Ermənistan rəhbərliyinin siyasəti erməni xalqını fəlakətə sürükləyir

20 ildən artıq davam edən Qarabağ münaqişəsi - müharibə ermənilərə nə vermişdir? Azadlıq - yox, zənginlik - yox, xoşbəxtlik - yox, əmin-amanlıq-yox! Müharibə bu xalqa yalnız insan itkisi, ölüm, göz yaşları, işsizlik, aclıq, bir sözlə, fəlakət gətirmişdir. Əgər ermənilər qədim xalqdırsa, bəşəri dəyərləri anlayıb, ona üstünlük verə biləcək müdrik baxışlara sahibdirlərsə, onda nə üçün öz içərilərindən çıxan, lakin öz doğma xalqına yad olan, uydurma, baştutmaz ideyaları ortaya tullayıb xalqın bugününü və gələcəyini təhlükə altında qoymuşdur.
Erməni xalqı öz vəziyyətini nəzərdən keçirməlidir; onları uçuruma aparan ictimai-siyasi qüvvələr, ayrı-ayrı şəxslər və liderlər, xaricdə fəaliyyət göstərən lobbi təşkilatları, Eçmiadzin katolikosluğu və s. tərəfindən siyasi müstəviyə çıxarılan şovinist baxışlara öz münasibətini bildirməlidir. Əgər bu üzdəniraq ictimai qüvvələr xalqın gələcəyini tarixin alt qatlarında yığılıb qalmış, ehtimala əsaslanan, hazırda isə heç bir məna kəsb etməyən "erməni məsələsi" deyilən uydurma problemə əsaslanaraq ölkəni, cəmiyyəti sıxıntıya, aclığa, əzab-əziyyətə, təcridə və nəhayət məhvolma təhlükəsinə düçar edirlərsə, deməli, bu qüvvələr xalqa xidmət etmirlər və onlardan üz döndərmək, onlara inanmamaq, arxasınca getməmək lazımdır. Eyni zamanda on illər ərzində onların yeritdikləri zərərli siyasətin cinayətkar məqsəd güddüyünü ifşa etmək, özlərini isə millət xaini kimi cəzalandırmaq gərəkdir.
Dağlıq Qarabağ münaqişəsi Ermənistanın dövlət müstəqilliyi, erməni xalqının isə Cənubi Qafqazda əmin-amanlıq şəraitində yaşaması üçün çox böyük təhlükədir. Erməni xalqı tarixini, sosial-iqtisadi durumunu, siyasi strukturlarını, mədəni-mənəvi irsini qoruyub-saxlayıb gələcəyə ötürmək istəyirsə, hazırda suveren Ermənistan adlanan ölkədə yaşayan uşaqlarını, yeniyetmələrini, gənc oğlan və qızlarını, gəlinlərini, analarını, sadəcə vətəndaşlarını sağlam və xoşbəxt görmək arzusundadırsa, hər hansı münaqişədən uzaq olmağa can atmalı, o cümlədən, Dağlıq Qarabağ iddialarından əl çəkmədi, bu münaqişənin tezliklə aradan qaldırılmasına çalışmalıdır. Belə bir xalq - dövlət siyasəti baş tutarsa, erməni xalqı heç bir kənar müdaxiləyə ehtiyac olmadan özünün firavan həyatını tarixin axarına qaytara bilər və nəticədə bu soydan olan əhali özünü məhv olmadan qoruyar.
Məlumdur ki, müasir dövr XIX-XX əsrlərdən köklü şəkildə fərqlənir. O zaman ayrı-ayrı imperiyalara, ölkələrə və regionlara xas inkişaf modelləri mövcud idisə, müasir dövrdə inkişafa yalnız qloballıq, ümumdünya bağlantısı xasdır. Belə ki, müasir dünya reallığında son 30-40 ildə baş verən sıçrayışlı inkişaf dünya iqtisadiyyatını, sosial-siyasi proseslərini çevik, dəqiq, miqyaslı bir qaydada qlobal edir, möhkəm, qırılmaz tellərlə bir-birinə bağlayır, vahid tərkibdə birləşdirir. İndi qlobal məkan, zaman və hərəkəti heç kəs inkar edə bilməz. Planetimizdə sərhədlərin (ərazi, dil, din, adət-ənənə, mənəvi-psixoloji və tarixi-etnik və s.) əsasən rəmzi mənada mövcud olduğunu söyləsək, yanılmarıq. Strateji düşüncənin bir nəticəsi kimi, söylənmiş olsa da, bu mülahizə istər-istəməz bizi müasir reallığı qəbul etməyə məcbur edir. Hazırda ərazilər, cəmiyyətlər, mədəni-mənəvi proseslər təcrid olunmuş, qapalı, beynəlxalq aləmdən ayrıca mövcud ola bilməzlər. Deməli, müasir dünyada, eləcə də ayrı-ayrı dövlətlər qlobal məkan və zaman çərçivəsində öz varlıqlarını yalnız bu yolla saxlaya bilər, inkişaf və əmin-amanlığını yalnız bu çərçivə içərisində təmin edə bilər. Başqa yol yoxdur.
Belə olan şəraitdə yeni dünyamızda ermənilər nə üçün millətçilik siyasətinə üstünlük verirlər. Müasir dövrdə milli qarşıdurma nə dərəcədə mümkündür? Hansı xalqın milli lideri, siyasi xadimi, dövlət başçısı, din rəhbəri, elm və mədəniyyət təmsilçisi cəsarət göstərib bu sualların cavabında deyə bilər ki, mümkündür. Məncə, heç kəs! Doğrudan da, iriliyindən, xırdalığından, sosial durumundan, mənəvi-dini saflığından, hərbi-iqtisadi qüdrətindən, siyasi və diplomatik çevikliyindən asılı olmayaraq, hazırda heç bir xalq - ölkə ayrıca, öz sərhədləri içərisinə qapılaraq yaşamaq iqtidarında olması barədə bəyanat verə bilməz. Əgər belədirsə, onda erməni xalqını kimdir məhv etmək istəyən, hansı ictimai-siyasi qüvvələr (milli liderlər, siyasi partiyalar, mühacir statusu altında az qala dünyanın bütün ölkələrində baş girləyən lobbi, Eçmiadzin katolikosluğu və silahlı dəstələr şəklində təşkilatlanaraq öz soydaşlarını qorxu, hədə, yalançı vədlər və baştutmaz ümidlər vasitəsilə arxaları ilə getməyə məcbur edən terrorçular, strateji düşüncüdən uzaq elm və mədəniyyət xadimləri və s. qüvvələr) onsuz da planetdə sayı cəmi 6 mln. nəfərdən bir qədər çox olan erməni icmasını müxtəlif uydurma iddialar vasitəsilə qonşularına qarşı millətçilik bayrağı altında birləşməyə çağırmaqla, onu qonşularla qarşıdurmaya, münaqişəyə sövq etməklə, tarixi varlığına son qoymaq istəyir?!
Ermənilər isə bütün tarixləri boyu başqaları tərəfindən idarə olunduqlarını yaddan çıxararaq qonşularına qarşı torpaq iddiası irəli sürürlər. Bununla da tarixin sovqatı kimi qazandıqları ilk dövlət müstəqilliyini, gözlənilmədən onlara nəsib olmuş azadlığı təhlükə altında qoyurlar. Budur, 20 ildən çoxdur ki, Ermənistan, Azərbaycan dövləti ilə müharibə, münaqişə vəziyyətindədir. Belə olduqda hansı istiqlaldan, hansı azadlıqdan danışmaq olar? Hadisələrin gedişində Ermənistan qazanılmış azadlığı, müstəqilliyi yenidən itirə bilər. Yaddan çıxarmaq lazım deyil ki, 1992-ci ilin əvvəlində BMT Cənubi Qafqazın hər üç respublikasını təşkilatına üzv qəbul edəndə onları SSRİ tərkibində malik olduqları ərazi və sərhədlərlə qəbul etmişdir. Bununla da beynəlxalq hüququn, norma və prinsiplərinin gözlənilməsi təmin olunmuşdur. Azərbaycanla münasibətlərində Ermənistan Respublikası ümumdünya və bəşəri yaşayış normalarını əsas götürərək, onlara zidd getməyərək etiraf etməlidir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, orada Azərbaycan vətəndaşları yaşayır və Azərbaycanın inzibati idarə sistemi qüvvədə olmalıdır. Tarixi sənədlər də bunu təsdiq edir. Dağlıq Qarabağda məskunlaşmış ermənilər həmişə, eləcə də XX əsrin 20-ci illərində Azərbaycanın vətəndaşı olmağı istəmişlər. Bu istək insanları millətçilərin, terrorçuların və separatçıların zorakı təsirindən xilas etmək, onları dinclik, əmin-amanlıq şəraitinə qovuşdurmaq üçün lazımdır.
Azərbaycan xalqı öz dövlətinin sarsılmaz iradəsi ilə Qarabağ probleminin ədalətli həllinə inanır. Buna görə də ötən dövr ərzində gözləmə mövqeyinə üstünlük vermiş, bununla da sözün əsl mənasında sülhsevər olduğunu bütün dünyaya bir daha nümayiş etdirmişdir. Ermənistan və ermənilər problemin həllində Azərbaycanın şərtlərini qəbul etməsələr, çox böyük səhv etmiş olacaqlar.

{nl}

MƏMMƏDƏLİ PAŞAYEV, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında