Ermənipərəst qüvvələr haqq işimizə göz yuma bilməzlər

XX əsrin son illəri Azərbaycan üçün xalqın yaddaşında daima qalan tarixi bir zaman kəsiyi olmuşdur. Bu illərdə Azərbaycan öz tarixi dövlətçilik ənənələrini bərpa etmiş, dövlət müstəqilliyi qazanmışdır. Bununla belə, ölkəmiz çətin və keşməkeşli bir dörd yaşamışdır.
Tarix boyu Azərbaycan torpaqlarına susayan, daim öz çirkin əməlləri ilə Azərbaycanın siyasi xəritəsinə "düzəlişlər" gətirməyə can atan mənfur qonşumuz Ermənistan, Azərbaycanın sərvətlərini talamış Sovet imperiyasının dəstəyi ilə torpaqlarımızın iyirmi faizini işğal etmiş, bir milyondan çox həmvətənimiz öz əbədi yaşayış torpaqlarından didərgin düşmüş, iyirmi mindən çox soydaşımız şəhid olmuşdur.
Belə bir mürəkkəb, gərgin siyasi və Azərbaycanın gələcəyi üçün taleyüklü bir məqamda xalqın düşünən beyni, uzaqgörən siyasətçi, ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkəmizin parçalanmasına, dağılmasına imkan verməmiş, Azərbaycanı dünyanın siyasi xəritəsindən silməyə can atan düşmənlərin qarşısında sipər olaraq, dövlət müstəqilliyini qoruyub saxlamışdır. Heydər Əliyev Ermənistanın işğalçı siyasətini və mənfur əməllərini dünyanın nüfuzlu təşkilatları və mütərəqqi dövlətləri qarşısında israrlı olaraq dəfələrlə bəyan etmiş və nəticədə Birləşmiş Millətlər Təşkilatının Ermənistanın işğalçılığını təsdiqləyən rəsmi qətnamələri qəbul edilmişdir.
Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra bütün sahələrdə - siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə sürətli inkişaf kursu götürmüş, dünya ölkələri ilə əlaqələri genişləndirmişdir. Bu gün, artıq Azərbaycan regionun inkişafda olan ən güclü, perspektivli dövlətidir. Hazırda Azərbaycan bütün dünya ölkələri, o cümlədən qonşu dövlətlərlə sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq prinsipini və qanunlarını əsas tutaraq, istər siyasətdə, istərsə də iqtisadi və mədəni əlaqələrdə beynəlmiləlçiliyə, bərabərçiliyə, qarşılıqlı hörmətə üstünlük verir.
Bu baxımdan, məhz Qarabağ probleminin həllində də Azərbaycan beynəlxalq qanunlara hörmət edərək, hələlik dinc yola üstünlük verməyə çalışır. Prezident İlham Əliyevin düzgün xarici siyasət kursu, münaqişənin həllinə göstərdiyi yorulmaz səylər tezliklə öz bəhrəsini verəcəkdir.
Dünyanın bir çox yerlərində tərəqqipərvər bəşəriyyət artıq Ermənistanın süni surətdə yaratdığı xülyalara, necə deyərlər, erməni hiyləsinə inanmır və "əzabkeş millət"in işğalçılıq siyasətini qəti surətdə pisləyir.
Regionumuzun qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində ölkəmizin irəli sürdüyü humanist təşəbbüsləri dünya dövlətləri alqışlayır, etibarlı tərəfdaş kimi özünü təsdiq edən rəsmi Bakının həyata keçirdiyi ədalətli sülh siyasəti onun nüfuzunu daha da artırmasına rəvac verir. Məhz bunun nəticəsidir ki, dünyanın 155 dövləti Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini dəstəkləmişdir. Həmin dövlətlər arasında bizə qonşu olan ölkələr, o cümlədən İran İslam Respublikasının ön sıralarda yer alması isə regional əməkdaşlığın gələcəyi baxımından müsbət hal kimi qiymətləndirilir.
Lakin hələ də erməni hiyləsinin təsirindən çıxmayan, dar çərçivəli düşüncə ilə özəl maraqları dünyəvi qanunlardan üstün tutaraq, səhv addımlar atmaqda davam edən bəzi ermənipərəst mürtəce dairələr də vardır. Çox böyük təəssüflə qeyd etmək lazımdır ki, belə qüvvələr hazırda qonşu İranda da fəaliyyət göstərirlər. Qədim dövlətçilik tarixinə malik, tarixi və əbədi qonşu dövlət olan İranla Azərbaycanı elə çox məqamlar birləşdirir ki, dünyada iki belə dövləti və xalqı barmaqla saymaq olar. Dini mənsubiyyəti eyni olan, mədəni-məişət ənənələri, musiqi, ədəbiyyat tarixi çox yaxın olan və həmişə qədim tarixi ənənələrinə sadiq olan bu iki xalqın indiyədək yaranmış münasibətləri digər qonşu xalqlara və dövlətlərə nümunə ola bilər.
Amma bu gün İranın müəyyən dairələrinin yeritdiyi ermənipərəst siyasət, azərbaycanlıların qanına susamış ermənilərlə iqtisadi əlaqələrin inkişafı əsası və dayağı olmayan elə bir səhv addımdır ki, daim mehriban qonşuluq əlaqələrinə sadiq qalan iki xalqın tarix boyu qoruyub saxladığı münasibətlərə ciddi xələl gətirə bilər. İranın müəyyən dairələrinin Azərbaycanın bugünkü nailiyyətlərini, tərəqqisini, dünya ölkələri, o cümlədən qonşu dövlətlərlə münasibətlərdə yalnız sülh prinsipini əsas tutmasını görməmək, Azərəbaycanın haqq mübarizəsinə dəstək verməmək böyük ədalətsizlik və ikili standartlar siyasətidir.
Bununla belə, inanmaq istərdik ki, qədim dövlətçilik ənənələrinə malik olan İranda ermənipərəst dairələrin antiazərbaycan təbliğatının qarşısı alınacaq, ölkəmizin haqq mübarizəsi dəstəklənəcək, tarixən qonşu olan iki xalqın münasibətlərinə xələl gətirilməyəcək, əksinə, əlaqələr daha da möhkəmlənəcəkdir.

{nl}

Xanım ƏLƏKBƏROVA, Sumqayıt şəhər sakini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında