Ağ xalatın işığı

O, geydiyi ağ xalatın təmizliyini hər şeydən üstün tutan tibb işçilərindəndir. İnsanlara həssas, qayğıkeş münasibət bəsləməsi, ona üz tutanları naümid qoymaması ilə tanınır. Çalışdığı əlli ildə xeyli dəyişib müdrikləşmiş, daha böyük hörmət-izzət sahibi olmuşdur. İndi Sumqayıtda əczaçı-həkim Möhübbət Məhərrəmovu tanımayan az adam tapılar.
Tibb Universitetini əczaçı ixtisası üzrə bitirib təyinatla Sumqayıta gələn Möhübbət 1962-ci ildən taleyini bu şəhərlə bağlamışdır. Elə ömürnaməsinin pozulmaz sətirləri də bütünlüklə burada yazılmışdır. On beş ilədək müxtəlif apteklərdə əczaçı, farmasevt və müdir vəzifələrində işləyib. 1978-ci ildən bu günə kimi gənclik şəhərinin N.Nərimanov küçəsində, 45-ci məhəllədə yerləşən 415 saylı əczaxana məhz onun adı ilə tanınır. 1998-ci ildən bu əczaxana "Aptek 415" Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir. Sumqayıtda hər kəs bilir ki, "Möhübbətin apteki"nə getsə, mehribanlıqla qarşılanacaq və istədiyi dərmanların əksəriyyətini oradan tapacaq. Çünki o, rəhbərlik etdiyi kollektivin hər bir üzvünə bütün alıcılara həssaslıqla yanaşmağı, yalnız yüksək keyfiyyətli məhsullar təklif etməyi aşılamışdır. Əczaxanada isə müxtəlif dərmanlar, köməkçi və gigiyenik vasitələr, ilkin tibbi yardım alətləri, müalicə bitki və otları, uşaq yeməkləri və s. ən geniş çeşiddə satılır. Bütün bu vasitələrin saxlanma şəraiti tələb olunan səviyyədədir. Dərmanların istifadə müddəti bir qayda olaraq ciddi nəzarətdə saxlanır, vaxtı keçənlər dərhal satışdan götürülür. Sertifikatsız, haloqramsız dərman preparatları satışa verilmir. Eyni zamanda, bəzi dərmanlar, qatışıqlar buradakı laboratoriyada hazırlanaraq alıcılara təqdim olunur. Bundan ötrü əczaxana hər cür zəruri avadanlığa və imkana malikdir. Elə bu səbəblərə görədir ki, hamı bu ünvana inamla gəlir və razı qayıdır. Əczaxananın təmizliyinə, səliqə-sahmanına da söz ola bilməz.
Müdrik və kamil insan olan Möhübbət həkim Sumqayıtda çoxlarının ürək dostuna çevrilmişdir. Biliyi, təcrübəsi, dəyərli məsləhətləri ilə ürəklərdə yuva qurmuşdur. Səhiyyə sistemində səmərəli fəaliyyətinə görə hələ sovet dövründə "SSRİ tibb əlaçısı", "Əməkdar əczaçı" fəxri adlarına layiq görülmüş, iki dəfə Şəhər Sovetinin deputatı seçilmişdir. Dövlət müstəqilliyi illərində isə M.Məhərrəmovun ictimai-siyasi fəallığı bir sıra mükafatlarla qeyd edilmişdir. Üç il öncə, Sumqayıtın yaranmasının 60 illiyi ilə əlaqədar şəhərin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Möhübbət həkim fəxr edir ki, on illərcə böyüyüb inkişaf edən, dəyişən, abadlaşan və əhalisinin sayı artan Sumqayıt sakinlərinin sağlamlığının möhkəmləndirilməsində, onların bu və digər xəstəliklərdən sağalmasında onun da zəhmət payı var. O, hamının dərdini öz dərdi hesab edir. Bəzən kimsəsizlərə, imkansızlara, qaçqın və məcburi köçkünlərə dərman preparatlarını öz hesabına pulsuz verməkdən, çətin tapılan iynə-dərmanları axtarıb əldə etməkdən zövq alır. Gənc həmkarları bir qayda olaraq məsləhət üçün çəkinmədən ona üz tutur, peşənin, insanlarla davranmanın, xəstələrin qəlbini ələ almağın sirlərini məhz Möhübbət həkimdən öyrənir, ondan görüb-götürürlər.
Ağsaqqal həkim-əczaçının qənaətinə görə, bu sahədə çalışanın ilk növbədə şirin dili və tükənməz səbri olmalıdır:
- Axı, onsuz da dərmanların çoxu acıdır, - deyə izah edir. - Bir də ki, alıcı bəzən bir şeyi bir neçə dəfə soruşub dəqiqləşdirmək istəyir, resepti oxuya bilmir. Gərək bu zaman da təmkinli, səbrli olasan, dərmanın istifadə qaydasını anlaşıqlı şəkildə izah edəsən. Mənim prinsipim hər zaman belə olub: əgər bir insanın həyatını uzatmağa qabilsənsə, kömək əlini əsirgəmə!
Görüşümüz zamanı Möhübbət həkim milli səhiyyəmizin inkişafı barədə fikirlərini də bizimlə bölüşdü. Dedi ki, bu inkişafın başlanğıcı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz ulu öndər ölkədə səhiyyə islahatlarının təməlini qoymuşdur. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan səhiyyəsinin dünya standartları səviyyəsinə çatdırılmasına, tibb ocaqlarımızın maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə, yüksək ixtisaslı milli mütəxəssis kadrların yetişdirilməsinə çox böyük qayğı göstərir. Elə Heydər Əliyev Fondunun prezidenti, ixtisasca həkim olan millət vəkili Mehriban xanım Əliyeva da əhalinin sağlamlığının möhkəmləndirilməsi naminə diqqətəlayiq tədbirlər həyata keçirir.
Respublikamızda 400-dən çox iri səhiyyə müəssisəsinin əsaslı və rekonstruktiv təmiri, son nəsil tibb avadanlığı ilə təchizatı, dövlət xəstəxanalarında müayinə və müalicənin, dərmanlarla təminatın pulsuz olması çox müsbət haldır. Hazırda ölkəmizdə səhiyyə sahəsində 9 xəstəlik üzrə dövlət proqramının həyata keçirilməsi xalqımızın sağlamlığı və aydın gələcəyi naminə göstərilən vacib, önəmli xidmətlərdir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bunun da nəticəsində dünyada baş verən bütün tibbi yeniliklər ölkəmizdə tezliklə öz əksini tapır. Dövlət bölməsində və özəl sektorda tibb xidmətinin daha da yaxşılaşdırılması, insanların sağlamlığına qayğının ən başlıca vəzifə olması naminə nazirliyimizin reallaşdırdığı tədbirlər də çox əhəmiyyətlidir.
Möhübbət həkim daha sonra bildirdi ki, ötən ilin yanvar ayından etibarən Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikatlaşdırılması işi də alqışlanmalı yeniliklərdəndir. Səhiyyə sisteminin inkişafında, əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasında bu proses mühüm rol oynayır. Əslində, bütün bunlar tibb mütəxəssislərimizi daim öz biliyini genişləndirməyə, təkmilləşməyə doğru aparır.
M.Məhərrəmov gənclər şəhərində də səhiyyənin inkişafına göstərilən diqqətdən hədsiz razıdır. Əvvəllər əczaxanalarda bu sahə üzrə təhsili olmayanların daha çox işləməsindən narahat olduğunu, lakin son vaxtlar bu sahənin əsasən ixtisaslı tibb işçilərinə etibar edilməsini təqdir edən veteran, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2012-ci il tarixli sərəncamı ilə 1 saylı Sumqayıt xəstəxanasının yenidən qurulması məqsədilə 5 milyon manat vəsait ayrılmasının şəhərin tibb ictimaiyyəti və sakinləri tərəfindən böyük razılıqla qarşılandığını da xüsusi vurğuladı.
Peşəkar əczaçı-həkimin bir arzusu da doğma yurdu Qubadlının, eləcə də işğal altında olan bütün torpaqlarımızın tezliklə azad olunmasıdır. Ömür-gün dostu Şərqiyyə xanımla, üç övladı və on nəvəsi ilə həmin günü səbirsizliklə gözləyir ki, hər bir guşəsi üçün burnunun ucu göynəyən doğma Məmər kəndinə gedə bilsin. Yeri gəlmişkən, ilk nəvəsi Tural babasının yolunu seçmişdir. O, hazırda Xarkov Beynəlxalq Əczaçılar Akademiyasında təhsil alır. İnanırıq ki, ağ xalatın işığı onun da yolunu nurlandıracaq.

{nl}

Rəna İMANOVA, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında