Şriftin ölçüsü:
16.08.2012 02:01 | Oxunma sayı: 437
Astara rayon sakini Şadoğlan Baxşıyevin Nisbət Fərhadova və onun tanışı Oqtay Novruzov tərəfindən aldadılaraq 60 min 100 manat pulunun ələ keçirilməsi barədə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında başlanmış cinayət işi üzrə istintaq aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cinayət işinin başlanmasına səbəb N.Fərhadovanın tanışı O.Novruzovla qabaqcadan əlbir olub Ş.Baxşıyevdən oğlu Manaf Baxşıyev və digərlərinin barəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq edilən cinayət işinin müsbət həll olunacağı və məhkəmədə cəzasının yüngülləşdiriləcəyi adı ilə külli miqdarda pulunu ələ keçirərək dələduzluq etməsi olmuşdur.
Qeyd edilən cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 15 aprel tarixli hökmü ilə Manaf Baxşıyev Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il, Sübhan Həndəmov və Arzuman Qənbərov Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 6 ay, Valeh Zülfüqarov Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il, Etibar Həziyev isə Cinayət Məcəlləsinin 234.1-ci və 317-2.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən Ş.Baxşıyev N.Fərhadovadan verdiyi pulun qaytarılmasını tələb etmişdir. Lakin sonuncu həmin pulu qaytarmamış və Ş.Baxşıyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişdir.
N.Fərhadovanın şəxsiyyəti araşdırılarkən müəyyən olunmuşdur ki, o, əvvəllər də törətdiyi dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, N.Fərhadova keçmiş həyat yoldaşı Seyidnəsir Aslanovla birlikdə 1998-ci ildə Xaçmaz rayon sakininə məxsus 23 min ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının dələduzluq yolu ilə ələ keçirmələri faktı üzrə Ali Məhkəmənin Cinayət İşləri üzrə Kollegiyasının 2000-ci il 12 iyun tarixli hökmü ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Bundan başqa, N.Fərhadovanın 1998-ci ildə Xaçmaz rayon sakininin 7 min 800 ABŞ dolları dəyərində əmlakının dələduzluq yolu ilə ələ keçirməsi faktına görə 2006-cı il iyunun 20-də Şabran Rayon Prokurorluğunda cinayət işi başlanmış, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində cinayət təqibinə xitam verilmişdir.
Qeyd edilməlidir ki, ictimaiyyətə özünü Şuşa rayonundan məcburi köçkün kimi təqdim edən N.Fərhadova əslində 1962-ci ildə Xaçmaz rayonunun Ağyazı kəndində anadan olmuş, orada yaşamış və 2005-ci ildə Şuşa rayonunun Xəlifəli kəndində qeydiyyatda olan Novruz Fərhadovla nikaha girərək həmin kəndə qeydiyyata götürülmüşdür.
N.Fərhadova araşdırmanın ilk günlərindən özünü qeyri-səmimi apararaq izahatında O.Novruzovun Ş.Baxşıyevdən yalnız 35 min manat pul almasını təsdiq edərək pulun guya borc alınması barədə qəbz yazılmasını və qəbzə özünün də imza etməsini, eyni zamanda, Ş.Baxşıyevin ona qarşı böhtan atmasını bildirmişdir.
Bundan başqa, N.Fərhadova Ş.Baxşıyevdən aldıqları 65 min manat puldan ona guya çox az bir hissəsinin verildiyini, pulun qalan hissəsinin isə hüquq mühafizə orqanlarının əməkdaşlarına çatması barədə şifahi məlumat verməklə qeyri-səmimilik göstərərək həmin xüsusatları izahatında yazıb təsdiq etməyəcəyini qəti şəkildə bildirmişdir.
Məsuliyyətdən yayınmaq və özünü müdafiə etmək məqsədi ilə N.Fərhadova mətbuat konfransı keçirərək narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi, rüşvət müqabilində həmin cinayətin ört-basdır edilməsi və hüquq-mühafizə orqanları əməkdaşlarının qanunazidd hərəkətləri barədə məlumatlar yaymışdır.
N.Fərhadova istintaqa cəlb edilərək iş üzrə ətraflı dindirilmiş, eyni zamanda mətbuat konfransında və ifadəsində qeyd etdiyi bütün xüsusatların tam, obyektiv və hərtərəfli araşdırılması barədə baş prokuror tərəfindən xüsusi tapşırıq verilmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.