Daxili işlər və prokurorluq orqanları tərəfindən həyata keçirilən birgə əməliyyat tədbirləri nəticəsində bir sıra ağır cinayətlərin üstü açılmışdır

Respublikada baş verən ağır və xüsusilə ağır cinayətlərin açılması, təqsirkar şəxslərin tutulub məsuliyyətə cəlb edilməsi istiqamətində daxili işlər və prokurorluq orqanları tərəfindən son günlər bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilmişdir.  
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən AzərTAc-a daxil olmuş birgə məlumatda bildirilir ki, cari il avqustun 3-də Goranboy rayonunun Şadlı kəndində, kənd sakini 78 yaşlı Dilarə Əliyevanın küt alətlə qətlə yetirilmiş meyiti həyətində aşkar edilmiş və fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Mərhumun həmkəndlisi və qohumu, qarət məqsədi ilə cinayəti törətməkdə şübhəli bilinən 26 yaşlı Amid Əliyev Rayon Prokurorluğunun və Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də tutularaq istintaqa cəlb edilmişdir. Prossesual araşdırmalar göstərmişdir ki, Amid Əliyev avqustun 2-də saat 21.00 radələrində Dilarə Əliyevanın həyətində olarkən onu tövləyə aparıb tamah məqsədi ilə boğaraq öldürmüş və mərhumun üzərindəki pulu götürərək qaçmışdır.
Başqa bir ağır cinayət hadisəsi Abşeron rayonunda törədilmişdir.
Avqustun 5-dən 6-na keçən gecə saat 04.00 radələrində rayonun Saray qəsəbəsi ərazisindəki kafelərdən birində işləyən Ağdaş rayon sakini 21 yaşlı Şamo Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş, həkimlərin səylərinə baxmayaraq, orada ölmüşdür. Fakt üzrə Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.Məmmədovu qətlə yetirənin Tərtər rayon sakini 21 yaşlı Büsat Əliyev olması müəyyən edilmiş və o, tutularaq istintaqa təqdim edilmişdir.
Digər cinayət hadisəsi Sabirabad rayonunda qeydə alınmışdır. Belə ki, vətəndaş Səfiyyə Həşimova Sabirabad RPŞ-yə müraciət edərək rayonun Suqovuşan kəndində yaşayan qardaşı 48 yaşlı Zeynal Ələkbərovun itkin düşməsini bildirmişdir. Bununla əlaqədar, Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Ələkbərovun ötən il yanvarın 16-da həyat yoldaşı Gülbəniz Ələkbərova tərəfindən öldürülməsi müəyyən edilmişdir. İlkin istintaqla o da məlum olmuşdur ki, Gülbəniz Ələkbərova keçən il yanvarın 16-da gecə saat 03.00 radələrində aralarındakı şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində əri Zeynal Ələkbərovun baş nahiyəsinə balta ilə vuraraq onu qəsdən öldürmüş və meyiti yaşadıqları evin zirzəmisində basdırmışdır. İstintaq-əməliyyat qrupu tərəfindən zirzəmidə basdırılmış meyit çıxarılaraq müayinə olunmuş, hadisə yerindən cinayətin aləti olan balta və digər maddi sübutlar götürülmüşdür.
Böyük ictimai rezonansa səbəb olan daha bir cinayət isə paytaxtın Sabunçu rayonunda törədilmişdir. Bu il avqustun 1-də Bakı şəhər sakini Samir Hüseynov polisə müraciət edərək bildirmişdir ki, iyulun 31-də saat 15.00 radələrində özlərini iş adamı kimi təqdim edən şəxslər onu birgə iş qurmaq adı ilə naməlum ünvana dəvət etmişlər. O, həmin yerə gəldikdən sonra orada olan 3 kişi və 1 qadın bıçaqla onu hədələyərək əllərini bağlayıb azad olunması üçün 500 min ABŞ dolları tələb etmişlər. Fiziki təzyiq nəticəsində Samir Hüseynov tanışları vasitəsilə 150 min dollar gətirtmişdir. Pul verildikdən sonra həmin şəxslər hadisə yerindən getmişlər. Zərərçəkən isə qollarını açaraq polis bölməsinə gəlmişdir. Törədilmiş cinayət faktı ilə əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri avqustun 8-də uğurla başa çatmışdır. Bu ağır cinayəti törədənlər - Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar Vüsal İsbatov, Mirsəfa Mirbabalı, eləcə də Əliağa Mirzəyev və Nübar Tarverdiyeva müəyyən edilərək saxlanılmışlar.
Hazırda qeyd edilən cinayət işləri üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında