Fatih Çekirgenin hədyanlarından erməni məkri yağır

Xanım Esen Ermiş Çekirgeni "House Cafe"dən niyə qovdurdu?

{nl}


Son vaxtlar Azərbaycanın sürətli iqtisadi inkişafı və beynəlxalq aləmdə qazandığı möhtəşəm uğurlar ölkəmizə düşmən kəsilən bəzi ermənipərəst qüvvələri və xaricdəki anti-Azərbaycan dairələrini ciddi narahat etməyə başlayıb.
Müəyyən dairələrin təzyiqlərinə baxmayaraq rəsmi Bakı ilə Ankaranın iqtisadi, siyasi, diplomatik və hərbi əlaqələri genişləndirməsi və Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar olunmasına yanaşmada prinsipial mövqedən dönməməsi bədxahlarımızı təşvişə salır. Türkiyə-Azərbaycan münasibətlərinin gündən-günə möhkəmlənməsindən narahatlığını gizlətməyən anti-türk dairələr müxtəlif ölkələrin bəzi mətbuat orqanlarında, hətta Türkiyədə hər iki ölkənin milli maraqlarına zərbə vurmağa yönəlmiş məqalələr dərc etdirir, əlaqələrin yüksəlişinin qarşısını almaq üçün dəridən-qabıqdan çıxırlar. Bu baxımdan, Türkiyənin "Doğan" qrupuna daxil olan mətbuat orqanlarının canfəşanlığı xüsusilə diqqəti cəlb edir.
"Doğan" qrupunun sahibi Aydın Doğan nədənsə, daim öz fəaliyyətində erməni lobbisinin sifarişlərini yerinə yetirərək ölkəmizə və Azərbaycan-Türkiyə münasibətlərinə qara yaxmaq yolunu tutmuşdur. Türk qardaşlarımız demişkən, bu "nədən"i araşdırarkən məlum olur ki, vaxtilə bu qrup Azərbaycanın enerji sektoruna sərmayə qoymaq istəyib. Lakin aparılan danışıqlarda ölkəmizin milli maraqlarını əsas götürən əlaqədar rəsmi şəxslər "Doğan" qrupu ilə razılıq əldə edilməsini məqbul saymamışlar. Deyilənə görə, şirkət daha çox gəlir əldə etmək niyyəti ilə tamahkarlığa yol vermək istəyib və nəticədə cəhdi uğursuz olub. Bundan sonra, Aydın Doğanın Azərbaycana münasibəti xeyli dəyişib və müxtəlif vaxtlarda qrupa daxil olan mətbuat orqanlarında və televiziyalarda ölkəmizin əleyhinə uğursuz kampaniyalar aparılıb. Hər dəfə də Türkiyə ictimaiyyətinin ciddi etirazlarına tab gətirə bilməyərək, kampaniyanı dayandırmaq məcburiyyətində qalıblar. Digər bir səbəb isə, deyilənə görə, "Doğan" qrupunun ermənipərəst xarici və daxili dairələrlə sıx əlaqədə olmasıdır. Bəlkə də elə bu səbəbdən Aydın Doğanın nəzarətində olan media qurumlarında Azərbaycan, Türkiyə və Ermənistan ilə bağlı yazılan məqalələrdə və səsləndirilən fikirlərdə erməni lobbisinin anti-türk təbliğatında istifadə etdikləri tezislərə tez-tez rast gəlmək olar.
Bu məqamda, Türkiyədə 2009-cu ilin sonlarından etibarən aparılan anti-Azərbaycan kampaniyasını da yada salmaq yerinə düşər. Həmin il oktyabrın 10-da Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasına dair protokollar imzalandıqdan sonra hakim Ədalət və İnkişaf Partiyasına mənfi münasibət bəsləməsi ilə seçilən Aydın Doğana məxsus qrupun media qurumları görünməmiş canfəşanlıq edərək rəsmi İrəvanla əlaqələrin qurulması istiqamətində səylərin daha da artırılmasının vacibliyini vurğulayırdılar. Həmin dövrdə Türkiyənin "Hürriyət" qəzetində dərc olunan məqalələri bir daha yada salaq. Başda Mehmed Əli Birant olmaqla bəzi köşə yazarları Türkiyənin Azərbaycana görə Ermənistanla sərhədləri bağlı saxlamasını məntiqsiz addım hesab edir, açıq-aşkar Ədalət və İnkişaf Partiyasına, hətta təəccüblü olsa da, beynəlxalq ictimaiyyətə səslənərək bu "haqsızlığa" dərhal son qoyulmasını tələb edirdilər. "Hürriyət" qəzetində 2010-cu il aprelin 15-də işıq üzü görən "Türkiyə çapalayır, azərilər isə buna əhəmiyyət vermir" adlı köşə yazısını bir daha xatırlatmaq istərdik.
Həmin köşə yazısında qeyd olunurdu ki, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı tövsiyə xarakterli qanun layihəsi qəbul olunarkən, guya, Azərbaycan tərəfi heç bir addım atmamış, bu məsələdə Türkiyəyə dəstək verməmişdir: "Ancaq buna baxmayaraq, rəsmi Ankara beynəlxalq təzyiqlərə sinə gərərək Azərbaycana görə Ermənistan ilə münasibətlər qurmur". (O zamanlar Azərbaycan bütün səviyyələrdə ABŞ-a etirazını bildirmiş, rəsmi Ankaraya tam dəstəyini ifadə etmişdi - red) Yazar Türkiyəni "bu səhvini" düzəltməyə çağırır, sərhədləri açmaqla "bəşəriyyətə" xidmət edəcəyini bildirir: "Əgər Türkiyə bir sıra məsələlərdə yalnız öz maraqları haqqında düşünsəydi, indi vəziyyət tamamilə fərqli olardı." Maraqlıdır, görəsən, bu fərq özünü nədə göstərəcəkdi? Türkiyəyə qarşı qondarma "soyqırımı" və ərazi iddiaları ilə çıxış edən, hər fürsətdə onun milli maraqlarına zərbə vurmağa çalışan Ermənistan ilə sərhədlərin açılması məsələsində hər hansı razılıqmı əldə olunacaqdı? Əgər razılıq əldə olunsaydı, bu, kimə fayda verəcəkdi: ermənilərə yoxsa, onlara heç bir ehtiyac duymayan Türkiyəyə? Ankara üçün geostrateji əhəmiyyətə malik, təbii sərvətlərlə zəngin, etibarlı tərəfdaş qardaş Azərbaycan daha önəmlidir, yoxsa, qapı-qapı gəzərək ona-buna əl açıb dilənən Ermənistan? İndiyədək "Hürriyət" qəzetində bu səpkidə onlarca məqalə dərc olunub və bu da maraqlıdır ki, görəsən, erməni lobbisinin tezisləri bu qəzetə haradan yol tapır? Təbii ki, bu sualın cavabını Aydın Doğan daha yaxşı bilər.
Bütün bunlar, Azərbaycan və Türkiyənin düşmənlərinin əməlləri, eləcə də onların dəyirmanına su tökən "sapı özümüzdən olan baltalar"ın işidir. Bu mənada avqustun 13-14-də "Hürriyət" qəzetində Fatih Çekirge adlı birisinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov barəsində qələmə aldığı iftira dolu məqaləni də məhz bu prizmadan qiymətləndirmək lazımdır. Əslində, burada Mikayıl Cabbarov timsalında yenə də ölkəmizin imici hədəf seçilib. Fatih özünü oxuculara dünyagörmüş adam kimi təqdim edərək, dəfələrlə İraq, Liviya, Şərq ölkələri liderləri ilə görüşdüyünü yazır, bu ölkələrdə gedən prosesləri, baş verən inqilabları xatırladır və bu zaman uğursuz bir formada Azərbaycana eyham vurur. Birincisi, Azərbaycanı bu ölkələrlə müqayisə etməyə cəhd göstərmək yazarın ya savadsızlığından, ya məlumatsızlığından, ya da ölkəmizə qarşı tutduğu qərəzli mövqedən irəli gəlir. Çünki bu gün Azərbaycan özünün sürətli iqtisadi inkişafına görə dünyada lider dövlətlər sırasındadır. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Ölkəmizdə insan hüquq və azadlıqlarını tənzimləyən qanunlar Avropa ölkələrinin qabaqcıl təcrübəsindən faydalanılaraq hazırlanmış və qəbul olunmuşdur. Azərbaycanda söz, fikir azadlıqları yüksək səviyyədədir, keçirilən bütün seçkilər azad, şəffaf və demokratik şəraitdə baş tutur. İnsanların həyat səviyyəsi ildən-ilə daha da yaxşılaşır. Azərbaycan qüdrətli hüquqi-demokratik dövlət kimi yüksəlir, beynəlxalq aləmdə nüfuzu artır. 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz də rəsmi Bakının daxili və xarici siyasətinin dünya tərəfindən yüksək qiymətləndirilməsi və dəstəklənməsi kimi dəyərləndirilir. Bütün bunlardan, guya, xəbərsiz olan Fatih Çekirgenin eyhamla dolu cümlələrindən erməni məkri yağır.
Jurnalist həmkarımız "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov haqqında da yalan və hədyan dolu məlumatlar yazıb. Guya, M. Cabbarov təyyarəyə 19 ədəd bilet alıb, dostları ilə birgə "biznes klass" salonunu bağlatdırıb, uçuş zamanı stüardessa ilə qeyri-etik davranıb və sair. M. Cabbarov mətbuata verdiyi açıqlamada yazılanları tam təkzib edir və biz də belə hesab edirik ki, o, öz şərəf və ləyaqətinin müdafiəsi üçün "Hürriyət" qəzetinə və Fatih Çekirgeyə qarşı Türkiyə Respublikasının məhkəməsində iddia qaldırmaq hüququndan istifadə edə, araşdırmalar nəticəsində hər şey aydın ola bilər. Əsas məsələ bu deyil. Əsas məsələ odur ki, "Hürriyyət" qəzetinin səhifələrində böyük türk millətinə "etika dərsi" keçməyə cəhd göstərən Fatih Çekirgenin özünün etik davranış qaydalarını öyrənməyə ehtiyacı var.
Bunun üçün bu internet saytına (http://www.haberkapital.com/gundem/fatih-cekirgeye-taciz-suclamasi.html) baxmaq kifayətdir. Həmin saytın yaydığı məlumatdan belə aydın olur ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Ankara şəhərinin Çankaya rayonu təşkilatının üzvü xanım Esen Ermiş oğlu ilə birlikdə "House Cafe"lərinin birinə gələrkən, Fatih Çekirge içkili vəziyyətdə ona sataşmaq istəyib. Esen Ermişin kafe rəhbərliyinə şikayətindən sonra Fatih bəy oradan qovulub. Ədalət və İnkişaf Partiyasının üzvü bu məlumatları sosial şəbəkə olan "Twitter"də yayıb. Fatih Çekirgenin necə "böyük mədəniyyət" sahibi bir insan olduğunu görmək üçün Esen xanımın yazdıqlarını oxucularımızla paylaşmaq istərdik. O yazır: "Bir qadın yanında övladı olduğu halda kofe içərkən içkinin təsirindən bihuş olmuş və "Hürriyyət" qəzetinin "etiketinə" sahib bir nəfərin tərbiyəsizliyinə şahid olmaq nə deməkdir?! Bu ölkədə heç kəs artıq öz karyerasına güvənərək tərbiyəsizlik etməməlidir. Namuslular namussuzlar qədər cəsur olmadıqca, onlara dərs verə bilməyəcəyik! Məlumunuz olsun ki, mən "House Cafe"də oğlumla oturarkən Fatih Çekirge mənə sataşdı və onu dərhal məkandan çıxartırdım! "Bax, budur Fatih Çekirge. Başqalarına etik davranış normalarını öyrətməyə çalışan bir insan şərəfsizliyə yol verir və ona elə gəlir ki, bu hərəkəti ictimaiyyət tərəfindən bilinməyəcək. Ancaq Esen Ermiş kimi qeyrətli və cəsarətli türk xanımı ona həddini bildirir və eyni zamanda, cəmiyyəti bu kimi maskalanmış insanları tanımağa səsləyir.
Bu gün Fatih Çekirge kimi bəzi anti-Azərbaycan əhval-ruhiyyəli yazarlar Azərbaycanın və Türkiyənin ölkələrimizin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirməsini qəbul edə bilmirlər. Son vaxtlar Türkiyənin rəsmi dairələrində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tez-tez bəyanatlar səslənməsinə paralel olaraq, qardaş ölkənin dövlət və hökumət rəhbərlərinin, o cümlədən xarici işlər nazirinin istər telefon danışıqlarında, istərsə də dünya liderləri ilə görüşlərində problemin həlli məsələsini daha qətiyyətlə dilə gətirməsi həmin insanları narahat edir. Türkiyə ilə Azərbaycan arasında "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" , "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında qaz alqı-satqısına dair Anlaşma Sazişi", "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında enerji sahəsində Əməkdaşlıq Protokolu" , "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"i və digər bu kimi mühüm əhəmiyyətə malik 150-dək yüksək səviyyəli sənədlərin imzalanması ermənipərəst dairələri təşviş içində saxlayır.
Bu il iyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərində ölkələrimiz, regionumuz və hətta ümumilikdə, Avropa və dünya üçün mühüm əhəmiyyət kəsb edən sənəd - Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqavilə imzalandı. Bunun ardınca, BOTAŞ və ARDNŞ arasında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşma ilə yanaşı, Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında "Ev sahibi hökuməti müqaviləsi" də imzalandı. Bu, iki ölkənin tarixində çox önəmli bir hadisə, iqtisadi, siyasi cəhətdən güclənən Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşacaq transmilli layihənin hüquqi bazasını təşkil edən mühüm sənədlərdir. Bütün bunlar, Türkiyə - Azərbaycan əlaqələrinin daim inkişaf edəcəyinin göstəricisidir. Anti-türk qüvvələri təşvişə salan da budur. Ancaq necə deyərlər, qorxunun əcələ faydası yoxdur. Türk qardaşlarımızın ifadəsi ilə desək, çəyirtkə bir sıçrayar, iki sıçrayar... sonrası məlumdur.

{nl}

"Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında