Səbail rayonunda hərbi vətənpərvərlik tərbiyəsi

Dövlət Bayrağı Səbail zirvəsində dalğalanır...

{nl}


- Qalx!...
Bu nida dolu çağırış sübhün alatoranında ətrafa yayılıb əks-səda doğurur. Yerlərindən atılan uşaqlar bir nəfər kimi meydançada sıraya düzülür. Düşərgə rəisi razı halda cərgələrin önündən keçərək onları salamlayır:
- Salam, uşaqlar...
Yəqin ki, hiss etdiniz. Söhbət heç də hər hansı hərbi hissədən, əsgər kazarmasından getmir. Bura yurdumuzun allı-güllü, laləzar guşələrindən olan qədim və əsrarəngiz Qubanın "Şahinlər" yay istirahət düşərgəsidir. Əsl əsgər kazarmasını xatırladan düşərgədə üçmərtəbəli yataq korpusundan başqa sıra ilə düzülmüş hərbi-səhra çadırlarını da görmək olar. Şəhərciyin girəcəyindəki lövhədə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Hər bir gənc vətənpərvər olmalıdır" sözləri nəzəri cəlb edir. Ətrafda həmçinin, ümummilli lider Heydər Əliyevə, ölkəmizin ordu qurucuğuluna, Azərbaycanın Milli Qəhrəmanlarına, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçdiyi şərəfli yola, hazırda qonaq olduğumuz "Şahinlər" yay istirahət düşərgəsinin tarixinə həsr olunmuş plakatları, fotostendləri görmək olar.
- Düşərgəmiz altı ildir ki, uşaqların ixtiyarındadır, - deyə yay istirahət düşərgəsinin rəisi, Səbail Rayon Gənclər və İdman İdarəsi rəisinin müavini Faiq Qurbanov marağımızı hiss edib əlavə edir. - Uşaqların yay istirahətinin mənalı və səmərəli təşkili üçün Səbail Rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə Quba Rayon İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanlığı və "Çağ" Öyrətim Şirkəti birgə layihə həyata keçirirlər. Hazırda bu layihə çərçivəsində "Şahinlər" yay istirahət düşərgəsində 250 nəfər məktəbli dincəlir...
Yay düşərgəsində əsasən Səbail rayonunun aztəminatlı ailələrinin, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının təqdimatı ilə Qarabağ müharibəsi veteranları və əlillərinin uşaqları, eyni zamanda "Sos-Azərbaycan" uşaq kəndində və 3 saylı uşaq evində tərbiyə alan azyaşlılar istirahət edirlər. Bakı Türk Liseyi Quba filialının ərazisində, ecazkar təbiət qoynunda yurd salan "Şahinlər" ilk baxışdan səliqə-sahmanı, nizam-intizamı, rahatlığı ilə göz oxşayır. Uşaqların əynindəki xüsusi forma balacalara həqiqətən yaraşır.
- Düşərgə sakinlərinin əynində gördüyümüz bu hərbi formalar Səbail Rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə Daxili Qoşunların Komandanlığı tərəfindən təşkil olunmuşdur, - Faiq müəllim həvəslə məlumat verir. - Yay düşərgəmizin hərbi-vətənpərvərlik təmayüllü olmasını nəzərə alaraq rayon icra hakimiyyəti əvvəlcədən bir sıra təşkilati hazırlıq işləri həyata keçirmiş, bura yola salınacaq yeniyetmələrlə, onların valideynləri, yaxınları ilə söhbətlər aparmışdır. Bu zaman düşərgənin daxili nizam-intizam qaydaları, fəaliyyət istiqaməti və s. məsələlər haqqında onlara ətraflı məlumat verilmişdir. Əsasən on-on altı yaşlarındakı bu uşaqların vaxtlarını səmərəli keçirmələri, rahat istirahət etmələri üçün zəruri idman avadanlığı, digər lazımi qurğular da alınmışdır. Düşərgəmizdəki bu hərbi-səhra çadırları da Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsi tərəfindən qurulmuşdur. Quba Rayon İcra Hakimiyyəti və Bakı Türk Liseyi Quba filialının pedaqoci kollektivi də burada yeniyetmələrin normal istirahəti üçün əllərindən gələni əsirgəmirlər. Axı, burada səbailli məktəblilərlə yanaşı, Quba rayonundakı H.B.Zərdabi adına xüsusi internat-məktəbin şagirdləri də dincəlirlər. Bakılı yeniyetmələr valideyn qayğısından məhrum olmuş bu uşaqlara xüsusi nəvazişlə yanaşır, onlarla sıx dostluq ünsiyyəti qururlar.
Qarşımıza çıxan ilk uşaqdan "Şahinlər" yay düşərgəsindəki təəssüratlarını bölüşməyi xahiş edirik.
- İlk dəfədir ki, yay tətilini burada keçirirəm. Təəssüf edirəm ki, iki gündən sonra evimizə, Bakıya qayıdacağıq. Vaxtın belə tez ötüşdüyünə heyifsilənirəm. - səsindəki kövrəkliyi hiss etdirməmək üçün yaxınlıqdakı voleybol meydançasında oynayan uşaqlara qoşulur. Hətta adını soruşmağa macal tapmırıq.
"Şahinlər" yay düşərgəsində məşğələlər hərbi nizamnaməyə əsasən keçirilir. Təcrübəli hərbiçi-pedaqoqlar, ordu həyatının bərkindən-boşundan çıxmış zabitlər yeniyetmə dinləyicilərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaq, onları gələcək hərbi xidmətə hazırlamaq məqsədilə məşğələləri maraqlı və inandırıcı şəkildə aparmağa çalışırlar. Bu məqsədlə nəzərdə tutulan təlim dərsləri hərbi hissənin ərazisində keçirilir. Bu zaman uşaqlar hərbi hissənin şəxsi heyətinin yaşayış tərzi, orada istifadə olunan müxtəlif çaplı silah və texnika ilə yaxından tanış olur, xüsusi təyinatlıların çətin və maraqlı məşqlərinə qatılırlar. Məşğələlər zamanı Vətənimizin şanlı tarixi, ulularımızın qəhrəmanlıq dolu keçmişi, milli-mənəvi dəyərlərə hörmət, azərbaycançılıq haqqında söhbət-disputlar da maraqla qarşılanır.
Düşərgənin ekskursiya proqramı da zəngindir. Qubanın görməli yerlərinə, füsunkar meşələrinə səyahət uşaqlarda ana təbiətə qayğı, zərif duyğular oyadır.
1918-ci ilin soyqırımı qurbanları şərəfinə ucaldılmış Quba məzarlığına səyahət də məktəblilərin yaddaşında silinməz iz qoymuşdur. Daşnak-bolşevik vandalizminin acı nümunəsi olan bu məzarlıqda nəinki təkcə müsəlman türkləri, həmçinin, yəhudi, malakan, ləzgi xalqlarının da nümayəndələri qanlarına qəltan edilərək şəhid olmuşlar. Hər gün bu soyqırım qurbanlarını dünyanın neçə-neçə ölkəsindən gəlmiş qonaqlar, turistlər - müxtəlif peşə sahibləri, deputatlar, dövlət xadimləri, curnalistlər, ziyalılar ziyarət edir, qətlə yetirilmiş uşaqlı-böyüklü bu məsum insanların acı talelərinə kədərlə köks ötürür, baiskar erməni cəlladlarına lənət oxuyurlar. İnanırlar ki, bu soyqırımın səbəbkarları cinayətlərinə hansı don geyindirsələr də gec-tez layiqli cəzalarını alacaq, bəşəriyyət onların ədalətli mühakiməsinin şahidi olacaqdır.
Azərbaycan Bayrağı ordenli cəsur kəşfiyyatçı İbad Hüseynov və istedadlı marş ifaçısı Şəmistan Əlizamanlı ilə düşərgə sakinlərinin görüşü də coşğun diskussiyalarla davam etdi. Qatı erməni terrorçusu Monte Melkomyanı izləyərək çətin döyüşdə qətlə yetirən igid kəşfiyyatçı İbad Hüseynov məktəblilərin çoxsaylı sualları qarşısında yekun sözünü belə tamamladı:
- Bu qatı erməni terrorçusu çoxlu günahsız həmvətənimizin, dinc sakinin həyatına son qoymuşdu. Ayağının altındakı Azərbaycan torpağı onu heç vaxt bağışlamazdı. Buna görə də yurdumuza qan tökməyə gələnlərin aqibəti belə də olmalı idi. Burada işğalçılara yer yoxdur. Əmin ola bilərsiniz ki, erməni quldur dəstələrinin zəbt etdikləri bütün torpaqlarımızı azad edəcəyik...
Şəmistan Əlizamanlının ifa etdiyi "Marş irəli, Azərbaycan əsgəri" mahnısını görüş iştirakçıları xorla ifa etdilər. Məktəblilərin bu coşğusuna cavab olaraq sənətkar dedi:
- İnanıram ki, siz gələcəkdə əsl vətənpərvər olacaqsınız. Bunu da bilin ki, vətənpərvərlik duyğusu sadəcə şou deyil. Bu, doğma xalqına təmənnasız xidmətdir. Mən ifa etdiyim bu mahnılarla mənəvi zövq alıram. "Çağırır Vətən", "Ana yurdum", "Gülüstan" adlı disklərimdə də məhz bu vətənpərvərlik hisslərimi çatdırmağa çalışıram. Yəni mən o mahnıları ifa edirəm ki, onlar mənim ruhuma, düşüncələrimə doğmadır...
Bu cür tədbirlər proqramına Səbail rayonunda az qala hər gün rast gəlmək olar. Rayonun İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun rəhbərliyi ilə rayon sakinləri ilə tez-tez keçirilən "Açıq qapı" günlərində vətəndaşların sosial-məişət problemləri ilə yanaşı, yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, doğma torpağa təəssübkeşlik hissi əsas müzakirə mövzusuna çevrilir. Bu baxımdan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurası və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Komandanlığı ilə həyata keçirilən birgə layihələr rayon ictimaiyyətinin rəğbətini qazanmışdır. "Heydər Əliyev Azərbaycan Ordusunun banisidir", "Qarabağ uğrunda qələbə naminə", "Biz sənə inanırıq, əsgər", "Ölümünlə ölməzliyi qazandın", "Qüvvətli gənclik - qüdrətli ordu" və s. devizlər altında keçirilən tədbirlər məktəblərdə yeniyetmələrin və gənclərin hərbi hazırlıq səviyyəsinin yüksəldilməsinə, onların bu sahədə biliklərini artırmalarına kömək edir.
Rayonun 132-134 saylı Təhsil Kompleksində və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının "Şəhidlər xiyabanı"ndakı qərargahında Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurasının təşkilatçılığı altında "Qarabağ uğrunda qələbə naminə" devizilə keçirilən pnevmatik atıcılıq üzrə respublika turniri və Səbail rayon məktəblilərinin yarışı səmərəli olmuşdur. Bu yarışlarda ilk dəfə olaraq kiçik çaplı snayper silahlarından istifadə edilmişdir ki, bu da şagirdlər üçün yenilik idi.
Ataların şərəfli qəhrəmanlıq yolu həmişə gənc nəslə nümunədir. Səbaillilər Böyük Vətən müharibəsi veteranlarının, Qarabağ döyüşlərinin canlı şahidlərinin həyat tarixçəsini hörmətlə varaqlayır, layiqincə təbliğ edirlər. Hər il 9 May Qələbə günü ərəfəsində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun "Şəhidlər Xiyabanı"ndakı qəbirüstü abidəsi, Qafur Məmmədov adına park, keçmiş bakılı, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun büstü, Bibiheybət qəsəbəsində "1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılan xatirə-kompleksi", "Badamdar şəhidləri" abidəsinin qarşısı rayon gəncləri ilə veteranların izdihamlı görüş yerinə çevrilir. Həmin günlərdə rayon məktəbliləri abidə-komplekslərin ətrafında təmizlik, səliqə-sahman yaradır, onların önünə gül dəstələri qoyur, tənha veteranlara baş çəkib, hədiyyə aparırlar.
Səbail Rayon Veteran Təşkilatları şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev bizimlə söhbətində qeyd etdi ki, hazırda rayonda 1500 nəfər Böyük Vətən və Qarabağ müharibəsi veteranı yaşayır. Leninqradın müdafiəsində iştirak etmiş, arxa cəbhədə fədakarlıq göstərmiş, 20 Yanvar faciəsində şəhid olmuş və yaralanmış insanların ailələri və Xocalı soyqırımında sağlamlığını itirmiş adamlar həmişə rayon rəhbərliyinin diqqət mərkəzindədirlər.
Qarabağ müharibəsi səbaillilər üçün də itkisiz ötüşməmişdir. Döyüşlər zamanı rayonun 126 sakini şəhid, 119 nəfəri isə əlil olmuşdur. Səbaillilər xalqımıza yeddi Milli Qəhrəman bəxş etmişlər. Onlardan Riad Əhmədovun, İlqar İsmayılovun, Seymur Məmmədovun, Rafiq Nəsrəddinovun, Hikmət Muradovun, Muxtar Qasımovun və Cəlil Səfərovun işıqlı xatirələri nəinki səbaillilərin, hər birimizin qəlbində əbədi yaşayacaqdır. Əksər orta məktəbin, mədəniyyət sarayının foyesində bu qəhrəman insanların, həmçinin, 20 Yanvar şəhidlərinin fotoları asılmışdır. Təhsil ocaqlarında onların xatirəsinə həsr olunmuş inşa yazı, rəsm, bədii qiraət müsabiqələri təşkil olunmuşdur. Məktəblərdə şəhidlərin anım mərasimləri keçirilmiş, onların xatirə guşələri önündə tər çiçək dəstələri qoyulmuşdur. Rayonun ali məktəblərinin və orta məktəb şagirdlərinin lŞəhidlər xiyabanı»na ziyarəti də tərbiyəvi baxımdan ibrətamiz olmuşdur. Belə tədbirlərdə iştirak edən rayon icra hakimiyyətinin, ictimai təşkilatların və birliklərin, Sosial Müdafiə Fondu və Mərkəzinin rəhbərləri veteranların, şəhid ailələri və müharibə əlillərinin problemləri, məişət qayğıları ilə maraqlanır, onlara maddi və digər yardımlar göstərirlər. Bu il də ənənə davam etmiş, 100 nəfər veterana 5959 manat maddi yardım göstərilmiş, ərzaq hədiyyəsi verilmişdir. İki nəfərə isə əlil arabası təqdim olunmuşdur. Rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar hazırlanmış təkliflər planına şəhid ailələri, müharibə veteranları və əlilləri üçün yaşayış binasının tikintisi salınmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin zəngin və çoxşaxəli, xalqımızın müstəqilliyi və xoşbəxt gələcəyi naminə həsr etdiyi ömür yolu da səbailli yeniyetmələrin və gənclərin əsl vətənpərvərlik məktəbidir. Ulu öndərin yeniyetməlik və gənclik illəri, Azərbaycanın gələcək ordu quruculuğu sahəsində atdığı uzaqgörən addımlar, ölkəmizin strateci iqtisadi-siyasi yüksəlişinə aparan çətin və mürəkkəb bioqrafiyası bugünkü nəsillər üçün örnəkdir. Bu, böyük vətənpərvərin xalqına bəslədiyi böyük sevgi, respublikamızın həyatının ən ağır çağlarında dövlətçilik ənənələrimizi qoruyub saxlamaq bacarığı onun qeyri-adi zəkasından və idarəçilik istedadından xəbər verirdi. Azərbaycanın hər bir vətəndaşına - dilindən, dinindən, millətindən asılı olmayaraq hamıya eyni sevgi və məhəbbətlə yanaşan Heydər Əliyev məhz bu cahanşümül xarakterinə görə qürur hissi ilə söyləyirdi: "Mən fəxr edirəm ki, azərbaycanlıyam". Bu sözlər bütün ölkədə olduğu kimi, Səbail rayonunun təhsil və mədəniyyət ocaqlarında, özəl və dövlət təşkilatlarında çalışan hər bir gənc üçün gələcək həyat meyarıdır. Buna görə də rayonun ali, orta və məktəbəqədər təhsil müəssisələrində, idarələrində bu məqsədlə bilik olimpiadaları, idman yarışları, inşa yazı müsabiqələri, sərgilər keçirilir, Heydər Əliyevin zəngin ictimai-siyasi fəaliyyəti təbliğ edilərək gənclərin maarifləndirilməsinə yönəldilir.
Bu ilin mayında Bakı şəhərində keçirilmiş 57-ci "Avroviziya" mahnı müsabiqəsinin Səbail rayonunda Dövlət Bayrağı Meydanı yaxınlığındakı 23 min tamaşaçı yeri olan "Bakı Cristal Hall" sarayında baş tutması da rayonda xoş əhval-ruhiyyə, milli-mənəvi qürur hissi doğurmuşdur. Sanki on beş gün ərzində bütün Avropanın qəlbi Səbaildə - "Bakı Cristal Hall" sarayında döyünürdü. "Öz məşəlini alovlandır!" devizi ilə insanları sülhə, həmrəyliyə, dostluğa çağıran müsabiqənin rəmzi odlu çiçək idi. Qırx iki ölkənin təmsilçiliyi ilə ilk dəfə olaraq Azərbaycanda keçirilən Beynəlxalq Mahnı müsabiqəsi iştirakçılarının və qonaqların təhlükəsizliyi və rahatlığı üçün səbaillilər əllərindən gələni əsirgəməmiş, İçərişəhərdə "Meydan bazarı" təşkil olunmuş, Dənizkənarı Parkda, rayonun digər yerlərində müxtəlif vətənpərvərlik aksiyaları keçirilmişdir.
Yeniyetmələrin və məktəblilərin Milli Qəhrəman Mübariz İbrahimovun həyat və fəaliyyətinə artan marağı nəzərə alınaraq rayondakı 50 saylı məktəbin şagird və müəllimlərindən ibarət heyət Biləsuvar rayonunda, qəhrəmanın boya-başa çatdığı Əliabad kəndindəki evdə qonaq olmuşdur. Qnların Mübarizin valideynləri, ailə üzvləri, oxuduğu orta məktəbin müəllimləri ilə görüşləri təsirli idi. Qonaqlar görüş zamanı cəsur qəhrəmanın uşaqlıq və məktəb illəri, orduya hazırlığı, idman həyatı, Vətənə, torpağa bağlılığı haqqında xatirələri maraqla dinləmiş, unudulmaz təəssüratla Bakıya qayıtmışlar. Elə bu təəssüratın nəticəsi olaraq onlar Bibiheybət qəsəbəsində şəhid Cəbrayıl Əsgərov adına 50 saylı məktəbdə Mübariz İbrahimova həsr olunmuş ədəbi-bədii kompozisiya hazırlamış, qəhrəmanın ibrətamiz həyatından bəhs edən video-çarx nümayiş etdirmişlər. Mərasimdə Səbail Rayon İcra Hakimiyyətinin, Səbail rayon və Bakı şəhəri təhsil idarələrinin işçiləri, Daxili Qoşunların əsgər və zabitləri ilə yanaşı, Mübariz İbrahimovun təhsil aldığı Əliabad kənd orta məktəbi kollektivinin, Bibiheybət qəsəbə ictimaiyyətinin nümayəndələri, şəhid Cəbrayıl Əsgərovun valideynləri iştirak etmişlər.
Daxili Qoşunların Biləcəri qəsəbəsindəki "N" saylı hərbi hissəsi ilə əlaqələr Vətənin gələcək gənc müdafiəçilərinin hərbi hazırlıq vərdişlərinə kömək edir. Məktəblilər burada hərb sənətinin sirlərinə yiyələnir, müasir silahlarla davranış qaydalarını mənimsəyirlər. Hərbi hissənin kinoloqlar bölüyündə təlim itləri ilə ünsiyyət, süvarilərin müxtəlif cins atlarla təlim meydançasında çevik məşqləri yeniyetmələrin marağına səbəb olmuşdur.
Sərhəd və cəbhə bölgələrində Vətənə borcunu yerinə yetirən əsgərlər də unudulmur. Hər il xalqımızın çoxəsrlik bayramı olan Novruzda, Silahlı Qüvvələr günündə Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri Tərtər rayonundakı "N" saylı hərbi hissəyə hədiyyələr aparır, düşmənlə təmas xəttində xidmət keçən əsgər və zabitlərin qonağı olurlar. Bu hərbi hissəyə hamilik edən səbaillilər öz vəsaitləri hesabına burada kazarmanın dam örtüyünü dəyişmiş, xidməti sahələrə 280 kvadratmetr metlax döşəmişlər. Onların gətirdikləri müxtəlif sovqatlar da əsgərlərin ürəyincə olmuşdur. Rayon nümayəndələri xidmətdə fərqlənən əsgər və zabitlərə Səbail Rayon İcra Hakimiyyətinin mükafatlarını və qiymətli hədiyyələrini vermiş, onlar üçün bayram konserti təşkil etmişlər.
Daxili Qoşunların Bərdə şəhərindəki hərbi hissəsindəki görüş də qonaqlar üçün maraqlı olmuşdur. İctimaiyyətlə ordu arasında bu uğurlu əlaqənin, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində səmərəli işin nəticəsidir ki, rayonda milli orduya çağırış planları artıqlaması ilə yerinə yetirilmiş, hərbi hissələrə hamilik işinin yaxşı təşkilinə görə Səbail Rayon İcra Hakimiyyəti Bərdə hərbi korpusunun "Fəxri Fərmanı"na layiq görülmüşdür.
Düşmənlə səngər-səngərə, döş-döşə xidmət keçən, doğma torpaqlarımızın erməni quldurlarından müdafiəsini əsl vətənpərvərlik borcu bilən hərbi hissələrdən birində görüş zamanı təsadüfən bir gənc nümayəndə heyətinə yaxınlaşaraq:
- Mən də Səbail rayonundanam, - deyib əlavə etdi. - Badamdar qəsəbəsindəki 239 saylı məktəbin məzunuyam. Sağ olun ki, tez-tez əsgərlərə baş çəkir, onları ruhlandırırsınız. Bir neçə il əvvəl mən də sizin Qubadakı "Şahinlər" yay istirahət düşərgəsində ilk dəfə olaraq hərbiçi formasını geymişəm. Əlbəttə, o, uşaqlığımın ən xoş çağları idi. Bu gün isə mən həqiqi hərbi xidmətdəyəm və səngərdə sayıqlığımı itirmirəm. Əgər mümkünsə bu məktubumu Səbail rayonunun məktəblilərinə çatdırın...
Elşən Əlisoltanov adlı gəncin bir qədər tərəddüdlə təqdim etdiyi məktubu qısa ixtisarla dərc edirik:
"Əziz dostlar, bu gün səksən beş gündür ki, burada Vətənimizin bir parçası olan nəmli səngərdə hərbi xidmətdəyəm, əsgər yoldaşlarım, komandirlər məndən razılıq edirlər. Axı, hərbiçi olmaq istəyim Səbail rayonu məktəblilərinin Qubadakı "Şahinlər" yay düşərgəsindən yaranmışdı. Onda müxtəlif idman yarışlarında rayonumuzun təəssübünü çəkmək, səbailli adını uca tutmaq ən böyük arzularımdan idi. Axı, hər dəfə düşünəndə ki, Səbail Azərbaycan paytaxtının gözü, ürəyidir, qəlbim riqqətlə döyünür. Düşünəndə ki, Vətənimizin Dövlət Bayrağı burada dalğalanır, Səbaillə bir daha fəxr edirəm. Bakı küləyi onu oxşadıqca sanki müqəddəs bayrağımız daha da qanad açıb paytaxtımızın səmasında pərvazlanır. Əzəməti ilə sabahkı möhtəşəm qələbəmizə inam, ruh oyadır. Əfsanəvi "Koroğlu" üvertürasının vücudumuzu qarsıyan coşğun melodiyasının sədaları altında sanki Qazan xanın, Bamsı Beyrəyin, Babəkin, Sara xatunun, Cavad xanın azadlıq hayqırtılarını eşidirik. Eşidirik və "Bir kərə yüksələn bayraq bir daha enməz" deyən Məmməd Əmin Rəsulzadənin aforizmə çevrilmiş bayraq, yurd sevgisi "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" nidası ilə dünyaya car çəkən Böyük Heydər Əliyevin Azərbaycan eşqi ilə çulğaşıb hər birimizdə Ana Vətənə, doğma torpağa məhəbbət aşılayır.
Müqəddəs üçrəngli bayrağımızın məhz Səbaildə - Dövlət Bayrağı meydanında dalğalanmasının həm də hamımız üçün rəmzi mənası vardır. Axı, hazırda Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin də uşaqlıq və gənclik illəri məhz Səbail rayonu ilə bağlıdır. Prezidentimiz Səbail rayonundakı 6 saylı orta məktəbin əlaçılarından olmuşdur. Hamınız bununla fəxr etməlisiniz. Gələcəkdə yaxşı oxumalı, Vətənimizin tərəqqisinə, müqəddəs torpaqlarımızın işğaldan azad edilməsinə hazır olmalısınız..."

{nl}

Valid QARDAŞLI

{nl}


Yazı Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında