Vaşinqtonda amerikalı azərbaycanlılar üçün iftar süfrəsi açılmışdır

Vaşinqtonda fəaliyyət göstərən Avrasiya Amerika Mədəniyyət Assosiasiyası Amerika Türk Dostluq Assosiasiyası ilə birgə ABŞ paytaxtında yaşayan Azərbaycan mənşəli icma üzvləri üçün iftar süfrəsi açmışdır.
Mərasimdə çıxış edən Amerika Türk Dostluq Assosiasiyasının icraçı direktoru Əhməd Tariq İlhan soydaşlarımıza türk icmasını daim dəstəklədiklərinə görə minnətdarlığını bildirmiş, diasporlarımız arasında gələcəkdə də əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyi barədə danışmışdır. O, ABŞ-da yaşayan bütün türk mənşəli icma üzvlərinə müqəddəs Ramazan ayının onlara xeyir-bərəkət gətirməsini diləmiş, hər bir icma üzvündən daha fəal olmağa, türkdilli mədəniyyətlərin Birləşmiş Ştatlarda geniş tanınması işində yaxından iştirak etməyə çağırmışdır.
Əhməd Tariq İlhan qeyd etmişdir ki, Amerika Türk Dostluq Assosiasiyasının qapıları hamıya açıqdır və qurum Amerika azərbaycanlılarının gələcəkdə birgə layihələr təşkil edilməsi ilə bağlı fikirlərini daim alqışlayır.
Azan sədalarından sonra türk və Azərbaycan icmasının üzvləri birlikdə dua edərək, oruclarını açmışlar. Həmvətənlərimiz türk icmasının xanımları tərəfindən hazırlanan ləziz ev yeməklərinə qonaq edilmişlər.
Amerika Mədəniyyət Assosiasiyasının icraçı direktoru Nadir Şəfiyev AzərTAc-a bildirmişdir ki, başçılıq etdiyi qurum bu il yaradılsa da, artıq Azərbaycandan tutmuş Çinə qədər ərazidə yaşayan türkdilli xalqların Amerikadakı icmaları arasında əlaqələndirmə səylərinin təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atmışdır. "İlk keçirdiyimiz Novruz toplantısında burada yaşayan türkdilli icmaların birgə zəngin mədəni irsimizin amerikalılara tanıdılması və onlarla bölüşməsində nə qədər böyük potensiala malik olduğunu gördük. Bugünkü Ramazan iftarı da müxtəlif türkdilli icmaların müqəddəs ayı birlikdə yaşaması, bayrama tərəf birlikdə addımlaması üçün təşkil edilmişdir. Bu cür tədbirlər davamlı olacaqdır."
İftar süfrəsində iştirak edən Vaşinqtondakı Azərbaycan icmasının üzvü Qədir Şirəliyev etiraf etmişdir ki, Birləşmiş Ştatlarda Ramazan ayının qayda-qanunlarına riayət etmək bir qədər də çətinləşir: "Əlbəttə, Azərbaycanda oruc tutmaq daha asan və xoşdur. Oradakı ab-hava, dostlar, qohumlar, tanışlarla bu müqəddəs günləri keçirmək daha rahatdır. Bugünkü iftar süfrəsi həmin ab-havanı bir az da olsa burada da yaradır. Azərbaycanlılar bir araya gələndə, ənənələrimizi, dəyərlərimizi paylaşanda özümüzü Vətənə bir qədər yaxın hiss edirik. Bütün ayların sultanı olan Ramazanda ürəyimizdə tutduğumuz niyyətlər və arzularda Azərbaycana da yer saxlayırıq. Bu ayın bütün xalqımıza uğur gətirməsini, yaxşı əməllərimizin sayının artmasını diləyirik".

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında