxslə bağlı müraciəti araşdırılmalıdır. Cinayət işinin niyə Əbülfəz Elçibəyin ölümündən 12 il sonra açılmasını iddia edənlər sanki bizim hüquqi, demokratik və sivil bir dövlətdə yaşadığımızı unudurlar. Əgər Hafiz Hacıyevin eks - prezidentin ölümü, zəhərləndirilməsi ilə bağlı irəli sürdüyü iddianı araşdırmaq üçün cinayət işi açılmasaydı, o zaman indi bundan narazı qalan insanlar yenə iqtidarın üzərinə gələcək və deyəcəkdilər ki, görürsünüzmü, hakimiyyət məsələni siyasiləşdirir və Elçibəyin qatilinin tapılmasının qarşısını almağa çalışır. Bundan başqa, Hafiz Hacıyev müraciətinin baxılmadığını görsəydi, beynəlxalq təşkilatlara, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəkdi. Müraciətin Azərbaycanın eks-prezidenti ilə bağlı olması isə ölkəmizin adına böyük utanc olardı. Çünki Hafiz Hacıyev özünün dediyi kimi, əlində olan faktlara əsaslanaraq qorxmadan, çəkinmədən Baş Prokurorluğa müraciət edib. Hətta, o, eks - prezidentin kimin tərəfindən zəhərləndirilməsi ilə bağlı ad da çəkib. Dövlətimizin əsas orqanlarından biri olan Baş Prokurorluğun bu kimi ciddi müraciətləri araşdırmaması onun fəaliyyətinin şübhə altına alınmasına rəvac verə bilərdi.
Görünən odur ki, bu gün Əbülfəz Elçibəyin ölümü ilə bağlı müəmmalı məsələlərin araşdırılması onun keçmiş silahdaşlarına qətiyyən sərf etmir. Qorxurlar ki, birdən nəyinsə üstü açılar, real bir nəticə əldə edilər və onların keçmiş əməllərindən hamı xəbər tutar. Ancaq bununla belə, məsələnin araşdırılmasını istəyənlər də az deyil. Belə ki, bir sıra müxalifət nümayəndələri bu məsələ ilə əlaqədar araşdırma aparılmasının tərəfdarı olduqlarını bildiriblər. Görünür, onların da Əbülfəz Elçibəyin dünyasını dəyişməsində müəyyən şübhələri var. Məsələn, Əbülfəz Elçibəyin prezidentliyi dövründə baş nazir olmuş Pənah Hüseyn "Yeni Müsavat" qəzetinə açıqlamasında Əbülfəz Elçibəyin xəstəliyinin birdən başladığını və çox sürətlə inkişaf etdiyini bildirib. O, Elçibəyin ölümünün müəyyən şübhələr doğurduğunu deyib: "Bu baxımdan təhqiqat aparılmalı, Əbülfəz Elçibəyin məhz əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib-dəyişmədiyi yoxlanılmalıdır". Keçmiş prezidentin qardaşı Almurad Əliyev də Əbülfəz Elçibəyin vəfatının səbəbləri ilə bağlı məsələnin tam araşdırılmasının tərəfdarı olduğunu bildirib. O, prosesin nə ilə nəticələnəcəyini bilmək istəyir. A.Əliyev eks - prezident Ə.Elçibəyin ölümünün səbəblərinin daha ciddi araşdırılmasının tərəfdarı olduğunu bildirərək deyib: "Yaxşısı budur, məsələ məhkəmədə araşdırılsın. Əli Kərimli isə bu məsələ ilə bağlı mənimlə danışmayıb. Hər halda Ə.Elçibəyin vəfatı günü ilə bağlı məzarı üzərində keçirilən tədbirdə Əli Kərimli ilə görüşəcəyik". Almurad Əliyevin AXCP sədri Əli Kərimlinin adını çəkməsi təsadüfi deyil. Çünki eks- prezident Əbülfəz Elçibəyin zəhərlənərək dünyasını dəyişməsində həmin dövrdə AXCP sədrinin müavini olmuş Əli Kərimlinin adı hallandırılır.
İstənilən halda reallıq ondan ibarətdir ki, bu məsələ uzun müddətdir danışılırdı. Onu da qeyd edək ki, qardaş Türkiyədə də buna bənzər məsələ - mərhum Cumhurbaşqanı Turqut Özalın zəhərləndirilməsi məsələsi tez-tez gündəmə gətirilir. Qardaş ölkədə hətta iddiaların yoxlanılması üçün Özalın məzarından tibbi nümunələr götürülməsi də müzakirəyə çıxarılır. Türkiyədə Turqut Özalın zəhərləndirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılır, bununla bağlı iş başlanır, araşdırma aparılır, Azərbaycanda niyə olmasın? Bu baxımdan Əbülfəz Elçibəy statuslu keçmiş prezidentdir və onun həyatı, xəstəliyi ilə bağlı səsləndirilmiş, ictimai rezonans doğurmuş, geniş müzakirələrə səbəb olan istənilən hadisə, fikir prokurorluqda araşdırılmalı, bunun real, yoxsa qeyri-real olması müəyyənləşdirilməli, Azərbaycan ictimaiyyətinə bu haqda məlumat verilməlidir. Bu, hüquqi dövlətin və qanunların tələbidir.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.