Yazıçı Rüstəm İbrahimbəyov xeyli müddətdir ki, ciddi tənqid hədəfinə çevrilib. Çünki xalqa yuxarıdan aşağı baxmaq, təmsil etdiyi milləti təhqir etmək heç zaman heç kəsə baş ucalığı gətirməyib.
Aramızda olan yaş fərqinə görə mənim Rüstəm İbrahimbəyova yol göstərmək fikrim yoxdur. Amma bu mövzuda qələmə aldığım yazıların üçündə də Rüstəm İbrahimbəyovun bu şəkildə xırdalanmasından, kiçilməsindən və çox təəssüf ki, inanılmaz dərəcədə mənəvi geriləməyə məruz qalmasından ürək ağrısı ilə söz açmışam. Axı nə üçün başqa millətlərin ziyalıları, sənətkarları yaşa dolduqca müdrikləşir, İbrahimbəyov isə nüfuzunu itirir? Millətin ən sadə fərdlərindən biri kimi bu sual məni çox narahat edir. Axı nə üçün dünənki məşhur ziyalımız bu gün kino sənayesi işçiləri və kinosevərlər tərəfindən peşəkar fırıldaqçı və təcrübəli işbaz kimi tənqid olunur? Çünki bu adam məlum yaradıcılıq birliyinə rəhbərlik etdiyi dövrdə öz nəfsinə sahiblik edə bilməyib, tamahını cilovlamaqda çətinlik çəkib, dövlətin və xalqın əmlakını öz şəxsi əmlakı kimi istədiyi şəkildə dağıdıb, talan edib.
Çox təssüf doğuran və utanc gətirən məqamdır. Ziyalı deyib inandığımız, ədib, yazıçı kimi təbliğ etdiyimiz bir insan öz şəxsi maraqları naminə böyük bir xalqa həqarətlə baxır, düşmənlərimizlə əməkdaşlıq etməkdən çəkinmir, istənilən iqtisadi, siyasi və mənəvi fırıldağı yolverilən hal kimi qəbul edir və sairə. Bu adam "Daşnaksütyun" partiyasının fəalları ilə əməkdaşlıq edərək türk dünyasındakı nüfuzumuza xələl gətirir, son dörd ildə ziyalı adına yaraşmayan əməlləri ilə post-sovet məkanındakı ziyalı soydaşlarımıza üz qaralığı gətirir və çoxsaylı maliyyə fırıldaqları ilə ölkəmizin beynəlxalq aləmdəki imicinə kölgə salır. Bu gün-bütün dünyadakı dostlarımız və düşmənlərimiz Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafından danışdığı bir vaxtda Rüstəm İbrahimbəyov düşmən dəyirmanına su tökərək bədxahlarımıza yeni mövzu verir. Guya Azərbaycanda tanınmış yazıçının hüquqları pozulur, ona yaradıcılıq imkanları verilmir, qısqanclıqla qəbul edilir və sairə.Bəs əslində həqiqət necədir? Rüstəm İbrahimbəyovu kim incidir və ya İbrahimbəyov kimdən inciyir?
Əslində, Azərbaycanda Rüstəm İbrahimbəyova ömrü boyu " gözün üstdə qaşın var" deyən olmayıb. İstədiyi kimi yaşayıb, istədiyi kimi yazıb, imkanı daxilində soyub, talayıb, dövlətin əmlakını satıb,xalqın vəsaitini mənimsəyib və özünü Azərbaycanın tanınmış yazıçısı kimi qələmə verməyi bacarıb. Beləcə Sovet dönəmində və müstəqilliyin ilk illərində nə istəsə edib. Ölkədə qayda-qanun bərpa ediləndə, bütün insanların qanun qarşısında bərabər şəkildə məsuliyyət daşıması tələb olunanda isə Rüstəm İbrahimbəyov vay-şivən qaldırdı ki, ermənilərsiz Azərbaycanın heç bir ləzzəti yoxdur. Bu adama başa saldılar ki, ermənilər bizim torpaqlarımızı işğal ediblər, 20 min soydaşımızı öldürüblər, bir milyon azərbaycanlını evindən- eşiyindən didərgin salıblar. Dedi başa düşürəm. Amma başa düşə-düşə ermənilərlə daha dərin əməkdaşlığa rəvac verdi. Özündən ağıllıların məsləhətini qulaqardına vurmağı partizanlıq sayan İbrahimbəyov indi də iqtidarda olarkən yarıtmaz işlədiyinə görə kənarlaşdırılan adamların dəstəsinə girib. Özü üçün kölgə təşkil edə bilməyən Eldar Namazovun kölgəsinə sığınmaq İbrahimbəyova heç nə verə bilməzdi. Vermədi də. Kölgədən məhrum olan İbrahimbəyov başladı ora-bura müsahiblər verməyə. Bəs həmin müsahibələr nəticəsində qazancı nə oldu? Arzu Abdullayeva (Azərbaycanın mənafelərini istənilən anda ermənilər də daxil olmaqla hamıya satmağa hazırdır), Pənah Hüseyn (o iqtidarda olanda Rüstəm İbrahimbəyova nə vermişdi ki, indi nə verə? ), Əli Kərimli (Rüstəm müəllimin işi-gücü bu adamı ələ salan yazılar qələmə almaq deyildimi?), Eldar Namazov ( bu, başqa məsələ, Namazovun Rüstəmbəyova həqiqətən ehtiyacı var), İsa Qəmbər (Rüstəm müəllimin burnunun ucunu göynədən ermənilərlə İsa Qəmbər də artıq hərtərəfli əməkdaşlıq üçün müqavilə imzalayıb) və digər şəxslərin dəstəyini qazandı. Bəs bu dəstək necə, Rüstəm müəllimin dadına çatacaqmı? Əsla yox. Çünki həmin adamların hər biri ayrılıqda məhz Rüstəm müəllim kimi öz mənafeyindən başqa heç nə barədə düşünə bilmirlər.
Təbii ki, Azərbaycan demokratik ölkədir və burada istənilən insanın istədiyi yerə müsahibə vermək, hansısa məsələyə münasibət bildirmək haqqı var. Ancaq bu zaman müsahibə verən, kimdəsə eyib axtaran insan gərək öz eyibllərini də unutmasın. Çox təəssüf ki, Rüstəm müəllim öz eyiblərini unudurdu. Nə idi bu "görkəmli" yazıçının eyibləri? Əvvəla o, rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqındakı fəaliyyəti zamanı külli miqdarda maliyyə fırıldaqlarına yol verib ki, bu barədə mətbuatda çoxsaylı faktlar ortaya qoyulanda İbrahimbəyov onların heç birinə etiraz edə bilmədi. İkinci, bu adam Azərbaycan xalqına olan kin və nifrətini bəyan etmək üçün ermənilərlə açıq - açığına əməkdaşlıq etməkdən və hətta, on minlərlə şəhid valideyninin gözü qabağında erməniləri Bakıya dəvət etməkdən də utanmayıb. Düşmənin ölkə paytaxtına dəvət edilməsinin hansısa bir ictimai-siyasi mənası olsaydı, bəlkə də buna dözmək mümkün idi.Ancaq İbrahimbəyov erməniləri Bakıya sadəcə "Dağüstü park"da yeyib-içməyə dəvət edirdi. Yeri gəlmişkən, İbrahimbəyovun Azərbaycan xalqı və dövləti ilə münasibətlərində soyuqluq yaradan ilk məsələ də məhz həmin "Dağüstü park" məsələsi olub. Belə ki, İbrahimbəyov indi hamımız üçün göz dağı və ürək ağrısı olan "Şəhidlər Xiyabanı"nda Kino evi adıyla restoranlar şəbəkəsi yaratmaq istəyirdi. Deyilənə görə, bu barədə Moskvadakı erməni dostlarına da söz veribmiş. Azərbaycan dövləti həmişə olduğu kimi, həmin məqamda da şəhidlərin xatirəsinə böyük ehtiram nümayiş etdirərək "Şəhidlər Xiyabanında" restoran tikilməsinə icazə vermədi. Ona görə də "böyük ədib" başladı, nə başladı.
İbrahimbəyovun Azərbaycan xalqına etdiyi növbəti hörmətsizlik onun guya "Oskar" mükafatı alması barədə xalqımıza yalan sırıyanlara cavab verməməsi, bununla da adına yaraşmayan bir qeyri-səmimilik nümayiş etdirməsi idi. Ziyalıların firkincə, o, "Oskar" mükafatı mənə deyil, Nikita Mixalkova verilib - ifadəsini vaxtında dilinə gətirmiş olsaydı, sonradan Mixalkovun böyük əks-sədaya səbəb olan etirazı da ortaya çıxmazdı,onun özü də daha hörmətli kişi olardı. Ancaq 1994-cü ildən bəri özünü "Oskar" mükafatı laueratı kimi təqdim etməklə və Nikita Mixalkovun böyük etirazına səbəb olmaqla özünə pislik eləmiş oldu. Yazıçıya yaraşmayan hərəkət idi.
Rüstəm İbrahimbəyovun yazıçıya yaraşmayan hərəkətləri bununla bitsəydi, nə vardı ki? Bu adam satıb taladığı - bəli, bəli, onun mənımsdiyi və ya "yox etdiyi" dövlət və xalq əmlakının siyahısı böyük bir kitab həcmində olar - Kinematoqrafçılar İttifaqına alternativ olan normal bir qurumun yarandığını görəndə dəridən-qabıqdan çıxırdı ki, bu işi əngəlləsin. Ancaq onu çoxdan və yaxşı tanıyan adamlar həmin ideyanı reallaşdırdılar ki, Azərbaycan kino sahəsi də ölkənin ümumi inkişafı ilə ayaqlaşsın. İbrahimbəyov kino xadimlərinin bu ədalətli addımını elə bir qarayaxalıqla qarşıladı ki,onu heç bir ortabab savadlı adam eləməzdi. Rüstəm müəllim elədi.
Rusiya Federasiyasının analoji qurum rəhbərlərinin Azərbaycanda yaranmış yeni Kinematoqrafçılar İttifaqının rəhbəri Şəfiqə Məmmədovanı təbrik etməsi isə "böyük" yazıçını çox kiçiltdi. Daha doğrusu, o, Rusiyada yaşayan,indi adını çəkmək istəmədiyimiz bir soydaşımızdan özünə dayaq düzəltmək üçün həmin şəxsin müsahibələrini ortaya çıxartdı. Amma əbəs yerə. Çünki artıq qatar getmişdi. İbrahimbəyov özünü elə rüsvay edib ki, belə rüsvayçılığı heç bir kinoda görmək mümkün deyil. Hətta, "Oskar" almış kinolarda da. Mən yalandan yox, həqiqətən "Oskar" almış yazıçıların ssenarilərini deyirəm.
Sonda hörmətli oxucularımıza bir neçə sualımız var: Siz bilirsinizmi ki, Rüstəm müəllimin ayağı Moskvadan nə üçün kəsilib və kim kəsib? Əlbəttə, Nikita Mixalkov. Onu Moskvaya həmişə Mixalkov dəvət edirdi. İkinci: Siz bilirsinizmi ki, Rüstəm müəllimi fəal "siyasətə" atan nədir? Əlbəttə, satdığı, bağışladığı və mənimsədiyi milyonları əldə saxlamaq istəyi. Bu qəbildən olan suallar və cavablar onlarladır. Biz hələlik yazıya nöqtə qoymuruq. Çünki sadalanacaq çoxsaylı faktlardan bəzilərini yada salmaq zərurəti var. Məsələn, yuxarıda söylədiyimiz fikirləri əsaslandırmaq üçün nələri deyə bilərik? Kinematoqrafçılar İttifaqının balansında olan "Çayka" qonaq maşınının evlənən gəncləri şadlıq sarayına daşıması kinematoqrafiyaya xidmət edirmi? Yaxud Kinematoqrafçılar İttifaqına ayrılmış 83 min dolların harada itdiyini, niyə yoxa çıxdığını Rüstəm müəllimdən başqa bilən varmı? İttifaqın Şəkidəki torpaq sahəsini kim satıb , niyə satıb, pulu haradadır?
" Şərq-Qərb" kinofestivalının iştirakçıları üçün İçərişəhərdə tikilmiş qonaq evini kim özəlləşdirib və orada indi kim yaşayır? İbrahimbəyovun şəxsi mülkiyyəti olan "İbrus" şərab firmasındakı maliyyə fırıldaqlarını və vergidən yayınma hallarını kim himayə edib? Kino evi üçün ayrılan torpaq sahəsində ailə üzvləri üçün kotteclər tikdirən "görkəmli yazıçı" kim idi? Bəs Moskva meriyasının Ümumrusiya Azərbaycanlıları Konqresi üçün ayırdığı torpağı tamamilə başqa adamlara satan azərbaycanlı ədib kim idi? Bu sualların cavabını tapan adam Rüstəm İbrahimbəyovun nə qədər "böyük yazıçı" olduğunu anlaya biləcək.
Bir müddət əvvəl "Azadlıq radiosu" "Rüstəm İbrahimbəyovun təşkilatından qopmalar davam edir" sərlövhəli xəbər verəndə bəzi adamlar ağız- burun əyirdilər . İndi isə məhz həmin "bəzi adamlar" bir-birinə sual verirlər: Bu adamlar hansı ağılla İbrahimbəyovun başına toplaşıblarmış? Yazının sonunda onu da yada salmaq istəyirik ki,"böyük ədibin" axırıncı ssenarisi kuliminasiya nöqtəsinə çatana qədər öz müəllifini ifşa eləmiş oldu.Özü yıxılan ağlamaz,- deyiblər. Amma, bu yaşda adamın yıxılması ağlamalıdır.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.