Şriftin ölçüsü:
24.08.2012 02:49 | Oxunma sayı: 452
Öz dövlətçiliyi olan hər bir xalq dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənləri qarşısında öhdəliklər daşıyır. Məsələn, Rusiya bildirmişdir ki, hər bir rus, hansı ölkədə yaşamasından asılı olmayaraq, Rusiya vətəndaşlığı almaq və Rusiyaya köçmək hüququna malikdir. Bir çox dövlətlər öz diaspor təşkilatlarına və başqa ölkələrin vətəndaşları olan, çətinliyə düşmüş həmvətənlərinə kömək göstərirlər.
Bu öhdəliyi rəsmən bəyan etmiş ölkələrdən biri də Ermənistandır. Prezident Serj Sarkisyanın V Ümumermənistan təhsil konfransının iştirakçılarına müraciətində deyilir: "Ermənistan Respublikası bütün ermənilərin vətəni olmaqla, təkcə öz vətəndaşları qarşısında deyil, həm də bütün dünyada diaspor erməniləri qarşısında öhdəliklər daşıyır".
Ermənistan müstəqilliyini elan etdiyi gündən həmişə diasporun köməyinə ehtiyac duymuşdur. Böyük bir erməni icması, daha doğrusu, Suriyada yaşayan etnik ermənilər, uzun illər ərzində ilk dəfə olaraq, hazırda gündən-günə daha qanlı xarakter alan amansız vətəndaş müharibəsi səbəbindən ağır vəziyyətə düşmüş və öz milli dövlətindən yardım istəmişlər.
Suriya erməniləri ilə bağlı təhlükəli vəziyyət prezident S.Sarkisyanın, SSRİ-nin süqutundan sonra müstəqil Ermənistanın diaspora real kömək göstərməyə qadir olduğunu nəhayət, nümayiş etdirmək bir şans idi. Bəs "bütün dünya ermənilərinin prezidenti" S.Sarkisyan nə etdi? O, "ata" qayğısına ehtiyacı olan, hətta Suriyadakı mənzillərini də sata bilməmiş erməni ailələrini Qarabağ ətrafında öz siyasi oyununun piyadalarına çevirdi. S.Sarkisyan çox gözəl başa düşür ki, bu qaçqınlar heç vaxt istər Zəngilanda, istər Laçında, istərsə də Qubadlıda özlərinə vətən tapa bilməyəcəklər. Spyurk (erməni diasporu) belə prezidentlə "fəxr edə" bilər. Dünənə qədər Suriyada yaşayan ermənilər binəsib qaçqınlardan işğalçı müstəmləkəçilərə çevrilmişlər. Yerevan bütün beynəlxalq qanunlara məhəl qoymayaraq onları Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş və heç vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati tabeliyində olmamış rayonlarda yerləşdirməyə başlamışdır.
Məsələnin digər bir tərəfi də vardır. Rusiya Geosiyasi Problemlər Akademiyasının vitse-prezidenti (erməni filialının sədri), bu yaxınlarda Suriyadan qayıtmış Araik Sarkisyan Rusiya ermənilərinin "Yerkramas" qəzetinə müsahibəsində Türkiyənin üstünə düşərək onu Suriyada müharibə törətməkdə ittiham etmişdir. A.Sarkisyanın təşvişinin səbəbi aydındır: erməni icması çətin vəziyyətə düşmüşdür. Belə ki, bir tərəfdən, vətəndaş müharibəsi onların təhlükəsizliyini qorxu altına alır, digər tərəfdən isə, həmişə ələviləri müdafiə edən və onlarla sıx münasibətləri olan ermənilər ələvi azlığının əleyhdarlarının hakimiyyətə gələ biləcəyindən qorxurlar. Çünki günlərin bir günü erməni icmasının təsiri də, onların əsrlər boyu topladıqları imtiyazlar da yoxa çıxa bilər.
General Leonid İvaşovun müavini A.Sarkisyan Türkiyəni beynəlxalq hüququ pozmaqda və Suriyada müharibə törətməkdə ittiham edərkən görmür ki, bir göz qırpımında qaçqından dönüb beynəlxalq hüququ tanımayan işğalçı müstəmləkəçilərə çevrilmiş bu "dinc qaçqınlar", Hələbdən gəlmiş "qanunpərəst" ermənilər vicdan əzabı çəkmədən və rəsmi Bakının icazəsi olmadan Azərbaycan Respublikasının Zəngilan, Laçın və Qubadlı rayonlarında məskunlaşırlar.
Bununla əlaqədar birmənalı şəkildə qeyd etmək olar ki, Ermənistan prezidenti S.Sarkisyan spyurk erməniləri barəsində qeyri-səmimidir, onlara ürəyi yanmır və Hələbdən gəlmiş hər bir "bədbəxt qaçqının" içində mənfur talançı-işğalçı oturmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının İdarəsinin tədqiqatına görə, 2007-ci ilin sonunda 11,4 milyon adam öz ölkəsindən kənarda qaçqın vəziyyətində, 26 milyon digər şəxs münaqişələr və təqiblər nəticəsində öz ölkələrinin daxilində köçkün vəziyyətində olmuşdur. Bu da BMT-nin Qaçqınlarla iş üzrə Agentliyinin sərəncamında olan evsiz-eşiksiz şəxslərin misli görünməmiş sayında öz ifadəsini tapmışdır. Belə bir vəziyyətdə ermənilər başqalarından fərqlənmişlər: onlar Suriyadan gəlmiş öz erməni qaçqınlarını halına acımaq lazım gələn bədbəxt insanlar kateqoriyasından özgə torpaqlarını qəsb etmiş nifrətəlayiq işğalçılar kateqoriyasına çevirmişlər.
{nl}
Elxan TAĞIYEV, müstəqil ekspert
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.