İlham Əmiraslanovun barəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Sabirabad rayonunun Əsgərbəyli kənd sakini Əmiraslanov İlham Səraslan oğlunun həbs edildikdən sonra polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində qulaq pərdəsinin deşilməsi və həmin xüsusatın Penitensiar Xidmətin Müalicə müəssisəsinin həkimi tərəfindən təsdiq edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır.
Baş Prokurorluq bu məlumatı qəti şəkildə təkzib edərək bildirir ki, İ.Əmiraslanov qanunsuz olaraq odlu silah saxladığına və gəzdirdiyinə görə cari il iyunun 7-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə onun barəsində Cinayət Məcəlləsinin (CM) 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
İyunun 9-da İ.Əmiraslanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-nin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq zamanı İ.Əmiraslanovun bütün hüquqları, o cümlədən müdafiə hüququ təmin edilmişdir. O, istintaqa verdiyi ifadələrində, eləcə də məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən törətdiyi cinayəti səmimi etiraf etmiş və peşmançılıq çəkdiyini bildirmişdir.
Lakin, İ.Əmiraslanov Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət edərək tutularkən işgəncəyə məruz qaldığını və ona qarşı polis əməkdaşları tərəfindən digər qanunsuz hərəkətlərə də yol verildiyini bildirmişdir.
İ.Əmiraslanovun ərizəsi əsasında Baş Prokurorluqda müvafiq araşdırma aparılmış, eyni zamanda, Məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş rəydə İ.Əmiraslanovun bədən səthində cari il 8 iyun tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və onun izi aşkar edilməmişdir.
Araşdırma zamanı İ.Əmiraslanovun əsassız olaraq cin.ayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi, tutularkən polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması və ona qarşı digər qanunsuz hərəkətlərə yol verilməsi barədə müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə iyulun 21-də cinayət işinin başlanması rədd edilmişdir.
İ.Əmiraslanov, onun müdafiəçisi və digər şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə iyulun 26-da komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən iyulun 27-də verilmiş rəylə müəyyən edilmişdir ki, İ.Əmiraslanovun başında, hər iki qulağın təbil pərdəsində və qulaqətrafı nahiyələrdə, eləcə də bədənin digər sahələrində 8 iyun tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir.
Komisyon məhkəmə-tibbi ekspertizası ilə, həmçinin müəyyən edilmişdir ki, Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin həkimi tərəfindən iyulun 11-də İ.Əmiraslanovda aşkar edilmiş "sol qulaq pərdəsinin nöqtəvarı quru perforasiyası (deşilməsi)" xroniki gedişli qeyri-travmatik mənşəli otitdən sonrakı prosesin nəticəsi olmaqla uşaq yaşlarında və 2012-ci il iyunun 8-dən əvvəlki dövrlərdə əmələ gəlmiş, qeyri-travmatik mənşəli olduğundan sağlamlığa zərər vurmanın dərəcəsinin təyinində nəzərə alınmır.
Qeyd olunan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında