Murov dağının ətəyində əsgərlərlə görüş

Bu gün regionun aparıcı dövləti olan Azərbaycan ordu quruculuğuna xüsusi önəm verir. Ölkə başçısı möhtərəm İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Milli Ordumuzda idarəetmə durmadan təkmilləşərək yüksək standartlar səviyyəsinə qaldırılır. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, xüsusən müasir silahlarla təchizatı sahəsində davamlı, təxirəsalınmaz tədbirlər görülür. Bütün bunlar ordumuzun zabit və əsgər heyəti, eləcə də cəmiyyət tərəfindən böyük razılıq hissilə qarşılanmaqla yanaşı, Vətənimizin müdafiə qüdrətinə, işğal altında olan torpaqlarımızın tezliklə yağı caynağından azad ediləcəyinə əsaslı inam yaradır.
Əlbəttə, Milli Ordumuzun dövlət qayğısı ilə əhatə edilməsi çox təqdirəlayiq haldır. Gecəli-gündüzlü müstəqil Azərbaycanımızın hüdudlarını qorumaqla vaxtaşırı düşmən snayperlərinin hədəfinə tuş gələn və hər an döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olan zabit və gənc əsgərlərimizə ümumxalq qayğısı göstərilməlidir. Vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı Vətənin müdafiəçilərinə xüsusi sevgi, diqqət və hörmətlə yanaşmalıdır. Milli Orduda xidməti borcunu yerinə yetirənlər məmurdan tutmuş sıravi vətəndaşa qədər hər kəsin onların qayğısı ilə maraqlandığını, yaranan problemlərinin həllinə gündəlik köməklik göstərdiyini duymalı, buna görə qürur hissi keçirməlidir. Bu, zabit və əsgərlərimizin məsuliyyət hissini birə-beş artırmaqla bərabər, həm də onların nümunəvi xidmət göstərmələrinə çox önəmli stimul olar.
Çoxillik jurnalistlik fəaliyyətim dövründə gənclərin ordu sıralarına yola salınması münasibətilə keçirilən bir çox yolasalınma mərasimlərində iştirak etmişəm. "Ordu kişilik, hünər məktəbidir, siz gənclər bu gündən Vətənin sipəri, qurur mənbəyisiniz!" söyləyən rəsmi şəxslərin az olmayan bir qismini elə tədbir başa çatan kimi əsgəri xidmətə gedənləri də, onların ailələrini də birdəfəlik yaddan çıxardıqlarını görmüşəm. Sözsüz ki, istisnalarsız da olmayıb.
Belə təqdirəlayiq hallardan birinə diqqət cəlb etməyi özümə borc bilib, bu yazını qələmə almaq qərarına gəldim.
Bir il əvvəl Milli Ordu sıralarına yolasalma münasibətilə təşkil olunan təntənəli tədbiri indiki kimi xatırlayıram. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov əsgərlərə və valideynlərə üz tutaraq dedi:
- Əziz gənclər, bu gün Vətəni qorumaq kimi şərəfli bir missiyanı yerinə yetirməyə gedirsiniz. Bilirik, sizin üçün çox çətin olacaq. Ancaq dəyanət, dözüm göstərməyə, valideynlərinizin, müəllimlərinizin, bu gün sizi belə təm-təraqla yola salan zəngilanlıların, bizim - rayon rəhbərliyinin etimadını doğrultmağa, ləyaqətlə xidmət etməyə borclusunuz.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı olaraq söz verirəm ki, Milli Ordu sıralarında xidmətiniz dövründə sizi daim diqqət mərkəzində saxlayacağıq. Hərbi hissələrdəki qulluq şəraitinizlə, vəziyyətinizlə maraqlanıb, imkanımız daxilində sizə mənəvi dayaq duracağıq. Eyni zamanda, bundan sonra ailələrinizin qayğıları rayon icra hakimiyyətinin diqqətində olacaqdır. Hər zaman əsgər ailələrini qəbul edib, qaldırdıqları məsələlərin həllinə kömək göstərməyə çalışacam. Bu, həm də mənim borcumdur. Çünki şəhid ailələri ilə yanaşı, Vətən uğrunda sağlamlığını itirənlərə, əsgər ailələrinə və aztəminatlı ailələrə qayğı göstərməyi bizdən möhtərəm Prezidentimiz tələb edir.
Həmin vaxtdan rayon icra hakimiyyətində əsgər ailələri növbədənkənar qəbul olunur. Müraciətlərinə xüsusi həssaslıqla yanaşılır. Bunu əsgər ailələri özləri məmnunluq hissilə etiraf edirlər. Zəngilanlı əsgərlərin xidməti borclarını yerinə yetirdikləri hərbi hissələrlə müntəzəm olaraq əlaqələr yaradılır. İmkansız valideynlərə övladlarının xidmət göstərdikləri bölgələrə getmək üçün köməklik göstərilir.
Bu günlərdə Zəngilan Rayon İcra Hakimiyyəti daha bir yaddaqalan tədbirə təşkilatçılıq etmişdir. Rayon rəhbərliyi Zəngilanın müxtəlif idarə-müəssisə və təşkilatlarını təmsil edən 30 nəfərlik heyətlə Murov dağı ətəklərində sərhədlərimizi qoruyan zabit və əsgərlərlə görüşmək, onların müqəddəs Ramazan bayramını təbrik etmək üçün avqust ayının 18-də "N" saylı hərbi hissəsində olmuşdur.
Onlar buraya bayram sovqatları və hissədə keçirilməsi nəzərdə tutulan bayram konsertinin yüksək səviyyədə təşkili məqsədilə Zəngilanın tanınmış musiqiçi və ifaçılarından ibarət qrupla gəlmişlər. Hətta görüşün və bayram konsertinin keçiriləcəyi yerin dekorasiya və təşviqat tədbirləri də unudulmamışdır. "N" hissəsinə üzərində "Ramazan bayramınız mübarək!" sözləri yazılmış parça-plakat, yüzlərlə al-əlvan rəngli bayraqlar gətirmişlər.
Hərbi hissədə səmimi qarşılanmadan sonra təqdim olunan bayram hədiyyələri razılıq hissilə qəbul edilmişdir. Eyni vaxtda, gecikmədən rayon mədəniyyət şöbəsi kollektivinin və İsmayıl Quliyevin rəhbərlik etdiyi "Süsən" instrumental ansablının səyi ilə konsertin təşkil ediləcəyi yerə bayram tərtibatı verilmiş, səsgücləndirici qurğular hazır vəziyyətə gətirilmişdir.
Tədbiri bayram təbriki və giriş sözü ilə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov açmış, qürur hissilə qeyd etmişdir ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmş müstəqil Azərbaycanımız bu gün müdrik Prezidentimiz İlham Əliyevin dürüst idarəçilik bacarığı sayəsində özünün ən dinamik inkişaf dövrünü yaşayır. Bu tərəqqi dövlət və cəmiyyət həyatının bütün sahələri ilə yanaşı, ordu quruculuğunda da özünü geniş mənada göstərir. İndi Azərbaycan Qafqazın ən güclü dövləti olduğu kimi, onun ordusu da regionun ən qüdrətli ordusudur. Belə bir orduda xidmət etmək böyük şərəfdir. Siz bunu bilməli, xidməti borcunuza yüksək məsuliyyət hissilə yanaşmalı, hərbi texnikanın sirlərinə dərindən yiyələnməli, komandirlərinizin gündəlik tapşırıqlarına dönmədən əməl etməlisiniz. Unutmamalısınız ki, torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Bu mənada elə yüksək hazırlıq səviyyəsində olmalısınız ki, Ali Baş Komandanımızın hər hansı tapşırığını qətiyyətlə yerinə yetirəsiniz.
Sonda icra hakimiyyətinin başçısı bir daha Ramazan bayramı münasibətilə "N" saylı hərbi hissənin heyətini təbrik etmiş, onlara Vətən qarşısında xidməti borclarını baş ucalığı ilə verib, sağ-salamat ailələrinə dönməyi arzulamışdır.
Sonra söz səhnə ustalarına verilmişdir. Azərbaycan Dövlət Filarmoniyasının solisti Almaz Orucovanın, "Xalq Ulduzu" müsabiqəsinin qalibi Tural Salmanovun, həmin müsabiqənin finalçısı Nərgiz Mehdiyevanın, tanınmış müğənnilər Allahverdi Xəyalın, Aygün Rəhimovanın ifa etdikləri mahnılar alqışlarla qarşılanmış, əsgərlərin rəqsləri ilə müşayiət olunmuşdur.
Müğənnilərin yaratdıqları xoş ovqatdan ruhlanan əsgərlər-Vasif və Ceyhun da mikrafon götürərək konsert proqramına əlavə rəng qatmışlar. Bayram konsertinə adları yuxarıda qeyd olunan müğənnilərin əzəmətli himn kimi birgə ifa etdikləri "Qarabağ şikəstəsi" ilə yekun vurmuşdur.
Lakin qonaqlarla əsgərlərin qarşılıqlı ünsiyyəti bununla bitməmişdir. Zabit və əsgərlər İctimai Televiziya və Radio Yayımı Şirkətinin böyük redaktoru Zaur Mahmudov və Əminə Rəhimovaya, eləcə də "Zəngilanın səsi" qəzetinə müsahibələr vermiş, Ali Baş Komandanı, valideynlərini əmin etmişlər ki, onlar Vətən qarşısında öz xidməti borclarını sonadək ləyaqətlə yerinə yetirəcəklər.
Sonda "N" saylı hərbi hissənin zabiti Şahin Xankişiyev vurğulamışdır ki, Zəngilan Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu bayram görüşü və konserti təsirli tədbir kimi yadda qalacaq və şəxsi heyəti daha nümunəvi qulluq etməyə ruhlandıracaqdır.

{nl}

Salam CAVADLI, "Zəngilanın səsi" qəzetinin redaktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında