H ər bir ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin olunması dövlətin qarşısında duran vacib məsələlərdəndir. Bu baxımdan dövlət öz milli maraqlarını, geosiyasi vəziyyətini, seçdiyi inkişaf modelini nəzərə alaraq milli təhlükəsizlik konsepsiyasını hazırlayıb həyata keçirir.
Müstəqillik qazanmış Azərbaycan Respublikası da öz milli təhlükəsizlik konsepsiyasını hazırlayaraq onu həyata keçirməkdədir. Azərbaycan Prezidentinin 23 may 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Milli Təhlükəsizlik Konsepsiyası (MTK) xalqımızın milli maraqlarını əhatə edən uzunmüddətli strateji proqramdır. Milli Təhlükəsizlik Konsepsiyası giriş, 4 bölmə, 22 yarımbölmə və yekun müddəalardan ibarətdir.
MTK-nın mündəricatında irəli sürülən əsas məsələlər aşağıdakılardır:
I.Təhlükəsizlik mühiti;
II.Azərbaycan Respublikasının milli maraqları;
III.Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər.
Ölkəmizin milli təhlükəsizliyinə təhdidlər bu konsepsiyada geniş şərh edilmişdir. Bunlardan bəzilərinə diqqət yetirək: 3.1.Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütovlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər.
3.2.Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət.
3.3.Separatçılıq, etnik siyasət və dini ekstremizm.
Göründüyü kimi, dini təhlükəsizlik Milli Təhlükəsizlik Konsepsiyasında konkret şəkildə öz ifadəsini tapmışdır. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri konsepsiyanın IV bölməsində geniş şərh edilmişdir. Konsepsiyanın 4.32-ci yarımbölməsində "Milli və dini tolerantlıq mühitinin qorunması" - adlanan hissə MTK-nın əsas istiqamətlərindən biri kimi qarşıya qoyulmuşdur.
Qeyd etmək lazımdır ki, dini təhlükələr, dinlərarası münaqişələr, təriqətlərarası ziddiyyətlərlə bağlı müxtəlif bölgələrdə baş verən toqquşmalar tarixdən bizə yaxşı məlumdur. Səlib müharibələrini, Şimali İrlandiyada (Belfast) XIII əsrdən indiyə kimi katoliklərlə protestantlar arasındakı dini zəmində baş verən münaqişələri buna misal göstərmək olar.
Dünyanın digər bölgələrindən fərqli olaraq Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda tarixən müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi həmişə sülh və əminamanlıq şəraitində yaşamışlar. 2011-ci il 10-11 oktyabrda Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixən ölkəmizin milli və dini dözümlülük ənənəsinə malik olduğunu vurğulayaraq demişdir: "Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrıseçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir."
Qeyd edək ki, Prezident İlham Əliyevin həmin forumda söylədiyi bu fikirlər Milli Təhlükəsizlik Konsepsiyasının müvafiq bölməsində öz əksini tapmışdır. Bununla yanaşı, dinindən və milliyyətindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyi prinsipləri, ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq mühitinin qorunması da dövlət qarşısında duran prioritet məsələlərdən biri kimi mövcud konsepsiyada öz ifadəsini tapmışdır. Bu məsələ konsepsiyada aşağıdakı kimi ifadə edilmişdir:
"Azərbaycan Respublikası həmişə müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışına nümunə olmuşdur. Azərbaycan dövləti cəmiyyətin maraqlarından irəli gələn rasional milli siyasət kursunu, dini tolerantlıq mühitinin qorunması və inkişafını, bütün vətəndaşların qanun qarşısında bərabərliyi və qanunun aliliyini, demokratik hüquq və azadlıqların, həmçinin insanların bu hüquq və azadlıqlarından sərbəst istifadə imkanlarının təmin edilməsini müvafiq riskin real təhdidə çevrilməsinin qarşısının alınması və neytrallaşdırılmasının mühüm şərtləri qismində nəzərdən keçirilir. Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlət qarşısında duran başlıca vəzifələrdən hesab olunur".
Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində Dini Qurumlar üzrə Dövlət Komitəsinin (DQDK) fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. DQDK yarandığı gündən Respublikamızda fəaliyyət göstərən müxtəlif dini icmaların qeydiyyatdan keçirilməsi, onların müvafiq qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərməsinə nəzarət edilməsi, başqa ölkələrin dini qurumları ilə əməkdaşlıq məsələlərinin həyata keçirilməsi, müxtəlif dini konfessiyalar arasında dini dözümlüyün qorunub saxlanması sahəsində mühüm rol oynamışdır. Məhz DQDK -nin 10 illik fəaliyyətinə nəzər salmaq, bu müddətdə komitənin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində gördüyü işlərə bir daha diqqət yetirmək məqsədilə 2011-ci il 21 iyunda Bakıda dinşünaslıq sahəsində mütəxəssislər dini icma rəhbərləri, QHT və KİV nümayəndələrinin iştirakı ilə "DQDK -nın 10 ili" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Toplantının yekununda tədbir iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıqları müraciətdə ulu öndər Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli, 512 saylı fərmanı ilə DQDK-nın yaradılmasının əhəmiyyəti vurğulanmış və göstərilmişdir ki, ölkəmizdə zərərli dini cərəyanların və ekstremist meyillərin qarşısının alınması, eləcə də bu sahədə mövcud problemlərin həlli istiqamətində xeyli iş görülmüşdür. Bununla yanaşı, dini problemlər sahəsində qarşıda hələ görüləsi işlərin çox olduğunu bildirərək xüsusən, gənclər arasında dini maarifləndirmə işlərini genişləndirməyi vurğulayan tədbir iştirakçıları aşağıdakı məzmunda Prezidentə müraciət etmişlər: "Bununla belə, ümumiyyətlə, regionda dini problemlərin mürəkkəb olduğu və həlli müəyyən zaman tələb etdiyi üçün ölkəmizdə uzun müddət ərzində siyasiləşmiş radikal dini qrupları və təriqətləri birdəfəlik zərərsizləşdirmək, eləcə də dini maarifləndirmə sahəsində mövcud boşluqları tamamilə aradan qaldırmaq hələ də mümkün olmayıb". Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan bu müraciəti DQDK-nın sədri Hidayət Orucov, QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə və tədbirdə iştirak etmiş müxtəlif dini icma rəhbərləri və elm adamları imzalamışdır. Bu müraciətin məzmunundan məlum olur ki, ölkəmizdə dini təhlükəsizliklə bağlı hələ də müəyyən problemlər mövcuddur. Məhz bu cür problemlərin aradan qaldırılması və milli təhlükəsizliyə təhdidlər yaradan məsələlərin həll edilməsi hazırda qarşıda duran mühüm vəzifələrdən biridir. Sosioloji müşahidələr göstərir ki, insanlar ölkəmizin indiki inkişaf səviyyəsində mənəviyyatımıza zərər vuran dini radikalizmi məqbul hesab etmir, dinin siyasiləşdirilməsinin əleyhinə çıxır, milli və dini ekstremizmə qarşı tədbirlər görülməsini tələb edirlər.
Sosioloji müşahidələr və elmi ədəbiyyatın araşdırılması göstərir ki, müstəqil Azərbaycan Respublikasının milli təhlükəsizliyinə dinlə bağlı təhdidləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Müxtəlif yollarla xaricdən gətirilən zərərli dini kitabların, audio-video vəsaitlərin əhali arasında yayılması;
2.İnformasiya müharibəsində din amilindən istifadə edilməsi;
3.Azərbaycanda rəsmi qeydiyyatdan keçməyən, lakin icazəsiz fəaliyyət göstərən bəzi dini icmaların və dini-siyasi qrupların, din pərdəsi altında qruplaşan terrorçu dəstələrin qanunazidd fəaliyyəti və s.
Yuxarıda qeyd olunduğu kimi, milli təhlükəsizliyimizə dinlə bağlı təhlükə yaradan amillərdən biri xarici ölkələrdən Azərbaycana bəzi dini-siyasi ədəbiyyatların gətirilməsi və müxtəlif yollarla yayılmasıdır. Dəfələrlə aşkar edilmişdir ki, bu cür dini-siyasi ədəbiyyatlarda və audio-video vəsaitlərdə dövlətçiliyimizə və xalqımızın milli maraqlarına zidd olan radikal dini çağırışlar, dini dözümsüzlük təbliğ edən ideyalar, dini ayrı-seçkilik yaradan prinsiplər, gənclərimizin şüuruna mənfi təsir edə bilən müxtəlif çağırışlar öz əksini tapır. Göstərmək lazımdır ki, ölkəmizdə fəaliyyət göstərən bəzi radikal dini qruplar dini ədəbiyyatların metroda satışına qadağa qoyulmasına qarşı hay-küy salaraq KİV-də bu haqda dövlət qurumlarına qarşı əsassız iradlar bildirməklə məşğuldurlar. Bu məsələlər bəzi dini qrupların dinlə bağlı qanunvericilikdən xəbərsiz olduqlarından irəli gəlir. Məsələn, metro stansiyalarında dini ədəbiyyatın satışına qadağa qoyulması "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3-cü hissəsinə əsasən (qanuna edilmiş əlavələrdən sonra) dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa materialların satışı yalnız ixtisaslaşdırılmış satış yerlərində həyata keçirilə bilər. Qanunda göstərilən bu hüquqi tədbirləri dindarların hüquqlarının pozulması kimi başa düşmək lazım deyil. Təəssüf ki, hüquqi savadı az olan bəzi adamlar bu tədbirləri dindarların hüquqlarının pozulmasına yönəlmiş normativ-hüquqi qaydalar kimi başa düşürlər. Əslində, bu tədbirlər vətəndaşlar arasında dini mənsubiyyətinə görə nifaq salan, cəmiyyətdə dinlərarası ayrı-seçkiliyi təbliğ edən radikal məzmunlu dini ədəbiyyatın və zərərli təbliğat vasitələrinin yayılmasının qarşısını almağa kömək edir.
Qeyd etmək lazımdır ki, bu cür kitabların və audio-video vasitələrin ölkəmizə gətirilməsinə və yayılmasına məhdudiyyət qoyulması təhlükəsizlik baxımından müvafiq orqanlar tərəfindən atılan normal addımlar kimi qiymətləndirilməlidir. ,
(ardı var)
{nl}
SAKİT HÜSEYNOV, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.