"Azərboru" ASC ikinci həyatını yaşayır

Düz altmış il öncə - 1952-ci ildə ilk polad boru istehsalına başlamış Azərbaycan Boruyayma Zavodu Sovet dönəmində ölkənin ən iri və şöhrətli sənaye müəssisələrindən biri kimi tanınıb. Zavodun müxtəlif diametrli qazma, qoruyucu, sorucu-kompressor, neft ötürücü və ümumi təyinatlı boruları keçmiş SSRİ-nin müxtəlif guşələrinə və 40-a yaxın ölkəyə göndərilirdi. Müəssisənin tam gücü ilə işlədiyi dövrdə illik istehsal gücü 800 min ton polad və 600 min ton hazır məhsul olmuşdur.
Lakin 90-cı illərin əvvəllərində məlum səbəblərdən müəssisə bir müddət öz ətaləti ilə işləmiş, sonralar isə fəaliyyətini tam dayandırmışdır. Nəhayət, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə zavodun bazasında "Azərboru" Səhmdar Cəmiyyəti yaradılmış və özəlləşdirməyə açıq elan edilmişdir. Özəlləşdirmədə dövlətin payı 97,39 faizdir.
Həmin sərəncamın həyata keçirilməsi ilə bağlı ilk dövrlərdə müəyyən addımlar atılsa da, bu cəhdlər gözlənilən nəticəni verməmişdir. Tenderdə qalib elan edilmiş İngiltərənin "Tarqol" şirkətinin götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsi narazılıqlara səbəb olmuş və məhkəmənin qərarına əsasən Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti ilə "Tarqol" şirkəti arasında bağlanmış müqaviləyə xitam verilmişdir.
"Azərboru" ASC-nin Kommersiya və Maliyyə Departamentinin direktoru Azər Məmmədovdan aldığımız məlumata görə, müqavilənin xitamından sonra müəssisənin mühəndis-texniki heyətinin hazırladığı İnkişaf Proqramına uyğun olaraq və əsas səhmdarın - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin dəstəyi ilə müəssisədə istehsalın bərpası istiqamətində işlər görülmüşdür. Nəticədə "250-I" boruyayma aqreqatı əsaslı təmir edilmiş və müasir standartlara cavab verən boru istehsalına başlamışdır. İstehsalın dinamikası 2005-ci ildəki 1208 tondan 2011-ci ildə 98414 tonadək artmışdır. Həmin dövrdə cəmi 208225 ton məhsul satılmış, istehsalın 79 faizini yeni çeşidli borular təşkil etmişdir. Ötən il satılan məhsulun 96 faizi Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Avropa ölkələrinə ixrac edilmişdir.
Fərəhli haldır ki, 2009-cu ilin əvvəlindən "Azərboru" ASC İSO 9001-2008 keyfiyyət idarəetmə sistemi əsasında fəaliyyət göstərir ki, bu da "Moody International" şirkəti tərəfindən verilmiş uyğunluq sertifikatında öz əksini tapmışdır. Müəssisədə istehsal olunan məhsulların keyfiyyətinin DÜİST Azərbaycan və QOST Rusiya standartlarına cavab verməsi də müvafiq sertifikatlarla təsdiq edilmişdir.
Rusiya Federasiyasının standartlarına uyğun aparılan attestasiya nəticəsində RF-nin Dövlət Standartı tərəfindən "Azərboru" ASC-nin məhsuluna uyğunluq sertifikatı verilmişdir. Həmçinin "Azərboru" məhsullarının Rusiyada ekoloji, texnoloji və atomanəzarət tətbiqinə federal agentlik tərəfindən icazə verilmişdir. Hazırda Azərbaycan və RF arasında xarici ticarət dövriyyəsində ixracın həcminin 7,6 faizi "Azərboru" ASC-nin payına düşür.
Hazırda məhsulların beynəlxalq standartlara cavab verən EN 10210 Avropa uyğunluq sertifikatı alınmışdır. APİ (Amerika Neft İnstitutu) uyğunluq sertifikatının alınması istiqamətində tədbirlər görülür.
Müəssisədə olarkən öyrəndik ki, hazırda əsas prioritet istiqamətlər çeşidlərin artırılması, məhsulun kefiyyətinin beynəlxalq standartlara cavab verməsi və məhsulun hər tonuna çəkilən xərclərin minimuma endirilməsidir. Bununla bağlı müəssisənin qısa və uzunmüddətli inkişaf proqramları işlənmişdir. Qısamüddətli inkişaf proqramının həyata keçirilməsi üçün layihə hazırlanmışdır. Bu layihə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası Qaydaları"na əsasən hazırlanmışdır. Layihə çərçivəsində həyata keçiriləcək ideyanın əsas məğzi tikisiz polad borular istehsalı sahəsində məhsul çeşidinin genişləndirilməsi yolu ilə mövcud istehsal və satış həcmini artırmaqdan, müəssisənin iqtisadi rentabelliyinin təmin etməkdən, habelə istehsal sahəsinin investor baxımından cəlbediciliyini yüksəltməkdən ibarətdir. Uzunmüddətli inkişaf proqramının həyata keçirilməsi isə müəssisənin xaricdən xammal asılılığını aradan qaldıracaq və istehsal olunan məhsulun rəqabətyönümlülüyünü təmin edəcək. Proqrama əsasən, Daşkəsən filizinin saflaşdırılması, Gəncədə tikiləcək poladəritmə kompleksində dairəvi və kvadrat pəstahların alınması müəssisənin xammal ehtiyacını tam ödəyəcək. İllik istehsalı bir milyon tona yaxın məhsulun 300-350 min tonu boruyayma "250-I" və "140" stanlarında müasir standartlara cavab verən neft çeşidli polad borular, qalan 600-650 min tonu isə müəssisənin mövcud infrastrukturunu nəzərə alaraq, investisiyalar hesabına yeni texnologiyalar tətbiq etməklə digər profilli yeni məhsullar istehsalına imkan yaradacaq. Bu da Sumqayıt şəhərində yeni iş yerlərinin açılmasına, ölkənin qeyri-neft sektorunun inkişafına, Azərbaycan istehsallı məhsulların dünya bazarına çıxışına zəmin yaradacaq.
Yeri gəlmişkən,"Azərboru" ASC üzrə 2011-ci ildə 2005-ci illə müqayisədə işçilərin sayı 41 faiz, orta aylıq əmək haqqı isə 367 faiz artmışdır. Ötən il müəssisəyə 293 işçi cəlb olunmuş, əmək haqqı əvvəlki illə müqayisədə 47 faiz həcmində çoxalmışdır. İşçilərin sosial müdafiəsi təmin edilmişdir. Onların işə gəlib-getmələri üçün müəssisənin vəsaiti hesabına avtobuslar təşkil olunur. Yaşına və iş stajına görə təqaüdə çıxması ilə əlaqədar azad olunan işçilərə stajından asılı olaraq tarif (vəzifə) maaşının 30-100 faizi qədər birdəfəlik maddi yardım göstərilir. ,"Azərboru" ASC və HİK işçilərinin sağlamlığının bərpası və müalicəsi üçün sanatoriyalar, istirahət evləri və turist gəzintiləri təşkil edir. Bəzi digər sosial müdafiə tədbirləri də var.
Onu da deyək ki, ötən illər ərzində müəssisənin bir qrup işçisi ingilis dili kurslarına, həmçinin Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən keçirilən İSO 9001-2008 standartına dair təlim kurslarına göndərilmişdir. Bundan başqa müəssisədə təsdiq olunmuş təlim planına uyğun olaraq müxtəlif peşələr üzrə ixtisasartırma kursları təşkil olunmuş və bu kurslara 98 nəfər cəlb olunmuşdur.
Faktiki istehsal gücü ildə 180000 ton boru olan "Azərboru" ASC-də çalışanların sayı hazırda 1264 nəfərdir. Orta aylıq əməkhaqqı 251 manat təşkil edir. Özəlləşdiriləcəyi təqdirdə müəssisəni daha gözəl perspektiv gözləyir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında