Şəmkir: problemlər həllini tapır

Şəmkir Qərb bölgəsinin ən iri rayonudur. Təkcə əhalisinin sayına (təxminən 200 min nəfər) görə deyil, həm də ərazisinə, kənd təsərrüfatı istehsalının həcminə və digər infrastrukturuna görə qonşu rayonlardan fərqlənir. Rayon ərazisi Göygöl, Samux, Tovuz, Gədəbəy, Daşkəsənlə həmsərhəddir. Burada 52 sənaye, 67 kəndli-fermer təsərrüfatı, 5 tikinti müəssisəsi fəaliyyət göstərir.
Təbii ki, böyük şəhərlərin, rayonların problemləri, qayğıları da böyük olur. Amma o yerdə ki, problemlərin həlli istiqamətində ardıcıl, məqsədyönlü işlər aparılır, daxili imkanlardan səmərəli istifadə olunur, orada inkişaf, tərəqqi önə keçir və rayon tədricən öz simasını dəyişir, əhalinin rifah halı yaxşılaşır.
Şəmkir rayonu da son illər məhz beləcə abadlaşır, gözəlləşir. İndi Şəmkirin elə küçə və prospektləri, park və xiyabanları, sosial obyektləri, tikililəri var ki, adam bəzən özünü böyük paytaxtdakı kimi hiss edir. Maraqlı, həm də diqqət çəkən məqam odur ki, bu işlər bir an belə səngimir, rayon sakinlərinin özlərinin təşəbbüskarlığı artır, doğma torpağa bağlılıq hissi yüksəlir.
Bu dəfə rayonda olarkən maraqlı bir işin, dəqiq desək, xeyirxah təşəbbüsün şahidi oldum. Küçələrdən keçərkən elə ev yox idi ki, qarşısında, hasarının dibində, pəncərə önündə gül-çiçəyi olmasın. Dedilər ki, xeyli vaxtdır rayon icra hakimiyyəti bu işlərə nəzarət edir, sakinlər arasında təbliğat işi aparır, bələdiyyələrin, icra nümayəndələrinin, başlıcası isə əhalinin özünün gücündən səmərəli istifadə edir. Hər həftənin ikinci günləri rayon icra hakimiyyətində bununla bağlı keçirilən müşavirə də artıq ənənə şəklini almışdır. Şəmkirdə sanki hamı bir-biri ilə yarışır. Rayon rəhbərliyi də onları ruhlandırır, yarışlar, müsabiqələr təşkil edir, qalibləri mükafatlandırır. Amma sakinlər özləri deyirlər ki, ən yaxşı mükafat səmimi söz, isti münasibətdir. Bir də ki, bütün bunlar kimin üçündür? Yenə də sakinlərin özləri üçün, onların doğma rayonları ilə hər yerdə öyünmələri, fəxr etmələri üçündür. Ədalət naminə demək lazımdır ki, rayon icra hakimiyyətinin başçısı Nazim Veysov, aparatın digər işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, o cümlədən polis, prokurorluq orqanları adamlarla çox qaynayıb-qarışıblar. Diqqət, münasibət kimi hisslər ön plana keçib. İş görmək istəyən, faydalı təşəbbüs irəli sürən adama hərtərəfli dəstək olunur, ona kömək göstərilir. Bəlkə də elə bu münasibətin nəticəsidir ki, son illər Rusiyanın və keçmiş İttifaqın hər yerinə səpələnmiş şəmkirlilər indi geri qayıdırlar, əkin-biçinlə məşğul olur, yeni iş yerləri açır, problemlərin həllində yaxından iştirak edir. Təsadüfi deyildir ki, hazırda rayon üzrə istehsal olunan məhsulun 73,8 faizi özəl sektorun payına düşür. İkinci Dövlət Proqramı qəbul olunduğu vaxtdan bu günədək 2599 iş yeri açılmışdır ki, onun da təxminən üçdə biri daimi iş yerləridir.
Təkcə bu ilin birinci rübündə rayona başqa şəhərlərdən gələnlərin sayı 96 nəfər olmuşdur. Bu minvalla görün il ərzində rayon sakinlərinin sayı necə sürətlə artır. Qeyd olunan müddətdə 324 nikah qeydə alınmış, 70 fərdi yaşayış evi tikilmişdir. Bütün bunlar inkişafdan, tərəqqidən xəbər verir, adamların yaşayış tərzinin yüksəldiyini göstərir. Əgər bu gün rayonda yaşayan əhalinin 95 faizi təbii qazdan istifadə edirsə, bunun özü yuxarıda qeyd etdiyimiz statistik göstəricilərin yaxşılaşmasına təkan verən amildir. Kim istəməz ki, daimi qazı, işığı, suyu olsun, torpağından ürəyi istədiyi kimi istifadə etsin.
...Rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Sabir Quliyev 2010-cu ilin statistik rəqəmləri ilə bizi tanış edir. Öyrənirik ki, kənd təsərrüfatında işlər normal gedir. İndiyədək 14 min hektardan çox payızlıq taxıl, 2000 hektara yaxın qarğıdalı, 5724 hektar kartof, 5000 hektardan çox tərəvəz əkilib. Ət, süd istehsalında irəliləyişlər var. Maraqlıdır ki, 2009-cu illə müqayisədə bütün sahələr üzrə artım müşahidə olunur.
Son illər Şəmkirdə torpaqdan istifadə edənlər tərəvəz məhsullarının, xüsusilə faraş xiyar, pomidorun istixana şəraitində yetişdirilməsinə xüsusi fikir verirlər. Sabir müəllim qeyd etdi ki, hazırda 4 min hektar istixana altında şitillik var. Bir fakt da diqqəti cəlb edir ki, artıq Moskva və digər iri şəhərlərdə Şəmkir pomidoru Türkiyə pomidorunu həm qiymətdə, həm də keyfiyyətdə geri qoyur. Bu sahə daha da inkişaf etdirilir. ABŞ-dan gətirilmiş pomidor sortu 6-7 sot torpaqda əkilib və sınaqdan çıxarılır. Məhsuldarlıq yaxşı olsa, geniş yayılması planlaşdırılır.
Rayonda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın hər bəndinin icrasına xüsusi nəzarət olunur, bu işlər vaxtaşırı müzakirə edilir, əlaqədar nazirlik, şirkət və baş idarələrlə danışıqlar aparılır, birgə tədbirlər görülür.
Dövlət Proqramında rayonda 17 maddə üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin tədbirlərin 7-nin icrasına 2009-cu ildə, 8-nin icrasına isə 2010-cu ildə başlanılmışdır. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı aidiyyəti üzrə ayrı-ayrı nazirlik və baş idarələrə məktublar göndərilmişdir. Bundan başqa, rayonun səhiyyə müəssisələrinin təmiri, yeni avadanlıqla təchiz olunması, yeni səhiyyə müəssisələrinin tikintisi barədə Səhiyyə Nazirliyinə, rayonda yerləşən tarixi mədəniyyət abidələrinin bərpası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə məktub göndərilmişdir.
Dövlət Proqramına uyğun olaraq Şəmkir çayı üzərində su anbarının və kiçik su elektrik stansiyasının tikintisi davam edir. Hazırda su anbarında suötürücü 3 tunelin tikintisi başa çatmaq üzrədir.
Rayonda məktəb tikintisi diqqət mərkəzində saxlanılır. Dəllər qəsəbəsində 880 şagird yerlik, Təzəkənd kəndində 960 şagird yerlik, Zəyəm Cırdaxan kəndində 960 şagird yerlik orta məktəb binalarının tikintisi davam etdirilir. Qapanlı kəndində 460 yerlik yeni orta məktəb binasının tikintisi ilə bağlı hazırlıq işləri aparılır.
Cari ildə rayonun Dəllər qəsəbəsində 10 min tonluq gübrə anbarının tikintisi başa çatmaq üzrədir.
2010-cu ilin birinci rübündə əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 2 ədəd subartezian quyusu qazılmışdır.
Rayon əhalisinin təbii qaz və elektrik enerjisi ilə təminatı yaxşılaşdırılmışdır. Rayonun 34 yaşayış məntəqəsində 28300 abonentin mənzilinə təbii qaz verilir. Cari ildə 6 yaşayış məntəqəsinə təbii qazın verilməsi nəzərdə tutulmuşdur.
Görülmüş tədbirlər nəticəsində təbii qazın dəyərinin ödənişi 2010-cu ilin mart ayında 109,9 faiz, elektrik enerjisi sahəsində isə bu göstərici 78,39 faiz olmuşdur.
Dövlət Proqramına uyğun olaraq rayonda kənd təsərrüfatı dinamik inkişaf etdirilmişdir. Heyvandarlıq və bitkiçilik sahəsində yüksək göstəricilər əldə edilmişdir. Fermerlərə lizinq yolu ilə 24 baş cins mal-qara satılmış və onlardan 25 baş buzov alınmışdır. Rayonda üzümçülük inkişaf etdirilərək 428 hektara çatdırılmışdır. "Şərq ulduzu" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 110 hektar üzüm bağının 9 hektarı qarışıq üzüm növlərindən ibarət olduğu üçün ləğv edilmiş, əvəzində Fransadan yeni üzüm tingləri gətirilərək əkinə başlanılmışdır.
Rayon üzrə 14 kənd ATS-i yeni elektron ATS-lərlə əvəz olunmuş, daha 6 kənddə bu işin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Şəmkir rayonunun şəhər, qəsəbə və kəndlərinin abadlaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Şəmkir şəhərinin mərkəzində yerləşən "İstiqlal" və "20 Yanvar" parklarında, ümummilli lider Heydər Əliyevin abidə kompleksinin ətrafında və küçələrdə abadlıq işləri aparılır.
Rayonun əsas ticarət mərkəzinin yerləşdiyi 20 Yanvar küçəsində ticarət obyektlərinin fasadları yeniləşmiş, səkilərə üzlük daş döşənmiş, səliqə-sahman yaradılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Hazırda Şəmkir şəhərinin mərkəzindəki Hərbi şəhərcikdə yerləşən mənzillərin çirkab sularını axıtmaq məqsədi ilə 1,5 kilometr məsafədə kanalizasiya xətti çəkilir.
Rayon mərkəzi kimi Şəmkir şəhəri son illər aparılan quruculuq və abadlıq işləri sayəsində sürətlə inkişaf edir, böyüyür. Ona görə də şəhərin təmiz və abad saxlanılması məqsədi ilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə qərargah yaradılmış, küçə və parklar rayonun idarə və müəssisələrinə təhkim olunmuşdur. Həftədə bir dəfə rayon qərargahının iclasları keçirilməklə mövcud vəziyyət ətraflı təhlil edilir. Hazırda Şəmkir şəhərində küçə və parklarda səliqə-sahman yaradılır, bütün küçələrdə yaşayış evlərinin, ticarət və kommersiya obyektlərinin qarşısında gül dibçəklərinin qoyulması işi aparılır. Görülən tədbirlər öz səmərəsini verir. Artıq şəhərdə küçələrin və parkların qorunmasında nümunəvi qayda yaradılmışdır.
Cari ildə Şəmkir şəhərində Qazax Hərbi Prokurorluğunun, "Atabank"ın, "Rabitə bank"ın inzibati binalarının, Rayonlararası taun əleyhinə stansiyanın ərazisində bioloji təhlükəsizlik laboratoriyasının, Sarıtəpə kəndi yaxınlığında "Azaqro" MMC-yə məxsus istixana kompleksinin tikintisi başa çatmaq üzrədir.
2010-cu ilin "Ekologiya ili" elan olunması ilə bağlı RİH başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun şəhər və bütün kəndlərində mart ayının 1-dən başlayaraq ağacəkmə kampaniyasına başlanmışdır. İdarə və müəssisələrin əmək kollektivləri bu aksiyada mütəşəkkil iştirak edərək bu günədək Bakı-Qazax avtomobil yolunun kənarına, rayonun "Yastı meşə" adlanan ərazisinə və digər ərazilərə 30 mindən çox ağac əkilmiş, onların suvarılması, qorunması ilə bağlı idarə, müəssisə və təşkilatlar arasında bölgü aparılmışdır.
Aprelin 18-də Şəmkir rayonunda Türkiyə, Norveç, Yaponiya və Cənubi Koreya respublikalarının Azərbaycan Respublikasındakı səfirlərinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Məlahət Həsənova və Mübariz Qurbanlının iştirakı ilə İpək Yolunun rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsinin ətrafında ağacəkmə kampaniyası keçirilmişdir. Həmin gün 600-dən çox ağac əkilmişdir.
Əkilmiş ağacların qorunması üçün idarə, müəssisələr, bələdiyyələr və inzibati ərazi dairələri üzrə nümayəndəliklər daxili imkanlar hesabına mühafizəçilər təşkil etmişlər.
Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə keyfiyyətsiz malların istehsalına, idxalına və satışına qarşı ciddi tədbirlərin görülməsini bütün dövlət orqanları qarşısında mühüm vəzifə kimi qoymuşdur.
Şəmkir Rayon İcra Hakimiyyətində ölkə Prezidenti tərəfindən bu sahədə qarşıya qoyulmuş vəzifələri həyata keçirmək məqsədi ilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya rayon ərazisində istehlak mallarının keyfiyyətinə və satışına nəzarəti həyata keçirəcəkdir.
Ötən ildəki kimi, rayon icra hakimiyyəti kənd əməkçilərinin problemlərinin həllinə başlıca diqqət yetirir.
Əkin sahələrinin suvarılması işi daima nəzarətdə saxlanılır. Hazırda bu sahədə heç bir problem yoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 yanvar 2007-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərə güzəştlərlə yanacaq satılması və gübrə alınması üçün hər hektara 40 manat dövlət yardımının verilməsi rayonda bitkiçiliyin inkişafına, əməkçilərin maddi rifahının xeyli yaxşılaşmasına səbəb olmuşdur.
...Şəmkirin hər günü, hər saatı abadlıq, yaşıllıq, yenidənqurma işləri ilə bağlıdır. Rayon özünün elə bir dövrünə qədəm qoymuşdur ki, artıq bu yoldan onları heç nə döndərə bilməz. Bu yolun bir adı var: inkişaf yolu. Uğur olsun, şəmkirlilər!

{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında