Tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərov son mənzilə yola salınmışdır

Avqustun 8-də Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Murtuz Ələsgərovla vida mərasimi keçirilmişdir. 
Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərhumun cənazəsi Mədəniyyət Mərkəzinin matəmsayağı bəzədilmiş böyük akt zalında postament üzərinə qoyulmuşdur. Cənazənin önünə ictimai-siyasi xadim və alimin müxtəlif illərdə aldığı orden və medallar düzülmüşdü. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur. Cənazənin ətrafına Heydər Əliyev Fondu, hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi.
Murtuz Ələsgərovun həmkarları, dostları, tanışları, tanınmış elm xadimləri axın-axın Mədəniyyət Mərkəzinin binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.
Mərasimdə təhsil naziri Misir Mərdanov, YAP sədrinin müavini -icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev çıxış edərək M.Ələsgərovun müstəqil Azərbaycanın çiçəklənməsi və inkişafı naminə gördüyü əvəzsiz işlərdən və zəngin elmi yaradıcılığından danışmış, mərhumun ailəsinə dərin hüznlə başsağlığı vermişlər.
Bildirilmişdir ki, tanınmış alim Murtuz Ələsgərov hələ keçmiş sovetlər dönəmində bir çox xarici ölkələrdə iştirakçısı olduğu müxtəlif konfrans və simpoziumlarda elmimizi layiqincə təmsil etmişdir. Azərbaycanda hüquq elminin inkişafında mühüm xidmətləri olan M.Ələsgərov qiymətli araşdırmaları ilə elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Beynəlxalq hüquq sahəsində böyük nüfuz sahibi olan Murtuz Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifidir. O, Azərbaycanda beynəlxalq hüququn öyrənilməsi sahəsində gördüyü işlərlə yeni bir elmi məktəbin əsasını qoymuşdur.
Ömrünün 60 ilini Bakı Dövlət Universiteti ilə bağlamış alim bu ali təhsil müəssisəsində bir çox vəzifələri layiqincə icra etməklə yanaşı, gənc kadrların yetişməsində, püxtələşməsində mühüm rol oynamışdır. Onun rəhbərliyi altında çox sayda gənc mütəxəssis alimlik dərəcəsi almışdır, yetirmələri bu gün ölkəmizin hüquq-mühafizə orqanlarında uğurla çalışırlar.
Vurğulanmışdır ki, əsl vətəndaş kimi hər zaman Azərbaycanın haqq işinin müdafiəçilərindən biri olan Murtuz Ələsgərov prinsipiallığı, vətəndaş mövqeyi, dərin zəkası ilə seçilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdə ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin fəal iştirakçısı olan Murtuz Ələsgərov həmişə əsl vətəndaş mövqeyi nümayiş etdirmiş, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizədə qətiyyət və əzmkarlıq göstərmişdir. Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasında fəal iştirak edən Murtuz Ələsgərov ömrünün sonunadək partiya sədrinin müavini vəzifəsində çalışmışdır.
Xüsusi olaraq qeyd edilmişdir ki, o, ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşı kimi hər zaman ulu öndərin ideyalarına sadiq qalmışdır.
Bildirilmişdir ki, Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı, daimi komissiya rəhbəri və Milli Məclisin sədri olaraq suveren dövlətçiliyimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına sanballı töhfələr vermişdir. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında xidmətləri əvəzsizdir. O, ölkəmizdə bir çox qanunların və qanunvericilik aktlarının işlənib hazırlanmasında və qəbul edilməsində yaxından iştirak etmişdir.
Murtuz Ələsgərovun çoxillik səmərəli elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən natiqlər diqqətə çatdırmışlar ki, Bakı Dövlət Universitetində onun adına fərdi təqaüd təsis ediləcək, beynəlxalq konfranslar keçiriləcəkdir. Şərəfli ömür yaşamış Murtuz Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Vida mərasimində çıxış edən Murtuz Ələsgərovun oğlu, Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə ailə üzvləri adından minnətdarlığını bildirmişdir.
Sonra Murtuz Ələsgərov doğmaları və yaxınlarının çiyinlərində son mənzilə yola salınmışdır.
Mərhum Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında