Səbaillilərin bayram hədiyyəsi

15 İyun Milli Qurtuluş Günü ilə bağlı Səbail rayonunda bir neçə sosial yönümlü obyektin açılış mərasimi keçirildi. Ümumxalq bayramı ərəfəsində unudulmaz müğənni Rəşid Behbudovun adını daşıyan və bu il 70 yaşını qeyd etməyə hazırlaşan 2 saylı musiqi məktəbinin əsaslı təmirdən sonra istifadəyə verilməsi rayon sakinlərinə dəyərli töhfə oldu.
Məktəbin açılışında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, mədəniyyətimizin inkişafına çox böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri nəticəsində ölkənin hər yerində mədəniyyət və səhiyyə obyektləri, məktəblər müasir səviyyəyə gətirilir. Vətəndaşların bu obyektlərdən istifadəsi üçün hər cür şərait yaradılır. Yeni sosial obyektlər tikilir, köhnələri isə əsaslı təmir olunur.
Respublikamızın aparıcı mədəniyyət mərkəzlərinin yerləşdiyi Bakının Səbail rayonundakı teatrlar, muzeylər, parklar və digər mədəniyyət obyektləri ölkə başçısının göstərişinə əsasən təmir olunmuşdur. Rayonda aparılan abadlıq, quruculuq işləri çərçivəsində şəhərin mərkəz hissəsinə xüsusi fikir verilir. Təmiri nəzərdə tutulmuş 82 həyətdən artıq 67-də bu işlər başa çatmışdır.
Başçı 2 saylı musiqi məktəbində aparılan əsaslı təmir işlərinin başa çatması münasibəti ilə pedaqoji kollektivi, valideynləri və şagirdləri təbrik etdi. Bildirdi ki, bu gün istifadəyə verilən 2 saylı musiqi məktəbinin 20 sinif otağı, kitabxanası, zalı və xidmət otaqları təmir olunub. Elektrik xətləri yeniləşib, koridorda yeni plastik pəncərələr quraşdırılıb. Suvaq və rəngləmə işləri görülüb, tavana lambir vurulub. Otaqlara yeni çilçıraqlar asılıb. Döşəmədə parket təmir olunub. Burada 10-dan artıq ixtisas üzrə 285 uşaq musiqi təhsili alır. Onlara 75 ixtisaslı musiqiçi dərs deyir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğıkeş münasibətini bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir. Fərəhləndirici haldır ki, dahi sənətkarlarımız Tofiq Quliyev, Qara Qarayev və Rəşid Behbudovun adını daşıyan musiqi məktəbləri çox gözəl təmir olunaraq istifadəyə verilib.
2 saylı musiqi məktəbinin direktoru Qəmər Quliyeva və Rəşid Behbudovun qızı Rəşidə Rəşid məktəbin təmir olunmasında əməyi olanlara təşəkkürünü bildirdilər. Sonda məktəb şagirdlərinin konsert proqramı təqdim olundu.
* * *
Əlamətdar günlə bağlı Səbail rayonunda icrası başa çatdırılan işlərdən biri də "Abad həyət" layihəsinə əsasən, Badamdar qəsəbəsində növbəti - artıq 6-ci həyətin təmirinin başa çatdırılması olmuşdur. 11-ci Badamdar küçəsi, 40 ünvanında yerləşən həyət əsaslı surətdə təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.
Rayon icra hakimiyyəti başçısının Badamdar qəsəbəsində keçirdiyi açıq qəbul zamanı sakinlərin müraciəti nəzərə alınaraq, 250 nəfərdən çox adamın yaşadığı binanın giriş qapıları yeniləri ilə əvəz edilmiş, dəhlizlər, pilləkənlər təmir olunmuş, fasad rənglənmişdir. Həyətdə zibil meydançası tikilərək yeni konteynerlər qoyulmuşdur. Su anbarı daşla üzlənmiş, söhbətgah və əyləncə qurğuları quraşdırılmışdır. Mini futbol meydançası düzəldilmiş, həyətə yeni skamyalar qoyulmuşdur. 1500 kvadratmetr sahəyə asfalt salınmış, yeni yaşıllıqlar salınmışdır.
Təmir olunmuş həyətdə sakinlərlə keçirilən görüşdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə sakinləri təbrik etdi, ölkədə aparılan geniş miqyaslı quruğuluq işlərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə gördüyü işlərdən danışdı.
Rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq çərçivəsində Badamdar qəsəbəsində həyata keçirilən işlər xüsusi yer tutur. Bu ilin may ayında qəsəbədəki Mədəniyyət evi RİH tərəfindən hazırlanmış layihə sənədləri əsasında əsaslı surətdə təmir olunmuşdur. Qısa müddətdə qəsəbədə 5 abad həyət, bir istirahət parkı istifadəyə verilmişdir. Sakinlərin müraciətləri nəzərə alınaraq yeni xeyir-şər yeri tikilir. 236 saylı orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir işləri aparılır və yeni dərs ilinin əvvəlində istifadəyə veriləcəkdir.
Qəsəbə sakinləri görülən işlərdən razı qaldıqlarını, onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında