Heydər Əliyev Beynəlxalq Aeroportunda biznes-sinif sərnişinləri üçün daha bir biznes salonu istifadəyə verilmişdir

Avqustun 17-də Heydər Əliyev Beynəlxalq Aeroportunda biznes-sinif sərnişinləri üçün geniş imkanları və rahat şəraiti olan daha bir biznes salonu istifadəyə verilmişdir.
Aeroportun "Şimal terminalı"nda açılan biznes salonu beynəlxalq standartlara tam uyğundur və biznes-sinif sərnişinləri burada müasir xidmətlərdən yararlana bilərlər. Sərnişinə göstəriləcək xidmətlər biletin dəyərinə daxildir. Salonda ən müasir qeydiyyat sistemi qurulmuşdur. Bu sistem sayəsində sərnişinlərin gediş sənədlərinin, baqaj və əl yüklərinin rəsmiləşdirilməsi ilə bağlı bütün işləri buradakı işçilər icra edəcəklər.
Açılış mərasimində iştirak edən "Azərbaycan Hava Yolları" QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AzərTAc-a bildirmişdir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun "Şimal terminalı"nda daha bir biznes salonunun açılması sərnişinlərə beynəlxalq standartlara uyğun xidmət göstərilməsi istiqamətində önəmli addımlardan biridir. Burada sərnişinlərə göstərilən bütün xidmətləri "AZAL"ın sifarişi əsasında VİP Aviasiya Xidmətləri Şirkəti həyata keçirir. Onu da deyim ki, təkcə "AZAL"ın deyil, həm də digər aviaşirkətlərin təyyarə reyslərinin biznes-sinfinə bilet almış sərnişinlər bu salonun xidmətindən istifadə edəcəklər.
Salonla tanışlıq zamanı bildirildi ki, göstərilən xidmətlərə biznes-sinif sərnişinlərinin xüsusi avtobuslar ilə təyyarəyə kimi aparılması da daxildir. Artıq Heydər Əliyev Beynəlxalq Aeroportunda biznes-sinif sərnişinlərinə xidmət edən salonların sayı 3-ə çatdırılmışdır. Bu salonların xidmətlərindən gün ərzində təqribən 100-dək sərnişin istifadə edir. Onlar istər qeydiyyata qədər, istərsə də qeydiyyatdan sonra "Azərbaycan Hava Yolları" tərəfindən yüksək qayğı ilə əhatə olunurlar.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" biznes-sinif sərnişinlərinə uçuş zamanı beynəlxalq mətbəxin müxtəlif təamları və içkilərini, bundan başqa, portativ əyləncə sistemi vasitəsilə müxtəlif filmlərin, beynəlxalq proqramların geniş çeşidini də təklif edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında