Eks - prezident Əbülfəz Elçibəyin Əli Kərimli tərəfindən zəhərlənməsi ilə əlaqədar qaldırılan cinayət işi radikalların yuxusunu ərşə çəkib
Mərhum eks-prezident Əbülfəz Elçibəyin Əli Kərimli tərəfindən zəhərlənməsi iddiası və Bakı Şəhər Prokurorluğunda bununla əlaqədar istintaq aparılması barədə məlumatlar müxalifət düşərgəsində ciddi narahatçılıq yaradıb. Həmişə demokratiyanın, haqq - ədalətin bərpasından dəm vuran, bu yolda özlərini guya əsl "qədirbilən" kimi göstərməyə çalışan radikal müxalifət nümayəndələri son vaxtlar çox narahat görünürlər.
AXC - Müsavat hakimiyyəti dövründə prezident olmuş Əbülfəz Elçibəyin zəhərlənərək dünyasını dəyişməsi ilə əlaqədar qaldırılan cinayət işi radikalların ovqatını əməlli - başlı təlx edib. Onlar müxtəlif kütləvi informasiya vasitələrinə müsahibələr verərək guya bu cinayət işinin məqsədli şəkildə qaldırıldığını iddia edir və 2013- cü ildə keçiriləcək prezident seçkilərində bəzi müxalifət nümayəndələrinin iştirakının qarşısını almaq məqsədi güddüyünü bildirirlər. Xülasə, yamanca təşviş keçirirlər. Görünür bəzilərinin təşviş keçirmələri üçün nəsə bir səbəb var. Necə deyərlər, "od olmayan yerdən tüstü çıxmaz".
2013- cü ildə keçiriləcək prezident seçkilərinə hələ xeyli vaxt var. Daha dəqiq desək, bir ildən də çox. Ona görə də eks - prezident Əbülfəz Elçibəyin zəhərlənərək dünyasını dəyişməsi ilə əlaqədar qaldırılan cinayət işinin növbəti ildə keçiriləcək prezident seçkiləri ilə əlaqələndirilməsi gülünc versiyadır. Bu, suda boğulanın saman çöpünə əl atmasına bənzəyir. Digər tərəfdən, radikal müxalifət təmsilçiləri elə indidən gələn il keçiriləcək prezident seçkilərinin obyektivliyinə beynəlxalq təşkilatlarda şübhə oyatmaq istəyirlər. Çünki yaxşı bilirlər ki, hər dəfə olduğu kimi bu dəfəki seçkilərdə də biabırcasına məğlub olacaqlar. Məğlubiyyətlərinin əsl "səbəbini" isə indidən pərdələməyə, ictimai rəyi çaşdırmağa çalışırlar. Müxalifət nümayəndələri bu məsələ ilə əlaqədar qaldırılan cinayət işi xəbərindən özlərini necə itiriblərsə, hətta unudublar ki, seçki kampaniyası başlamayıb və növbəti prezident seçkilərinə hələ namizədlərini müəyyənləşdirməyiblər. Ona görə də bu cinayət işinin seçkilərlə heç bir əlaqəsi ola bilməz. Azərbaycanın eks - prezidenti Əbülfəz Elçibəyin kimlərinsə tərəfindən zəhərlənməsi ilə əlaqədar cinayət işinin başlanması qanuna uyğundur. Məsələyə aydınlıq gətirən Azərbaycan Prezidenti Administrasiyasının ictimai - siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bunu belə əsaslandırmışdır: "Prokurorluq bu cinayət işini başlamaya bilməzdi. Çünki haqqında söhbət gedən şəxs Azərbaycanın adi bir vətəndaşı deyil. Əbülfəz Elçibəy qanunla status almış keçmiş prezidentdir. Ona görə də onun həyatı ilə bağlı bütün məsələlər araşdırılmalıdır. Necə olur ki, Türkiyədə mərhum Prezident Turqut Özalın zəhərlənməsi ilə bağlı məsələ müzakirəyə çıxarılır, bununla bağlı iş başlanır, araşdırma aparılır? Azərbaycanda niyə olmasın? Bu baxımdan Əbülfəz Elçibəy statuslu keçmiş prezidentdir və onun həyatı, xəstəliyi ilə bağlı səsləndirilmiş, ictimai rezonans doğurmuş, geniş müzakirələrə səbəb olan istənilən hadisə, fikir prokurorluqda araşdırılmalı, bunun real, yoxsa qeyri-real olması müəyyənləşdirilməli, Azərbaycan ictimaiyyətinə bu haqda məlumat verilməlidir. Bu, ictimai əhəmiyyət kəsb edən, cəmiyyətdə rezonansa səbəb olan hadisədir və prokurorluq mütləq bunu araşdırmalıdır".
Milli Məclisin deputatı, AXCP sədrinin keçmiş müavini, Əbülfəz Elçibəyin Türkiyə təmsilçisi olmuş Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu da cinayət işinin qaldırılmasının hüquqi cəhətdən düzgün olduğunu bildirmişdir. O demişdir ki, Baş Prokurorluq tərəfindən məsələnin araşdırılması hüquqi cəhətdən doğrudur. Hər hansı müraciət olursa və ya iddia irəli sürülürsə, iddianın əsaslı olub-olmamasından asılı olmayaraq, hüquq-mühafizə orqanları bunu mütləq araşdırmalıdır. Ona görə də Baş Prokurorluğun hərəkətini hüquqi baxımdan doğru hesab edirəm. Buna görə prokurorluğun ünvanına ittihamlar yönəldilməsi düzgün deyil. Əbülfəz Elçibəy kimi böyük bir şəxsiyyətin vəfatından sonra onunla bağlı bir sıra məqamların araşdırılmasına, hətta bizim xoşumuza gələn və ya gəlməyən məsələlər istiqamətində təhqiqatın aparılmasına da təbii yanaşmaq lazımdır.
Qeyd edək ki, bir sıra müxalifət nümayəndələri bu məsələ ilə əlaqədar araşdırma aparılmasının tərəfdarı olduqlarını bildiriblər. Görünür onların da Əbülfəz Elçibəyin dünyasını dəyişməsində müəyyən şübhələri var. Məsələn, Əbülfəz Elçibəyin prezidentliyi dövründə baş nazir olmuş Pənah Hüseyn "Yeni Müsavat" qəzetinə açıqlamasında Əbülfəz Elçibəyin xəstəliyinin birdən başladığını və çox sürətlə inkişaf etdiyini bildirib. O, Elçibəyin ölümünün müəyyən şübhələr doğurduğunu deyib: "Bu baxımdan təhqiqat aparılmalı, Əbülfəz Elçibəyin məhz əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib-dəyişmədiyi yoxlanılmalıdır". Keçmiş prezidentin qardaşı Almurad Əliyev də Əbülfəz Elçibəyin vəfatının səbəbləri ilə bağlı məsələnin tam araşdırılmasının tərəfdarı olduğunu bildirib. O, prosesin nə ilə nəticələnəcəyini bilmək istəyir. A.Əliyev eks - prezident Ə.Elçibəyin ölümünün səbəblərinin daha ciddi araşdırılmasının tərəfdarı olduğunu bildirərək deyib: "Yaxşısı budur, məsələ məhkəmədə araşdırılsın. Əli Kərimli isə bu məsələ ilə bağlı mənimlə danışmayıb. Hər halda avqustun 20-də Ə.Elçibəyin vəfatı günü ilə bağlı məzarı üzərində keçirilən tədbirdə Əli Kərimli ilə görüşəcəyik".
Almurad Əliyevin AXCP sədri Əli Kərimlinin adını çəkməsi təsadüfi deyil. Çünki eks- prezident Əbülfəz Elçibəyin zəhərlənərək dünyasını dəyişməsində həmin dövrdə AXCP sədrinin müavini olmuş Əli Kərimlinin adı hallandırılır. Məlum olduğu kimi Bakı Şəhər Prokurorluğunda eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə cinayət işinin istintaqı başlanmışdır. Məlumatda bildirilir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev eks - prezident Əbülfəz Elçibəyin AXCP sədri Əli Kərimli tərəfindən zəhərlənməsi ilə bağlı əlində faktların olduğunu bildirmiş və bununla bağlı Baş Prokurorluğa müraciət etmişdir. Həmin müraciət əsasında da cinayət işi qaldırılmışdır. Cinayət işinin Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin iddiası əsasında qaldırılmasını əsassız hesab edən radikal müxalifət nümayəndələri guya H.Hacıyevin siyasi dairələrdə və cəmiyyətdə qeyri-ciddi siyasətçi kimi tanındığını iddia edirlər. Onlara xatırlatmaq istərdik ki, 2003-cü və ondan əvvəlki illərdə Hafiz Hacıyev keçmiş iqtisadi inkişaf nazirləri Fərhad Əliyev və Heydər Babayevin korrupsiya əməlləri barədə qorxmadan, çəkinmədən, deyərdim ki, həyatını riskə qoyduğu vaxtlarda məlumatlar yayanda müxalifətin ən əzizi, hadisələrə obyektiv münasibət bildirən şəxs kimi qiymətləndirdiyi partiya sədri idi. O vaxt onun şəkilləri müxalifətin himayəsində olan qəzetlərdən düşmürdü. Hətta, Hafiz Hacıyev prezidentliyə namizəd olanda Əli Kərimli və İsa Qəmbər tərəfdarları ona səs vermək istədiklərini bildirmişdilər. Bundan əlavə, Hafiz Hacıyev AXC - Müsavat hakimiyyəti dövründə ən zəruri sahələrdən birinə rəhbərlik edirdi. İkinci bir tərəfdən Hafiz Hacıyev biologiya elmləri üzrə fəlsəfə doktorudur. Gəlin görək onu qeyri-ciddi hesab edənlər hansı elmi dərəcəyə malikdirlər. Bu fikirdə olanlara yenə də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun fikrini xatırlatmaq yerinə düşərdi: "Təəssüflər olsun ki, Azərbaycanda bir mənfi tendensiya var. Hansısa bir şəxs insanlara sərf edəndə ciddi, sərf etməyəndə isə qeyri-ciddi olur. Necə olur ki, bir müddət bundan əvvəl Hafiz Hacıyev Azərbaycan hakimiyyəti ilə bağlı açıqlama verəndə bəzi müxalifət partiyalarının sədrləri onu dərhal tərəfdaş kimi qəbul edirdilər, onunla əməkdaşlıq qururdular, amma indi onların əleyhinə müxtəlif açıqlamalar verəndə, danışanda o, qeyri-ciddi siyasətçi, qeyri-ciddi imic sahibi olan insana çevrilir? Qanunda kimin ciddi, kimin qeyri-ciddi olduğuna dair təsnifat aparılmır. Hafiz Hacıyev faktiki olaraq qeydiyyatdan keçmiş real bir siyasi partiyanın sədridir və Azərbaycanın hakimiyyət strukturlarına, prokurorluq orqanlarına rəsmi müraciət edib. Müraciət olubsa, onu edənin ciddiliyi, qeyri-ciddiliyi nəzərə alınmadan məsələ araşdırılmalıdır.
Açıq deyim ki, mən onun qeyri-ciddi şəxs olması barədə fikirləri bölüşmürəm. Hafiz Hacıyev normal bir Azərbaycan vətəndaşıdır. Haqqında iddia qaldırdığı şəxslərin hakimiyyəti dövründə nazir işləyib. Qeyri-ciddi şəxs idisə, onu niyə nazir qoyurdular? Sonrakı dövrdə siyasi partiya yaradıb və həmin insanlar onun partiyası ilə uzun müddət əməkdaşlıq ediblər. Nəyə görə onun hansısa müraciəti araşdırılmadan saxlanılmalıdır?" Cinayət işinin niyə Əbülfəz Elçibəyin ölümündən 12 il sonra açılmasını iddia edənlər sanki bizim hüquqi, demokratik və sivil bir dövlətdə yaşadığımızı unudurlar. Əgər Hafiz Hacıyevin eks - prezidentin ölümü, zəhərləndirilməsi ilə bağlı irəli sürdüyü iddianı araşdırmaq üçün cinayət işi açılmasaydı, o zaman indi bundan narazı qalan insanlar yenə iqtidarın üzərinə gələcək və deyəcəkdilər ki, görürsünüzmü, hakimiyyət məsələni siyasiləşdirir və Elçibəyin qatilinin tapılmasının qarşısını almağa çalışır. Bu gün Əbülfəz Elçibəyin ölümü ilə bağlı müəmmalı məsələlərin araşdırılması onun keçmiş silahdaşlarına qətiyyən sərf etmir. Qorxurlar ki, birdən nəyinsə üstü açılar, real bir nəticə əldə edilər və onların keçmiş əməllərindən hamı xəbər tutar. Hüquqi dövlətin əsas tələblərindən biri də hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, onların müraciətlərinin son məqamınadək araşdırılmasıdır. Biz də hüquqi dövlətdə yaşayırıq. Bu dövlətdə hər bir vətəndaşın müraciəti, xüsusən də keçmişdə prezident olmuş bir şəxslə bağlı müraciəti araşdırılmalıdır. Hafiz Hacıyev müraciətinin araşdırılıb baxılmamasını hiss etsə, beynəlxalq təşkilatlara, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. O zaman yenə də müxalifətin ən yaxın tərəfdaşı olacaq. Axı, Azərbaycan haqqında beynəlxalq təşkilatlara müraciət edib. Ölkəmizin adı hasısa bir təşkilatın "qara siyahısı"na salınacaq. Bu da radikal müxalifətin ürəyincə olan bir şeydir. Keçmişdə nazir olmuş, indi siyasi partiya sədri olan bir insanın müraciətinə niyə baxılmamalıdır? Əgər Müsavat Partiyasının başqanı və ya onun ətrafında olanlar, o cümlədən AXCP üzvlərindən kimsə bu məsələ ilə əlaqədar müraciət etsəydi, təbii ki, yenə də araşdırma aparılacaqdı. Görünür onlarda bu cəsarət olmadığından Hafiz Hacıyev özünün dediyi kimi, əlində olan faktlara əsaslanaraq qorxmadan, çəkinmədən Baş Prokurorluğa müraciət edib. Hətta, o, eks - prezidentin kimin tərəfindən zəhərləndirilməsi ilə bağlı ad da çəkib. Ona görə də Azərbaycan ictimaiyyətinin bununla bağlı narahatlığına aydınlıq gətirilməli, bu hadisənin olub-olmadığına, olubsa, kimin tərəfindən və niyə edilməsinə dair rəsmi açıqlama verilməlidir. Faktiki olaraq ortada real bir iddiaçı var.
Vəziyyətin getdikcə mürəkkəbləşdiyini duyan AXCP sədri çıxış yolunu hakimiyyəti şantaj etməkdə, böhtan atmaqda görür. Guya o, 2013-cü ildə keçiriləcək prezident seçkilərində müxalifətin ən real namizədidir. Təbii ki, bu vəziyyətdən çıxış yolu deyil. Ölkəmizdə bütün seçkilər qanunla tənzimlənir. Bu sahədə zəngin qanunvericilik bazası da mövcuddur. Hər bir Azərbaycan vətəndaşının, o cümlədən AXCP sədri Əli Kərimlinin də istənilən seçkilərdə iştirak etmək, namizədliyini irəli sürmək hüququ var. Heç kim bu hüququ məhdudlaşdırmır. Ancaq gəlin görək İctimai Palata gələn il keçiriləcək prezident seçkilərində AXCP sədrinin namizədliyini irəli sürəcəkmi? Artıq bununla əlaqədar bu qondarma qurumda ciddi fikir ayrılığı yaranıb. Özünü prezidentliyə real namizəd hesab edən Müsavat Partiyasının başqanı ən yaxşı istirahət mərkəzlərinin birində arın - arxayın oturaraq məqam gözləyir. AXCP sədri haqqında prokurorluq orqanlarının araşdırma aparması Müsavat Partiyasının başqanı üçün sanki göydəndüşmədir. Çünki onun rəqibinin sıradan çıxmaq ehtimalı var. Bundan istifadə edən İsa Qəmbər tərəfdarları da araşdırmanın aparılmasını vacib hesab edirlər. Əslində bu, İsa Qəmbərin Əbülfəz Elçibəyə olan hüsn-rəğbətindən irəli gəlmir. O, prezident seçkiləri yolunda rəqibinin birinin sıradan çıxmasına çalışır. Əgər İsa Qəmbərin Əbülfəz Elçibəyə hörməti olsaydı, Elçibəyin hakimiyyəti dövründə Müsavat Partiyasını yaratmazdı. Onsuz da İsa Qəmbər həmin dövrdə ikinci şəxs idi. Bəs onda Müsavat Partiyasını yaratmaq nəyə lazım idi? Bu, əslində Əbülfəz Elçibəyə qarşı atılmış bir addım idi. Bununla da Elçibəy hakimiyyətinin daxilində yeni bir hakimiyyət rıçaqı yaratdı və özü də rəhbər oldu. Bundan sonra Əbülfəz Elçibəyi devirib hakimiyyətdə birinci olmaq üçün min oyundan çıxdı. Axırda isə "su çanağı suda sındı".
Azərbaycan xalqına da, Elçibəy sevərlərə də çox yaxşı məlumdur ki, eks - prezident xəstə olanda ulu öndər Heydər Əliyev onun sağalması üçün bütün imkanlardan istifadə edib. Ancaq görünür vəziyyət heç də düşünülən kimi deyilmiş. Sən demə, ortalıqda başqa məqamlar da var imiş. İstintaq da məhz həmin məqamları araşdırır.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.