İlkin məlumatlara əsasən belə demək olar ki, 2012-ci ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1517,4 milyon manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 416,9 milyon manat və ya 37,9 faiz çoxdur.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 14,6 faiz və ya 100,1 milyon manat artaraq 785,0 milyon manat təşkil etmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,9 faizi və ya 462,3 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 17,2 faiz və ya 67,9 milyon manat artmış, proqnoz isə 108,5 faiz icra olunmuşdur.
Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 11,8 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 17,8 faiz artmışdır.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumatda bildirilir ki, 2012-ci ilin yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 322,7 milyon manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz və ya 32,2 milyon manat artmışdır.
Fondun sair gəlirləri (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,1 milyon manat təşkil etmişdir.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.
Cari ilin yanvar-iyul aylarında fondun xərcləri 1421,7 milyon manat olmuşdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1395,5 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 361,1 milyon manat və ya 34,9 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən demək olar ki, 36,0 faiz və ya 360,4 milyon manat artaraq 1362,9 milyon manat təşkil etmişdir. Qeyd etmək yerinə düşər ki, 2012-ci ilin yanvar-iyul aylarında əhaliyə 32,6 milyon manat məbləğində müavinət ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 26,2 milyon manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 1 milyon manat və ya 3,9 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumatda həmçinin fond tərəfindən pensiyaçılar və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlərin elektronlaşdırılması da bildirilir. Məlumatda deyilir ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytında (www.sspf.gov.az, www.dsmf.gov.az) saytında keçirilən növbəti interaktiv sorğu yekunlaşmışdır. Sorğu zamanı respondentlərə "Dövlət Sosial Müdafiə Fondunun internet saytı vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə edirsinizmi" sualı ünvanlanmışdır. Sorğuda iştirak edənlərin çoxu - 57,27 faizi suala "bəli", 42,73 faizi isə "xeyr" cavabını vermişdir.
Sorğunun keçirilməsində başlıca məqsəd əhalinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən elektron xidmətlər barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və bu istiqamətdə təbliğat işlərini gücləndirməkdir.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılmışdır. Fondun rəsmi internet səhifəsində yaradılan elektron xidmətlər bölməsində aidiyyəti üzrə göstərilən xidmətlərin adı, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron forması yerləşdirilib, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib. "Elektron xidmətlər" bölməsi interaktiv və informativ olmaqla 20-yə qədər xidməti əhatə edir. Göstərilən xidmətlər vətəndaşlara hesabatları elektron formada təqdim etmək, pensiya kalkulyatoru vasitəsilə pensiyasının məbləği barədə məlumat almaq, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək, fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatları əldə etmək və s. bu kimi imkanlar yaradır.
Hazırda fond tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Xüsusilə, pensiya təyinatı üzrə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması və tətbiqi ilə bağlı tədbirlər görülür.
{nl}
Z. BƏŞİRQIZI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.