Azərbaycanın uğurları dostlarımızı sevindirir, bədxahlarımızı məyus edir

Son illərdə Azərbaycanda həyata keçirilən məqsədyönlü islahatlar, insan amilinə xidmət edən ümummilli proqramlar, mühüm infrastruktur layihələr ölkəmizi sürətli müasirləşmə yoluna çıxarmışdır. Sosialyönümlü iqtisadiyyat, qeyri-neft bölməsinin inkişafı davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Xalqımız özünün tarixi, maddi-mədəniyyət abidələri, incəsənət və musiqi mədəniyyəti ilə də haqlı olaraq fəxr edir.

{nl}


Baxış bucağı
Dünyanı heyrətə salan yüksək bədii təfəkkürümüzün formalaşmasına ölkəmizin ecazkar təbiəti, gözəl iqlimi, təbii sərvətlərinin zənginliyi də, şübhəsiz, böyük təsir göstərmişdir. Müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyətinin səviyyəsi haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. İncəsənətimiz də ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
Müstəqillik tarixi o qədər də böyük olmayan Azərbaycan ötən əsrin sonlarına doğru qloballaşma prosesi ilə üzləşsə də, ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti sayəsində milli, mənəvi, dini dəyərlərini, adət-ənənələrini kənar təsirlərdən qorumağa nail olmuşdur. Ümummilli lider xalqına qəlbən bağlı milli düşüncə və məfkurə sahibi olan şəxsiyyət kimi milli kimliyi ifadə edən dəyərlərə daim yüksək həssaslıqla yanaşmış, onların hifz edilərək gənc nəslə aşılanmasını vacib saymış və bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmışdır.
Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, milli maraqların müdafiəsi, Azərbaycanın məhz olduğu kimi dünyaya təqdim edilməsi kimi şərəfli missiyalar ulu öndərimizin davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əsas prioritet verdiyi məsələlər sırasındadır. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri və gərgin fəaliyyəti də xüsusi qeyd edilməlidir. Məhz bunun nəticəsi olaraq Azərbaycanla bağlı əsl həqiqətlər dünyaya olduğu kimi çatdırılır, xalqımızın özəl mədəniyyəti və incəsənətinə dünya xalqlarının marağı günbəgün artır.
Əsrimizin əvvəllərindən Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan qoruğu YUNESKO-nun Dünya İrs Siyahısına, Azərbaycan muğamı, Aşıq sənəti, habelə Novruz bayramı bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına, Azərbaycanın xalça sənəti isə qeyri-maddi irs üzrə reprezentativ siyahısına daxil edilmişdir. 2005-ci ildən başlayaraq Azərbaycan muğamının inkişafı və təbliği ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları dəvət olunmaqla dəyirmi masa keçirilmiş, Bakıda Muğam Mərkəzinin yaradılması qərara alınmışdır. 2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və YUNESKO-nun baş direktoru Kaişiro Matsuuranın iştirakı ilə mərkəzin təməli qoyulmuş, 2008-ci ildə isə açılışı olmuşdur. Fondun təşkilatçılığı və YUNESKO xəttilə hazırlanmış "Qarabağ xanəndələri" albomu bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə bu torpağa məxsus olduğunu sübut edir.
Artıq milli mədəniyyətimiz beynəlxalq arenada layiqincə təmsil olunur. Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq ölkəmiz beynəlxalq müsabiqə və festivallara ev sahibliyi edir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə keçirilən "Muğam dünyası" adlı beynəlxalq festival və ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalı iştirakçılara unudulmaz təsir bağışlayır. Dünyanın tanınmış musiqi xadimlərinin iştirakı ilə keçirilən beynəlxalq tədbirlər yeni istedadların üzə çıxarılmasına, gənclərin peşəkar ünlülərlə görüşünə və onların sənətinin incəliklərini öyrənməsinə imkan yaradır.
Ötən il Eldar və Nigar cütlüyünün Berlində "Eurovision-2011" müsabiqəsində parlaq qələbəsi Azərbaycan mədəniyyətinə çox önəmli töhfə oldu. Bu ilin mayında dünyanın diqqətini Azərbaycana yönəldən "Eurovision-2012" müsabiqəsinə Bakı layiqincə ev sahibliyi etdi. Bu hadisələrin başlıca əhəmiyyəti ondan ibarətdir ki, dünyaya vətənimiz Azərbaycanın nə qədər gözəl və əsrarəngiz, qonaqpərvər, həmçinin sivil bir ölkə olduğunu bir daha sübut etdik.
Mədəniyyətimiz bölgələrdə də inkişaf edir, şəhər və kəndlərimiz vüsətli tərəqqi dövrünü yaşayır. Sumqayıt şəhəri möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi qayğısı və diqqəti ilə daha da gözəlləşir, yüksəlişinin yeni mərhələsinə qədəm qoyur. Şəhərimizdəki dəyişiklikləri görmək üçün statistik rəqəmlərə deyil, küçə və meydanlara, sakinlərin çöhrələrinə baxmaq yetərlidir. Sosial-iqtisadi inkişaf istiqamətində çox mühüm addımlar atılır.
Prezident İlham Əliyevin tapşırığına əsasən yeni layihə üzrə Sumqayıtdakı Nəsimi adına Mədəniyyət və İstirahət Parkı əsaslı şəkildə yenidən qurulur, abadlaşdırılır. Dövlət başçımızın dediyi kimi, Sumqayıt Bakıya çox yaxındır, paytaxtla demək olar ki, birləşir. Çünki ölkəmizdə inkişaf çox sürətlə gedir və yolboyu tikililər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər. Ona görə Sumqayıtın paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılması əsas hədəflərdəndir.
Hazırda Azərbaycan prospektində böyük abadlıq işləri görülür, möhtəşəm Bayraq Meydanı yekunlaşmaq üzrədir. Heydər Əliyev Parkının bir hissəsi artıq sakinlərin istifadəsinə verilib. Belə əhəmiyyətli işlərin sırasında "Kimyaçı" mədəniyyət sarayının yenidən qurulması və qarşısında möhtəşəm meydanın yaradılması da vardır.
Qədim yaşayış məskəni olan Corat qəsəbəsinin Sahil küçəsindən giriş-çıxış hissəsində kəndin tarixini əbədiləşdirmək üçün ucaldılmış abidə memarlıq baxımından daha maraqlı üslubda yenidən qurulmuş, yollar təmir edilmiş, qala divarları tikilmiş,qalaların üstündə qədim toplar qoyulmuşdur. Eyni vaxtda 700 nəfərin ibadət etmək imkanı olan Cümə məscidində də möhtərəm Prezidentimizin göstərişi ilə əsaslı təmir aparılır, minarə ucaldılır. Şəhərimizdə irimiqyaslı abadlıq və quruculuq layihələri uğurla reallaşdırılır.
Bütün bunlar ilk növbədə xalqımızın mədəni səviyyəsinin, ölkəmizin sürətli inkişafının göstəriciləridir. Əks təqdirdə müstəqilliyinin qısa tarixi dövründə Azərbaycan dünya birliyində layiqli yerini tuta bilməz, uğurlarımız etiraf olunmazdı. Biz artıq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük. Bu haqqı çətin mübarizədə qazanmışıq. Çünki yolumuzdan dönməmiş, ədalətli olmuş və dünya ictimaiyyətinin böyük rəğbətini əldə etmişik. BMT üzvü olan 155 ölkə Azərbaycanı birmənalı dəstəkləyir. Bu, böyük siyasi uğurdur və biz artıq dünyada gedən bütün proseslərə öz təsirimizi göstərir, öz sözümüzü deyirik.
Bütün bunlara görə heç də təəccüblənməməliyik ki, uğurlarımızı gözü götürməyənlər də var. Bədxahlarımız yüksəlişimizi həzm edə bilmirlər. Hər şeyə ağız büzməyə adətkərdə olan bəzi üzdəniraq qələm sahibləri bu sahədə pis nümunə göstərirlər. Özlərini müxalifət adlandıran siyasətbazlar qeyri-etik, subyektiv prizmadan "mübarizə" aparır, bulanıq suda balıq tutmaq sevdası ilə yaşayırlar. Bunlar milli birliyimizə, milli həmrəyliyimizə təsir edə biləcək səviyyədə deyillər, amma həm də könül bulandırırlar.
Xaricdə də uğurlarımızdan "sancılanan" dairələrin olması təbiidir. Bu qüvvələr ölkəmizdəki möhkəm ictimai-siyasi sabitlikdən, iqtisadi və mədəni inkişafdan sanki xoflanırlar. Müəyyən məqamlarda bədxahlarımızın əsl siması üzə çıxır, bədnam niyyətləri aşkarlanır.
Ölkəmiz müstəqil siyasət aparır, heç bir dövlətin daxili işlərinə qarışmır. Əksinə, qlobal xarakterli addımlar atarkən torpaqlarımızın 20 faizini işğal etmiş təcavüzkar Ermənistan istisna olmaqla, regiondakı digər dövlətlərin maraqlarına hörmətlə yanaşır, sülhə, sabitliyə, inkişafa söykənən tarazlı siyasət yeritməklə beynəlxalq ictimaiyyətin rəğbətini qazanır. Həmin dövlətlərin sırasında qonşu İran İslam Respublikasının özünəməxsus yeri var. Quruluşu, siyasi sistemi və rejimi fərqli olsa da, Azərbaycan İranla əlaqələrin inkişafına xüsusi önəm verir, rəsmi Tehranla mehriban qonşuluq münasibətlərinin davam etdirilməsinin səmimi tərəfdarı kimi çıxış edir. Ancaq bununla belə, Azərbaycan heç vaxt başqa dövlətlərin daxili işlərinə qarışmadığı kimi, digər ölkələrin də bizim daxili işlərimizə qarışmasına imkan vermək fikrində deyil. Bu, bizim suveren hüququmuzdur.
İranla Azərbaycan arasında mövcud olan tarixi, mədəni, dini və humanist yaxınlığa baxmayaraq, bu gün qonşu ölkədəki bəzi dairələr respublikamıza qarşı qərəzli mövqedən çıxış edir, dünya erməniliyinin dəyirmanına su tökürlər. Ötən il ölkəmiz "Eurovision-2011" mahnı yarışmasında böyük qələbə qazandıqdan və 193 dünya dövlətindən 155-inin dəstəyi, etimadı ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildikdən, başqa sözlə, dünya çapında ciddi maraq mərkəzinə çevrildikdən sonra, təəssüf ki, analoji hallar daha da artmağa başlamışdır. Azərbaycan kimsədən siyasi, iqtisadi, hərbi asılılığı olmayan müstəqil dövlətdir, daxili və xarici siyasətini də özü müəyyənləşdirir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, öz ərazisindən qonşu İrana qarşı istifadə olunmasına imkan verməyəcək və ölkəmiz heç vaxt Tehranın milli maraqlarına zərbə vuracaq addımlar atan deyil. Buna baxmayaraq, tarixi, dini baxımdan bizə çox yaxın olan İranın bəzi dairələri Azərbaycanın milli maraqlarına zidd olaraq onun torpaqlarını işğal altında saxlayan, bir milyonadək müsəlman qaçqın və məcburi köçkünün yurd-yuvasından didərgin düşməsinə bais olan təcavüzkar Ermənistanla sıx münasibətlər qurur, iqtisadi əlaqələrini genişləndirirlər. Bu, əlbəttə, arzuolunmaz haldır.
Bir daha tükənməz qürur hissilə təkrarlayıram ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, güclənir. Ölkəmizdə aparılan siyasət təminat verir ki, respublikamız bundan sonra da mümkün maneələri dəf edərək zəfərlər yolu ilə gedəcəkdir.

{nl}

Ceyran AXUNDOVA, Sumqayıt şəhər sakini

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında